Close

Bizdən sonra yaşayanlar. Tərcümeyi-hal

YENİDƏN  QAYIDIM
  
Yenidən sən məni yaşat, ay ata,
Yenidən qayıdım bir də dünyaya,
Yenidən boylanım, baxım həyata,
Yenidən arzular gəlməsin saya.

Qaytar, baxdığıma baxan deyiləm,
Ürəyim başqa cür boşalsın, dolsun.
Qaytar, o günlərdən qorxan deyiləm,
Qaytar, mənim üçün qoy çətin olsun.

Bağrım lalə kimi alışsın, yansın,
Yenidən sevilim, yenidən sevim.
Qarşımda yenidən o qız dayansın,
Məni o sevməsin, onu mən sevim.

Mən sevdim, bu eşqi ürəkdən dedim,
Bu istək gül açar…
Heç demək olmaz…
Məhəbbət qolunda isinəmmədim,
Sədaqət yolunda qızınım bir az.

Təzədən gəlməsin arzular saya,
Cücərsin ot kimi yenidən həyat.
Təzədən göz açım mən bu dünyaya,
Mən ölüm, sən məni yenidən yaşat.

Ömrüm yarı yaşda, özüm çaşmışam,
Bilməm bu istəyin mənası varmı?
Elə kövrəlmişəm, uşaq olmuşam,
Nənəsiz bir uşaq nəvə olarmı?

Bir az şair oldum…
Bir kəlməm təki
Dedim, ayaq tuta, bəlkə yeriyə.
Qayıtsam, sən inan, ümidim var ki,
Babək qollarında dönəm geriyə.

Açılmaz sahibsiz doğan səhər də,
Torpaq ləçəkləməz çisəksiz, çənsiz.
Əgər qayıtmasam geriyə bir də,
Qorxuram, yadlaşa bu torpaq mənsiz.

Arzum göyərməyib adi bir daşda,
Torpaq görməyibdir övlad gücünü.
Verə bilməmişəm hələ bu yaşda
Mən Vətən önündə oğul borcunu.

 

TƏRCÜMEYİ-HAL

Bilir, yaxşı bilir dünya görənlər,
Sabir sağ olsaydı, belə deyərdi:
İnsana yaş ilə qiymət verənlər,
Bəlkə də qarğanı şah eyləyərdi.

Tale düşünməkçün baş verib mənə,
Deyib׃ bir yada sal ata dağını.
Zaman ağıl verib,
Yaş verib mənə,
Deyib: at bir yana uşaqlığını.

Dörd ildə qar düşdü saçlara dən-dən,
Nələr eşitmədik, nələr görmədik?
Dörd il qəm asıldı pəncərələrdən,
Dörd il bu dünyanı gülər görmədik.

Mənim saçımı yox,
Qəlbimi belə
Üç həsrət eyləyib,
Üç həsrət dən-dən,
Qədbimdə göynəyə-göynəyə hələ
Üç qardaş qovrulur doğulan gündən.

Gəl çıxart bir yana, - başa dağını,
Baharda payızam,
Yayda qışam mən.
Bir kəsin on ildə yaşadığını,
Bəlkə də bir gündə yaşamışam mən.

İllərin üstünə illər düşsə də,
Fikir yanılmayır,
Duyğu çaşmayır.
Ağıl, yaş artsa da, müdrikləşsə də,
Ürək illər ilə hesablaşmayır.

Mənim yaşıdlarım barıt nəfəsli,
Bütün nəsillərin kövrək nəslidir.
Mənim həsrət nəslim,
Qayğılı nəslim
Bəlkə ağıl nəsli,
Ürək nəslidir.

Ömrümüz, günümüz keçibdir qəmdə,
"Qaradaban" olub bizim nəslimiz.
Düzdür, dar ayağa çəkilməsək də,
Həsrət ayağına çəkilmişik biz.
 
Zamanın öz hökmü, öz təzadı var,
Bir yandan qəm gələr, bir yandan gedər.
Yazdığım kədərli, qəmli misralar
Bilməzdim ömrümə sevinc bəxş edər.

İndi qönçə-qönçə açılıb güllər,
Kədər libasını sevinc geyibdir.
Bir vaxt dərd etdiyim o ağır illər
Həzin misralarda çiçəkləyibdir.

Əsgər olmasam da mən adlı-sanlı,
Bir eşq mənimlədir daim həyatda.
Vətən məhəbbətli, Vətən ünvanlı
Bir ürək döyünür köksümün altda.

Ürək şəfəqlənib güntək saçılsa,
El üçün, gün üçün saçılasıdır.
Dabanda tətikdir, bir gün açılsa,
Bir Vətən yolunda açılasıdır.

Eşidən öyrənir, oxuyan bilir,
Yazdığım şeirlər tərcümeyi-halım.
Xalqa keşikçidir bir əsgər kimi
Bir Vətən məsləkli mənim amalım.

Borcluyam, çiynimə alıb daşıyam
Bir eldə nə dərd var, nə intizar var.
Hər yerdə yurdumun vətəndaşıyam,
Vətən ürəkliyəm Vətəndən kənar.

İnanma yanılam, yolumu azam,
Lazımsa Günəşəm, mən doğan Ayam.
Məni kökləsələr, elə bir sazam,
Bir Vətən eşqiylə çalınasıyam.

Ömrümü yaşayıb belə sayıram,
Haqqım yox yanılam, əslimi danam.
Biz az dəlisovam bir az şairəm,
Ancaq bütövlükdə Azərbaycanam.

