Close

DÜNYANIN TƏZADLARI. Macar fraqmentləri

1. QAPILARIN  AÇARI

Macarıstan Xalq Respublikasının Seget şəhərində yaşayıb yaradan Hildi Cozef şəhərin mərkəz hissəsinin memarlıq kompleksinin müəllifidir.

Görkəmli memarın xatirəsini əbədiləş-dirmək məqsədilə mərkəz girəcəyinin birini "Hildi qapısı" adlandırıblar.

Qapıda hikmətə bax,
       Qapıda qüdrətə bax,
Müxtəlif millətdəndir
       Qonaqların hamısı,
Bir insana bağlıdır,
       Elə bil ki, bu torpaq,
Açılıb üzümüzə
       Bir insanın qapısı.

Həyat bir dəniz kimi,
       Sən baş vursan dərinə
Dərk edərsən çox şeyi,
       Anlayarsan dərindən,
Bəzən yüzü bağlanır,
       Açar düşmür birinə,
Bəzən yüzü açılır,
       Keçmək olmur birindən.

Özgə yeri tutmağı
       Öyrən, gör kim öyrətdi,
Ölkə var parçalayıb,
       Bölüb dünyanı yarı,
Açarlar var pas atıb,
       Qapılara həsrətdi,
Hələ tapılmayıbdır
       Bu dünyanın açarı.

Gecə yuxulamışam,
       Oyanmışam həsrətlə,
Qəlbimin soyumayıb
        Dünyaya məhəbbəti.
Vaxt olub - öz qapıma
        Buraxmıram həsrəti.

Sənsiz də, bil, sən anla,
        Həyat yaşayır yerdə,
Sən dəyişsən, bununla,
        İnan, dünya dəyişmir.
Açar düşsün, nə fərqi,
        Könül olmayan yerdə
Nə çalış, nə çapala,
        Açar qapıya düşmür.

İnan, belədir, belə,
         Çərxi-fələk dayana,
Açarıyla açılır
         Hər diləyin qapısı.
Milyon qapı açana,
         Ya könül ovlayana
Bəzən çətin açılır
         Bir ürəyin qapısı.

Bir şey yadıma düşür,
         Düşündükcə mən hərdən,
Qapılar qapılara
          Oxşasa da əzəldən
Bir-birinə düşməyir
          Qapıların açarı.

Saymaq asan deyildir,
           Qapı var neçə-neçə,
Həsrət qalıb insana
           Neçə yerin qapısı,
Dünya yekdil olardı
          Açılsaydı beləcə
Ölkələrin üzünə
          Ölkələrin qapısı.

Seget, iyun, 1980.

 

2. AĞLAMA,  RİTA

Dünən nə olmuşdu, sən onu unut,
Boylan, bir də boylan, boylan həyata.
Sənin gözlərində bulandı bulud,
Sən niyə ağladın, sən niyə, Rita?

Görürük kim sevir, kimi haylayır,
Sən nədən dərdlisən, dağlısan, Rita?
Qızlar küçələrdə öpüş paylayır,
Sən xalqın qızı yox, oğlusan, Rita.

Rita, sən ağlama, ağlama daha,
Hələ ümid vardır gələn sabaha.
Sənintək ağlayan çox olar bəlkə,
Ağlasan ağlayan çoxalar bəlkə.

Ağlama, gözünə yaraşmır yağış,
Ağlamaq olmasın sənə yaraşıq.
Ağlama, gözündə Araz bulanır,
Ağlama, qəlbimdə qardaş dolanır.

Danış, de dərdini, ağlama bir az,
Hər dərdə çarə var, heç demək olmaz.
İnsanlar boşalıb dolsaydı, Rita,
İnsanlar sən qəlbli olsaydı, Rita.

Onda yaşamağa, deyərdim, nə var,
Təəssüf, Ritalar hələ azdılar.
Ağlama, göz yaşın yandırar məni,
Ağlama, təlaşın dondurar məni.

