Close

ÜMİD QATARI. "Elə ki, duyuruq dağı, dərəni"

ŞAİR  TƏBİƏT

Çayların qulacı dərəyə kəmənd,
Suların harayı zirvəyə çatır,
Cığırlar beyt-beyt,
Dolaylar bənd-bənd, 
Dağlar sətir-sətir, misra-misradır.

Nə vaxt ki, göylərin qızarır gözü, 
Sakitcə-sakitcə kim qulaq asır, –
Çaylardan qopanda dağların səsi
İnsanlar dinləyir, insanlar susur.

Zirvənin haqqı var göyə ucalsın,
Buludlar düzülən otların şehi.
Şair yatmayır ki,
Səhər açılsın,
Şeirinə qarışsın səhərin mehi.

Şeiri kəlmə-kəlmə dərəyə, düzə
Çaylar səpələyir,
Yellər yayırlar.
Şeiri biz yazmırıq,
Ürəyimizə
Dağlar misra-misra pıçıldayırlar.

 

GÜNƏŞ  HƏRARƏTİ

Torpağın arzusu qalır səhərə,
İşıqsız, elə bil, çatlayır bağrı.
Elə ki, nur əli uzanır yerə,
Boy atır təbiət Günəşə doğru.

Doğanda torpağa səslədi bizi,
Nə qədər sonsuzdur onda səxavət!
Qış oldu, kəsmədik ümidimizi,
Baharda can oldu, payızda dövlət.

Günəşdən bir gilə qaldı qorada,
Hopdu torpağa da, hopdu daşa da.
Borcludur təbiət Günəş yarada,
Günəş sevgisini yerdə yaşada.

İstə, təbiətə sən Günəş istə,
Günəş səxavəti torpaqda boldu.
Düşdü bir zərrə də dağda qar üstə,
Zirvənin Günəşdən zər tacı oldu.

Göylərdən tökülən qızıla bələş,
Günəş olmasaydı, bəlkə solardıq.
Hopsa qəlbimizə bir zərrə Günəş,
Böyüyə-böyüyə Günəş olardıq.

 

İKİ  DAĞ - İKİ  BABA

Babalarım Alı və Şərifin xatirəsinə.

İki dağın "ətəyindən"
Duman enib, sürüşüb;
İki baba çiynindən
Sanki çuxası düşüb.
    Donub başının qarı,
    Ot basıb gör nə vaxtdır
    Cığırları, yolları,
    Uzanıb mənə sarı
    İki dağın qolları.
Bu dağlar yora-yora
Yad qovanın oğludur.
Bu dağlar - bu dağlara
Ad qoyanın oğludur.
    Bulanır səhər-axşam,
    Bəs hansı kəsi gəzir
    "Arxaşan", "Məzan" dağı?
    İndi nəvəsi gəzir,
    Babalar gəzən dağı.
Bu yollar hara gedir?
İtib-batıb izləri,
İndi onları bir-bir
Axtarır əzizləri.
    Bu dağlar sonsuz təki,
    Deməyin ki, nakamdır.
    Bu dağlar, elə bil ki,
    Biri ata babamdır,
    Biri ana babamdır.

 

PAYIZ  ADDIMI

Ağarır, dostların ağarır başı,
Dən düşüb dünənki şəvə saçlara.
Sanki çətin günün acı göz yaşı
Xoş günlər əlində çəkilib dara.
    Ürək hesablaşsın illərlə gərək,
    Sinədə yaz ətri, payız çələngi…
    Fəsillər rəngini dəyişdiyi tək
    İnsan ömrünün də dəyişir rəngi.
Payız silkələnib tökəcək bizdən
Ömrün sarı-sarı hər nöqsanını.
Yazda düşünmürük, çəkəcək bizdən
Payız yaz ömrünün haqq-hesabını.
    Həyatın bahara, yaza çatdımı,
    Ömürlər içində seçilir ömür…
    Ağırdır insanın payız addımı,
    Baharda gül kimi açılır ömür.

•••

Elə ki, buludlar köksünü çəkdi
Dərələr əks edər gur nəfəsini.
Zirvəyə ucalan zirvədə təkdi,
Dərədir eşidən zirvə səsini.
    Bulaqlar düzlərə enməyir asan,
    Şəlalə əlvida haraylarıdır.
    Qartallar zirvədə həmişə susan,
    Dərədə qışqıran dağ çaylarıdır.

 

ÜMMAN  SEVİNCİ

Mən özüm görmüşəm -
Bir anlıq olur.
Çox vaxt harayların,
Hayların ömrü.
… Ümmanlar boşalmır,
Ümmanlar dolur,
Dənizdə qurtarır
Çayların ömrü.

Açar "yaxasını"
Suya təpələr,
Dənizdən sahilə
Səpilər inci.
Coşub
Dalğa-dalğa qalxar ləpələr,
Haylıdır,
Küylüdür dəniz sevinci.

Çaylar gur axmasa,
Dəniz dolmayır,
Dənizə tələsən çaydı birincji.
Nədəndir hamıya qismət olmayır
Dərya məhəbbəti,
Ümman sevinci.

 

BİZİ  UNUTMUR

Bu yerlər,
Bu yollar mənə yad deyil,
Keçid - o keçiddir, bərə - o bərə.
Dünya dəyişsə də hər il, hər fəsil,
Təpə - o təpədir, dərə  o dərə.
Baxdım heyran-heyran mən sola-sağa -
Gördüm ki, çiçəklər haya düşdülər.
Çiçəklər şairi qarşılamağa
Yığışıb bir yerdə çəmənləşdilər.

Bu lal qayaların gördüm uzaqdan,
Həsrətdən sinəsi, qəlbi dağlıdır! -
Məni unutmayıb,
Düzü o vaxtdan
Görürəm bu yerlər küsür, - haqlıdır.

Çiçək dəstələyib çələng hörmüşəm
İlk dəfə bu yerdə, uşaqkən hələ.
İlk dəfə bu yerdə gözəl görmüşəm, -
Sağımda nərgizdir, solumda lalə.

Çiçəklər gör nəyi salırlar yada,
Keçdikcə içindən mən asta-asta.
İllər insan kimi addımlasa da,
Otlar dayanıbdır öz kökü üstə.

Bir vaxt o dəli çay dəli çağında
Məni aparmışdı.
Az qala budur..
Durmuşam,
Yenə də çay qırağında
Əvəlik əyilib əlimdən tutur.

Yolum bu yerlərə düşəndə hərdən
Yaşarır gözlərim, əsir bədənim.
Hər dəfə bu yerlər, bilmirəm nədən
Özümü-özümə qaytarır mənim.

Dayandım güllərin mən qabağında,
Lalələr bir az da allamışdılar.
Gördüm,
Qayıdanda qürub çağında
Çiçəklər boynunu sallamışdılar.

Bilmirəm,
Qayalar küsdü, küsmədi,
Bulaqlar yenə də aşıb-daşırdı.
Tufan da qopmadı,
Yel də əsmədi,
Bəs niyə çiçəklər pıçıldaşırdı?

Qalır torpaq üstdə qoyduğumuz iz, 
Özünü o bizdən aralı tutmur.
Bəzən özümüzü unutsaq da biz,
Nədəndir,
Təbiət bizi unutmur.