Close

ÜMİD QATARI. "Torpağın hər bir dərdi"

OĞULLAR  VƏTƏNLƏŞİB

Bir elin gücü var bir ər qolunda…
Torpaq vətən olmur - bilmirəm nəsə, -
Əgər övladları onun yolunda
Torpağa dönməsə, daşa dönməsə.

Ot olub - torpaqdan çıxıb nəfəsi,
Üstünə gün doğub, yağış düşübdür.
Bir vətən köksüdür - bir qəbir köksü,
Oğullar el üçün vətənləşibdir.

 

QAYIDIN,  ATALAR

M. Murada.

Dar gündə neçəsi köməyə çatır,-
Onun məsləhəti, bunun qılığı.
Yenə də görürsən tamam başqadır
Ata nəsihəti, ağsaqqallığı.

Qayıdın, atalar,
Qayıdın geri:
Qayıdın,
Toyların ağzı açılıb.
Qızını verməyib yetimə biri,
Biri sevdiyini gizli qaçırıb.

Qayıdın, 
Bu illər ömürdən gedir,
Ev-eşik əyninə həsrət geyibdir,
Bir oğul həyatı təhlükədədir,
Bir qızın taleyi gətirməyibdir.

Qalır ürəyində bir həsrət izi, 
Qəlbində bir kövrək nisgil boy atır,
Əmi toy etsə də ata əvəzi,
Atanın qayğısı, yeri başqadır.

Alçalar, elə bil, zurnanın səsi,
Enər ritmləri tarın, qavalın;
Qəm üstdə köklənib onun nəfəsi, 
Atasız övlada bir "Segah" çalın.

Yüz şadlıq içində qəlbi yasdadır,
Bir kədər fikrini haraylar, haylar…
Boynu bükülüdür, səsi astadır
Atasız övladlar, atasız toylar.

Nə yaxşı hər biri bir yurd olubdur…
Qayıdın,
Övladlar övlad böyüdür:
Nəvələr boy atıb ərgən olubdur,
Sabah bir də gördün nəvə toyudur.

Gəlin,
Nəfəsiniz evlərə dolsun…
Doğru sözlərimdir,
Qayıtmasanız,
Qorxuram Vətənçün çox çətin olsun.

Analar, atalar diləyində siz…
Geri qayıtmasın təkcə adınız.
Qayıdın nəvələr ürəyində siz,
Qayıdın,
Bir zaman qayıtmadınız.

 

ATA  DOSTLUĞU

Sovet hakimiyyətinin ilk illərində atam Məcid Nəsibovla komsomol sıralarında birgə çalışan Sarı Hüseynə və onun oğluna - dostum Akifə.

Ata bu görüşdən elə sevindi,
Uçdu bir quş olub qəlbinin dərdi.
Dostunun oğluydu önündə indi,
Elə bil, önündə dostunu gördü.

Bir vaxt ağır gündə, boran içində
Ona öz dərdini dedi, danışdı.
… Ağır dost itkisi, bir an içində,
İndisə, elə bil, heç olmamışdı.

Sanki möcüzəydi bu, Yer üzündə,
Dünya mehvərindən çıxdı, dayandı.
Gördü, dost oğlunun
Birdən gözündə
Dostunun gözləri alışdı, yandı.

Sildi çöhrəsindən qaşqabağını,
Xəyalən atını dördnala çapdı.
Ötən günlərini, gənclik çağını
Fikrində, hissində axtardı, tapdı.

Düşdü tənginəfəs atın belindən,
Bir də nəfəsini aldı dərindən.
Dostunun oğlunun tutdu əlindən
Tutdu, elə bil ki, dost əlləridir.

Barmaqlar oynadı zirvə qarıyla, 
Saçlar barmağında gümüş üzükdü.
Elə bil, keçmişi ağ saçlarıyla
Gah sağa qaytardı, gah sola tökdü.

Geriyə fırlandı keçdiyi illər,
İlləri bir anda keçmək olurmuş.
İllər, elə bil ki, hər səhər-axşam
Onu nə incitmiş, nə də ki, yormuş.

Xəyal elə döndü durduğu yerdə,
Yolları, izləri çatıb qatladı.
Keçdiyi keçiddən dostuyla bir də
Qoşa addımladı, qoşa adladı.