 

KÖHNƏ  ŞƏKİLLƏR

Atamın gənclik şəklini mənə
bəxş etmiş Fərhad müəllimə
minnətdarlıqla ithaf edirəm. 

Beli patrondaşlı, alnı ulduzlu, -
Çıxardın albomdan şəkilləri siz.
Böyüdün necə var, - saralmış üzlü,
Qaytarın bu günə o illəri siz.

Hüsnü dəyişsə də göyün, yerin də,
Kim deyir, il keçsə köhnələr illər.
Qalanlar uludur,
Bu öz yerində,
Müqəddəs tarixdir köhnə şəkillər.

Hərə ev olsa da,
Düşünün dərin,
Baxın, unutmayın şəkil yerini,
Yuxarı başından təzə evlərin
Asın o illərin şəkillərini.

Bir ulu nemətdir,
İnansın hərə,
Övladlar tanısın hardandır əsli.
Qayıtsın evlərə, dolsun evlərə
Onların nəfəsi,
Onların səsi.

Hər şadlıq edəndə,
Deyib-güləndə
Onların payı var, unutmayaq biz.
Biz evdən çıxanda, evə gələndə
Baxışsın onlarla nəzərlərimiz.

Böyümək istəsək, qalxmaq istəsək,
Bilin, böyüyərik böyüklərlə biz.
Onlara müqəddəs baxmaq istəsək,
Bizə də böyüktək baxar nəslimiz.

Baxsınlar nəvələr qoy dönə-dönə,
Şəkildə - anadır,
Şəkildə - ata.
Bunu anlayana, başa düşənə,
Şəkil də böyükdür, şəkil də ata.

Bəzimiz, düz deyək, bunu qanmadıq,
Qəlbdə istək varsa, - şəkillər dayaq…
Onların başına dolanammadıq,
Şəkli gözümüzün üstünə qoyaq.

Hərə ev olsa da,
Düşünün dərin,
Baxın, unutmayın şəkil yerini,
Yuxarı başından təzə evlərin
Asın o illərin şəkillərini.

 

ATA   SAĞLIĞI

Elə bir məclisdə gözümə baxdın,
Məni yaxşı eşit,
Bir daha dinlə:
Ata, bu məclisdə sən özün yoxdun,
Vurdum bir badəni, ata, səninlə.

Söykənib, elə bil, dayaq dayağa,
Sənin kökün üstə ucalmışam mən.
Başını uca tut, sən dur ayağa,
Başıucaları ucaldıb Vətən.

Bir şey ürəyimi yandırdı, yaxdı,
Hələ eləsi var qəlbi dayazdır.
Bir namərd aldatdı,
Aldadammazdı,
Sənin gözlərinlə gözümə baxdı.

Qınayan olmasa, sağlıq deyərdim,
Boylandım gah sola, gah sağa baxdım.
Əgər sağ olsaydın, mən neyləyərdim? -
Şəklinin önündə ayağa qalxdım.

İnsan bir amala qəlbini versə,
Məqsəd məncə asan, məncə yaxındır.
Fikir qoşalaşır - əqidə birsə…
Mənzil uzaq olsa,
Necə yaxındır.

Ata oğul ilə yoldaşdı, sanki
Dayandıq üz-üzə,
Durduq üz-üzə.
Gözlərim gözünə sataşdı, sanki
Baxdı, iki nəsil baxdı göz-gözə.

Bir kəlmə danışıb dil açammadım,
Görəsən, həsrətdən, yoxsa nədəndir?
Sarsıldım, önümdə baş açammadım,
Bilmədim sənmisən, yoxsa Vətəndir?

Alışdı bir fikir oğul başında,
Mən yanlış deyiləm bu ilqarımda.
Sənin qabağında, sənin qarşında
Borcluyam, borcludur qonaqlarım da.

"Ata sağlığına!" -
Dilləndim birdən, 
Unutdum bir anlıq kədəri, qəmi.
Məclisin sonunda,
Gec olsa da, mən
Qaldırdım badəni ilk sağlıq kimi.

 

ATA   YURDU

Oğullar yurd salıb köçəndən bəri
Arxaya dönməyir, geri baxmayır.
Bir ata yurdu var,
Haçandan bəri
Onun bacasından tüstü qalxmayır.

Atalar dedilər:
"Gedək, arxada
Oğullar arxadır,
Oğullar dağdır.
Əgər döyüşlərdən qayıtmasaq da,
Onlar çıramızı yandıracaqdar".

Gəlsin, günahkarlar qarşıda dursun!
Bu kədər, bu həsrət bizə əzizdir.
Atalar getdi ki, yurdu qorusun,
Qorudular yurdu,
Yurd yiyəsizdir…

Daşlara baxıram,
Daşlar göyərib,
Evin tavanını hörümçək alıb.
Bu daşlar bizi ki, kişi eləyib,
Bəs niyə bu daşlar kişisiz qalıb?

Evin qarşısını ot-alaq basıb,
Həyətdə nə iz var,
Nə də ki, ləpir.
İndi ata yurdu hamıdan küsüb,
Hamının yerinə xəcalət çəkir.

Daşlara baxıram, daşlar göyərib…
Bağlı pəncərələr xəyala dalıb,
Bu yurd neçə evə od-ocaq verib,
İndi qığılcıma o, həsrət qalıb.

Bir zaman qoynunda qızdı bədənim,
Divarlar çovğunda ocağa döndü.
Əlimi sürtürəm,
Bəs niyə mənim
Əlimi göynədir divarlar indi?

