Close

Ata yadigarı

ATA  YADİGARI
                       
Bir nisgil qəlbimi çoxdan ağrıdır,
Bir odun ürəkdə sırsırası var…
Hər sözün qüdrəti dağdan ağırdır,
Bu ağır kədərdə dağ sırası var.

ATA  PALTOSU

Bir meşin palto var,
Atamdan qalıb,
Bilmirik kim onu geyinəcəkdir;
Bir şeyi bilirik -
Qeyrəttək alıb
Kim onu geyinsə öyünəcəkdir.

Anam üç qardaşı çağırıb deyir:
Artıq böyümüsüz -
Hamı halıdır.
Paltoya,
Kim geysə,
Gövdəylə deyil,
Ata qeyrətiylə sığışmalıdır.

Bilin ki,
Paltoya layiqəm deyən
Sonuncu şərti də düz bilməlidir:
Paltonu əyninə götürüb geyən
Ata yerişini yeriməlidir.

Çöldə səhv edəndə,
Evə gəlirik,
Evdə üzümüzə baxışlar yağır;
Əyib başımızı,
Elə bilirik,
Paltonun içindən atamız baxır.

Bu meşin paltoda qüdrətə bir bax,
Rəngi nə saralıb.
Nə də ki, solub;
Dəblər ildən-ilə dəyişir,
Ancaq
Palto atam kimi dəyişməz olub.

"Ürəksiz böyüyər" -
Duyub ki, atam -
Üç oğul paltodan ətrini alsın.
Paltonu,
Bəlkə də qoyub ki, atam
Evdə hənirtisi, istisi qalsın.

Çöldə səhv edəndə, 
Evə gəlirik.
Evdə üstümüzə baxışlar yağır;
Əyib başımızı,
Elə bilirik,
Paltonun içindən atamız baxır.

Bu palto arxadır, 
Atamız təki
Həyat yollarını bizlə aşıbdır.
Üç qardaş paltonu geyinmirik ki,
Palto bizim üçün atalaşıbdır.

 

QINAMAYIN,  AY  ELLƏR

İllər gəlib-gedəndir,
İllər sözə baxmayır -
Çatıb ömrün yarısı…
Bilməyirəm nədəndir,
Heç canımdan çıxmayır
O illərin ağrısı.

Qınamayın, ay ellər,
Qınamayın siz məni,
Qəlbim yaman dolubdur.
Əsgərlər geri dönüb,
Mənim fikirlərimsə
Cəbhələrdə qalıbdır.

Məhəbbətə hazıram,
Sədaqətə hazıram,
Eşitsin dostlar bunu:
Bu günlərdən yazıram,
O günlərdə qurtarır
Çox vaxt şeirimin sonu.

 

YAZIN  ÜNVANINA  MƏNİM  ATAMIN

Naməlum əsgərin məzarı üstə.

Həyatda qol-qanad açandan bəri
Gəzmişəm Vətəni mən səhər-axşam,
Bir ata məzarı haçandan bəri
Özümə təsəlli tapammamışam.

Bir nisgil fikrimi o yerə çəkir,
Nə isə elə bil qəlbimə damdı;
Dünən dəfn edilən naməlum əsgər,
Bəlkə də, ay ellər,
Mənim atamdı.

Bir ünvan axtarır özünə hərə,
Bir nisgil hamını yandırıb-yaxır.
Burda igid kimi,
Yatan əsgərə
Mənimtək intizar oğullar baxır.

İndi neçəsinə əmi olubdur,
Hər dərdli ataya oğuldur atam.
İndi nənələrin qəmi olubdur,
Nəvələr dilində nağıldır atam.

Amalı müqəddəs,
Vicdanı təmiz,
Adı var naməlum yatan adamın.
Harda bir naməlum qəbir görsəniz,
Yazın ünvanına mənim atamın.

 

QAFQAZ  QARTALLARI

Qafqaz uğrunda döyüşlərdə
həlak olanların əziz xatirəsinə
ithaf edirəm.

Mən əsgər oğluyam, qəlbimdə od var,
Nisgilim dumana, çənə bürünür.
Bəlkə ona görə daşlar, qayalar
Mənim gözlərimdə əsgər görünür.

