Close

ÜMİD QATARI. "Sevsən, məhəbbətlə ehtiyatlı ol"

SEVGİ  OLSA…

Şimşək olsa, göydə bulud şaqqıldar,
Durna olsa, qatar-qatar qaqqıldar.

Yağış olsa, çöllər yaşıl danışar,
Lalələri köz-köz olub alışar.

Bahar hüsnü bənövşəsiz nə olar?!
Döşdə nərgiz nə açılar, nə solar.

Qış olmasa, nahaq yerə qarlama,
Qar olmasa, qış ömrünü korlama.

Sevgi yoxsa, nəyə gərək göyçəklər,
Sevda olsa, qışda bahar çiçəklər.

Günəş olsa, nur-nur yanar şəfəqlər,
Sevgi olsa, insan özü şəfəqlər.

 

YAŞADA  BİLMƏDİK…

Qarşımda məktublar, - qulağım səsdə,
Durub qalaq-qalaq kitablar kimi.
Sözlər fəsil-fəsil başımın üstə
Yağır yağış kimi,
Yağır qar kimi…

Hər kəlmə altında doğma nəfəs var,
Yenə hiss edirəm, -
Üzümə dəyir.
Özü yaxşı bilir, mənəm günahkar,
Bəs niyə bozarmır,
Gileylənməyir?

Titrəyir dodağı,
Dinir ürəyi,
Vurur əvvəlkitək köksünün altda.
Qəlbinə baxıram,
Çatışmır nəyi,
Yaşayır yenə də əvvəlki adda.

Keçib aylar-illər hey cərgə-cərgə,
Tale gör haçandır ayırıb bizi.
Nəbzimə baxıram,
Nəbzimlə birgə
Döyünür ürəyi, titrəyir nəbzi.

Nə bildik,
Nə də ki, qərara gəldik,
Mənalı olacaq günlərin hansı.
Ötürdük günləri,
Biz elə bildik
Hələ qabaqdadır ömrün mənası.

Nə kağız saralıb,
Nə söz pozulub,
Bu hikmət önündə əsir bədənim.
Hər kəlmə qarşımda bir insan olub,
Yapışıb hakimtək yaxamdan mənim.

Sətirlər ardından boylanır gözlər, -
Niyə kövrəlibdir,
Niyə dolubdur?
Dünənki mehriban
Mənalı sözlər
Bu gün neştər olub, bir ox olubdur.

Neçə gün yaşadır, hər sətir birdən, 
Hər kəlmə dalında bir ünvan yaşar.
Bəlkə onun üçün oxuyuram mən,
Nə bir əvvəli var,
Nə bir sonu var.

Hər sözə yaxşı bax, mənasız bilmə,
Hər sözdə bir dünya, bir aləm yatır.
Onunçün gözümdə o, kəlmə-kəlmə
Ucalır, böyüyür, indi boy atır.

Kəlmələr müqəddəs,
Sətirlər təmiz,
Biz başa düşmədik,
Yaşadıq hədər.
Məktublar yaşadan məhəbbəti biz
Yaşada bilmədik məktublar qədər.

 

BAHAR  ALDATDI  MƏNİ

Çəməndə çiçək gördüm
Çiçəklərin içində.
Mən çiçək görməmişdim
Bu boyda, bu biçimdə.

Əlləri zanbaq gülü,
Saçları nəngiz deyil?!
Saçlarının hər teli
Odlu məhəbbət deyil.

Yanaqları qırmızı -
Lalələrdən qəşəngdir.
Çəməndə çöllər qızı
Çiçəklərdən çələngdir.

Bir odlu nəğmə yanır
Gözlərinin içində.
Şöləsi yandırmışdı,
O, yanımdan keçəndə.

Mən ona toxunmadım,
Qorxdum solar ləçəyi.
Dedim, çəmənə qalsın
Çəmənlərin göyçəyi.

Birdən gördüm o qızdı,
Məhəbbət sevdasıyla
Başımı qatdı mənim.
Məni aldadammazdı,
Bahar aldatdı məni.

 

ÜRƏKLƏ  OYNAMAQ  OLMAZ

Fikrini bilmirəm, -
Qəlbində yatır.
Hicranın qəlbimi yaman göynədir.
Əgər sevirsənsə, sevgi başqadır,
Əgər sevməyirsən, bu oyun nədir?