Ayağında saman, dimdiyində dən
Quşlar çöp daşıyır, quşlar ev tikir.
Bir vaxt sərçələri qovardıq evdən,
İndi keşiyini sərçələr çəkir.

Olanı, keçəni çəkərəm üzə,
Özünü kənara çəkməsin heç kəs.
Evdə "ata" deyir uşaqlar bizə,
Atalar gəlsəydi nə deyərdi bəs?

 

NƏNƏM

Qar yağır, ay nənə,
Qar yağır, -
Yadıma düşürsən,
Dolaşıq söyüdlər saçınmı? -
Küləklər, tufanlar dolayıb.
Əllərim daraqdır,
Əlimlə darayıb,
Əlimlə açımmı?
Qovuşdun torpağa,
Bu torpaq nənədir.
Baxıram ağaca, yarpağa,
O ağac, o yarpaq nənədir.
Çayların nəğməsi
Necə də tanışdı,
Gur sular sözünü danışdı.
Sən oğul vurğunu,
Sən həsrət yorğunu,
Çıxıbmı yorğunun?
Tufanlar köksündə ilişib,
Köksünə qar düşüb.
Saçların dümağdır,
Ağ deyil, nənəlik rəngidir.
Nağıllı küləklər danışır,
Nağıllar qarışır.
De, niyə bahara qalmadın,
Elə bil, səhərdən nahara qalmadın.
Qalsaydın, baharı bir yerdə yaşardıq,
Baharda dağları nənəli, nəvəli aşardıq.
Bahar da nağıllı olardı
Qış kimi,
Fəsillər nağılla dolardı.
… Hey yağır qar, nənəm.
Sanıram yenə də -
Qışda da, yazda da var nənəm.

 

YARALI   ŞƏKİL

Böyük Vətən müharibəsində qvardiya
mayoru Nəsib Əliyevin döş cibindəki
sənədləri və şəkli güllə dəlib keçib. 
Həlak olmuş döyüşçünün həyat yoldaşı
Səyalı ana onları əzizləyib saxlayır.

Uzaqda göylərin tutuldu üzü,
Bir faşist gülləsi dəydi hədəfə.
Sonuncu məktubla sonuncu sözü
Qayıtdı cəbhədən sonuncu dəfə.

Onun ürəyini yandırıb-yaxan
Nə sənə, nə mənə heç gizli deyil.
Onun son günündə cibindən çıxan
Sənədlər…
Bir də ki, yaralı şəkil…

Ona elə gəlir
Baxıb şəkilə
Ömrünü yaşadır, saxlayır onun.
Ana xəyalında gündə yüz kərə
Sanki yarasını bağlayır onun.

Baxır neçə kərə o, yana-yana,
Baxır ürəyinin parası kimi.
Şəkil yarasını saxlayır ana,
Saxlayır bir ürək yarası kimi.

Şəkil görməmişəm mən bu cür hələ,
Şəkil haqq yolunu haqlayıb keçib.
Şəkli bircə dəfə oxlayan güllə
Ananı min dəfə oxlayıb keçib.

Gəzin qarış-qarış bütün dünyanı,
Göstərin bir parça boz kağız nədir.
Onun əqidəsi, onun vicdanı,
Baxın, qan ləkəli sənədlərdədir.

Bir sözü deməyin yaman yeridir:
Yaşayan şəkillər,
Canlı sənədlər,
Vətənin ən düzgün sənədləridir
Yaralı şəkillər,
Qanlı sənədlər.

Baxın, nə saralır, solur o şəkil,
Baxır iki gözün qarası kimi.
Bir abidə olub qalır o şəkil
Yaralı günlərin yarası kimi.

 

BİR  UŞAQ  AĞLAYIR

Bir uşaq ağlayır, gözünün yaşı
Hələ qurumayıb, hələ sönməyib.
Keçib o uşağın uşaqlıq yaşı,
Fikri o günlərdən geri dönməyib.

Mən ona təsəlli verə bilmərəm,
Bir uşaq ağlayır, həsrəti təzə.
Hələ sevincini görə bilmirəm,
O uşaq kədəri tanışdır bizə.

Ağlayan uşağı siz böyük sayın,
Siz bunu bilməyin yersiz, ötəri.
Bir uşaq ağlayır, ovundurmayın,
Bir uşaq kədəri - yerin kədəri.

Onun ürəyində qorxu, səksəkə,
Qəlbindən kədəri üzə bilmirəm.
Böyüklər ağlasa, dözərdim bəlkə,
Bir uşaq ağlayır, dözə bilmirəm.

Bir uşaq özüylə nağıl böyüdür,
Nə deyə bilərsən axı sən ona.
Bir uşaq sevinir  oğul böyüdür, 
Bir uşaq ağlayır uşaqlığına.

Bir uşaq ağlayır…
Uşaqlar, indi
Sizi qınamıram… Nə bilərsiniz?!
O uşaq hələlik sizə həyandı,
Böyüyüb gözünü siz silərsiniz.

Onun bu kədəri gör nələr deyər?!
Yanılda bilməzsiz baxışlarını,
Bütün bu dünyanı çağırsaz əgər,
Quruda bilməzsiz göz yaşlarını.

Ona ağlamağı həyat öyrətdi,
Bir əlac olmadı onun halına.
Kədəri ibrətdi,
Qəmi nifrətdi
Dünyanın bugünkü qalmaqalına.

İnsanlar, bu kədər niyə yayıldı?
Niyə solmayıbdır, saralmayıbdır?
Bir uşaq kədəri sizi ayıldır,
Ayılın, deyin ki, bu olmayıbdır.