Yandırar torpağı bu qədər istək,
Bilirəm nə deyir ağlayan ürək,
Gözəllik nə şeydir, sən bilsən, Rita,
Görərsən, hamıdan gözəlsən, Rita.

Ağlama, kövrəkdi bu göz yaşları,
Çağlama, titrəkdi bu göz yaşları.
Ağlama, ağırdı ağrı duyana,
Çağlama, qorxuram Dunay dayana.

Ağlama, ağlaram, ata dərdliyəm,
Doğmaya dərdliyəm, yada dərdliyəm.
Ağlama, gözümdən alovlar yağar,
Bu alov üzümü yandırar, yaxar.

Sənin gördüyünü görə bilmərəm,
Gördüyüm qəlbimi alıbdır, Rita.
Mən sənə qəlbimi verə bilmərəm,
Qəlbim öz elimdə qalıbdır, Rita.

Budapeşt, iyun, 1980.

 

3. VƏTƏN

Qürbətdə olanlar vətəndən demiş,
Qürbətdə köksündə Vətən döyünür,
Vətən gör nə qədər yaxında imiş,
Vətən uzaqlardan yaxın görünür.

 

4. VƏTƏNİN  RƏNGİ

"Astoriya" mehmanxanasının qarşısında bir əcnəbi mənə yaxınlaşıb: "Qırmızı* varındırmı?" dedi.

* "Qırmızı" bizim onluğa işarədir.

Ötəni yolundan tutub əyləyir,
Bir-bir hotelləri gəzir kimsəsiz,
Atıb vətənini, alver eləyir,
Para onun üçün vətəndən əziz.

Gah sola, gah sağa gözünü döyür,
Bərədə ovçutək əcnəbi güdür.
Bəlkə də anası fəxrlə deyir:
Oğlum Avropanı səyahət edir.

Dünya da dağılsın, nə olur-olsun,
Səninlə sevdaya, inan, gəlmərəm.
Vətənin onluğu bir yana qalsın,
Qara qəpiyini verə bilmərəm.

Deyən, görməmisən igid cəngini,
Çıxıb döyüşlərdən döşündə çələng.
Qanlı döyüşlərdən alıb rəngini,
Vətənin rəngidir bu qırmızı rəng.

… Vətəndən nə varsa, özündə gəzdir,
Pulda bir ölkənin qiyməti yatır.
Xaricdə vətəntək pul da əzizdir,
Pulunu satanlar vətəni satır.

 

5.RƏNGARƏNG  DÜNYA

Həyatda hərənin öz dəyanəti,
Hər kəsin boylanan gözü başqadır.
Axı hər diləyin eşqi, ülfəti,
Axı hər ürəyin sözü başqadır.

Eynilik tapmazsan, yüz çalış, əlləş,
Hər çiçək üzünə başqa cür baxar.
Bil ki, o torpağa  nur verən Günəş,
İnan, bu torpağa başqa cür doğar.

Bu ilə bənzəmir nədəndir, bildir?
Dünyanın işinə, sirrinə bir bax!
Ağaclar bir yana,
Eyni deyildir
Eyni bir budaqda göyərən yarpaq.

Bəzən eyni olsa deyilən sözlər,
Hər qəlbdə başlanan dilək başqadır.
Çox zaman dəyişik düşür əkizlər,
Qaş eyni, göz eyni, ürək başqadır.

Oxşaya bilsə də bəzən gün günə,
Hər an öz sözünü özüylə deyir.
Biz eyni süfrədən dadsaq da yenə,
Yenə hər ağızın tamı bir deyil.

Eyni ola bilməz insan zəhməti,
Eyni səadətə deyilik şərik.
Eyni qavramırıq biz təbiəti,
Eyni sevməyirik, sevilməyirik.

Hər ağac, qulaq as,
Bir avaz deyir,
Hər bağın bəhrəsi başqa cür dadır,
Təkcə millətlərin dilləri deyil,
Vallah, torpağın da sözü başqadır.

