Close

Torpaq nəğmələri

TORPAĞIN  SAHİBİ

Torpağa sahibdir torpaq becərən,
Torpağa can verir, yaşıllaşdırır.
Torpaqdan misradır qalxıb cücərən,
Füzuli beytini qoşalaşdırır.

Nəsimi yanğısı,
Vaqif sevgisi
Müqəddəs gözüdür, müqəddəs odu.
Əsrin nəfəsiylə ucalır səsi,
Yüksəlir bir az da Nizami adı.
Bu xalqçün yaşayan öz qeyrətini
Müqəddəs eyləyir, müqəddəs sayır,
Babək qeyrətini,
Ər qüdrətini
Torpağa şumlayır, 
Əkir, sulayır.

Qoşa qanadını torpağa gərsən,
Qalalar ucalar, yüksələr ər-ər.
Vaxt gələr,
Torpaqdan bir də görərsən
Koroğlu boy atar,
Babək cücərər.

Hər zaman özünün sözünü deyir,
Ad-san qazanmaqçün getmə uzağa.
Şan-şöhrət torpaqdan kənarda deyil,
Həmişə meydan var qəhrəmanlığa.

Torpaqla yanaşı boy ata bilsən,
Torpaq da ucalır, öyünə bilir.
Özündə Vətəni yaşada bilsən,
Vətən bir ürəkdə döyünə bilir.

 

TORPAQ  NƏĞMƏLƏRİ

Tarzən R.Quliyevə.

Xalqın yaratdığı demə dayazdır,
Vardır el qüvvətli sel nəğmələri.
Nəğməni eşitmək, dinləmək azdır,
Yaxşı bax, yaxşı duy, bil nəğmələri!

Hər xalqın sevgisi, amalı təmiz,
Hər xalqın öz sözü, qəlbi birinci.
Kədərli olsa da, əzizdir, əziz
Nəğmə səadəti, nəğmə sevinci.

Təzadlı günlərdə yaşayır insan:
Sevincin qəmi var,
Qəm sevinci var.
Xoş gəlir, bilmirəm, nədəndir, hər an
Sevincli günlərdə qəmli mahnılar.

Sevinc də kədərtək olsa yerində,
Yumulmaz bir xalqın açılan gözü.
Kədər var hər xalqın nəğmələrində, 
Gətirir bu günə keçmişimizi.

Torpaqda el-oba olandan bəri,
Nəğmələr bir xalqın qəlbi, əzizi.
Sevib yaşadırıq biz nəğmələri,
Yaşadır kədərli nəğmələr bizi.

Görən, nə qədərdir bizim varımız?
Çalış, bircə-bircə say nəğmələri.
El üçün yaradıb, babalarımız
Torpaq nəğmələri,
Göy nəğmələri.

Hələ nəğmə olub boy atmısan da,
Nə qədər torpaqda
Nə qədər sağam,
Nəğmə olmasam da,
Yaratmasam da
Torpaq nəğmələri oxuyacağam.

 

FƏSİLLƏR  VƏ  NƏSİLLƏR

Hər fəslin öz şıltağı,
Nazı xoşdu, -
Qışı xoşdu, yazı xoşdu,
Çoxu xoşdu, azı xoşdu.

Qış gələndə - dondum demə,
Yaz gələndə - islandım demə,
Yay gələndə - yandım demə.
Yay ayları səhərlidir,
Payız qəmli, kədərlidir.

Özünə bax,
Sözünə bax:
Gülmək olsa - onda gülmə!
Kədər olsa -kədər bilmə!
Sevgi olsa - coşa gəlmə!

Bahar - sənin gəlişindir,
Yay ayları - gülüşündür.
Payız isə öclüyündür,
Qış ayları - dincliyindir.

Körpə - candı,
Gənclik - qandı.
Vədə gəldi - ağlın qandı.
Vaxt yetişdi -
Zirvən dondu,
Yolun sondu.
Yaza demə - çoxdur yağış,
Yaya demə - dili yanmış.

Kədər demə sən payıza,
Hədər demə sən payıza.
Etmə heç vaxt
Qışa qarğış:
Əli donmuş,
Teli donmuş.

