Close

Məhəbbətsiz yaşama

GÖZÜMƏ  BAXIR

Necə istəyirsən, elə də varsan,
Gözələ nə lazım! -
Hər şeyin çatır.
Bəlkə də sən ondan üstün olarsan,
Gözəllik başqadır, sevgi başqadar.

Eşidən nə desin,
Bilən nə desin? -
Öz eşqim, ilqarım danlayar məni.
Xətrinə dəyməsin,
Bəlkə bilmədin,
Sevib ayrılanlar anlayar məni.

Dilimdən mutcuqtək düşən sözləri,
Mən taxa bilmirəm sapa, bilmirəm.
Səndə axtarıram mən o gözləri,
Səndə itirmişəm, tapa bilmirəm.

Gizlədə bilmərəm doğru sözümü,
Gözlərim gözündə çaşır, karıxır.
Aldada bilmirəm özüm özümü,
Gözündə o mənim gözümə baxır.

 

İLK  GÖRÜŞ,  İLK  AYRILIQ

Ürək yanar, alışar,
Meh əsər ilıq-ilıq,
Nə susar, nə danışar
İlk görüş, ilk ayrılıq.

İlk görüş, ilk ayrılıq
Bir vaxta necə düşüb?
Elə bil ki, bir vaxtda
Gecə, gündüz görüşüb.

Ya qismət, ya qədərdir
İlk görüş, ilk ayrılıq.
İlk sevgi, ilk kədərdir
İlk görüş, ilk ayrılıq.

 

BİR  YUXUNUN  MƏHƏBBƏTİ

Tərk etmişdi bu dünyada
Məhəbbətin əli məni.
Sən kim idin bu dünyada,
Dəli etdin, dəli məni?

Sən kim idin?-
Mənə yaxın.
Sən kim idin 
Məndən uzaq?
Bu ülfətin, bu sorağın
Əhdinə bax, eşqinə bax!

Mənə deyin,
Kimə deyim? 
Əlim - səndə, 
Əlin məndə.
Əllərimiz düyün-düyün,
Ürəyimiz düşdü bəndə.

Gözlərimdə hopub qaldı
Gözlərinin gur işığı.
Bir yuxuda necə oldu
Ürəyimin nur işığı?

Görməmişəm həyatda mən,
Bilməyirəm adın nədir.
Bir yuxuluq görüş nədən
Ürəyimi hey göynədir?

Niyə belə həzin oldu,
Bu ülfətin, səadətin?
Ömrü nədən uzun oldu
Bir yuxuluq məhəbbətin?

 

QƏLBİMİN  DÖYÜNTÜSÜ

Yatmamışam mən hələ,
Açıl-açıldı səhər
Görəsən, niyə belə
Uzun olur gecələr?

Gecə gecədən keçib,
Kəsilib ayaq səsi.
Məni qoymayır yatam
Qəlbimin döyüntüsü.

Fikirlərim mənzilə
Hey gedir, çata bilmir.
Görəsən, sevənlərin
Hamısı yata bilmir?

Ftkirlərim dalğalı,
Elə bil ki, dənizdir.
Yuxusuz gecələrim
Yenə mənə əzizdir.

Gecə gecədən keçib,
Kəsilib ayaq səsi.
Məni qoymayır yatam
Qəlbimin döyüntüsü.

 

ÇƏMƏN  ÇİÇƏK-ÇİÇƏKDİR

Dağda qırmızı lalə
Dedi, gəl, apar məni.
Gördüm, açmayıb hələ,
Aldatdı bahar məni.

Qışda nərgizə baxdım,
Sənə bənzər o oldu.
Dərib sinəmə taxdım,
Sən solmazdın, o soldu.

Kol dibində bənövşə
Boynun büküb durubdur.
O, kimsəsiz, beləcə,
Qərib-qərib durubdur.

Çiçək üstə şeh əsdi,
Bağrım başı söküldü,
Sinəndəki muncuqdu,
Külək dindi, meh əsdi,
Muncuqların töküldü.

Dağlar dumansız, çənsiz
Qüssədən qanad gərdi.
Güllər, çiçəklər sənsiz
Gördüm köksünü dərdi.

Çəmən çiçək-çiçəkdir,
Mən ki çiçək dərmədim.
Qızlar yaman göyçəkdir,
Niyə göyçək görmədim?

