Close

Fəsillərin rəngi

ZİRVƏ

S.Vurğuna.

Zirvə, qartalını itirib bu gün,
İkiyə bölünmüş qanad kimidir.
Başına fırlanır Yer üzü bütün,
Elə bil, kimsəsiz həyat kimidir.

Hər zirvə hər dağa bir sirdaş qalıb,
Heç biri çıxmayır elin yadından.
Kiminsə zirvədə yeri boş qalıb,
Zaman danışmayır onun adından.

Əngin üfüqlərdə deməyin təkdir,
Yenə buludlara bürünür zirvə.
Zirvəni axtarmaq nəyə gərəkdir,
Hər yerdən, onsuz da, görünür zirvə.

Hər kəs ucalığa hazıram desə,
Əvvəl xəbər tutsun istedadından.
Kim ki, dağ yanında təpə deyilsə,
Barı danışmasın zirvə adından.

Həyatda ya tufan, ya lal olasan,
Onsuz da adilər hər vaxt olubdur.
Olanda elə bir qartal olasan,
Deyələr, zirvədə yerin qalıbdır.

 

GÖR  NƏ  VAXTDIR  GÖRÜŞMÜRÜK

Kəndə gəldim, oldu yenə 
                    ürəyim tel-tel…
Ağsaqqallar rast gələndə,
                     zəndlə baxdılar.
Gör nə vaxtdır görüşmürük,
                     Bu, yalan deyil,
Bircə körpə xatirələr 
                     geri axdılar.
Bir vaxt ota düzdüyümüz
                     çiyələk kimi,
İndi sözlər misra-misra 
                     düzülməlidir.
Şeirlərsə yol axtaran 
                     bir bulaq kimi
Bu torpağın damarından 
                     süzülməlidir.
Bu torpaqda bərkiyibdi 
                     ayaqlarımız,
Bu torpağı tanımasaq, 
                     onda biz nəyik?
Yarpaqlayıb bir kök üstə 
                      budaqlarımız,
Elə bil ki, bir Günəşin 
                      zərrələriyik.
Bu qüdrətdən sətirlənmiş
                     çəmənlər, çöllər,
Bir şairin yazılmamış
                      əməlləridir.
Zəhmət ilə butalanmış 
                      qabarlı əllər
Yer üzündə yüksəlişin 
                      təməlləridir.
Gör nə vaxtdır ayrılmışıq,
                      sözsüz qalmışam,
Ürək yenə kövrək-kövrək
                      dolan ürəkdir.
Deməyin ki, böyümüşəm,
                      şair olmuşam,
Dəyişməyib, uşaqlıqdan
                      qalan ürəkdir.
Əgər Sizə - əzizlərə
                      xəyanət etsəm
Mən Sizə yox, mən özümə
                     xəyanətkaram.
El yolunda kül olmağa
                     dəyanət etsəm, -
Bilin, Sizin oğlunuzam,
                      Davudam, varam.

 

YAŞAYAQ  ANALAR  ÜÇÜN

Elə bil, şəhərlər saxlayıb bənddə,
Bilmirik kənd-kəsək necə haldadır.
Nə qədər ana var,
Qalıbdır kənddə,
Nə qədər nənənin gözü yoldadır.

Əsirgəməyiblər bir ömrü bizdən,
Bir ana köksündə qucaqlaşmışıq.
Böyüyə-böyüyə
Yüyrüyümüzdən
Yüyürə-yüyürə uzaqlaşmışıq.

Analar gəncliyi qoydular girov,
Nənələr dağ oldu
O dağlı vaxtda.
İndi anaların saçları qırov,
İndi nənələrin əlləri taxta.

Uçub dağılmasın,
Saxlayaq elə…
Bir ana yurdu var ürəyimizdə.
Mən başqa şeyləri demirəm hələ,
Dəyər analara küləyimiz də…

Qayğı anaların saçında dən-dən,
Kövrələ-kövrələ kövrək olubdur.
Bir ana köçəndə Yer üzərindən
Hər dəfə bu dünya yetim qalıbdır.

Ömrümüz nə qədər olsa da əziz,
Düşünək köç edən bir bahar üçün.
Çox vaxt özümüzçün yaşayırıq biz,
Yaşayaq bir az da analar üçün.

 

VAXTSIZ  ÖLÜM

S.Bəhlulzadənin xatirəsinə.

Məğrur qartalıydı zirvənin, göyün,
… Əsərlər uçmağa qanadı oldu.
İnsantək siz ona sonsuz deməyin -
Hər əsər ən əziz övladı oldu.

Əritdi dağlarda zirvə qarını,
Can atdı fırtına sahil aşmağa -
Muzeydə yaşayan "övladlarını"
Çağırın Səttarla vidalaşmağa.

Doğma "Ana"sını çağırın onun,
Məzarı üstündə ağı deməyə.
Səttar heykəlini dağlarda yonun,
Zirvədə qartaltək ucalsın göyə.