Elbrus, dolmusan sən bulud-bulud,
Fikrini başından söylə nə alıb?
Bəlkə də zirvəndə ilişən bulud
Əsgər tənzifidi, yadigar qalıb.

Boransız, çovğunsuz, bu yay ayları
Zirvələr bəs nədən pərtləşib belə?
Elbrus, yoxsa ki, bu dağ çayları
Əsgər qəzəbindən sərtləşib belə.

Hər səngər çapıqdı yerdə elə bil,
Əsgər məzarları səssiz ağıdır.
Elbrus, başında bəlkə qar deyil,
Gördüyün kədərin, dərdin ağıdır.

Əsgər qəlbi kimi, geniş çölləri
Qaranqış bu başdan-o başa uçur.
Mənə elə gəlir günün telləri
Əsgər əlləridir, torpağı qucur.

Bu günü dünəndən görüb atalar,
Deyib, qapımızı yadlar döyməsin.
Köksünü gülləyə verib atalar,
Vətən torpağına güllə dəyməsin.

İndi bulaqların dediyi sözlər
Əsgər mahnısına sanki dönübdür.
Laləli yamaclar, çiçəkli düzlər
Əsgər nəfəsiylə pöhrələnibdir.

Mənə elə gəlir, atalar bir vaxt
Sel kimi, su kimi aşıb-daşıblar.
O igid əsgərlər ölməyib, ancaq
Dağlarla-daşlarla qucaqlaşıblar.

 

ATA  YADİGARI

Bir şey qoymamısan bəlkə sən özün,
Yəqin tələsmisən,
Vaxtın olmayıb?
Bir kəlmə söhbətin,
Bir kəlmə sözün
Bir quru kağızda belə qalmayıb.
 
Baxıram birbəbir evə, həyətə,
Evdə bir paltondu ilişən gözə…
Var-dövlət qoysaydın,
Qalmazdı, ata,
Səndən bir təmiz ad mirasdır bizə.

Sənin baxışların,
Saçın bizdədir;
Qaşların şimşəktək alında çaxır.
Ürəyin, ay ata,
Qəlbimizdədir,
İndi gözümüzdən gözlərin baxır.

Boyun qardaşımda,
Sifətin məndə,
Belə,
Hamımıza səpələnmisən.
Çoxları salamat geri dönəndə,
Ata, sən qayıdıb bizə dönmüsən.

Axı, kişi olar yurdun keşiyi,
Sənsiz ev-eşiyi kim saxlayıbdı?
Sənin qoyduğun yurd -
Ata beşiyi,
Beşiyi,
Anamız yırğalayıbdı.

Gətirdin, ay ata,
Bizi həyata,
Demə ki, sən bizdən ayrı düşmüsən.
Dünən bir nəfərdin,
Tək idin, ata,
Bu günsə bizimlə yeddiləşmisən.

Səni istəyəndə,
Sən olmaq üçün
Ata, biz hamımız birləşməliyik;
Birimiz səninlə tən olmaq üçün
Yeddimiz bir qəlbdə yerləşməliyik.

 

DARIXMA,  QARDAŞIM!

Qardaşım Maqsuda.

Sıxılma, qardaşım!
Ağarır başın,
Hələ nə görmüşük, nə götürmüşük.
Təzəcə başlayır
Cavanlıq yaşın,
Artıq o günləri biz ötürmüşük.

Uşaq qəlbimizə çoxu dəyibdir, 
Sözün də ürəkdə yarası qalar.
Atalar nə qədər gözəl deyibdir:
Səbr et,
Yaman günün ömrü az olar.

Nə qədər danlandı uşaq üzümüz,
Danlayanlar indi sözündən qaçır.
Dünən qapılarda keçən günümüz
Bu gün ömrümüzə qapılar açır.

Kiminin od vurdu dərdi cahana,
Kiminin o günlər sevinci oldu.
Bəzən ata dərdi qaldı bir yana,
Gündəlik dərdimiz birinci oldu.