 

GECƏLƏR

Axşam düşür, çöllərə
Bir həzinlik yayılır.
Mənə elə gəlir ki,
İnsanlar səhər deyil,
Gecələr də ayılır.
Saç dağılır, tökülür,
Sanki ömür telləri
Bircə-bircə sökülür.
Qara teldən balıncda,
Sanki qara çay axır.
Gündüzün ağırlığı
Ömürlük yaddan çıxır.
Məhəbbətin alovu
Qaynayır gözlərində,
Oynayır gözlərində.
Gecə bir insan kimi
Fikrinə sığal çəkir.
Gözlər cilovsuz attək
Asta-asta yol çəkir.
Küsüşən könüllərin
Könülləri alınır.
Nəğmələr dildə deyil,
Ürəklərdə oxunur.
Qız, oğlan küçələrdə…
Ürək vüsalla dolur,
Gecə vusalla dolur.
İnsanlar gecələrdə
Daha səmimi olur.

***

Çatacaq mənzilə, mən sandım, eşqim,
Bilmədim həyatda bu, uzaq yoldu.
Məndən ayrı gəzdin, dolandın,
Eşqim
Böyüdü, dəryatək tükənməz oldu.

Qitələr birləşdi qəlbimdə mənim,
Xəyalım göylərdə cüt qanad oldu.
Dünyalar yerləşdi qəlbimdə mənim,
Ürəyim ən böyük kainat oldu.

Günlərim bir yana,
Xəyalım bir an
Yadıma gəlməyir onsuz olubdur?!
Qəlbimdə üfüqlər qovuşan zaman
Bu yaxın üfüqlər sonsuz olubdur.

Dünya silkələnsə, qopsa yerindən,
Sən bil ki,
Bu yoldan dönən deyiləm.
İstəsən göyləri endirərəm mən,
Eşqin göylərindən enən deyiləm.

 

BİR  SƏNİN  EŞQİNLƏ

Bəlkə gecikməsəm səni tapardım,
İzlərin pozulub,
Tapılan deyil.
Demirəm, Fərhadtək dağlar çapardım,
Bu dağlar onsuz da çapılan deyil
Bir mənim eşqimlə. 
Ayrıldıq,
Vədəsiz, vaxtsız biz niyə? 
Qaçdı qara torpaq ayaqlar altdan.
Ucaldım, nə qədər ucaldım göyə,
Axır uzaqlaşdım bir gün həyatdan
Bir sənin eşqinlə.

Mən Leyli demirəm həyatda sənə,
Leyli öz eşqinin qurbanı olmuş.
Bil ki, qovuşmadıq,
Qovuşsaq yenə,
Deyərlər mənə
Dünyanın ən xoşbəxt insanı olmuş
Bir sənin eşqinlə.

Gözlərim önündə tək səni gördüm,
Yaşadım həmişə o ötən günlə.
Mən bütün dünyaya könül verərdim -
Təkcə sənə yox,
Tək sənin eşqinlə.

 

BİR  SƏNİN  EŞQİNLƏ

Bəlkə gecikməsəm səni tapardım,
İzlərin pozulub,
Tapılan deyil.
Demirəm, Fərhadtək dağlar çapardım,
Bu dağlar onsuz da çapılan deyil
Bir mənim eşqimlə. 
Ayrıldıq,
Vədəsiz, vaxtsız biz niyə? 
Qaçdı qara torpaq ayaqlar altdan.
Ucaldım, nə qədər ucaldım göyə,
Axır uzaqlaşdım bir gün həyatdan
Bir sənin eşqinlə.

Mən Leyli demirəm həyatda sənə,
Leyli öz eşqinin qurbanı olmuş.
Bil ki, qovuşmadıq,
Qovuşsaq yenə,
Deyərlər mənə
Dünyanın ən xoşbəxt insanı olmuş
Bir sənin eşqinlə.

Gözlərim önündə tək səni gördüm,
Yaşadım həmişə o ötən günlə.
Mən bütün dünyaya könül verərdim -
Təkcə sənə yox,
Tək sənin eşqinlə.

 

YOLLAR

Yol uzun olsa da gəlməzdim təngə,
Biz deyib, danışıb, gülüb keçərdik.
Bu uzun yolları səninlə birgə
Bilməzdim nə vaxtı gəlib keçərdik.

Ürək nəğmə dedi, ürək sevindi,
Unutdum bir anlıq kədəri, qəmi.
Yanından ayrılan bu yollar indi
Uzanır… uzanır yanına kimi.

 

SEVGİ MƏKTUBU

Aranı bu qədər kəsmək olarmı?
Gəl, get, aranı aç,
Bizi görüşdür.
Bu boyda inciklik, küsmək olarmı,
Bu nə ayrılıqdı, bu nə görüşdür?

Mənə məktub göndər bir ümid verən,
Yenə gözləyirəm, gözüm yoldadır.
Bizdən söz aparan,
Söhbət gətirən
De ki, yalan deyir, səni aldadır.

Fikrim baş götürüb uzağa gedir,
O yerlər nə qədər mənə tanışdır.
Köhnə görüşləri vərəqlə bir-bir,
Təzə məktubunla yenə danışdır.