Dünəndən uzansa dostluğun əli,
"Atalar dostluğu" ulu səsləşir.
Övlada keçəndə ata əməli
Bir az da güclənir, müqəddəsləşir.

Zamanla ölçməyin onun yaşını,
Deməyin dostluğun ömrü az olur.
Atalar qoysalar təməl daşını,
Dostluğun binası dağılmaz olur.

 

ÜMİD  QATARI

Bir uşağın intizardan
Köksü yaralı,
Gedib-gələn qatarları
Bir-bir sayırdı.
Qatar keçir gecəyarı,
Kənddən aralı, -
"Sən tələsmə, o, gələcək", -
Pıçıldayırdı.

Rels arası cərgə-cərgə,
Hey dilim-dilim,
Ayaqları qatarlara
Çatmaq istəyir.
O qatarın yaxasından
Üzülən əli
Bu qatarın ətəyindən
Tutmaq istəyir.

Demirdi ki: "Bezikmişəm,
Mən yorulmuşam".
Ümid onun ürəyində
Aşıb-daşırdı.
Xəyalları bu yol üstdə
Hər səhər-axşam,
Elə bil ki,
Vaqon-vaqon qatarlaşırdı.

Gecələrin sükutunda,
Qoynunda batar,
Deyər qatar:
"Ümidsizlik nəyə gərəkdir", -
Dünən ona ümid verən
Bugünkü qatar 
"Sabah, sabah gözlə onu,
O gələcəkdir".

Görən, nə vaxt sonu olar
Bu intizarın,
Vaqon-vaqon, axın-axın -
Bu insan seli…
Alnında da ulduz yanır
Parovozların,
Qatarlar da keçir sanki
Əyni şinelli.

Bütün ərzi kəmər kimi
Dolanar, çatar,
Bütün ərzin nə düşməni,
Nə yadıdır bu.
Fəryad edir çöllər boyu,
Qışqırır qatar,
Parovoz yox,
Bir uşağın fəryadıdır bu.

Anaların gözü yaşlı,
Ürəyi darda,
Balaların qəlbi kövrək,
Qulağı səsdə…
Qatar-qatar ata keçir,
Bu qatarlarda
İntizarı qatarlanır
Qatarlar üstdə.

Gecə zülmət, yollar uzun,
Meşə qarışıq…
Siqaretlər pəncərədən
Gözə dəyirdi;
Hər qatarda korun-korun
Alışan işıq
Ürəyinin qırpım-qırpım
Ümidləriydi.

Körpə uşaq qatarları
Neçün gözləyir?
Fikirləri köhlən olub
Elə çapırdı…
Heç bilmirdi atasını
Niyə gözləyir,
Çörək üçün? 
Çörəyini ana tapırdı.

Çiçəkləyib ürəyinin
Qəm naxışları,
Mərmi kimi
Sinəsində elə yanmışdı.
Danışmırdı,
Elə bil ki, lal baxışları
Relsarası şpallarda
Yuvalanmışdı.

Qayıtmırdı
Qatarlarla yollanan kəslər,
Baxıb, bundan körpə uşaq
Elə çaşırdı.
Təkərlərdə sağa-sola
Tökülən səslər,
Elə bil ki,
Həmişəlik sağollaşırdı.

Anaların ürəyində
Görəsən, nə var? -
Ümidləri puç olurdu,
Bəlkə sönürdü?
Oğullarla
Dolu gedən iti qatarlar
Yorğun-yorğun,
Küskün-küskün
Geri dönürdü.

Yol gedirdi qəlbi onun,
Dumanda, çəndə
Bir xal kimi uzaqlarda
İtən qatarda.
Gözləmirdi atasını
Qatar gələndə,
Axtarırdı o, həmişə
Gedən qatarda.

Bir-birinə o calayar
Qatar yolları,
Böyüsə də,
Xəyalından hərdən çən keçir.
Elə bil ki,
Bu dünyanın qatar yolları.
Təkcə onun
Gözlərinin içindən keçir.

Qatarlara elə baxır,
Ümidi təki,
Gələn-gedən qatarları
O, yenə güdür.
İndi hərdən,
Qatarlara, elə bilir ki,
Hər minəndə,
Atasının dalınca gedir.

