Close

Ürək sözsüz danışır

MƏHƏBBƏT OLANDA

Pozulsa dağlarda güllərin çətri,
Solarsan, -
Çəməndən bir çiçək solsa.
Yanarsan
Bir qarış səhradan ötrü
Əgər ürəyində məhəbbət olsa.

Sən mənim gözümlə səhralara bax:
Yollar, cığırlardı şeirimin sətri.
Nə çiçək, nə dəniz, nə də ki, torpaq, -
Vətənin ətridir məhəbbət ətri.

Min-min gülüstanım, bağım olmasa,
Küsmərəm,
Deyərəm: budur qismətim.
Qəm deyil,
Bir uca dağım olmasa,
Bəsimdir Vətənə dağ məhəbbətim.

Məhəbbət, sədaqət haçalanmayır,
Sevgidən torpağa nur ələnibdir.
Qarlı dağlarıyla uca olmayır, -
Vətən ürəklərlə zirvələnibdir.