Yazdığın məktublar qoy uzun olsun,
Bu gödək ömrümü uzatsın bir az.
Bir sözdür, deyirəm,
Yadında qalsın,
Dünyanın işidir, heç bilmək olmaz…

Eybi yox, acı söz çıxsa dilindən,
Bil ki, mən onu da şirin sayaram.
Yazdığın sözlərin tutub əlindən
Utana-utana addımlayaram.

Hərdən sözlərinlə hirsləndir məni,
Hərdən könlümü al,
Qılığıma gir.
Bil ki, o gülüşlər göynədir məni,
Bil ki, bu günlərim mənə köhnədir.

Boşalt ürəyini,
Boşalt bir ağız,
Yoxsa gedə-gedə gen düşərəm mən.
Səndən ala bilsəm bir quru kağız,
Elə bil, səninlə görüşərəm mən.

Desəm kövrəlmişəm,
Desəm dolmuşam…
Nəfəssiz, nəğməsiz yanıqlı neyəm.
Özün görürsən ki, necə olmuşam,
Bilmirəm neyləyəm,
Sənə nə deyəm…

Əllərim istəyər bir aça məktub,
Gözlərim yolları axtarar, arar…
Sən niyə bilmirsən bir parça məktub
Mənə bir ömürlük sevinc qaytarar.

O vaxtlar olmazdı qəlbin dözümü
Sənin danlağına, sözünə hərdən.
Bir parça məktubla danla üzümü,
Danla, danlağınsız darıxmışam mən.

Həyatın qəribə təzadına bax:
Özüm də bilmirəm buna nə deyəm,
Vüsal dəryasında üzürdüm bir vaxt,
İndi məktubun da həsrətindəyəm.

Biz hələ cavanıq, dünya köhnədir,
Onun bir ömürlük qonağıyıq biz.
Sevən ürək üçün bir ömür nədir,
Niyə yaşamadıq biz onu əziz?!

Acı yaz, şirin yaz,  
Qoyma darıxam,
Təki danışa bil,
Din, dindir məni.
Mehriban danışma,
Mən yazacağam,
Acı sözlərinlə sevindir məni.

Hələlik bu qədər,
Keçmiş hörmətlə!
Əlimi əlindən üzməyirəm mən.
Bu, mənim məktubum,
Yazdım ümidlə,
Cavabı tezliklə gözləyirəm mən.

 

İNSAN  MƏHƏBBƏTLƏ  GƏLİR  DÜNYAYA

Sevgi nə saralar,
Sevgi nə solar,
Bu eşqi, ülfəti ötərgi sanma.
Desələr: "Çox sevib, ayrılmaq olar,
Sevgi qabaqdadır", buna inanma.

Qəlbində od varsa, qışda da yazsan,
Soyutmaz nə boran, nə də qar səni.
Əgər başqasına sən qulaq assan,
Səhvin ömrün boyu yandırar səni.

Əl çatmaz, ün yetməz bir uzaq kimi
Onu sən axtarma, gəzmə hər dəfə,
Ömrünü bəzəyər çilçıraq kimi
Məhəbbət bir dəfə, sevgi bir dəfə.

Kim deyər böyüksən, ya da uşaqsan,
Sevinc ağlayanda, ya güləndədir?
Sevilə-sevilə yaşayacaqsan,
Dünyanın sevinci seviləndədir.

Saysız qəmlənərsən, saysız gülərsən,
Saysız nişan olar sinən hədəfə.
Yüz dəfə doğulub, ölə bilərsən,
Doğular ömrünə sevgi bir dəfə.

Bu dünya bəzəkdir, sevgi möcüzə,
Bir əsr yaşasan onsuz, - mənasız…-
Sevgi yaşamaqçün verilib bizə.

Həyatda sevilmək deyildir asan,
Çalış, öz ömrünü sən vermə zaya,
Necə ki, sevmirsən - doğulmamısan,
İnsan məhəbbətlə gəlir dünyaya.

 

BU GÜNLƏR SƏNİN İDİ

Bu günlər sənin idi
Bu aylar sənin idi.
Fələk vurdu, dəyişdi,
Günlər gör kimə düşdü?!
Çayların harayları,
Dağların dolayları,
Meşələrin izləri,
Bulaqların gözləri,
Ocağın çatıltısı,
Meşənin pıçıltısı,
Nə vardısa yerdəki,
Sənin idi, tək sənin.
Bir də, bir də, bir də ki…
Təpələrdən aşmadıq,
Dolaylarda çaşmadıq,
Döymədi yağış bizi.
Zirvədəki "qış" bizi
Üşütmədi,
Yoxuşlar töyşümədi.
Bu daşlar sənin idi,
Daşlardakı təbii
Naxışlar sənin idi.
Əli uzalı qaldın,
Görmədin əzizləri.
Olmadı heç nə sənin
Bu - təkcə sənin oldu -
Ürəyimin sözləri.