Ömrün həm bozuna,
Həm də ağına
Dözərəm,
Heç zaman talan olmasa.
Hazıram yüz belə şıltaqlığına,
Əgər sevgimizdə yalan olmasa.

Məhəbbət yolunda
Bir ömrü bada
Verərəm,
İnan ki, bu, yalan deyil.
Məhəbbət nə qədər əziz olsa da,
Məhəbbət heç zaman oyun sevməyir.

Qəlbin alovlansa əgər yenə də,
Onda sözlərimə qulaq as bir az:
Ürək bir mərmidir yatıb sinədə,
Ürəklə - od ilə oynamaq olmaz.

 

LALƏ  MƏHƏBBƏTİ

Keçdi bu yaylaq da səndən aralı,
Mənim qara bəxtim yenə yatırdı.
Lalələr durmuşdu köksü yaralı,
Lalələr hüsnünü xatırladırdı.

Bəlkə də məhəbbət, sevda başında
Közərə-közərə belə yanırdı.
Hər lalə həsrətdən qaya qaşında
Məşələ dönmüşdü… alovlanırdı.

Qalxdım, mən onlara yaxınlaşdıqca,
Nə əlim yetişdi, nə ünüm çatdı.
Köksümdə məhəbbət aşıb-daşdıqca,
Dırmaşdım, bir az da həvəsim artdı.

Şər düşdü, döşlərdə Günəş batmadı,
Alışdı lalələr… unutdum qəmi.
Ha getdim, onlara əlim çatmadı,
Sevgimə əllərim çatmayan kimi.

Dolaşdım gecənin mən yarısında,
Yatmışdım, yuxudan oyandım sanki.
Dayandım dağların tən yarısında,
Məhəbbət yolunda dayandım sanki.

Axşam sazağında qaya başında
Soyuqdan, elə bil, donmuşdu lalə.
Yoxsa bir sevda var onun başında,
Belə qərib-qərib durmuşdu lalə?

Bir az da dırmaşdım,
Dəydi nəfəsim,
Qız kimi qızardı, köksü açıldı.
Nəfəsim küləktək əsdi bir əsim,
Kövrək ləçəkləri göyə uçurdu.

Dolandı havada ləçək iz kimi,
Başımı, elə bil, dumanlar aldı.
Sanki bu ləçək də sevgimiz kimi,
Yellənib, havadan asılı qaldı.

Onu kim qoparmış, onu kim dərmiş?
Tökülüb ləçəyi, düşüb yarpağı.
Sən demə, həsrətdən qönçələnirmiş
Lalə məhəbbəti, lalə yanağı.

Yoxsa qismət deyil səadət ona,
Mehri, məhəbbəti qalır ürəkdə,
Sehirli bir sirdir bu ülfət ona,
Yetişmək də çətin, yetişməmək də.

Bəlkə qənimidir vüsal, qəmidir,
Lalə ürəyinə heç kim yatmayıb.
Məhəbbət özü də qönçə kimidir,
Ona nə qədər ki, əlin çatmayıb.

Uzanan həsrətlə bir eşqin əli
Gendə alovlanıb, çiçək açarmış.
Mən indi bildim ki, dağlar gözəli
Niyə nazlanırmış, niyə qaçırmış.

 

GƏLİN  SAĞDIŞA  BAXDI

Məclis sevinc içində,
             Evlənənlər eşqinə…
Oturmuşdu kədərli
             Bəylə gəlin yanaşı.
Elə qızışmışdı ki,
             Masabəyinin başı,
Danışırdı, dinirdi
             Sevgidən dönə-dönə.
Bircə anın içində
             Badələr dilə gəldi,
Badəm yerində dondu,
             Baxıb köksümü dərdim.
Sağlıq - səadət deyil,-
             Masabəyi bilmədi,
Sağlıq xoşbəxt etsəydi,
             Yüz sağlıq söyləyərdim.
Aləmi silkələyib,
             Qaldırsan da dünyanı,
Bir ağızdan Yer üzü,
             Danışsa, ötsə dil-dil,
Dünya neyləyə bilər,-
             Sağlıq səadət deyil.
Günəş də qızdırammır,
             Ürək qızdırmayanı.
Düşünürmü qudalar?
             Düşünürəm bayaqdan,
Bir mən yandım, bir də tar,
             Toy günündə - bu vaxtı.
Ürəyimdə bir ağrı,
             Seyr elədim uzaqdan
Gəlin bəyə baxmadı,
             Gəlin sağdışa baxdı.