 

6. ÖZÜNƏ  QAYIT

Qayıt ürəyinə,
Qəlbində kimdir?
Yanılıb özünə özgə deyərsən.
Özündən çıxana özgə qənimdir,
Özündə cücərib, çiçəkləyərsən.

Dağ olsan, inanma, dözə biləsən,
Çatmasan sevginə, səadətinə.
Sevgidən, de, necə yaza bilərsən,
Bir də qayıtmasan məhəbbətinə?!

Ürəklər balaca,
Ürəklər gendir,
Yadlar yad ürəklə könlünü almaz.
Hər insan qəlbinin işi çətindir,
Hələ ondan ayrı yaşamaq olmaz.

Hələ uzaqlarda sirr düyün-düyün,
Özgə qapısında tez dəyişərsən.
Hələ bu dünyada vardır öz evin,
Bil, özgə evində özgələşərsən.

Dırmaş ağaclara,
Çıx ağaclara,
Kol-kos dizlərini sıyırsın yenə.
Qayıt o dağlara, o yamaclara,
Qayıt, təmizliyin qayıtsın yenə.

Dağlarda dağ ətri, çiçək nəfəsi,
Dərələr səslidir, dağ buludludur.
Bir yamac söhbəti, çiçək "kəlməsi"
Ürəyi açdırır, qəlbi ovladır.

Alsın qucağına dağ çayı səni,
Sular köhlənini çapsın, səyirtsin.
Uca zirvələrin dolayı sənə
Enməyi, qalxmağı yenə öyrətsin.

Bu yurddan, yuvadan ayrı düşərsən,
Qəlbinə nəzər sal, fikrini ayılt.
Bil, çıxsan özündən özgələşərsən,
Sən çıxsan özündən özünə qayıt.

 

ŞEVÇENKO  AĞLAYIR…

Qədim Poltavada yağışdan sonra Şevçenkonun abidəsini ziyarətə
gəlmişdik. Yağış damlaları abidənin "gözlərindən" damcılayırdı. 
Adama elə gəlirdi ki, böyük Kobzar ağlayır.

Keçməyib, elə bil, Şevçenko yaşı,
Zəmanə qəlbində çağlayır onun.
Yağışlar Şevçenko gözünün yaşı,
Yağışlar gözündən ağlayır onun.

Sel olub, su olub axır bu gözlər
Qəlbinin kədərli sözləri kimi.
Boylanır bu gözlər, baxır bu gözlər,
Ağlayır bir xalqın gözləri kimi.

Şevçenko ağlayır…
Bu heykəl daşın
Dünya gözlərində durulmayıbdır.
Şevçenko ağlayır…
Gözünün yaşı
Elə bil o vaxtdan qurumayıbdır.

Ürəyi od eylə, gözü köz eylə,
Daşda yuvalanmaz insanın yaşı.
Şevçenko qəlbinin hərarətiylə
Bəs necə ağladır bu heykəl-daşı?

Kədərə nə var ki?
Qəlbi düyünlü…
Onun baxışları qarlı, boranlı,
Sanki Ukraynanın Şevçenko günü
Donub gözlərində - göz yaşı qanlı.

Ona nə sual ver,
Nə halını sor,
Göz yaşı gözündə lal gölə dönüb.
Gözündə kədəri daşlaşan Kobzar
Ukrayna köksündə heykələ dönüb.

Heykəl "ürəyində" qovrulur kədər,
Heykəl bədəni - daş,
Heykəl qəlbi - daş.
Əriyər dayansa, dursa bir qədər
Bu heykəl önündə, inan, qəlbidaş.

Beləcə görübdür hər yanı Kobzar -
İşıqlı dünyanı qaranlıq bilir.
Dəyişik salıbdır zamanı Kobzar,
Şevçenko ağlayır, Ukrayna gülür.

 

PUŞKİN  AŞIRIMI

Ermənistanın Kirovakan şəhəri ərazisində "Puşkin aşırımı" deyilən yer var. Vaxtilə şair burdan keçib.
  