 

GÖZƏLLİK

Açıb, çözələyib hey yumaq-yumaq,
Yolları yığşırıb axır, durmuşam.
Məhəbbət yolunda baş ağardaraq,
Məhəbbət yolunu başa vurmuşam.

Nə qədər bulanıb, durulmuşam mən,
Nə qədər oylağa qanad gərmişəm?!
Kənardan yüzünə vurulmuşam mən,
Yaxından birinə könül vermişəm.

Ey ürək, hər eşqin oduna yanma,
Ardınca sürünə el basa-basa!
Gözəldən heç zaman gözəllik umma,
Əgər gözəlliyi ağıl olmasa!

 

MƏHƏBBƏTİN  ADLARI

Hər oğlanın qəlbinə
Bir qız adı əzizdir.
Biri zərif - Zərifə,
Biri çiçək - Nərgizdir.

Biri incə Laləni
Ürəyində saxlayıb.
Başqası Sədaqəti
Sədaqətlə yoxlayıb.

Səadət bir oğlana
Səadət bəxş eyləyib.
Məhəbbət bir ürəyə
Məhəbbət nəqş eyləyib.

Düz ilqarla sevənlər
Bircə adla görüşür.
Bu əllərin içindən
Hərəyə bir ad düşür.

Oğlanlar, ad seçəndə
Adlar qoy əziz olsun.
Sevginiz adlar kimi
Mənalı, təmiz olsun.

 

HƏSRƏT

Zəhmətimə yer eylə
Zəhmətinin içində.
Hörmətimə yer eylə
Hörmətinin içində.

Gözlərimə yer eylə
Gözlərinin içində.
Sözlərimə yer eylə
Sözlərinin içində.

Əllərimə yer eylə
Əllərinin içində.
Tellərimə yer eylə
Tellərinin içində.

Diləyimə yer eylə
Diləyinin içində.
Ürəyimə yer eylə
Ürəyinin içində.

 

YUXUMA  GƏLİRSƏN

Yuxuma girirsən,
Nəsə deyirsən…
Gah dilə tutursan, gah saxlayırsan.
İşə bax: onunçün gülümsəyirsən,
Yuxuda mənimçün sən ağlayırsan.

Yuxuda tərsinə,
Qış də yaz imiş,
Yuxuda görürəm gözün yoldadır.
Bir vaxt aldatmağın hələ az imiş,
İndi də yuxular məni aldadır.

 

YARAŞIR

Gözlərinə nə deyim?
Gözlərin bir yaraşıq.
Sözlərinə nə deyim?
Sözlərin bir yaraşıq.

Saçların çiçək kimi…-
Yel vurub qönçələnib.
Saçlarına, elə bil,
Çiçək ətri ələnib.

Dodaqların bənövşə,
Qorxuram dilə düşə.
Söhbətin aşıb-daşır,
Sözlər sənə yaraşır.

Addımların çaşmasın,
Səsi dinib-danışır.
Kədər qoy yaraşmasın,
Sənə sevinc yaraşır.

Qəlbini oxumasam,
Qəlbimdə sevinc olmaz.
Ətrini qoxulasam,
Qönçələrin açılmaz.

Demirəm, sənə, gözəl,
Hər adətin yaraşır.
Sənə hər şeydən əvvəl
Məhəbbətin yaraşır.

 

QIZLAR

Gəzib səhər, axşam səadətini
Durna qatarıtək düzülür qızlar.
Saxlayıb qəlbində məhəbbətini
Nəzilir, sap kimi üzülür qızlar.

Bəzən oğlanlardan olsalar da çox,
Yenə də onlara oğlanlar baxır.
Görüş verməməklə tək oğlanı yox,
Onlar özlərini yandırıb-yaxır.

Bəzən vüsal üçün yanaqlar solar,
Lakin qürurundan dönməyir onlar.
Qızlar şıltaq olar, qəmzəli olar,
Çox vaxt görüş verib gəlməyir onlar.

Onlar qəlbimizi oyatsalar da,
Onlarda bir elin öz isməti var.
Hərdən oğlanları aldatsalar da,
Qızların özləri aldanmasınlar.

 

MƏHƏBBƏTSİZ  YAŞAMA…

Dünyanın işinə bax,
Gəzmək olur sevgisiz…
Kim sevib-seviləndə
Bir az da mətin olur.
Unutmayaq gəlin biz:
Məhəbbətsiz yaşamaq
Nə qədər çətin olur.