Bu qatarın sözlərini
Bir eşit, dinlə:
"Bir ata var, uyuyubdu, -
Uzaq bir çöldə"… -
Pıçıldayır səhər-axşam
"Gedək mənimlə,
İntizarla gözləyir o,
Bir qərib eldə".
O inanmır
Təkərlərin dediklərinə,
Bu təkərlər aldadıbdı
Tək ancaq onu,
Düşür yenə qatarların
Yedəklərinə -
Elə bilir,
Qatarlarda tapacaq onu.

 

YURD  YERİ

Həyat yollarında boy atmaq üçün
Heç vaxt qürrələnib tələsmə, ürək.
Özümü yadlara tanıtmaq üçün
Ən əvvəl özümü tanıyım gərək.

Bir ocaq gözündən bir el köz çəkər,
Bir od yüz ocaqdır niyə, bilmirəm?
Bir yurdun qədrini bilməsəm əgər,
Bir xalqın sözünü deyə bilmərəm!

Dünya mehvərindən ayrı düşəndə,
Zaman zərbəsini yurdlara vurmuş.
Bir yurdun kədəri heykəlləşəndə,
Bir yurd vətən qədər əziz olurmuş.

 

MƏNİM  ANA  DİLİM

Mənim tükənməzdir sözümün sayı,
Nənələr sözlərdən ilmə toxuyur.
Keçir qıjıltıyla, keçir dağ çayı,
O mənim dilimdə nəğmə oxuyur.

Axır kəlmələri zirvə selində,
Sözlərim nur kimi çöllərə enir.
Tək mən danışmıram,
Ana dilimdə
Təbiət danışır, təbiət dinir.

Həsrətdən çiçəklər bükür boynunu,
Nəfəsim dəydiyi… qönçələr açır.
Açır ana dilim ana qoynunu,
Ceyranlar, cüyürlər üstünə qaçır.

Bir zülmət gecənin qaranlığında
Göydə ulduz-ulduz parlayıb, yanıb.
Səhərin bəmbəyaz toranlığında
Quşların səsiylə qalxıb, oyanıb.

Təbiət qoynunda, kütlə içində
Babamın arzusu, həyatı olub.
Bir qərib ölkədə  min yad içində
Misraya çevrilib, bayatı olub.

Bəzən ər evinə köçən qızlara
Cehiz çələngidir, söz çələngidir.
Bəzən sığışmayan dar ağızlara
"Yallı"dır, "Misri"dir, dəli 
                       "Cəngi"dir.

Bir soyuq mənzildə qışın qarında
Ocağa dönübdür, oda dönübdür.
Bir yad çəkməsinin dabanlarında
Vaxt olub itməyib, səpələnibdir.

Sarı zəmi kimi qalxıb aranda,
Gümüş nəğmə olub zirvə qarında.
Ürəkdə ölümlə susdurulanda,
Dinib körpələrin dodaqlarında.

Onun Təbriz oldu kədər kəlməsi,
Həsrəti Araztək ləpələnibdir.
Olmadı bir dənə hədər kəlməsi, 
Sözləri nur kimi səpələnibdir.

Neçə ölkə keçib, sərhəd aşıbdır,
Füzuli dilində ucalıb elim.
Naşı dodağında ucuzlaşıbdır,
Müdrik ürəyində müdrikdir dilim.

 

KƏRPİC-KƏRPİC,  ULDUZ-ULDUZ…

Dahi memar Əcəmi Naxçıvaninin "Möminə xatın" məqbərəsi önündə.