 

BU  GÖRDÜYÜM  GÖZƏLLİYƏ

Başı qardır bu dağların,
Qaşı qardır bu dağların,
Yaşı qardır bu dağların,
Saysan saya yenə yetməz.

Baxdım, baxdım, hal dəyişdi,
Baş qaldırdım, papaq düşdü,
Heç bilmədim necə işdi?
Haya çatmaz, ünə yetməz.

Hər gözəlin bir aşığı,
Bu dünyanın yaraşığı.
Bir obanın danışığı
Hey danışıb dinə, yetməz.

Çiçəklərin ətri, iyi…
Bir gözəldir hər ləçəyi,
Gözəlliyi, göyçəkliyi
Sənə yetməz, mənə yetməz.

Dərəyə en, zirvəyə çıx,
Hər yamacda bir alaçıq.
Kimə desən qəlbi açıq,
Bir mənsəbə, dinə yetməz.

Davud, təbin, bilməm niyə,
Qartal kimi qalxsa göyə,
Bu gördüyün gözəlliyə
Hey alışa, sönə, yetməz.

 

BAHAR  VƏ  SEVGİLİM

Dayanma, sevgilim, çıxaq eyvana,
Yenə xoş qədəmli ilk bahar gəlir.
Bürünür dağ, dərə al-yaşıl dona,
Könlümə duyğular, arzular gəlir.

Tökür yaz yağışı çölə, çəmənə,
Bağları bəzəyir yamyaşıl yarpaq.
Nəğmələr oxuyur yoldan ötənə
Mamırlı qayadan süzülən bulaq.

Tellərin, sevgilim, bahar çiçəyi,
Səninlə güllərin oxşayışı var.
Deyir qulağıma bahar küləyi:
Bahar sevgilindir, sevgilin bahar.

 

PAYIZ

Kim bu yola gəlib çatar,
Yanağını yaş ağardar.
Dişlərini qış ağardar, 
Üzümüzə gülməz payız.

Yay yandırar, qış dondurar,
Yaz çöllərə gül qondurar.
Niyə gəlib soyundurar,
Yaxşı-yaman bilməz payız?

Bir də gördün yaşa keçər,
Ömrümüzlə qoşa keçər.
Dən-dən olub başa keçər,
Öz yerini bilməz payız.

Bir də gördün o yazlayır,
Buludları qotazlayır.
Hey ağlayır, hey sızlayır,
Göz yaşını silməz payız.

Sarı-sarı geyə-geyə
Yarpaq-yarpaq qalxır göyə.
Bu nədəndir, bilməm niyə
Heç sevinməz, gülməz payız?

 

PAYIZ  RƏNGİ

Təbiətdə hikmətə bax, mənaya bax:
Qüssəsidir, kədəridir sarı rəngi.
Payız gəlir, 
Kədərlənir ana torpaq,
Elə bil ki, çiçəkləyir qəm çələngi.

Dağlar sanki sarı-sarı qanad gərir,
Gözlərimdə saralmayır bu görkəmi,
Bəs nədəndir sevinc verir, duyğu verir
Ürəyimə təbiətin payız qəmi?

Sarı çiçək yarpaqlayır sarı dağda,
Sarı-sarı yer alışır, göy alışır.
Bərəkətdir sarı çörək, sarı buğda,
Nə hikmətdir? Günəş özü sarılaşır.

Möcüzədir sarı dildə danışmağı,
Payız rəngi torpaq üstə aşıb-daşır.
Hiss edirmi təbiətlə qovuşmağı,
Son nəfəsdə insan özü sarılaşır.

Sevsən əgər saralarsan bu həsrətdən,
Məhəbbətin rəngi sarı, hüsnü sarı.
Bir fikir ver,
Sevən kəsin bu xiffətdən
Özü sarı, 
Gözü sarı,
Sözü sarı.

Bəs bu nədir? - Sarı inək, sarı qaymaq…
Yetişəndə - sarı alma, sarı armud…
Təbiətdə sən bu qədər sarıya bax,
Elə bil ki, sarı - həyat, sarı - ümid.