 

MƏHƏBBƏT  ÖPÜŞ  DEYİL

Bilmirəm necə görüm,
O necə açır, solur?
Heç mən də deyəmmirəm.
Məhəbbət nə cür olur?

Öpüşlərdə görmədim
Məhəbbətin gücünü,
Gülüşlərdə görmədim
Mən onun sevincini.

Vüsal aşıb-daşdıqca,
Sanki yayındı gözdən.
Ona yaxınlaşdıqca,
O, ayrı düşdü bizdən.

Məhəbbət öz sözünü
Görən, necə deyirdi? -
Qəlbimdə köhnə yaram…
Nəbzimdə döyünürdü.

 

NİYƏ BİR QƏDƏR

Beləcə başladı ilk görüşümüz,
Danışdıq bir qədər, susduq bir qədər.
Məhəbbət yolunda çoxmuş işimiz,
Bu yolda zirəngdik, süstdük bir qədər.

Nə vaxt görüşdüksə, ilk görüş kimi…
Titrədik bir qədər, əsdik bir qədər.
Məhəbbət mülkünə ilk yürüş kimi
Gecikdik bir qədər, tələsdik hədər.

Bəzən söhbətimiz düz gətirmədi,
İnaddıq bir qədər, tərsdik bir qədər.
Görən deyərdi ki, uşaqdı, nədi?..
Barışdıq bir qədər, küsdük bir qədər.

Biz qoşa dolanıb, gəzdik dünyanı,
Azdır gəzdiyimiz sandıq yer qədər.
Həmişə yar deyib qovuşan hanı?!
Arada aranı kəsdik bir qədər.

Qovuşsaq, ayrılsaq - tamarzı yenə…
Sevgidən dadmadıq, daddıq bir qədər.
"Dünyanın ən böyük səadətinə"
Çatmadıq bir qədər, çatdıq bir qədər.

Bilmirəm, adətmi, yoxsa meyilmi?
Sakitdik bir qədər, nəhsdik bir qədər.
Hamı bu həyatda belə deyilmi?
Yaxşıydıq bir qədər, pisdik bir qədər.

Demirəm danışıb, deyib gülmərəm,
Nə ola danışa, deyə bir qədər.
Görüşdük bir qədər, - deyə bilmərəm,
Niyə ayrılmadıq, niyə, bir qədər?

 

QƏLBİNDƏN KƏNAR AY ÜRƏK

Ay ürək, gör məni nə şala saldın!..
Ağlımı ovlayıb, fikrimi alıb
Yolumu mahaldan-mahala saldın.

Kövrəkmiş sinədə şair ürəyi -
Sahibi üz tutub dalınca gedir.
Bir insan ömrünü, bəxti, taleyi
Veribdir, nə vaxtdır əllərindədir.

Yeridi arxanca o, yana-yana,
Bir namərd yolunda sən yandın nahaq.
Niyə öz ağlını qoyub bir yana,
Yalana, yanlışa inandın nahaq.

Arxadan səs gəldi, 
Arxaya döndün,
Heyifin gəlmədi keçdiyin yola.
Biri dərədəydi,
Dərəyə endin,
Dərəlik olmuşdun özün, az qala.

Düşmədin var-dövlət, şöhrət dalınca,
Çoxu gülə-gülə arxanca baxdı.
Qaçdın, elə qaçdın ürək dalınca,
Qaçmasan, bir ürək dayanacaqdı.

Ağlımı aldadıb, fikrimi əyib,
Ay ürək, nə günə gör məni saldın.
Hamını, elə bil, xoşbəxt eyləyib,
Əzablı günlərə bir məni saldın.

 

SİYASƏT

Çətindir nə qədər dünyanın işi,
Çətinlik get-gedə onu haqlayır.
Zamanın caynağı, zamanın dişi
Yeri cırmaqlayır, yeri dağlayır.

Elə bil, hər cənab öz arxasında
Yüz alov yandırır, yüz ocaq çatır.
Diplomat görüşlər, söz arxasında
Min hiylə gizlənir, min oyun yatır.

İnsantək düşünür, elə bil, yer də,
Dünya köks ötürür sinəsi ahlı.
Böyük məclislərdə, ziyafətlərdə
Siyasət döyüşür əli silahlı.

Dolanır dünyanı fikirlər iz-iz,
Senatlar müxtəlif, iclaslar sonsuz…
Bəzən "Ağ ev"lərdə gizli, xəbərsiz
Millətin taleyi həll olur onsuz.

Zamanın işinə, təzadına bax:
Sözləri boynunda sədəf eyləyir.
Kiçik bir otaqda uzanan barmaq
Böyük bir ölkəni hədəf eyləyir.

Dünyanın elə bir kələfidir bu
Bilmirsən hayandan gələcək səsi.
Görünür, zamanın tələbidir bu:
Döyüşür siyasət müharibəsi.