Aprel, 1980

 

DAHA  YAXŞI  DÖYÜŞƏNLƏR

İncimə sən, cavan əsgər,
Sən də, sən də - sinəsi zər,
Döşü taclı, 
Zər yamaclı,
Döyüşünün zərrə qədər
Azaltmıram qiymətini,
Zəhmətini, şöhrətini.
Bu torpağı
Vurhavurda, çataçatda
Qucaq, qucaq,
Ancaq, ancaq
Birləşdirən, qovuşduran
Hansı nərdir?
Sinəsini güllə altda
Lent-lent edən, bənd-bənd edən,
Bölənlərdi, -
Ölənlərdi, ölənlərdi!

Ata dərdi, 
Oğul dərdi…
Torpaq altdan yüz göz baxır,
Yüz qəlb vurur…
Bizə baxır
Yerin gözü,
Olur ağır
Məzar sözü.
Torpaq enir,
Torpaq durur,
Heykəl-heykəl torpaq qalxır.
Övladı var bu torpağın,
Nəvəsi var bu torpağın.
Bir də görün, bir də baxın,
Nəfəsi var bu torpağın.
Siz deməyin, nəfəsini niyə dərdi?
Onlar, onlar
Vətənini öz canından
Daha artıq bilənlərdi,
Ölənlərdi, ölənlərdi!

Güllə üstə atılıblar
Ura-ura, sinə-sinə.
Sancılıblar ulduz kimi 
Bu torpağın sinəsinə.
Yaxşı baxın, ulduz olub
Hər qarışı bu torpağın.
Qarşısında durun, qalxın
Bu torpağın.
Siz seçməyin torpaq altda
Cavanları, qocaları.
Unutmayıb bu həyat da
Bu torpaqdan ucaları.
Onlar kimdi, kimdi, kimdi?
Məzar-məzar çiçəklənmiş
Qəmdi, qəmdi.
Bu torpağın göz yaşını
Öz qanıyla silənlərdi,
Ölənlərdi, ölənlərdi!

İlk sözümüz onlar olsun,
Son sözümüz qəlbimizdə
Axı, onlar…
Yürüş-yürüş,
Döyüş-döyüş,
Dönməyənin çoxu onlar.
Təsadüfən ölənləri
Demirəm mən,
Qorxusundan mərmi altda
Sinənləri demirəm mən.
Dolayanlar boyuna kəfən
Ölümünü əvvəlcədən
Bilənlərdi,
Ölənlərdi, ölənlərdi!

Övladından, anasından,
Sonasından
Gen düşənlər
Nə qədərdi?!
Soyumayıb hələ dərdi.
İncimə sən - cavan əsgər,
Sən də, sən də - sinəsi zər,
Döşü taclı,
Onlar, onlar
Düz ölümün gözlərinin
Lap içinə gülənlərdi.
Bir də, bir də, inciməyin,
Siz də deyin:
Döyüşlərdə daha yaxşı döyüşənlər
Hücumlarda, səngərlərdə
Ölənlərdi, ölənlərdi!

 

SƏRKƏRDƏ  ŞƏHƏR

Bir ağır yaradan sağalmaz Vətən,
Sızlayar həmişə, yanar, göynəyər.
Sərkərdə sağdırsa, dağılmaz Vətən,
Sərkərdə tutulsa, ordu neyləyər.

Taleyə yazılan heç vədə solmur,
Yaşayır həmişə əbədi zəfər.
Başçılıq eyləyir, tək yuva olmur
Bəzən bir ölkəyə sərkərdə şəhər.

Olmayıb dözümsüz, olmayıb tabsız,
Döyüşüb nə qədər səngərdə şəhər.
Şəhərlər nə çoxdur - saysız-hesabsız,
Odur Yer üzündə sərkərdə şəhər.

Vətənin hər qarış torpağı əziz,
Ən kiçik kəndin də doğmadır adı.
Yüzlərlə şəhəri itirsək də biz,
İtirə bilməzdik Leninqradı.

 

KÖHNƏ  EV

Bu nə sirdir, kim bilir?!
Qəlbə bax, yaddaşa bax:
Yuxuma anam gəlir,
Köhnə ev, körpə uşaq.

Təzə evdə rahatlıq,
Təzə evdə gün xoşdu.
Köhnə evdə bir anlıq
Sevinc yoxdu, qaranlıq…

Bəs niyə yuxularda
Köhnə ev aşıb-daşır?
Köhnə ev xəyalımda
Gecə, gündüz dolaşır.

Evdəki hikmətə bax,
Evdəki qüdrətə bax!
Ürəyimdə yurd olub
Köhnə ev, köhnə torpaq.

Görkəmini dəyişir
Köhnə evlər dünyada.
Bəs niyə, niyə düşür
Köhnə ev hər vaxt yada?

Köhnə ev bir otaqlı,
Yeddi övlad böyütdü.
Köhnə ev nə genişdi?!
Yeni ev cüt otaqlı,
Yeni evim darısqal,
Mənim gözümdən düşdü.

Dərin dəryalar qədər
Yeni evin sevinci.
Qəlbimdə kədər-kədər
Köhnə evdi birinci.

Nağıl olub dünənim,
Dinc qoymur məni evdə,
Yuxuma girir mənim
Köhnə ev yeni evdə.

 

EHTİYAC

Nə qədər ağırmış sənətin yükü,
Mən onu hələlik çəkə bilmirəm.
Ürək yüklənəndə bu dünya təki
Qəlbimi kağıza tökə bilmirəm.