Tək namus, tək qeyrət oldu tacımız,
Gözümüz bir dəfə varda qalmadı.
O qədər çox oldu ehtiyacımız
Fikir çəkməyə də vaxt tapılmadı.

Təkcə bircə şeylə fəxr elədik ki,
Bizə atamızdan təmiz ad qalıb.
Dedik: atamıza oxşayaq təki,
Nə yaxşı dünyada atamız olub.

Söylə,
Qüssələnmək səndə nə haldı,
Üzündə bir kədər gözümə dəyir.
Ötdü,
Ötən günlər, arxada qaldı,
Qarşıda zirvə var
Bizi gözləyir.

Sən ötən günləri bir-bir danışdır,
Günümüz olubdur bir ilə dəyən.
Ən çətin yoxuşlar bizə tanışdır,
Qorxsun əziyyətdən
Yoxuş görməyən.

Qəmli sevinirdik,
Qəmli gülürdük.
Bilmirdik qəm, kədər yox olacaqdır.
Hər gələn il ilə
Elə bilirdik,
Çətinlik bir az da çoxalacaqdır.

Günlər nağıl olub ömürdən gedir,
Vaxt gələr, günlərə gendən baxarıq.
Lazımsa,
Yoxuşlar bizimçün nədir,
Onu birnəfəsə
Bir də qalxarıq.

Sıxılma, qardaşım!
Ağarır başın,
Hələ nə görmüşük,
Nə götürmüşük.
Təzəcə başlayır
Cavanlıq yaşın,
Biz ağır günləri çox ötürmüşük.

 

LALƏLƏR

Çöllərin güzgüsünə
Elə bil ki, dan düşüb.
Yamalara, bəlkə də,
Döyüş olub, qan düşüb.
Güllə dəymiş atalar
Lalələrə dönübdür.
Mənə elə gəlir ki,
Hər lalə sinəsində
Bir alovlu güllə var.
Odlu güllə yeridir
Bu qızıl lalələrin
Köksündə qara xallar.
Toxunsanız laləyə
Yanağını qanadar.
Qoymayın yadlar dəyə,
Güllələri oyadar.
Lalələr ürək-ürək
Qəlblərdə bəstələnib.
Lalələr igidlərtək
Dağlarda dəstələnib.
Torpaqda lalə nəsli,
Çöllər lalə nəfəsli.
Yaz gələndə yaranır
Qızıl lalə dənizi.
Boylanır lalə-lalə
İgidlərin bənizi,
Şəhidlərin bənizi.

 

QOCA  ANALARA  ETİBAR  EDİN

İnsanlar, düşünün,
Saysız oğul var,
Məzarı bilmirik hardasa batır.
Amalı Vətənə məlum olanlar
Hələ yer altında naməlum yatır.

 

ÖMRÜ  GÖDƏLƏR…

Naməlum əsgərin məzarı üstə.

Yüz ehtiram olur bir qarış yerə,
Vətən nə ayrılır, nə də unudur;
Hər məzar üstündə gündə yüz kərə
Yüz ürək döyünür, yüz ürək vurur.

Dünyada nə qədər dərdli ana var?!
Bir oğul həsrəti belini əyir.
Torpağa əyilən qoca analar
Məzarı balatək qucmaq istəyir.

Əbədi saxlayır analar qəmi,
Analar qəlbində yüz intizar var.
Övladı yolunda bəs deyildimi
Vaxtsız bəyaz olan,
Ağaran saçlar?

Onsuz da azalıb,
Ömrü, bilsəniz,
Qoca anaların ahı dağ dələr.
Bura anaları çağırmayın siz,
Burda anaların ömrü gödələr.

Fikirlər toqquşur yüz sərhəd boyu,
Amallar baş-başa orda dəyibdir.
Hələ narahatam,
Bir məqsəd boyu
Dünya başdan-başa köklənməyibdir.

Göstərin hamıya insan dağını,
Dünya səksəkəli, qulağı səsdə.
Keçirin BMT yığıncağını
Naməlum əsgərin məzarı üstə.

Şəhid əsgərlərin üstünə gedin,
Bu ibrət gəlməsə yerin karına,
Onda bu dünyanı etibar edin
Dünyanın oğulsuz analarına.