Sənətkar qəlbində qüdrətə bir bax,
Sevibdir yüz oba, yüz mahal onu.
Gəlin, bir əbədi sərgi yaradıq -
"Səttar əsərinin sərgi salonu".

Qəvvastək dibinə çökdü həyatın,
Rənglərlə yaranan neçə ilmədi…
Bütün rənglərini çəkdi həyatın,
Tək ölüm rəngini çəkə bilmədi.

 

TƏLƏBƏ  DOSTLARIMA

Masa arxasında açıb səhəri
Gizli söhbətləri açıq dedik biz.
Dünyada ən çətin problemləri
Bəzən bircə anda həll elədik biz.

İçki yox, ürəklər odladı bizi,
İçkinin nə işi odlu ürəklə?!
Bədəsiz, filansız bir-birimizi
Anladıq həmişə biz duz-çörəklə.

Hərdən dolaşsaydı dilimiz əgər,
Dildən inciməzdik biz o qədər də.
Dilin nə işi var,
Dil nə eyləyər,
Ürəklər yığışıb danışan yerdə?

Söhbətsiz keçindik lap bərk ayaqda,
Axı, söhbətsiz də ürək dinirdi.
Dostlar çoxaldıqca kiçik otaqda,
Otaq böyüyürdü, genişlənirdi.

Adi siqaretlər fikrimiz kimi,
Alışıb otaqda tüstülənirdi.
Çox vaxt unudurduq biz dərdi, qəmi,
Dərdimiz alışıb külə dönürdü.

Tutdu son görüşdə hər kəs yerini,
Yerində danışdıq,
Yerində dindik.
Açıb ürəklərin söhbətlərini,
Açıb qəlbimizi genişləndirdik.

Danladıq o ki var bir-birimizi,
Səhəri yenə də biz əziz olduq.
Şahiddir açılan səhərin özü,
Dünyanın dərdinə şərik biz olduq.

Bəzən biz yatsaq da,
İntizar ürək
Nə bir ara verdi, nə də ki, yatdı.
Fırlandı fikrimiz Yer kürəsitək,
Dolanıb dünyanı geri qayıtdı.

Olduq bu dünyada hər şeyə dözən,
Kimləri, nələri andı ürəklər!
Dözmədi sübhəcən çıraqlar bəzən,
Çıraq əvəzinə yandı ürəklər.

Sanki biz yatmışıq haçandan bəri,
Fikirlər yığışıb oyatdı bizi.
Yuxumuz o vaxtdan qaçandan bəri
Elə bil, hamının açılıb gözü.

 

FƏSİLLƏRİN  RƏNGİ

Fəsillər, elə bil, açar qəlbini,
Köksündə insantək yaranı sevməz.
Hər fəsil özünün seçər rəngini,
Nədəndir, bilmirəm, qaranı sevməz.

Qəfildən dağ-dərə qarşılar qışı,
Biz onu görərik ağ-ağ qar kimi.
Şaq-şaq şaqqıldayar,
Ağarar dişi,
Qəzəbdən bozarar canavar kimi.

Elə bil, səmadan şəfəq ələnər,
Çırtlayar torpağın ən narın rəngi;
Yaz gələr,
Təbiət bənövşələnər,
Açar kol dibində baharın rəngi.

Hər fəslin öz rəngi üstünə qonur,
Səpilir torpağa neçə çələngi.
Dənizdə  mavidir,
Səhrada qonur,
Yayın yaşıl olur meşədə rəngi.

Qan damar
Daşların yanaqlarından,
Dağ-dərə köksünə basar günəşi.
Payız, ağacların qulaqlarından
Qızıl sırğa kimi asar günəşi.

Görəsən, doğmadır rənglərin hansı?
Onlar fəsillərin, ilin çələngi…
Pozulsa bir fəslin rəngi, havası
Onda illərin də pozular rəngi.

 

OYUN  HAVASI

"Vağzalı" çalınsa "Cəngi" yerinə,
Demə, əhvalımı bu dəyişmədi.
Oxşayır havalar biri-birinə,
Oyna,
Sümüyünə düşdü, düşmədi.

Havaya oynayan, axı nə çoxdur,
Bax öyrən,
Çəkinmə, qorxma heç nədən.
Havalar dəyişsə,
Əlacın yoxdur,
Bil ki, oyununu dəyişməlisən.

Havanı çalmağa axı nə var ki,
Çalan çaldığını bir duyan olsa.
Meydanda o zaman tufan qopar ki,
Çalınan havaya oynayan olsa!

Qorxgunan məclisin üzü dönə ki,
Deyə: "Yorma bizi,
Sən əzəl, axır…"
Oynamaq asandır,
Vay o günə ki,
Hava yüngül ola, oynayan ağır.

 

NƏ  YAXŞI…

Dağlara söykənib kürəyim mənim,
İlk büllur laylamı dağ çayı çalıb.
Bəlkə onun üçün ürəyim mənim
Belə məcrasına sığışmaz olub.