Ürəyi o kəsin bölük-bölükdür,
Duyarsa qəlbini torpağın, yerin.
Məni qınamayın, dərdi böyükdür
Misralar üstündə düşünənlərin.

Əngin üfüqlər də yaman dar imiş,
Onun bir an olur qəzəbi, kini.
Həyatda nə yaxşı şeir var imiş,
Boşaldır insanın qəlbindəkini.

Fikrimiz hər yana haçalanmasa,
Duyğular yuxudan oyana bilməz.
Bir ürək yüz yerə parçalanmasa,
Həyatda bir dəfə odlana bilməz.

Başıma dağ boyda fikirlər gəlir,
Nə olsun, hamısı qəlbimə dolmur.
Desəm, yanılmaram,
Yazanlar bilir,
Həyatda həmişə düşünmək olmur.

Həmişə, hər yerdə nigaranam mən,
Gözlərim - görməkdə,
Qulağım - səsdə.
Sonsuz üfüq qədər düşüncələrdən
Bircə xal salıram kağızın üstə.

Yenə, nələr keçir qəlbimdən yenə,
Dünyadan ağırmış fikir yükləri.
Eh… Dünya nə lazım,
Gərəkdir mənə
Bir şair qəlbinin düşündükləri.

 

YUXUDA

Yuxumu başımdan ata bilmirəm,
Yuxular hey atır, hey tutur məni.
Ana, neçə gündür yata bilmirəm,
Fikirlər yarımçıq oyadır məni.

Görürəm sel alıb yolları bu gün,
Keçməyə nə qayıq, nə də körpü var.
Görüşə açılan qolları bu gün -
Sular sərhəd olub, sular ayırar.

Sanki daş asılıb qollarımızdan,
Daşı qaldırardıq,
Bu ki, daş deyil?!
Dupduru keçsə də düz aramızdan,
Sular ölüm deyir, sular qan deyir.

Gözlərim önündə elə çay axar…
Susuzam, bu sudan içə bilmirəm.
Dərin dəryaları keçməyə nə var?!
Lakin mən bu çaydan keçə bilmirəm.

Ana, bu Arazdır,
Ana, Xan Araz!
Gözümdən sahillər yenə getməyir,
Mənim ürəyimi yandıran Araz,
Mənə yuxuda da imdad etməyir.

Araza bir zaman dayaz demişəm,
O isə kükrəyib, aşıb-daşıbdır.
Görəsən, nə qədər Araz demişəm,
Elə yuxular da Arazlaşıbdır.

Necə inanmayım, yuxuya, necə?
Su görüb yuxuda alışıram mən.
Arazı görmüşəm yuxumda gecə,
Yuxumu Araza danışıram mən.

 

MƏNİM  ANDIM

Hamıdan mənalı danışar dilim,
Əgər ürək dinsə, danışa bilsə.
Mən elə yanaram,
Bir ovuc külüm
Doğma torpağıma qarışa bilsə.

Qorxum yox zərrəcə məğrur ölümdən,
Verərəm yolunda ömrümü bütün.
Əgər lazım gəlsə, daş olaram mən,
Bir düşmən başına çaxılmaq üçün.

Bəzən Kür olaram, Araz olaram
Doğma Xəzərimə qovuşmaq üçün.
Sərt külək olaram,
Ayaz olaram
Savalan dağını mən aşmaq üçün.

Özünü, nə desən, sanmaq asandır,
İçərəm, badəyə töküb qəmi mən.
Yanaram…
Bəlkə də yanmaq asandır,
Bilmirəm, yanmağa layiqəmmi mən?

 

SƏHƏRİN  ÖMRÜ  AZALSA…

Üfüqlər toranda xəyala dalıb,
Səhərsə, elə bil, göz qırpır hərdən.
Sanki bu gecədən bir gilə qalıb,
Asılıb göylərin kirpiklərindən.

Qaçqına bənzəyir bu gecə üzdən,
Bilir ki, məhv olar səhərə qalsa.
Yaxşı ki, gecədir ayrılan bizdən,
Dözməzdim səhərin ömrü azalsa.

 

AZƏRBAYCAN

Səhərəm, səhərin sorağındayam,
Zəfərəm, zəfərin sorağındayam,
Mən Babək, Koroğlu oylağındayam,
Torpağı əzizdir Azərbaycanın.

Bir ucu Xəzərdir, bir ucu Xram,
Təbrizsiz kim gülər, sevinər haram.
Cərrah istəyirəm, kəsilsin yaram,
Kədəri dənizdir Azərbaycanın.

Soruş hər obadan, soruş hər eldən,
Mən ki, qorxmamışam tufandan, seldən.
Yadlar tüfəngindən, yadlar əlindən
Dağları göz-gözdür Azərbaycanın.

Düşmən qarşısında enən deyildir,
Hər şeyə danışan, dinən deyildir.
Oduyla oynansa, sönən deyildir,
Ürəyi qor, közdür Azərbaycanın.

 

ARAZ   SAHİLİNDƏ

Böyük bir kədərlə qaralır uzaq,
Sonsuz üfüqlərim yenə dərdlidir.
Dünyaya sığmayan dərdimə bir bax:
Xalqım xalqım ilə həmsərhədlidir.

Araz dağlar aşdı, təpələr endi,
Suyu torpaq kimi qabar-qabardır.
Burda iki gözüm görsə də indi,
Orda açılmamış gözüm də vardır.

Elin ayrılığı yerə sığmayır,
İstərəm qəm, qüssə Arazla axsın.
Qəlbimin kədəri şeirə sığmayır,
Bir xalqın qəlbinə bəs necə sığsın?!