O vaxtdan açılıb cığırlar - qollar,
Təbiət müntəzir şair əmrinə.
Yoxuşlar, keçidlər, dolama yollar
Necə də bənzəyir şair ömrünə.

Qəlbimdə bir istək…
Haçandan bəri
Nə məndən ayrılıb,
Nə də dəyişib.
Xoşbəxtəm, Puşkinin gəzdiyi yeri
Dolanmaq, seyr etmək bəxtimə düşüb.

Hərə özü üçün bir keçid seçib…
Biz gedər olsaq da, qalar dünyadı.
Neçə knyaz keçib, sərkərdə keçib,
Heç yada düşməyir birinin adı.

Yolları yoxuşdur sözün, sənətin,
Gözünü məşəl et,
Qəlbini yandır.
Puşkin zirvəsinə ucalmaq çətin,
Puşkin zirvəsindən enmək asandır.

Nə qədər yağmurlu, yağışlı olub
Dərə qılıncları,
Zirvə qolları.
Həmişə beləcə yoxuşlu olub
Puşkin keçidləri,
Puşkin yolları.

Özü axtarmayıb, özü seçməyib
Uca fikirləri, uca çağları.
Asan adlamayıb, asan keçməyib
Çənli zirvələri, çənli dağları.

Ucalıq nə qədər aşıb-daşıbdır,
Bir zirvə, elə bil, dirənib göyə.
Zirvələr həmişə qoşalaşıbdır,
Yaraşır dağ dağa, zirvə zirvəyə.

 

VƏTƏN,  SƏNSİZ  OLANDA

Sənsiz qanadsız qartal,
Bulaqsız dərə ollam.
Sənsiz mən çoxdan susar,
Sənsiz saralıb sollam.
Sənsiz sönən bir ocaq,
Bəlkə payız yarpağı…
Özüm yanmazdan əvvəl
Yandırardım torpağı.
Axı, mən nə olardım?
Bəlkə adi bir damla.
Çiçək kimi solardım,
Səhra kimi qalardım.
Hər gün xəyala dalmaq,
Hər gün mənə gərəkdir.
Vətənçün zərrə olmaq
Mənimçün bu dünyada
Ümman olmaq deməkdir.
Sənsiz küncdə-bucaqda
Gecə-gündüz qalardım.
Vətən, sənsiz susardım,
Bir sözlə, nə deyim mən,
Heç nə, heç nə olardım,
Vətən, sənsiz olanda.

 

CAVAB  VER

Nankor övladlara

Mən ana görmüşəm iyirmi yaşlı,
Ömrün sonunadək dul qalıbdır o.
Bahar təravətli,
Gözləri yaşlı,
Üzü qız həyalı qocalıbdır o.

Mən ana görmüşəm, düz iyirmi il
Baxıb cəbhələrə gedən yollara.
Mən ana görmüşəm,
O, ana deyil,
Bəlkə də allahdır, o, allahlara!

İstəsən qarşında danışar Allah,
Hamı Yer üzündə baş əyir ona.
Kim desə, yalandır,
Axı var Allah! -
Bütün allahlardan müqəddəs - ana!

Ana od götürüb kirpiyində, od,
Zülməti əliylə çəkib boğubdur.
Bir yaxşı fikirləş, a nankor övlad,
Sənin özünü də ana doğubdur.

Niyə öz qanından sənə qan verib,
Niyə bədənində gəzdirib səni?!
Səni Yer üzünə bir insan verib,
Deyib, insan kimi sən ucalt məni.

Bu göylər, bu yerlər onsuz nə deyər?!
Anasız göydə də ulduzlar yanmaz.
Allahlar həmişə səhv etmir məgər?!
Ana səhv etsə də təhqir olunmaz.

Əgər iki tayfa girsə davaya,
Qılınclar zərbindən odlar tökülmüş,
Ana ləçəyini atmış ortaya,
İgidlər dayanmış, geri çəkilmiş.

Heç nədir dünyada gərəyi onun
Görməsə həyatda bir övlad dağı.
O qədər təmizdir ürəyi onun
Bacarır səni də bağışlamağı.