Gözümlə görmüşəm
Zirvə bulaqlar
Dərin dərələrdə cığır açırdı.
Açmışdı qəlbini qəlbimə dağlar -
Bir vaxt uşaqlığım orda qaçırdı.

Bu həyat yolları qalxıb-endikcə,
Neçə dağ keçirəm,
Yamac aşıram.
İllərlə başıma qar ələndikcə,
Elə bil, dağlara yaxınlaşıram.

Qalıb qulağımda görün nə vaxtdır!
Elə bil,
Dağların dağ cazibəsi
Məni o yerlərə qaytaracaqdır.

Axtar,
Yer üzündə olmayıb hələ
Bir torpaq ünvansız,
Bir oba adsız.
Bir qartal köksünə dəysə bir güllə,
Sanaram zirvələr qalar övladsız.

Otların nəfəsi üstümə çöküb,
Sanki təbiətdən güc alıram mən.
Zirvələr əlini başıma çəkib,
Elə bil, dağ kimi qocalıram mən.

 

MƏNƏ  AT  GƏTİRİN

Yaman kövrəlmişəm bu yollar üçün,
Bilin, nə yorğunam, nə də xəstəyəm;
Mənə at gətirin, bu yoldan keçim,
Mənə at gətirin, muraz üstəyəm.

Bir qamçı ürgənin kişnəməsində
Bir mağar səsini hayla, harayla…
Ot basmış yolların xam sinəsində
Kəhər dəf də çalar ağ nallarıyla.

İnana bilmirəm bir vaxt doyam mən
Zirvədə sükutdan, dərədə səsdən.
Mənə at gətirin,
Piyadayam mən,
Minib keçid salım dağların üstdən.

Bir çeşmə başında gözlərim qalıb,
Bir sevda eşqiylə döyünür ürək,
Yorğun yoxuşlarda izlərim qalıb,
Onları mən yığam-yıxşıram gərək.

Mənə at gətirin, sinəm atlanıb,
İnsanam,
Onsuz da atüstüyəm mən.
Bir də inanmıram
Nə vaxt, nə zaman
Qəlbim qanadlana, at istəyəm mən.

 

TORPAQ

Qəlbimdə dağların, düzlərin ətri,
Sel olub, dağlardan aşıb-daşıram.
Mən elə sevirəm,
Torpaqdan ötrü
Torpağa dönürəm, torpaqlaşıram.

Torpaq bir anadır bizə həyatda,
Sanki beşiyidir qocalanların.
Göylər də önündə baş əyir hətta,
Torpağa dirənib ucalanların.

Torpaq məhəbbətdir, torpaq vüqardır,
Əgər onu duysa insan, öyünür.
Kimin ki, bir ovuc torpağı vardır,
Onun dünya boyda qəlbi döyünür.

Gəlin torpaq haqda danışmayaq çox,
Torpaq nə sənindir, nə də mənimdir.
Torpaq, sinəsində gəzənlərin yox,
Onu ürəyində gəzdirənindir.

 

OCAQ  DAŞI

Dayanıb baş-başa üç ocaq daşı,
Bir yurdu qızdırıb üç qardaş kimi.
Hələ olmayıbdır, hələ yaşında
Ona baxan olsun adi daş kimi.

Nə vaxt qılıncını yad oynadıbdır,
Fəqət pozulmayıb bir izi-sətri.
Atalar ox atıb, at oynadıbdır
Bir yanar ocaqdan, bir yurddan ötrü.

Bilirsiz ocaqlar niyə qəlbidir?
Yüz torpaq yaşayır yüz ocaq adda.
Ocaq, babaların vuran qəlbidir  
Bir ürək döyünür hər oaq altda.

El-elə od verər, odun, yanacaq,
El-elin yolunda keçər başından.
Od-alov alarlar ocaqdan, ancaq
Pay verən olmayıb ocaq daşından.

 

QAYIDA  BİLMƏRƏM

Mən ora bağlıyam
Ötən çağımla,
Orda tel-tel olan bir ürəyim var.
Getmişdim görüşəm uşaqlığımla,
Onu küsdürdülər, məni qovdular.

Bir söz yarasının göynəyir yeri,
Ay ötər, il keçər, yenə sağalmaz.
Qoy deyim bilsinlər,
Şair kədəri
Ürəkdə gizlənib, sinədə qalmaz.

Orda yaz olmamış yağdı yağışlar,
… Çovğuna düşməmiş boranlı qışam…
İncisəm nə vardı,
Ürək bağışlar,
Heç nədən qəlbimə yara almışam.

Mənə yaşamağa yüz cənnət seçin,
Yenə bir həsrətlə çırpınır ürək;
Bir şair ömrünü yaşamaq üçün
Hardasa yenidən doğulam gərək.

İstər dünya qopa,
Dağlar yeriyə,
İstər üfüqlər də alçala mənsiz,
Qayıda bilmərəm nə mən geriyə,
Yaşaya bilmərəm nə də Vətənsiz.