Babam mənim, ürək-ürək,
Çiçək-çiçək,
İlmə-ilmə bir də danış!
Sudan duru, aydan arı
Bu torpağın arzuları.
Kərpic-kərpic, naxış-naxış,
Ulduz-ulduz üfüqlərə uzanmışdır.
Öz qəlbində kədərini
Muğam-muğam yaşatmışdır.
Nə bir kəsi incitmişdir,
Nə bir kəsə daş atmışdır.
… Kərpic-kərpic düzülmüşük,
Əsr-əsr boy atmışıq.
Naxış-naxış yallı gedib,
Yallı-yallı biz artmışıq,
Səmaların ulduzunu bu torpaqda yaratmışıq.
Ulularımız el yolunda
Ulduz-ulduz alışıbdır.
Əcdadımız kərpic-kərpic,
Naxış-naxış danışıbdır.
Yaxşı boylan hər yerinə
Bu naxışın, bu cərgənin,
Hansı əvvəl, hansı axır?
Araşdırma, çətin işdir,
Bu el-oba bir-birinə naxış kimi
Calanmışdır, bərkimişdir.
Görən burda nə hikmət var? 
İnsan göyü haylayıbdır.
Kərpic-kərpic boy atanlar
Ulduz-ulduz parlayıbdır.

 

DANIŞ,  SƏTTAR

Heykəltəraş Ömər Eldarovun S.Bəhlulzadənin  xatirəsinə yaratdığı qəbirüstü abidəsi önündə

Danış, Səttar,
Danış, bir az!
Qırışların tel-tel olub,
Arzuların yataq açıb
Sel-sel olub.
Əllərin də barmaq-barmaq,
Tellərin də barmaq-barmaq,
Əllərə bax,
Tellərə bax,
Sellərə bax,
Barmağa bax!

Alış, Səttar,
Alış, bir az!
Günəş doğur gözlərində, 
Od gizlənib
Dodağından çınqı kimi
Qəfil qopan sözlərində.
Qaşlarında üfüqlərin
Çarpazlaşıb, 
Baxa-baxa bu hikmətə
Üfüq çaşıb.

Gözlərində gilələnib
Günəş odu -
Deyən çaşdım, düz demədim, -
Günəş odu.
Dayan, Səttar,
Dayan, bir az!
İşləməsən günah olmaz.
Axı, bizim
Söhbətimiz yarımçıqdır.
İndən belə ömür uzun,
Yol açıqdır.

Oyan, Səttar,
Oyan, oyan!
Başın üstə heykəlinə
Özün boylan.
Heykəl olub dayanmısan,
Yaman erkən oyanmısan.
Hələ səhər açılmayıb, 
Hələ şəhər oyanmayıb
Naxış-naxış,
Çiçək-çiçək
Rənglərinə boyanmayıb.

 

TORPAĞIN  GÜCÜ

S.Vurğuna

Səndən dost-tanışlar danışır yenə,
İllər çox ötdükcə, çox deyir indi.
Yoxluğun bu qədər ağırdır mənə,
Bəs səni görənlər neyləyir indi?

Demirəm o illər qaldı uzaqda,
İllər ötüşdükcə biz yaşa dolduq.
Səninlə bir vaxtda yaşamasaq da,
Bir eşqin, amalın övladı olduq.

Fikirlər qəlbində ən ağır bir yük,
Səni nə qorxutmuş, səni nə yormuş.
Böyük adamların kədəri böyük,
Elə sevinci də böyük olurmuş.

Amalın uğrunda durdun nər təki,
Vətəni eşidib, eli hayladın.
Dünyaya açılan al səhər təki,
Qəlblərə nur verdin, şəfəq payladın.

Mənə elə gəlir doğan səhər də,
Səni axtarıbdır, səni anıbdır.
Çünki ayaqların dəydiyi yerdə
Lalələr, nərgizlər misralanıbdır.

Torpaqdan güc alıb durdun ayağa,
Bərkidi dizlərin elə yerində.
Sonrasa əyilib endin torpağa,
Qaldırdın Vətəni çiyinlərində.

Heç vaxt unutmayıb əhdi, ilqarı,
Ellər, övladına yenə dayaqdır.
Torpaqdan yaranıb ucalanları
Vətən zirvələrə qaldıracaqdır.

Ay llər, inanın,
Eşidin məni,
Ürəkdən çıxmayan ürəyə dolmur.
Hər ürək - müqəddəs şair vətəni,
Ürəksiz şairin vətəni olmur.

Kim ki, bu torpağa, elə bağlıdır,
Bir gün zirvələnər tezi, ya geci.
Torpaqdan yaranan - torpaq oğludur,
Torpağın gücüdür şairin gücü.

 

QADIN  ŞAİR

Eston şairi Kadrin Vəliyə.