Onu söndürmüsən bir ocaq kimi,
Təhqir eyləmisən bu yeri, göyü.
Ana müqəddəsdir bir Allah kimi,
Niyə tapdamısan müqəddəsliyi?

Borclusan ömründən, günündən ona,
Onun səbəbinə gəzirsən bu gün.
Vermək əvəzinə ömründən ona,
Onun öz ömründən kəsirsən bu gün.

Cavab ver,
Müttəhim kürsüsündəsən,
Cavab ver,
Təbiət dindirər səni!
Bu torpaq yad kimi elə bu gündən
Başqa planetə göndərər səni.

 

BAYATI

Qızı köçüb, oğlu köçüb,
Kənddə qalıb qoca ana.
O zamandan xeyli keçib,
Baş çəkən yox hələ ona.

O doğmalar, o balalar
Dönüb geri baxmayırlar. 
… Nə bir dəfə yada düşüb.
Bir qonşular yoxlayırlar, 
Yükü onun yada düşüb.

Biri ona odun yarır,
Biri ona su gətirir.
Baxır ana
Yana-yana,
Qəmli-qəmli köks ötürür.

Neçə vaxtdır ev həsrətdir
Bircə övlad nəfəsinə.
Bu nə tale, bu nə bəxtdir,
Səs verən yox bir səsinə?

Özü bilmir, çaşbaş salıb
Naharını, o, şamını.
Səhərini yola salıb,
Tək gözləyir axşamını.

Bir gün ona səhər erkən
Dedilər ki, oğlun gəlir.
Elə bildi, dedilər ki,
Yaddaşından çoxdan gedən
Kəlmələrin, ağlın gəlir.

Çardaq altda od qaladı,
Samovarı tüstülətdi.
Ocağını qurdaladı,
İntizarı keçib getdi.

Gəlin gəldi, oğul gəldi,
O öpüşdü,
Bu görüşdü.
Nəvəsini arxa bildi…
Yaddaşını varaqladı,
Nə yadına dastan düşdü,
Nə ağlına nağıl gəldi.

Nənə hardan bilsin axı,
Nəvə kimə nə demişdi.
Nəvə kəndə atasını, anasını
Məcbur edib gətirmişdi.

Nəvə ona baxdı, baxdı,
Damarından baba axdı,
Nənə axdı.
Tanımışdı nəfəsindən,
Söz istədi, bir də nağıl
Nənəsindən.

Haqqı vardı, neyləməli,
Taleyilə barışmağa. 
Qəhərini o udubdu.
Nağılını unudubdu, 
Körpə yoxdu danışmağa.

Fikri qalıb çox uzaqda,
Əli qalıb nəvəsində.
Bir bayatı övlad haqda
Qopdu onun sinəsindən:

Əzizim, nağıl, səni,
Qocaltmaz nağıl səni.
Qəlbdən bayatı qopar
Unutsa oğul səni.

 

KÖÇDÜ

Mərhum dostum İ.Nüsrətə

Köçdü… Cavan köçdü insan torpağa
Dağlardan ayrılan dumanlar kimi.
Bir an sükut çökdü bağçaya, bağa,
Köçdü… Köç eyləyən insanlar kimi.

Artıq kölgə gəldi onun gözünə,
Qayalar dayandı intizar kimi.
Torpaq sinəsini açdı üzünə,
Son dəfə açılan qapılar kimi.

Eşidin… İnsanda ürəyə bir bax:
"Yas da saxlamayın" dedi öləndə.
"Məni muğam ilə basdırın, ancaq
Bir də ağlamayın" dedi öləndə.

Oyanıb o başdan Günəş qızardı
Yenə səhər çağı yanaqlar kimi.
Onu, elə bil ki, külək qopardı
Budaqdan asılan yarpaqlar kimi.

Gəldi uca-uca dağlardan səsi,
Sellər, sular kimi aşıb-daşdı o.
Görmədi ömründə qadın nəfəsi,
İlk dəfə torpaqla qucaqlaşdı o.