 

PAYIZ

Güneylər soyuyub
Qüzeyə döndü,
Düzüldü qatara durna şərqisi.
Dəli dağ çayları quzuya döndü,
Açıldı dağlarda payız sərgisi.

Birdir təbiətin qanunu, əmri…
Fəsillər dörd ömür, yoxsa dörd tanış?
Gödəkdir elə bil
Payızın ömrü
Bu başdan yay kəsir,
O başdan da qış.

Yarpaqlar kövrəlib verər qol-qola, -
Torpağa məhəbbət aşılayırlar.
İstilər payızı salarlar yola,
Soyuqlar payızı qarşılayarlar.

 

QAYIDAQ  GERİ

Mənim dünənimdə nağıllarım var,
Orda nağılların meydanı boşdur.
Bilməzdim həyatda qəm sevinc olar -
Dünənki günlərin qəmi də xoşdur.

Çoxdan o çöllərə salmamışıq iz,
Sanki bəxtimizə elə bu düşüb.
Girmişik qapalı otaqlara biz,
Ürəklər günəşsiz gültək bürüşüb.

Demirəm, şəhərlər bir yana qalsın,
Demirəm, şəhərlər deyildir əziz.
Qayıdaq,
Gecələr ulduzlu olsun,
Qayıdaq nağıllar dünyamıza biz.

Qalxdığımız yoxuş, endiyimiz dik,
Ensək, pillə-pillə ucaldar bizi.
Axı o yerlərdən qopub gəlmişik,
Yaşadaq nağıllı günlərimizi.

Bəlkə yağış tökdü,
Heç demək olmaz,
Açaq çadırını, yorulan köçün.
At çapıb yoxuşda büdrəyək bir az,
Asfalt səkilərdə büdrəməməkçün.

Başlasın xəbərsiz vurulmaq dəmi,
Sevək ilk baxışdan,
Sevək ilk gündən.
Sonrasa qovrulaq səhərə kimi
Sevən qəlbimizin döyüntüsündən.

Gizli məhəbbətdir nə qədər əziz,
Gizli məhəbbəti qoruyaq gərək.
Qoyub məktubların arasına biz
Sevən qəlbimizi gizli göndərək.

İzlər cığırlarla bulağa ensin,
İçib yanğımızı bir az söndürək.
Dağlar qəlbimizdə heykələ dönsün,
Sonra cığırları şeirə döndərək.

Çıxaq dağ başına çətinliklə biz,
Döysün təpəmizdən yağış da, qar da.
Təzədən dırmaşaq zirvələrə biz,
Yoxuşlar əl tutar çətində, darda.

Heç vaxt təbiətə tapılmaz əvəz -
Şair ilhamına sönməz ocaqdır.
Ən sərrast misralar istər-istəməz,
Orda qəlbimizə yazılacaqdır.

Qalxdığımız yoxuş, endiyimiz dik,
Ensək pillə-pillə ucaldar bizi.
Axı o yerlərdən qopub gəlmişik,
Yaşadaq nağıllı günlərimizi.

 

SON  PAYIZ

Ağacda titrəyir yarpaq qanadlar,
Sərçələr yığışıb budaqlarına.
Bürünüb
Vədəsiz göyərən otlar
Payızın saralan yarpaqlarına.

Yaman fikirlidir dumanlı dağlar,
Sanki təbiətin sarı simidir.
Qaya dolağında qaynar bulaqlar
Elə bil, dağların təbəssümüdür.

Neyləsin,
Donacaq günün telləri,
Çəkir hörüyünü, arxaya salsın.
Soyuqdan büzüşüb qızıl əlləri,
Salır əllərini, cibində qalsın.

Görəsən, taxtından kim düşməlidir?
Dağlar fəsillərin uca taxtıdır.
Sanki boranla gün döyüşməlidir,
Gün nahaq çirmənib,
Boran vaxtıdır.

 

ÇİNAR  MAHNISI

Çəkildi yollardan insan nəfəsi,
İki yol üstündə dayanıb-durdum.
Ay uca çinarın yaşıl nəğməsi,
Mən sizi eşitdim, mən sizi gördüm.

Dərdbölən axtarar sözlü olanlar,
Yaşıl çətirlərlə durdum üz-üzə;
Qəlbimdə anamdan gizli olanlar
Bir payız axşamı açıldı sizə.

Bir mahnı çalırdım hər axşam-səhər,
Bilmirəm adına nə deyim onun.
Bilmirəm nədəndir, Kərəmdən betər
Əsiri olmuşdu ürəyim onun.

Başqası eşitsə, 
Elə sanırdım
Başlayar yadların kəsəkəsliyi.
Özüm də içimdə tənha yanırdım,
Qoruyub qəlbimdə müqəddəsliyi.

Utana-utana sizə birtəhər
Qəlbimi eylədim o axşam qonaq.

Deyirdim,
Mahnını payıza qədər
Yarpaqlar biləcək,
Yarpaqlar, ancaq.