 

QƏLBİNDƏN  KƏNAR

Deyirik, sevməmək - insan qəmidir,
Sevsəm də, bu yaşda -
Gülməli sevgi…
Bu yaşda qar üstə çiçək kimidir
Bir dəli məhəbbət, bir dəli sevgi.

Ağılmı güclüdür, yaxud ürəkmi?
De, nəyə bağlanaq?
De, nədən kənar?
Bəzən dəyişsə də ağlının hökmü
Qəlbinə bağlanmır - qəlbindən kənar.

Sevməsən, aldadır ötəri həvəs,
Görüşmə o qızla qəlbindən kənar.
Əgər sevirsənsə,
Sevgi - müqəddəs!
Gen düşmə o qızla qəlbindən kənar.

Demə ki, xoş günlə ucalım təki…
Sabahın olmayır bu gündən kənar…
Ömrün xoş keçsə də,
Bəzən olur ki,
Həyatın qurulur qəlbindən kənar.

Yaşın az olsa da,
Vaxtsız heç nədən
Başına çən düşür qəlbindən kənar.
Özün hiss etmədən, özün bilmədən
Həyatın gen düşür qəlbindən kənar.

Demə ki, dünyaya baxmaq asandır,
Kim səni çağırdı qəlbindən kənar?
Ucalmaq asandır,
Qalxmaq asandır,
Yaşamaq ağırdır qəlbindən kənar.

 

ZAMANIN  HÖKMÜ

Bir şeyi ağlından sən çıxart, sən at,
Halını dəyişməz,
Demə zəlidir.
Yaltağa yer göstər, yuxarı çıxart,
Fərqi yox, əyilən əyilməlidir.

Qocalıq ömrünü, gününü sayır,
Vaxtında sayılan sayılmalıdır.
Yerini dəyişmək can qurtarmayır,
Günahkar hər yerdə söyülməlidir.

Ya zərli, ya zərsiz,
Nə fərqi bunun?
Əyninə geyilən geyilməlidir.
Daxilin dəyişməz - dəyişsə donun,
Kənardan baxana bu gülməlidir.

Gizli qalan deyil diplomat anlar,
Nə vaxtsa sədası yayılmalıdır.
Top-tüfəng altında yatırdılanlar
Top-tüfəng səsindən ayılmalıdır.

Danışan dil olur xalqın dayağı,
Soyulan şairtək soyulmalıdır.*
Yanılıb kim satsa xalqı, torpağı,
Onun bəbəkləri oyulmalıdır.

Haqqa, ədalətə siz qulaq asın,
Deməyin, döyülən döyülməlidir.
Haqlı söz qəlbini qoy yandırmasın,
Çəkinmə, deyilən deyilməlidir.

____________
* Nəsimiyə işarədir.

 

ANASIZ  BİR EV…

Hiss etdim çəkindin,
Sıxıldı ürək,
Titrədi, elə bil, evin işığı.
Belə olmayaydı, ay ana, gərək,
Bu evin sən gözü, sən yaraşığı.

Nə bir uzaq-yaxın adını anmaz,
Nə bir qohum-qardaş qonağı olmaz,
Bu evə od qoysan ocağı yanmaz,
Bu evə ad qoysan adı ucalmaz.

Ana nəfəsiylə bulanmaz o su,
Onun bacasından qalxmaz tüstüsü.
Bu evin arzusu ana arzusu,
Bu evin istisi - ana istisi.

Analı bir söhbət - bir elin sözü,
Anasız bir töhmət mənasız, düzü,
Bir ev ki, mayaqsız…-
Sükansız gəmi.
Anasız - dayaqsız laxlayar himi.

O hansı mənzildir,
O hansı eldir,
Kim olub yiyəsi,
Kim yiyəsidir?
Anaya darılsa - darılasıdır,
Anaya sığınsa - böyüyəsidir.

 

KÖLGƏYƏ  SIĞMAYANLAR

Çinar kölgəsində tənək əkdilər,
Dedilər, tənəyə o, dayaq olar.
Nazını bahar, yay onun çəkdilər,
Boy atdı, ucaldı,
Uzandı qollar.

Ucaldı nə ki var,
Ucaldı tənək,
Qolları qıvrılıb çıxdı kölgədən.
Elə bil çinardan bac aldı tənək,
Üzüm salxımları olduqca dən-dən.

Çinar sığınmışdı tənək barına,
Bu nemət hamıya yaxşı tanışdı.
Salxımlar daraşdı budaqlarına,
Çinar, elə bil ki,
Salxımlamışdı.