Şair şairdirsə -
Qadın, ya kişi,
Ömrü sevinc dolu, qəm-qüssə dolu,
Bir qızıl xətt ilə əməli, işi
Yazılar tarixə bir səhfə dolu.

Sərkərdə yaranır qadından bəzən, -
Bir qadın ömrünə ordu müntəzir…
Qəlbi məhəbbətlə, laylayla gəzən
Ağır döyüşlərdə ölümə dözür.

Ürək var, titrədir yeri, göyü də,
Ya kişi, ya qadın  ürək ürəkdir.
Həyatda qadının şairliyi də,
Bəlkə də ən böyük sərkərdəlikdir.

Bəzən bir alovdan çır-çırpı yanmır,
Bəzən qığılcımdan bir ocaq düşər.
Çoxları həyatda kişi yaranmır,
Kişi olmayanda qadın döyüşər.

Doğmanın şairi, yadın şairi
Torpağın, vətənin ağlıdı, məncə.
Bir xalqın bir müdrik qadın şairi
Bir xalqın vətəndaş oğludu, məncə.

 

OCAQ

Torpaq da ünvansız, adsız olmayır,
Birində dəniz var, çay var birində.
Ocaq da insantək yurdsuz olmayır, 
Ocağı çatarlar ocaq yerində.

Həyatın hökmünə, hikmətinə bax:
Bir qucaq açılar qucaqlar üçün.
Bir yurdda ilk dəfə çatılan ocaq
Kül olar sonrakı ocaqlar üçün.

Çör-çöp bircə anlıq alışar iti,
Ömrü gödək olan söz-söhbət kimi.
Kül altda köz qalar,
Gizli hənirti,
Ürəkdə od kimi,
Məhəbbət kimi.

Gün keçər,
Soyumaz ocağın yeri,
Onu tapdamasa, kimsə basmasa.
İnsan da belədir,
Alışmaz biri
Biri kül olmasa,
Kösöv olmasa.

 

QARAÇI

"Səfər şeirləri"ndən.

Xalqlar Yer üzündə diyar-diyardır,
İnsandır torpağın şöhrəti, tacı.
Bir yurdda bəlkə də bir xalq olardı,
Yalnız mahnılarda qaldı qaraçı.

Torpaqdır əbədi kədərə dözən,
Qılınc sıyıranda üstünə yağı.
Bir xalq Yer üzündən silindi bəzən,
Yaşatdı bir xalqı qəbristanlığı.

Doğmalıq görsə də, qəribdir qonaq,
Yerliyə heç zaman dünya dar olmur.
Sahibi olmasa, bu ulu torpaq
Adi bir qəbrə də havadar olmur.

Qəlbimi dindirən bu nə haraydı?..
Torpağa bağlıdır xalqın addımı.
Azadlıq - dünyanı gəzmək olsaydı,
Xalqlar torpaq üstdə vuruşardımı?

Tək mahnı bacarıb, nəğmə deyərmi,
Xalqın qış gününü, bahar gününü?
Əkməyən, biçməyən duya bilərmi,
Torpağın qədrini, yerin qədrini?

Babam yer şumladı, torpaq suladı,
Babam zəmi biçdi mahnıdan əvvəl.
Sonra yurd başında ocaq qaladı,
Oldu zəmisitək ürəyi tel-tel.

Əlləri biçində nəğmə oxudu,
Qollar yorulanda ürəyi dindi.
Qəlbi bərəkətdən ilmə toxudu, 
İlmələr qovuşub naxışa döndü.

Bir avaz üstündə gör neçə ildir,
Boşalır qaraçı. Bəs niyə dolmur?
Torpaqdan yaranan mahnı gözəldir,
Mahnı da ünvansız, vətənsiz olmur.

 

"Allah mənim ömrümdən kəssin, sənin ömrünə calasın" - ANAM
                 
•••

İlhamsız, şeirsiz kiçilir ömrüm,
Ömrünü ömrümə calama, ana! 
Mənim misralarla ölçülür ömrüm.

Bir ömrü uzatmaq əgər asansa,
Bir ömrü kəsməyə dözə bilmərəm.
Ana,
Ömrün ilə ömrüm uzansa,
Bir ömrə qıymaram,
Mən başqa ömürlə yaza bilmərəm.