Bir zaman gördüm ki, payız ötüşdü.
… Günlər elə keçir,
Günlərə nə var?..
Yolum bir ilk bahar o yerə düşdü,
Mahnımı yarpaqlar oxuyurdular.

Hərdən o mahnını çox anıram mən,
Yenə də mahnını bir kəs bilməyir.
O olub keçsə də,
Utanıram mən,
İndi də açmağa dilim gəlməyir.

O mahnı, bəlkə də, çıxıb yadımdan,
Sizsə mahnı ilə uyuyursunuz.
Məndən vəfalısız,
Mənim adımdan
Mahnını həmişə oxuyursunuz.

 

CIĞIR

Yenə həmin cığır
Qarşıma çıxır,
Yanıram,
Başımdan duman, çən keçir;
Bir vaxt sevgimizi daşıyan cığır
İndi ürəyimdən, sinəmdən keçir.

 

LÖVHƏ

Göylər ətəyini çırpdı, elə bil,
Qarı xəlbir ilə ələdi yerə.
Bəlkə də ilmədir
Yağan, qar deyil,
Sökülüb buluddan tökülür yerə.

Buludlar səmada dönüb yumağa,
Yel əsir
Meşələr nəğmə oxuyur.
Hər qar bir naxıştək
Qonur torpağa
Təbiət qar ilə xalça toxuyur.

 

MƏNİM

İtsə dolaylarda hər ləpir, hər iz
Hay-həşir qoparıb təntiməyin siz.
Əgər qəribsəsə dağlar kimsəsiz,
Dağlara izimi aparın mənim.

Ərisə zirvəsi, qaralsa üzü,
Dağların göz yaşı bürüyər düzü.
Büllur çeşmələrin tutulsa gözü,
Görməyə gözümü aparın mənim.

Birdən ətəyinə yadlar tökülsə, -
Əgər süngülərlə köksü sökülsə,
İşdir, zirvələrin qəddi bükülsə,
Köməyə dizimi aparın mənim.

Zirvələr fikrimi başımdan alar,
Yadıma düşdükcə ürəyim dolar.
Baxıram, hədiyyəm mənim nə olar? -
Dağlara sözümü aparın mənim.

Özüm buradayam, qəlbim orada,
Bir şey qalmayıbdır, düzü, arada.
Bir vaxt mən qocalsam, məndən sonra da
Ora əzizimi aparın mənim.

Davudam, qönçəni üzə bilmərəm,
Könülsüz bir yeri gəzə bilmərəm.
Heç vaxt ayrılığa dözə bilmərəm, 
Dağlara özümü ararın mənim.

 

BİR NƏĞMƏ  İTİRMİŞƏM…

Bir nəğmə itirmişəm,
Çalardım səhər-axşam.
Yer üzü dolu nəğmə…
Mən nəğməsiz qalmışam.

Yer üzü nəğmə dolu,
Bəlkə seçim birini.
Ya da axtarıb tapım
O nəğmənin yerini.

Bir sevgi həsrətiylə
Könlüm yanır, qaralır,
Bir nəğmə həsrətiylə
Xatirələr saralır.

Bir sevgi həsrətiylə
Gah boşaldım, gah doldum, 
Bir nəğmə həsrətiylə
Bir kövrək nəğmə oldum.

 

ÖMRÜMÜ  YAŞAYIM  GƏRƏK…

Necə dinməliyəm, danışmalıyam,
Deyin, öz kəlməmdən, sözümdən ayrı?
Kimin ürəyini yaşamalıyam,
Kimin ürəyini özümdən ayrı?

Yaş ötsə neyləyək,
Bu, acı qüssə…
Olmaram yolların hələ yorğunu.
Bir az coşqunamsa, bir az kürəmsə,
Şeir dəlisiyəm, sənət vurğunu.

Neyləyim, beləyəm mən də dünyada,
Qoy bilsin bu başdan bunu yarım da.
Elə yaşayım ki, məndən sonra da
Məni əvəz etsin misralarım da.

Uymaram şöhrətə, nə də ada mən,
Hələ Yer üzündə nə qədər sağam.
Atamın oğluyam,
Bu dünyada mən
Özüm öz ömrümü yaşamalıyam.

 

İNSANLAR  KİMİ

Baş-başa çinarlar, əkiz cökələr
Yolların üstündə sanki çətirdi.
Yayın qızmarına yaşıl kölgələr,
Elə bil, dağları çəkib gətirdi.

Döndü bahar oldu qızmar yay günü,
Ağaclar əl verib bir də görüşdü.
Bir yarpaq yol üstə əydi köksünü,
Elə bil, torpağa bir damla düşdü.

Dindi yaşıl sözlü, quş dilli bahar,
Səsləndi yarpaqlar düz ilqar kimi.
Durmuşdu yollarda uca çinarlar
Qonaq qarşılayan adamlar kimi.