O tayı gözsüz də seçə bilərdim,
Gözüm var, bəs niyə seçə bilmirəm?!
Arazı tək qolla keçə bilərdim,
Bəs niyə cüt qolla keçə bilmirəm?!

Arazdan olsaydı, yolunu salıb,
Sərhədi o yandan bıçaqlayardı.
Təbrizin boynuna qolunu salıb,
Böyük bir torpağı qucaqlayardı.

Qəm yemə, qardaşım, qəm yemə bu gün,
Görürəm, tez düşüb    saçlarına dən.
Bu qədər yananda mən Təbriz üçün,
İndi bilirəm ki, sən nə çəkirsən.

İllərlə dərd çəkdin,
Bunun yerində
Bir gündə Təbrizə sən yol çəkərdin.
Dünya xalqlarının al səhərində
Əbədi deyildir bu böyük dərdin.

 

DÜŞÜNƏN  ZAMAN

Deyirəm, həyatda kədər olmasın,
Böyük arzularla yaşasın insan.
Vaxtımız, anımız hədər olmasın,
Masa arxasında düşünən zaman.

Nə olar Araztək kükrəyim, coşum,
Ancaq dəli Kürtək sahilim olsun.
Şən həyat eşqinə nəğmələr qoşum,
Şirin dilim olsun, xoş dilim olsun.

Hələ qoca dağlar qoca deyildir,
Yenə qocalsa da, qocalır insan.
Sonsuz səmalar da uca deyildir,
Masa arxasında düşünən zaman. 

Duyğular böyüyür, arzuya dönür…
Sirli görünməyir sirli asiman.
Bəzən nəhənglər də quzuya dönür,
Masa arxasında düşünən zaman. 

Uzaqdan ən böyük zirvə görünür,
Dağların başından keçir çən, duman.
Damlalar böyüyür - ümmana dönür,
Masa arxasında düşünən zaman. 

Ötüşən anları düşünürəm mən,
Şər düşür…
Təzədən alovlanır dan.
Məğrur insanları düşünürəm mən,
Masa arxasında düşünən zaman.

O qədər, o qədər düşünürəm mən,
Sərhəd görünməyir gözümə birdən.
Çırmayıb qıçımı Arazı birbaş
Keçirəm.
Savalan…
Qalın buz durur,
Bir də görürsən ki,
Ağaranda qaş
Önümdə bir qələm, bir kağız durur.

Ən şirin həyatı düşünürəm mən,
Üzümə qımışır, gülür asiman.
Bütün kainatı düşünürəm mən,  
Masa arxasında düşünən zaman.

 

TUFAN

Gəlin, qəlbimizin içinə enək,
Onu oxumasaq qocaldar bizi.
Bəzən ilan kimi niyə sürünək,
Ucalsaq, həyat da ucaldar bizi.

Hər insan qəlbində bir tufan yatır,
Oyansa, oyadar torpağı, yeri.
Həyat dəniz kimi çalxayıb atır
Qoynunda başını girləyənləri.

Tufan qopmasaydı altmış il qabaq
İndi yaranmazdı gördüklərimiz.
Onun qüdrətiylə, hökmüylə ancaq
Bəllidir dünyaya verdiklərimiz.

Tufanlı, tufansız çox insanları
Görmüşəm, hər yerdə qarşıma gəlir.
Sevmirəm su kimi lal axanları,
Mənim də tufanlar xoşuma gəlir.

 

HAZIRLAŞ

Bəzən asta keçir vaxt da, zaman da,
Həyat sellər kimi çağla, daş deyir.
Sonsuz üfüqlərdə qızaran dan da
Açılan səhərə hazırlaş deyir.

Hərdən ürəklərə düşür intizar,
Aşılmaz dağları tezcə aş deyir.
Qocalıq insana - köçünü qabqar,
Sonuncu səfərə hazırlaş deyir.

Ayağın dəysə də çox yerə, ancaq
Doğma torpağında qərarlaş deyir.
Həyat söyləyir ki, qalan qalacaq,
Sən isə daima hazırlaş deyir.

 

ŞAİRİ  TƏRİFLƏMƏYİN

Şair kirpiyində açar səhəri,
Parlayar gün kimi elin darında.
Bir ürək sevinci,
Bir qəlb kədəri
Yaşayır yüz şair misralarında.

Çoxu namusundan,
Arından keçir.
Sağlıqdır dediyi - düşünmür barı,
Tərif qədəhini doldurub içir
Şeirin, sənətin badə dostları.

Uludur, qəlbidir  şeir sənəti,
Haqqım yox deməyə:
Mən ona babam,
Sözünün kəsəri tərifdən iti,
Tərifdən yaşayır Füzuli babam.

Axı şair hara,
Şan-şöhrət hara?
Hər kəlmə ürəkdə cücərir dən-dən.
Qovrula-qovrula odlanan misra
Sovrula-sovrula dağılır birdən.

Əzab-əziyyətə qatlanan ömrü
Tərif ayrı salır öz həyatından.
Yeni zirvələrə atlanan ömrü
Saxlayır atından,
Salır atından.

Ağır döyüşlərin qalibi ordu
Nə şöhrət istəyir,
Nə şan diləyir,
Tərif bir ömürün qurduğu yurdu
Bir anda yer ilə yeksan eyləyir.

Atalar sözündə böyük hikmət var:
Tərif də dost kimi sınanır bərkdə.
Döyülə-döyülə şeir yazanlar
Sevilə-sevilə qalır ürəkdə.