Heyrandı bu eşqi belə görənlər,
Tənəyin zirvəsi buludda azdı.
Torpaqdan güc alıb bəhrə verənlər
Çinar kölgəsinə sığışammazdı.

 

HƏRƏNİN  BİR  DƏRDİ

Hərə dərdini dedi,
Hərə bir söz danışdı.
Bu kədərlər, qüssələr
Bizə çoxdan tanışdı.
Biri şikayət etdi,
Dedi, günüm qaradır,
Bəxtim gətirməyibdir
Mənim övlad sarıdan.
Biri dedi, ürəyim,
Sinəm yara-yaradır.
Mən də xoşbəxt olmadım
Evdə arvad sarıdan.
Biri dedi, nə işdi,
Heç bundan çıxmır başım,
Toy etdik, ev də qurduq,
Niyə belə dəyişdi
Öz doğmaca qardaşım.
Biri dedi, dərdimi
Kimə söyləyim, deyim,
Puça çıxıb əməyim,
Övlad başıma mənim
Gör bir nə oyun açıb, -
Qızım qoşulub qaçıb.
Hamı giley eylədi,
Hərə bir söz söylədi,
Baş açmadım, həyatda
Kimdir kimi yarıdan.
Bircə deyən olmadı:
"Mən də yarımamışam,
Mən də ana sarıdan".

 

KƏDƏR

Qüssə belə gəlir - yersiz, yerində,
Onu görməyənə gəlməsin asan.
Təkcə sevinclə yox, Yer üzərində
Bəzən kədərlə də yaşayır insan.

İnsanın qəlbinə çəkilən dağlar
Zamanın hökmündən, sözündən sərtdir.
Dərdin nə kiçiyi, nə böyüyü var,
Onsuz da həyatda dərd elə dərddir.

Çöllərin ətridir insanın ətri,
Təbiət veribdir duyana dərdi.
Adam var bir anlıq sevincdən ötrü
Ömrünü-gününü qurban verərdi.

Bütün ağırlığı duyan ürəkdir,
Bu, yaxşı aydındır duyan hər kəsə.
Həyatda o sevinc nəyə gərəkdir,
Ömrünü-gününü sevindirməsə.

Ürəkdə qəm, sevinc lövbər salanda,
Bunlar bir-birindən ayrı qalmayır.
Ancaq bilməyirik sevinc olanda,
Həyatda kədərsiz sevinc olmayır.

 

ƏLİFBA  SIRASI

Bilməyirəm kimdir o kəs,
Ürəyində varsa həvəs,
Özün öyrən adını da.
Mən tərcümə eyləmişəm, 
Ünvanını tanımıram.
Ona əvəz söz demişəm,
O yazığı qınamıram.
Özü kimdir, sözü nədir?
Vallah, billah, bilməyirəm.
Tərcümədə cövlan edir,
Ona əvəz söz deyirəm.
Əlifbayla əvvəl düşüb
Bu kitabda,
Bir hərflə yer dəyişib
Bu kitabda.
Rəsuldan da əvvəldir o,
Qaysından da,
Mustaydan da,
Daha, daha hansından da…
"A" olsaydı,
Vurğunu da qabaqlardı.
"B" olsaydı, Nazimi də.
Bax beləcə,
Böyükləri o haqlardı,
Son olardı Nəsimi də.
Başqaları nə deyərdi?
Deyərdi ki, narazıyıq.
Bəs, görəsən, neyləyərdi
Sabir "yazıq".
Əlifbayla qabaq olar
Bəzən yalan.
Əlifbayla geri qalar
Layiq olan.
Soxulublar belələri
İki nəhəng arasına.
Söz aparıb-gətiriblər
Böyüklərin qarasına.
Unudaraq onlar arı
Böhtan səpər sola, sağa.
Qəlbi böyük adamları
Nə vardır ki, aldatmağa.
Olmasaydı belələri
Nəhənglərin arasında.
Dəyişməzdi hərf yeri
Əlifbanın sırasında.

 

ƏVVƏL-ƏVVƏL  KASSİR  OLAN…

Hörmətlini özü tapar,
Çox arayar gözü, tapar.
Kiçiklərə qulağı kar,
Böyükləri eşidəndi.

İşin düşsə, yola gətir,
Təklif etsən, kefə gedir.
İşdən sonra yarım litr,
Fasilədə "yüz" gedəndi.

Çox rahatdır, deyən, yeri,
Dayağıdır ordan biri.
Tanımasa böyükləri 
Bir də gördün köntöy dindi.

Səhv etmirəm, deyil yalan,
Camaatdan qəpik yolan,
Əvvəl-əvvəl kassir olan,
Sonra gəlib "posta" mindi.

Qarmaq atsan qaçar, düşməz,
Qapısına açar düşməz.
Əllərini açar, düşməz,
Bir də gördün o gedəndi.