 

BİLSƏM  DƏ,  QAYIDAN  DEYİL

Yaş ötür, başlayır dincliyim mənim,
Yaş ötür, neyləyim,
Ötməlidir o.
Bir vaxt gizli gəlib gəncliyim mənim,
İndi açıq-aşkar getməlidir o.

Bir vaxt hara gəldi qədəm basardım,
Yoxuşu dırmaşıb, qayadan enib.
Dünən nağıllara qulaq asardım,
Bu günsə dünənim nağıla dönüb.

Saçıma düşən dən bir yana qalsın,
Bir nisgil tutubdu gözlərimə çən;
Bir vaxt arzulardım yaşım çoxalsın,
İndi uşaq olmaq istəyirəm mən.

Bir insan ömrünün gənclikdir varı,
O mənə nələri andırır bu gün!
Mənim dünənimin gözəl anları
Közərib qəlbimi yandırır bu gün.

Ürəyim kövrəlib, elə dolubdur,
Boşalsa neyləyər, görən, dünyanı?!
Yaş ötüb,
Qəlbimdə axşam olubdur,
Ay ellər, gəncliyim -
Səhərim hanı?

Çiynimi dünyaya dayaq edərəm,
Ömrümdən rahatlıq sözünü silsəm.
Bəlkə gəncliyimi çıraq edərəm,
Mən onu yenidən yaşaya bilsəm.

Bilərəm dilini dünyanın bütün,
İllərlə dil tapsam,
Qərara gəlsəm.
Ömrün yarısından keçərəm bu gün,
Əgər gəncliyimi qaytara bilsəm.

 

QORXURAM  KİMİSƏ  KƏDƏRLƏNDİRƏR
 
Kədər lərzə salar ildırım təki,
İnsanı göylərdən yerə endirər.
Qəmimdən qorxuram,
Danışmıram ki,
Kədərim kimisə kədərləndirər.

Xəbərsiz, ətərsiz vaxt aram-aram,
Acılı, şirinli keçir, görürəm.
Qəmli günlərimi tək yaşayıram,
Lakin sevincimi bölüşdürürürəm.

 

SƏHV

Keçib səhvlərin burulğanından,
Sanki burum-burum buruluruq biz.
Sel kimi insanın keçir canından,
Axıb, bulaq kimi duruluruq biz.

Həyat yollarında atını çapır,
Dikir gələcəyə gözünü insan.
Məni qınamayın,
Desəm ki, tapır
Bəzən səhvlərlə özünü insan.

Anlasın səhvini qoy ürək təki,
Həyatda ömr etmək deyildir asan.
Səhv etsə anlasın,
Vay o günə ki,
Yaşaya yenidən səhvini insan.

 

SINAYAR  BİZİ…

İnsanın nəfəsi göylərə çatır,
Dolu buludları yaran qəlbidir.
… Hər köksün altında bir aslan yatır,
Hər ürək zamanın vuran qəlbidir.

Sakitcə seyr etsək qoca dünyanı,
Bu ellər, obalar qınayar bizi.
Həyat,
Ömrümüzün sınaq meydanı,
Vaxt gələr, bir zaman sınayar bizi.

 

NƏ  QALDI

Yaz gəldi, ağaclar yamyaşıl oldu,
Qaralan cığırın sinəsi doldu.
Bilmədim çəməndi, yoxsa ki, yoldu,
Görəsən, ləpirə, izə nə qaldı?

Bir gözəl görmüşdüm, könül vermədi,
Qəlbimə salmadım bu ağır dərdi.
Baxdı insan oğlu, nələr görmədi…
Görən, bu dünyadan gözə nə qaldı?

Sevinc lap əzəldən kədər ilədi,
Çoxdan bu həyatın hökmü belədi.
Vaxtsız iki dostu düşmən elədi,
Bir könül sındıran sözə nə qaldı?

A dostlar, yamandı ayrılıq günü,
Bir yanıq kamandı ayrılıq günü.
Vaxt gəldi, qocalıq verdi hökmünü,
Bu qoca dünyadan bizə nə qaldı?

 

ŞƏKİLLƏR

Baxdıqca şəklimə xəyalım dindi,
Əridi o günlər isti qar kimi.
Dayandıq üz-üzə şəklimlə indi
Bəs niyə bambaşqa adamlar kimi?

Ömrümdən çınqıltək qopan günlərim
Yığılıb üst-üstə,
Ömür yarıdır.
Adi kağızlara hopan günlərim
Ötən illərimin yadigarıdır.

Ötən anlarımın duyğusuna bax!
Ondan nə soyudum,
Nə də ki, doydum.
Yığdım şəkilləri mən qalaq-qalaq,
Sanki günlərimi üst-üstə qoydum.

Həyatda,
Şəkillər - "dəyişib" deyir,
Dünənki yerimlə bugünkü yerim.
Dünənki günlərə baxıram bir-bir,
Donub şəkillərdə təbəssümlərim.