 

TƏLƏSİR  HAMI,  GECİKİRİK  BİZ

Günləri, ayları yaşayırıq biz,
İllər bir-birinə calanır, çatır.
Yaş ötür, baxırıq, bizdən xəbərsiz
Hər kəsin qəlbində bir ünvan yatır.

                       Bir bulaq başında
                       Gözləri yolda,
                       Bir gözəl dayanıb, bükər boynunu.
                       Keçirik yanından, düşməyir yada,
                       Qanrılıb,
                       Uzaqdan görürük onu.
İnsanlıq dünənlik, bugünlük deyil,
Hələ nə olacaq bilmirik sabah.
Sən yola düşmüsən vaxtından əvvəl,
Mənsə gecikmişəm vaxtından qabaq.
                      Sevgi ömrümüzün hay-harayından
                      Elə səssiz keçib,
                      Səmirsiz keçib.
                      Bir də görmüşəm ki, qəlb sarayından
                      Silinməz,
                      Pozulmaz dərin iz keçib.
Hamı öz eşqinə mənalı baxır, -
Bəzən bu yollardan keçməyir mətin,
Sevgi yollarının hicranı ağır,
Sevgi yollarının vüsalı çətin.
                       Sonsuzdur
                       Dünyada insanın kamı,
                       Ondan nə doyuruq,
                       Nə keçirik biz.
                       Elə bil, həyatda tələsir hamı,
                       Elə bil, həmişə gecikirik biz.

 

MƏHƏBBƏT  YARPAĞI

Boy atıb, həyatda ucalan zaman,
Ömrü hər insanın çinara bənzər.
Məhəbbət asılar budaqlarından,
Üstünü yamyaşıl yarpaqlar bəzər.

Bahardır,
Havalar, üfüqlər təmiz,
Bəs niyə budaqlar xəyala dalıb? 
Payız yarpağıtək məhəbbətimiz
Onun sinəsindən asılı qalıb.

Nə deyim taleyin, bəxtin hökmünə,
Bir yanda bahardır,
Bir yanda qışdır.
Təbiət bəzənib,
Onunsa yenə
Köksü şana-şana, naxış-naxışdır.

Əyib sola-sağa onu uzaqdan
Hərə bir nəfəslə yelləyib ötür.
Lakin nə üzülüb düşür budaqdan,
Nə də ki, cücərib yenidən bitir.

Məhəbbət yarpaqtək asıla qalmaz!
Sevənlər,
Sevgiyə yaxşı halıdır.
Ya şaxta vurmalı,
Ya da bahar, yaz
Göyərib yenidən yaşamalıdır.

•••

Deyirlər, bir düşün, fikirləş bir az,
Olur sevənlərin gözləri bağlı.
Deyirlər, şəhərlə kəndinki tutmaz,
O şəhərli qızı, sən kəndçi oğlu!
                        Mənim ayaqlarım dağlarda gəzib,
                        Onun saçlarını xəzri darayıb.
                        Dəxli yox, mən harda,
                        O harda gəzib,
 Könlüm onu seçib, onu arayıb.
Ayrı təbiətdə yaşasaq da biz,
Onun təbiəti tutub qəlbimi.
Deməyin ayrıdır təbiətimiz,
Xəzər də əzizdir dağ çayı kimi.
                        Ulduzlar alışar, sinəmə enər,
                        Səhərim onunla açılan zaman.
                        Bəlkə də Yer üzü Günəşə dönər-
                        İki təbiətin qovuşmasından.
Zirvə dalğaların tutar əlindən
Tufanlı dalğalar çətində qalsa.
Fırtına buludun aşar belindən,
Əgər ki, dənizə arxa dağ olsa.
                        Birdir xəritədə torpağın adı,
                        Birdir bu yerlərin payızı, yazı.
                        Bir fərq var;
                       Torpağın iki övladı,
                        Mən - zirvə qartalı, o - dəniz qızı.
Dərələr istəsə səngərə dönər -
Ləpələr arandan yaylağa dönsə.
İldırım bir misri qılınca dönər,
Dağların şimşəyi dənizdə sönsə.