 

"ZƏİFDİ"

Şeir verdim, iki gözü vərəqdə,
Gah aşağı, gah yuxarı bulandı.
- Təpər olsun, - dedi mənə, - ürəkdə,
Görmədiyin bu hisslər yalandı.

O deyirdi: - Sevgi uca bir taxtdır…
O, sevgini yalan-yanlış sanırdı.
O bilmirdi məhəbbətim nə vaxtdır
Ürəyimdə ocaq-ocaq yanırdı.

Bir misrada ilişmişdi bir gözü:
- Bu misranı bu lələşin deyibdi.
Unudurdu əvvəl dediyi sözü,
Həmin fikrə o deyirdi: - "Zəifdi".

Yaşım hələ çatmayıbdı yaşına,
Nahaq sözlə ürəyimə dəyibdi.
İmkan olsa, yumruq vurram başına,
Görən yenə o deyərmi ׃ "Zəifdi".
        

 

MÜŞTƏBEH

Elələri yaranıb
Şairlərin içində.
"şeirini" şeir sanıb
Şeirlərin içində.

Keçmişlə "yola getmir",
Onun "dəvədir kini".
Bəyənmir, qəbul etmir
Özündən əvvəlkini.

Onun yazısı çıxıb
Yazıların içində.
Onun imzası çıxıb
İmzaların içində.

Ona "dahi" deyinən,
Bu ki, onun sözüdür.
Onu ancaq bəyənən
Bilmir təkcə özüdür.

 

XƏYAL  DEYİR  Kİ… İŞIQ

Xəyal deyir ki,
Günəşdən olur işıq.
Yalan deyil ki…
Sevinc deyir ki,
Atəşdən olur işıq.
Yalan deyil ki…
İqbal düşünür
Maqsudə təki.
Qırmızı lalə
Hey açır, solur,-
Bax, işıq budur.
Yanar deyir ki,
Gözlərim qonur,
Gözümə dolur işıq.
Xəyyam deyir ki,
Gözlərimdə nur -
Gözümdə olur işıq.

 

SEVİNCİN  KUKLASI

Sevincə kukla alıb
Özü boyda, atası,
Çiynindən də sallanıb
Onun məktəb çantası.

Kukla gələndən bəri
Sevinc yığır-yığşırır.
Silir-süpürür yeri,
İşi başından aşır.

Kuklasını ləyəndə
Su töküb çimizdirir.
Sonra tutub əlindən
Otaq boyu gəzdirir.

Baxıb kuklaya hərdən
Ağıl verir "qızına".
- Niyə fikir vermirsən,
Yekə qızsan, özünə?!

Kukla gələndən bəri
Sevincinin həddi yox.
Unudub kuklasıyla
O, dincini biryolluq.

 

DƏR,  GƏTİR

Çehillik yeri
Sapaq-sapaqdır,
Onun hər biri
Sanki papaqdır.

Döşə çıxanda
Ələ duz alaq:
Bizi gözləyir
Xalyar, quzqulaq.

Sarıçiçəkdir
Dağlar gəlini.
Arı qonubdur,
Gözlə əlini.

Yaşıl çəməndən
Bir az çəmən dər,
Gəlib-gedənnən
Mənə də göndər.

Qurut yarpızı,
Ətiri xoşdur,
Dəmlə çayını,
Kim ki, naxoşdur.

Üzünə gülsün
Dağlar çiçəyi,
Qoyma tökülsün
Lalə ləçəyi.

Saxla otaqda
Havanı təmiz,
Dəyiş suyunu,
Küsəndir nərgiz.

Fevralın sonu
Bənövşə gətir,
İstərəm onu,
Həmişə gətir.

 

TƏRANƏ

Susmayıb hələ
Dağda şəlalə,
Göy gurultusu,
Dağların səsi
Təranəsidir.

Quşların səsi-
Səhər nəğməsi,
Günəşin teli
Nur danəsidir,-
Təranəsidir.

Leysan altında
Meşələr dindi,
Yarpaqlar sanki
Güldü, sevindi.
Bu da meşənin 
Öz nəfəsidir,-
Təranəsidir.

Təranə sənə
Bəlkə tanışdı?
O, evdə bizə
Nələr danışdı!..
Səsi, elə bil,
Nəğmə səsidir,
O da bir evin
Təranəsidir.

 

XƏYALIN  DƏRMANI

Xəyalın Roza adlı
Bir həkim xalası var.
Gətirir ona dadlı,
Bəzək-bəzək konfetlər,
Yumru-yumru noğullar.

Alır xal-xal konfeti,
Ləzzəti yaman olur.
Deyir Xəyal:- Konfeti
Bizim Roza xalanın
Ən yaxşı dərman olur.