Mənə artıq ömür heç lazım deyil;
Əgər misralarla qəmlənsəm,
Gülsəm -
Nəyimə gərəkdir səksən il,
Yüz il,
Bir şair ömrünü yaşaya bilsəm.

 

UŞAQLIQ  DOSTLARIMA

Ürək nə zamandır sinəmi döyür,
Deyir: "Mürgüləyib, sanki yatmısan.
Görürəm nə vaxtdır, bu, yalan deyil,
Dostları atmısan, sən unutmusan" .

O vaxtın izləri dərindir, dərin,
Həsrəti nə sözdə, nə də gözdədir.
Neçə il keçsə də, ağır günlərin
Ağır uşaqlığı qəlbimizdədir.

Bir sonsuz qonşuya olmuşuq keşik,
Əriyib kədəri lopa qar kimi.
Elə ki, bir evsiz insan görmüşük,
Açılıb sinəmiz qapılar kimi.

Çıxarmı yadımdan o il, o zaman?!
Hamısı qarşımda gəlib durubdur.
Tufanlar, çovğunlar elə o vaxtdan
Bizim sinəmizdə yuva qurubdur.

Uşaq üzümüzü zamanın əli
Elə silkələyib, elə döyübdür…
Bizim yaxamızı həsrət küləyi
Həm açıb, həm də ki, düymələyibdir.

Yıxıldıq, süründük "dava-dava"da,
Kimi "yaralandı", kimi də "itdi". 
Zaman öz oynunu uşaqlara da
Özü başa saldı, özü öyrətdi.

"Faşist" deyəmməzdi biri bir kəsə,
Desəydi, dəstədən o, gen olurdu.
Kim ki, bu "döyüşdə" "döyüşəmməsə",
Sabahkı "döyüşdə" "düşmən" olurdu.

Bir qonşu var idi, - sərçə ürəkli,
Nə bizi dindirdi, nə biz danışdıq.
O həm atalıydı, həm də çörəkli,
Biz, iki nemətdən yarımamışdıq.

Nə vaxt rast gəlsəydik, işlərdi ağzı,
Onu nə "dalaşan", nə "döyən" gördük.
O görə bilmədi aclığımızı,
Onusa həmişə biz yeyən gördük.

Anası qoymazdı gözündən yana,
Deyərdi: "Qonşular gətirər gözə".
Qibtəylə baxardıq o vaxt biz ona,
Həsrətlə boylanır indi o bizə.

O vaxtın izləri dərindir, dərin,
Həsrəti nə sözdə, nə də gözdədir;
Neçə il keçsə də, ağır günlərin
Ağır uşaqlığı qəlbimizdədir.

O illər, o günlər biz qardaş təki,
Böldük aramızda sevinci, qəmi.
Uşaqlıq dostluğu, mən deyərdim ki,
Təmizdir, büllurdur uşaqlıq kimi.

Sizinlə, haqlıdır, öyünür ürək,
Dayağım sizdədir, arxam sizdədir…
Qəlbiniz qəlbimdə - döyünür ürək, -
Qəlbim köksünüzdə - qəlbinizdədir.

 

ÖMRÜN  DAVAMI

Dostum Faiq Kərimova.

Həyat yollarında qoşa qalmışıq,
Çoxunu görmüşük,
Ömrümüz yarı.
Neçə məclis görüb, yola salmışıq,
Neçə söz dostları, badə dostları.

Bir görün, ürəyin qüdrətinə bax:
Yolunda əsgərdir qədir-qiymətin.
Dost olmaq asandır həyatda, ancaq
Dostluğu saxlamaq çətindir, çətin.

Qızınır dostunun səadətində,
Dostun sevincindən dosta da çatır.
Bir dost ürəyinin məhəbbətində
Neçə ağır günün dayağı yatır.

Ürək nə aldatmır,
Nə yalan demir,
Təklik ömrümüzün ağır qəmidir.
Məni qınamayın,
Dostsuz bir ömür,
Bəlkə də arxasız ölkə kimidir.

Zaman öz hökmünü,
Yurdunu qursun…
Yenə də insanın yeri yerdədir.
Dayansa bir ürək,
Dilim qurusun…
Bir ömrün davamı bir ömürdədir.