Fikrim birdən,
Elə geriyə döndü,
Gördüm ki, o illər yandırır məni.
Donmuş anlarıma baxıram,
İndi
O anlar təəccübdən dondurur məni.

 

NAZİMİM  VAR

Kitabı əlimdə  əlimdə Nazim…
Sanki fikirlərim buza dönübdür.
Qəlbimdə, hissimdə, dilimdə Nazim,
Nazim bu dünyaya həkk olunubdur.

Səpilir fikrimə qığılcımları…
Sətirlər içində
Alışır Nazim.
Bəlkə mən deyiləm danışan bu gün,
Mənim əvəzimə danışır Nazim.

Açır qollarını o, yana-yana,
Elə bil dünyanı qucaqlayacaq.
Əlini daraqtək çəkir başına,
Sanki misraları saçaqlayacaq.

Bir ağır dağ kimi çıxır kürsüyə,
Dərdi var,
Dərdindən danışacaqdır.
Hayqırır yenə də
Ədalət deyə,
İndicə od tutub alışacaqdır.

Hamı şeir yazır, yazmağa nə var,
Qəlbim tarımlanmış bir sim olubdur.
Sağımdan, solumdan keçir adamlar,
Elə bil, insanlar Nazim olubdur.

Bəlkə bir istəkdən basmışam səbri,
Hələ getməmişəm üstünə, hələ…
Qəbrinin üstünə getmirəm, qəbri,
Qorxuram Nazimi əlimdən ala.

 

ANA  SƏFƏRDƏN  GƏLİR

Oğullar yığışsın,
Görüşə çıxaq,
Çoxdan gözlənilən soraq gəlibdir.
Bir şair-övladın
Qonağına bax!
Bir ana hamıya qonaq gəlibdir.

Tökülsün yollara xalım, palazım,
Yollar butaları əyninə geysin.
Yox, yox, onun üçün xalı nə lazım,
Qoy, ana qədəmi torpağa dəysin.

Hamının sevincdən gözləri dolmuş,
Vüsal ürəklərə məlhəm qoyacaq.
Onun nəvəsi var,
Adı qoyulmuş,
Onu öz nəvəsi qarşılayacaq.

Elə ki, dəyəcək qədəmi evə,
Ürəklər sevincdən incələcəkdir.
Doğma balasını o sevə-sevə,
Yaxşıca-yaxşıca dincələcəkdir.

Görüşə çıxaq,
Çoxdan gözlənilən soraq gəlibdir.
Bir şair övladın
Qonağına bax!
Bir ana hamıya qonaq gəlibdir.

 

MƏNZİL  QONAĞI

Dedin:
Vaxt gələr mən də
Yolumu sizə sallam.
Mənzilin böyüyəndə,
Gələrəm, qonaq ollam.

Heç nədən karıxmazdım,
Elə çaşdım, karıxdım.
Dar evdə darıxmazdım,
Sözlərindən darıxdım.

Göy alışa, yer yana,
Bəzəyərmi var, evi?
Qəlbi qoyub bir yana,
Nə tez gördün dar evi.
Başa düşmədin nahaq,
Təklifi nahaq dedim.
Demədim, evə qonaq,
Qəlbimə qonaq dedim.
Geniş mənzil alanda,
Dağ başını qar alar.
Gəlmə, aman günüdür,
Mənzilimiz daralar.

Yanılsam, bir nəfər səhvimi desə,
Mən onu öpərəm, alqışlayaram.
Arxamca yalandan söz deyən kəsə
Bir şeir yazaram, bağışlayaram.

"İnciyər beş-üç gün o, olsa-olsa,
Sonra də hər şeyi unudar", demə.
Barışa bilmərəm,
Toxunan olsa,
Əgər Vətənimə, məhəbbətimə.

 

YARIMÇIQ  ŞEİR

Bəzən qoşa-qoşa ağ varaqlara
Bircə misra düşür, bircə söz düşür.
Baxdıqca, ürəyim çəkilir dara,
Kağıza misra yox, yanar köz düşür.

Yarımçıq sözləri, düşünür şair,
Ürəkdə səs kimi, səmir kimidir.
Mənə elə gəlir, yarımçıq şeir
Başa vurulmamış ömür kimidir.

                 •
Dünən  bir nəfərlə görüşəndə biz
Soruşdu sakitcə
"Haralıyam mən".
… Əzizdir hər qarış torpağım,
Əziz,
Bu sözdən ürəyi yaralıyam mən.

Bir yerlim həmişə mənə "dayaqdı",
Yolumda "başından keçibdir" mənim.
Şahidəm,
Görmüşəm, çətin ayaqda
Namərdtək arxamdan qaçıbdır mənim.

Yer adı,
Çətində olanda Vətən,
Bir əsgər demişdi, yada düşməyir.
Bəs niyə, bilmirəm, bilmirəm nədən,
İnsan ağır gündə yer soruşmayır.