 

MƏHƏBBƏTİM  BÖLÜNMƏYİR

Görkəmli kino rejissoru, respublikanın xalq artisti Əjdər İbrahimova.

Göydə ulduz yanar, sönər,
"Ulduzlar"ın yanar, sönməz.
İnqilablar alovunda
Yana-yana geri dönər
Əzizbəyov, Nərimanov.
Bir ürəyin təlatümü
Vaxt olubdur səssiz keçib,
Bir ürəyin söz ötümü
Sözsüz keçib.
Arzuların sözsüz-ünsüz
Tel-tel olar,
Saçaqlanar, 
Eldən-elə keçə-keçə
El-el olar,
Soraqlanar.
Ömür yolun misralanıb
Elə bil ki, bir bənd kimi.
Yox, yanıldım,
Səhnə-səhnə,
Lövhə-lövhə
Keçir mənim gözlərimdən
Bir lent kimi.
Arzuların xalqa bağlı,
Yurda bağlı.
Harda olsan,
Orda bağlı,
Burda bağlı.
Bir ölkənin - Vyetnamın
Kinosunun təməl daşı
Sənə bağlı.
Tək sənlə yox, düz demədim,
Ona bağlı,
Mənə bağlı,
Bir ölkəyə,
Vətənə bağlı.
Vallah, bu da
Bir hünərdir,
Bir zəfərdir!
Öz adını kənarlarda
Ucaldanlar
Bir eli də,
Bir dili də,
Ucaldırlar.
Bu dağı da,
Bu çölü də
Ucaldırlar.
Bəzən olur bir insana
Yüzü baxır, mini baxır,
Bir oğulun adı çıxsa,
Bir millətin adı qalxır.
Sənətini alqışlaram,
Bu sənətin siqlətini
Bilirəm mən.
Öz arzumu ürəyimdə
Naxışlaram,
Ürəyinlə bölərəm mən.
Sevgi heç vaxt sədd bilməyir,
Sənə olan, yadda saxla,
Məhəbbətim bölünməyir.

 

DAHA  YAXŞIDIR

İtməyir komada yanan bir işıq,
Yansa da istidən, itməyir torpaq.
Sözümüz hünərsə, yerə yaraşıq,
Yaşaya bilərik fikirlə ancaq.

Çox vaxt, bilmirik ki, öz dadımızı
Axtarıb tapırıq duyğularda biz.
Özümüz bilmədən həyatımızı
Tapıb-itiririk qayğılarda biz.

Heç vaxt unutmayaq bunu biz gərək,
Bəzən bir sağlığa dönüb bir arzu.
Nə vaxt ki, oyanıb, alışıb ürək,
Hərdən qayğılarda sönüb bir arzu.

Bəzən açılmamış gültək solardıq,
Ürəyin alovu ürəkdə sönsə.
Həyatda ən xoşbəxt insan olardıq,
Qayğılar bir zaman misraya dönsə.

Demişəm, həyatda mənə dost qalar,
Sədaqət görməsəm, arzu sönübdür.
Bəlkə də ən yaxşı sözlər, misralar
Yaxın dost yolunda səpələnibdir.

Borclusan, övladın qayğısını çək!
Borclusan doğmaya, borclusan yada.
İmkanın vardırsa, həyatda gərək
Yadından çıxmaya hələ dünya da.

Hörüyünü başa vurduğun evlər
Dağılmaz, təməli çox dərindədir.
Təsəllin budur ki,
Qurduğun evlər
İtmiş misraların üzərindədir.

Yaşamaq olarmı qayğı bilmədən,
Ömrün də qiyməti baha yaxşıdır.
Bir sönük misradan, odsuz kəlmədən
Bir kəsə əl tutmaq daha yaxşıdır.

 

ETİRAF

Yumar gözlərini hər gələn gecə,
Yatarıq, sıpıxıb ötüşər anlar.
Görəsən, bir ömrü yaşayar necə
Həyatda özünü yaşamayanlar?

Necə dinməliyəm, danışmalıyam,
Deyin, öz kəlməmdən, sözümdən ayrı?
Kimin ürəyini yaşamalıyam,
Kimin ürəyini, özümdən ayrı?

Bir dostum nahaqdan dara düşəndə,
Mən əhdi, peymanı kəsə bilmirəm.
Yalan eşidəndə,
Yaltaq görəndə,
Susmağı öyrədin!
Susa bilmirəm.

Yaş ötsə, neyləyək,
Bu - acı qəmsə,
Olmaram yolların hələ yorğunu.
Bir az dəliyəmsə, bir az kürəmsə,
Şeir dəlisiyəm, sənət vurğunu.

Gözəllik yolunda gözüm qalanda,
Gözəllik yolundan yığışammıram.
Sinəmdə bir kəlmə sözüm qalanda,
Onda yerə, göyə sığışammıram.

Sevgilim bilsin ki, ancaq dünyada
Tapar sevincini düz ilqarımda.
Elə yaşayım ki, məndən sonra da
Öz adım yaşasın misralarımda.

Döyüşür mənimlə, döyüşsün dünya,
Mən özüm özümlə döyüşəmmərəm.
Dəyişmək istəyir, dəyişsin dünya,
Neyləyim, beləyəm, dəyişəmmərəm.

Uymaram şöhrətə, nə də ada mən,
Hələ Yer üzündə nə qədər sağam.
Atamın oğluyam…
Bu dünyada mən
Özüm öz ömrümü yaşayacağam.