Dağa, düzə qulluq edin, qulaq asın,
Sarı nemət - zəmi-zəmi elin varı.
Təki, təki insan özü saralmasın,
Mənalıdır təbiətin sarıları.

 

TORPAĞIN  ALLAHI

Bu gündən görəndə insan sabahı,
Yaşamaq çiynində ağır dağ olmur.
Həyatda başqadır yerin Allahı,
Torpaqda Allahsız yaşamaq olmur.

Babam əsrlərlə gəlməyib təngə,
Özünə ən güclü silah axtarıb,
Bu həyatla birgə, zamanla birgə
Yaşaya-yaşaya Allah axtarıb

Desəm eşidərmi səsimi babam,
Kimdir bu torpağın, düzün Allahı?
Nizami, Füzuli, Nəsimi babam
Yaranıb sənətin, sözün Allahı.

Dövrün başqalaşıb harayı, hayı,
Tapmaq asan deyil, asan Allahı.
Həyatdır əsrimin öz haqqı-sayı,
Yaranıb torpaqda insan Allahı.

Arzunu, əməli demirəm hələ,
İnsan bir inamdan güc ala bilər.
İnsan bir inamla  bir Allah ilə
Allahın yanına ucala bilər.

Yaşayır, yaradır qəlbində pənah,
İnanmır zamanın dönüklüyünə.
Bu yerə, bu göyə sığmayan Allah
Sığır bir insanın böyüklüyünə.

 

ELDƏN  GƏLİR

Tufan qopdu - meşə əsdi,
Qılınc olub yolu kəsdi.
Təbiətin xoşdu pəsi,
Tozanağı zildən gəlir.

Yaş - daş deyil götürəsən,
Ağac deyil bitirəsən,
Çovğun deyil, ötürəsən,
Ömrə gələn ildən gəlir.

Namərd dursa, bil, qəsdinə,
Sığışdırma heç şəstinə.
Öz başına, öz üstünə.
Gələn bəla dildən gəlir.

Nankor olma, bil ki, qəti
Müqəddəsdir el neməti.
Bu torpağın bərəkəti
Şirvan, Muğan, Mildən gəlir.

Dağları gəz, dildə gəzmə,
Sonaları göldə gəzmə.
Saçlara bax, çöldə gəzmə,
Çiçək ətri teldən gəlir.

Qəlbin boşsa, Davud, dinmə,
Sinən daşsa - geri dönmə.
Yaxşı kəlmən, heç öyünmə,
Özündən yox, eldən gəlir.

 

KÖLGƏ

Bilmək istəyirəm çətinlik nədir,
O hələ durmayıb qarşımda mənim.
Fikirdən qocalmaq bir bəhanədir,
Kölgə dolanmasa başımda mənim.

Mənasız düşməsin saçlarıma dən,
Qarğa yaşı qədər yaşım olmasın.
Heç kəsin yanında, deyirəm ki, mən
Həyatda kölgəli başım olmasın.

 

BİZ  ŞAİRİK

Elimizi bir gün, üç gün anmırıq,
Özümüzü ondan ayrı sanmırıq.
Korun-korun kül olmuruq, yanmırıq,
Sönəndə də ulduz kimi sönürük.

Kimi vaxtsız şölə saçır, alışır,
Yanır, külü bu torpağa qarışır.
Kimi erkən söhbət açır, danışır,
Biz şairik - ya gec, ya tez dinirik.

Doğru işdə, dürüst işdə, düz işdə
Sözümüzü deməliyik biz işdə.
El yolunda döyüş olsa, döyüşdə
Nə qaçırıq, nə sıpıxıb-sinirik.

Yer göy ilə, göy yer ilə yarışır,
Hər kəs necə bacarırsa çalışır.
Cavanlıqda buludlarla çarpışır,
Qocalıqda torpaq deyib enirik.

Çox gəzirik, yollar yola calanır,
Gəncliyimiz Yer üzünü dolanır.
Vaxt yetişir ürək susub, dayanır, 
Torpaq olub bu torpağa dönürük.