 

BİR  QIZ  AĞLAYIR

Qılınctək qınından sıyrılır gecə,
Nə vaxt ki, gün kimi məhəbbət batır.
Hər insan qəlbində sakit, gizlicə
Qıvrıla-qıvrıla bir sevgi yatır.

Elə bil, çay kimi quruyuruq biz,
Sevgisiz, dünyadan yarımayırıq.
Dünyanı alovdan qoruyuruq biz,
Lakin məhəbbəti qorumayırıq.

…Doğranır ürəkdən o, dilim-dilim,
Eşqi sinəsini yarır, dağlayır.
Nə qədər uzatsam, çatmayır əlim,
Deyirəm yad kimi: bir qız ağlayır.

Onun qəlbindədir  gizlidir yaşı,
Baxır, köks ötürür damla yerinə.
Dumanlar içində itsə də başı,
Sadiqdir o gözəl yenə ərinə.

Od yanır gözlərin zil  qarasında,
Quruyub göz yaşı, silməyir o qız.
Qalıbdır od ilə su arasında:
Yansınmı? Sönsünmü? Bilməyir o qız.

Çatlayıb dodağı, quruyub dili,
Qovrulur məhəbbət ocağında o.
Onu elə tutub hicranın əli, 
Çırpınır quş kimi qucağında o.

Nəmli gözlərini gizli silir ki,
Görüb deməsinlər: bir qız ağlayır.
O bəlkə bilməyir, elə bilir ki,
Eşqə, məhəbbətə yalqız ağlayır.

Deyirlər, tutulur sevənin gözü,
Sinədə bir ürək coşur, çağlayır.
Qoymur ağlamağa kişilik bizi,
Ağlayır, hardasa bir qız ağlayır.

 

MƏN  ELƏ  BİLİRDİM…

Mən elə bilirdim dalımca əllər
Titrəyə-titrəyə yellənəcəkdir.
Burula-burula burulğan tellər
Əllərin içində sellənəcəkdir.

Mən elə bilirdim hələ yoldadır
Qatar pıçıltısı, 
Qatar söhbəti.
Mən elə bilirdim məni aldadır
Qəlbimin "ötərgi" ilk məhəbbəti.

Mən elə bilirdim məndən ötəri
Dağların başını boran, qar alıb.
Çiçəklər ülkəri, 
Güllər ülkəri,
Yasəmən göyərib, 
Nərgiz saralıb.

Mən elə bilirdim dağlarda lalə
Mənsiz qəmli-qəmli közərir, yanır.
Açılan səhəri demirəm hələ,
Quşlar mənim üçün erkən oyanır.

Mən elə bilirdim çinarlar kimi
Ucala-ucala boy atmaq olar.
Hamının qəlbində düz ilqar kimi
Məhəbbət ülkəri oyatmaq olar.

Mən elə bilirdim sevda yolları
Məhəbbət - məhəbbət,
Vüsal - vüsaldır.
Mən elə bilirdim sevgi qolları
Məni sevə-sevə qoynuna aldı.

Mən elə bilirdim göydə ulduzun
İşığı məndədir,
Nuru məndədir.
Mən elə bilirdim bir gözəl qızın
Qəlbinin arzusu,
Yeri məndədir.

Bir ümid gərəkdir uca dağ üçün,
Həyatı, insanı demirəm hələ.
Mən elə bilirdim…
Yaşamaq üçün
Elə bilməsəm də,
Mən elə biləm.

 

ƏVVƏL  NECƏ  VARAM…

Sən görüş yerində ləngi bir az da,
Bu axşam o yerə gələcəyəm mən.
Mütləq üzümüzə gələn bu yazda,
Nəmli gözlərini siləcəyəm mən.

Gəncliyin ömrünü aşa-aşa da,
Ürək o ürəkdir qarlı qışda da.
Əgər mən qocalsam, lap yüz yaşda da,
Yenə də qədrini biləcəyəm mən.

Hələ nə qüssələn, hələ nə unut,
Dolma səhər-axşam sən bulud-bulud.
Demə gənclik ötdü, dəyişib Davud,
Əvvəl necə varam, eləcəyəm mən.

Elə ki, duyuruq dağı, dərəni,
Sanki qovuşuruq səadətlə biz.
Müxtəlif böyüdür həyat hərəni, 
Ayrılmaz övladıq təbiətlə biz.