 

TƏMƏNNA

Dostum Nadir Əhmədova

Dünya təmənnasız fırlanır müdam,
Minnətsiz sığınıb ulduzlar göyə.
Gəlir təmənnasız dünyaya adam,
Çox vaxt təmənnayla yaşayır niyə?

Azdır kimsəsizin əlindən tutan,
Vardır təmənnaya yuva quranlar.
Çoxdur istəyinə beləcə çatan,
Ömrünü beləcə başa vuranlar.

Ay ötür, il keçir tez-tez ömürdən,
Keçirik doğmalar, yadlar içindən.
Doğrusu, aram yox, inanmıram mən,
Ömrün yarısında qardaş seçəndən.

Ömür yarıdadır, ömürə nə var?!
Bəs necə qovuşduq, axı necə biz?
Demə, bu yaşda da qovuşmaq olar,
Ürəklər həmişə olarsa təmiz.

Çoxları dar gündə gözünü yumdu,
Axtardı həyatda özünə bir səmt.
Kim ki, öz dostundan təmənna umdu,
Ona nə bel bağla, nə də ki, ümid.

Səadət paylayır, bilmirəm nədən?
Kimin ki, ürəyi səadətlidir.
Dosta sədaqətli olanları mən
Görmüşəm, xalqa də sədaqətlidir.

Çoxları "dostundan" təmənna güdür,
Yadlar təmənnayla olur "əzizi".
Bizi birləşdirən bilmirəm nədir,
Bilsəm, ayırardı bəlkə də bizi.

 

HƏLƏ  DEYƏMMƏRƏM

Bir sağlıq sevinci mənə nə gərək,
Bir badə şadlığı mənə nə lazım,
Hələ yaşamıram,
Yaşayaq, görək
Nə vaxt səslənəcək, nə vaxt, avazım.

Bir bala köksündə öz səadətim,
Ölsəm - inanmayın,
İnanın - sağam.
Kiminsə gözündə boyum, qəmətim,
Kiminsə qəlbində yaşayacağam.

İnanın, başqadır, başqadır sevmək,
Axtarma bugünkü səadətində,
O mənəm - sevirəm, sevirəm, demək,
Qalsam bir gözəlin məhəbbətində.

Bir vaxt inanarsan əhdə, ilqara,
Ömrünə qayıtsa, gününə yansa,
Dost yoxdur,
Dost odur - o səndən sonra
Balanı özünün balası sansa.

Qalxıb məclislərdə şeir deyərsən,
İnanma, kim isə şair sayırsa.
Davud, çox öyünmə, şair deyilsən,
şeirin səndən sonra yaşamayırsa.

Ulular ömrünü qalalar  deyər,
Onlar qeyrətimiz, onlar arımız.
Bizi deyəmmərəm,
Balalar deyər…
Yaşayıb, yaşayır atalarımız.

 

BÖYÜKLÜK

Tapılmaz cılızlıq təbiətində,
Kiçiklik dağlardan çox uzaq olur.
Böyükdür nifrəti, məhəbbəti də,
Onun sevinci - dağ, qəmi - dağ olur.

Yaşamaq gəlməsin çoxuna asan,
Aldadır çox zaman bizi qəlbimiz.
Böyüklər yanında böyüyür insan,
Kiçiklər yanında kiçilirik biz.

 

VƏTƏN  OĞLU

Demə, gücüm çatmaz buna, əbəsdir,
Bir elin gücü var nər hünərində.
Xalqın öz sevinci özünə bəsdir,
Daşı kədərini çiyinlərində.

 

TƏXƏLLÜS

Vaqif Nəsibə

Deyirlər, dəyişik salırlar bizi,
Dəyişik düşürük hərdən imzada,
Narahat olmuram mən bundan, düzü,
Çoxdur belələri, çoxdur dünyada.

Bəzisi soruşur:
- Əmin oğludur?
Başqası soruşur:
- Qardaşındımı?
… Atamız dost olub. -
Onlar haqlıdır. -
Bəlkə bu oxşarlıq yerinə düşür.
İkiyə bölünüb sanki bir alma,
Bundan qəlbimizi qorxu almasın,
Təxəllüs eynidir,
Nigaran olma,
Təki yazdığımız oxşar olmasın.

 

ŞAİR  ÖMRÜ

Nahaq gurultuyla alqışlayırlar
Mən şeir deyəndə məclisdəkilər.
Bu gün dostlarıma mənim sözüm var:
Hələ tələsməyin,
Yorular əllər.

Bu gün salonlarda hay qoparsa da,
Düşünür sabahkı gününü şair.
Əgər yaşamağa haqqı varsa da,
Sabah yaşayacaq ömrünü şair.

Şeir yoğrulubsa ürək qanından,
Doğma mənzilinə köçməlidir o.
Sabahkı günlərin burulğanından,
Hələ tələsməyin,
Keçməlidir o.

İnana bilmirəm,
İnandır məni
Sabaha sağ çıxsın bir anın dəmi.
Bir anlıq, asandan asandır mənə
Yanıb tüstüləmək siqaret kimi.

Köçsə bu dünyadan,
Bu, yalan deyil:
Örtür misralarla üstünü şair.
Bəzən heykəllər də heç qalan deyil,
Qoyur şeirlərlə büstünü şair.

Bu gün istəmirəm dostlar heç nədən
Mehriban əlləri boynuma salsın.
Əgər alqışlara layiqəmsə mən,
Alqışlar qoy məndən sonraya qalsın.

İnanın, qorxum yox mənim ölümdən,
Qorxuram bir şeydən,
İnansın hamı:
Hələ yaşamıram öz ömrümü mən,
Sabah, bilməyirəm, yaşayacammı?