Dünən uzaq ellər görüşmək üçün
Görəsən, nə edib bəs bizə qədər? -
Bir dost kədərini bölüşmək üçün
Atalar at sürüb Təbrizə qədər.

Ani səhv eləsək,
O bircə
Anın
Yüz il ləkəsini silə bilmərik.
Bölsək torpağını Azərbaycanın
Onun çörəyini bölə bilmərik.

 

XƏBİS

İlahi,
Xəbislik nə yaman imiş,
Yedi ürəyini onun qurd kimi.
Dağıldı başından hamı,
Bu gediş,
Oldu viran qalmış bağlı yurd kimi.

O xəbis,
Qiybətlə çox çalışdı ki,
Ucalıb
Bəlkə də birinci oldu.
O qədər arxaca o danışdı ki,
Axırda hamıdan arxada qaldı.

 

Nənəm Fatmaya.

Sakitcə durmayır bircə an nənəm,
Unuda bilməyir ötən çağını.
Elə bil, qayıdıb mehriban nənəm,
Yenidən yaşayır uşaqlığını.

Dünyanı dolanır əyirdiyi yun,
Uc-uca calasan yumaqlarını.
Onun əlinə bax:
Əl düyün-düyün,
Qabarlar bəzəyir barmaqlarını.

Cəhrəni toz basıb,
Qalıb kənarda,
Baxır üfüqlərə, gözü yol çəkir.
Əyirə bilməyir, qalıbdır darda,
Gözündə buludlar əyirir, tikir.

"Hər vaxt diş altdadır iştaha" - deyir, -
Mənim bu sözümü unutmayın siz".
Özü nə su içir, nə çörək yeyir,
Deyir ki, "A bala, nə yemisiniz?"

Zirvələr dağların iftixarıdır,
Ən uca zirvələr hər vaxt qar görüb.
Nənəmin saçları zirvə qarıdır,
Bu zirvə nə qədər tufanlar görüb.

Baxsan, görmək olmur gözündə qəmi,
Nənəm çox dözübdür qüssəyə, dərdə.
Vaxtı yetişsə də,
Bir insan kimi
"Ölümdən qorxmayır zərrə qədər də".

 

FƏXRİ  KEŞİKDƏ

Nənə gözlərində qaralanda dan,
Elə bil, nağıllar qalır yarıda.
Nənələr köçəndə qoca dünyadan,
Köçür nənələrin nağılları da.

Od qoyun bir payız ocağına siz,
Bədənim qızmayıb nə vaxtdan bəri.
Yığşırıb bir nənə qucağına siz,
Qaytarın,
Qayıtmaz günləri geri.

Məni
Atasızı kim əzizləyər,
Həyatın bu ağır hökmünə baxın;
Dözə bilməyirəm nənəsizliyə,
Gəlmişəm,
Nənələr, qarşıma çıxın.

Bir insan qəlbimi yaman ağrıdır,
Evdə yun tayası saçaq-saçaqdır…
Nənə cəhrəsinin qulpu ağırdır…
Kimin gücü çatıb fırladacaqdır?
.

Sənin son sözünə gecikdim dünən,
Yanıb qovrulmadım mən için-için.
Çatmadım,
Ay nənə, bərəkətindən,
Çatmadım, bir damla aparmaq üçün.

Gördün tədbirini gələn qışın da,
Evdə un çuvalı heç enən deyil.
Səndən kösöv qalıb ocaq başında, 
Yansa, əsrlərlə tükənən deyil.

Taxtın altındakı qaldır taxçanı,
Taxça indiyədək heç boş olubmu?!
Gəlmişəm,
Ay nənə, çıxart boxçanı,
Bax gör,
Saxlancında bir şey qalıbmı?

Xalçalar boylanır,
Neçə yerində,
Baxıram, nənəmin gözü qalıbdır.
İncə naxışların ilmələrində
Qabar əllərinin izi qalıbdır.

Göyə bulud gəldi gördüm bir çəngə,
Sonra nəğmə oldu,
Çən oldu, itdi.
Mənə elə gəldi,
Nənəmlə birgə
Elə bil, bir ürək bayatı getdi.

Yatmısan körpətək,
Nənə, beşikdə,
Qorxuram, oyatsam xətrinə dəyəm.
Saatla dururlar fəxri keşikdə,
Mən sənin əbədi keşiyindəyəm.

 

SAHİLSİZƏM  MƏN

Tanışlar, bilişlər unudur məni,
Bəlkə söhbətsizəm,
Ya dilsizəm mən?
Tufanlar hey atır, hey tutur məni,
Sahil axtarıram,
Sahilsizəm mən.

Mən elə coşmuşam,
Elə çaşmışam,
Köhnə sahillərim ar gəlir mənə.
Mən daşqın dənizəm,
Elə daşmışam,
Yatağım dar gəlir, dar gəlir mənə.

Mənə sahil verin, qayalı sahil,
Deyim ürəyimin olan sözünü.
Sahilsiz tufan da bir tufan deyil,
Sahildə sınayır tufan özünü.