Close

Məhəbbət ömrü

QIZ  VƏ  DƏNİZ

Qayada oturur qız,
Dəniz həsrətlə baxır.
Qayada oturur qız,
Dalğalar şahə qalxır.

Qızın başı üstündə
Günəş alışır, yanır,
Dəniz tufana dönür.
Qız sahili dolaşır,
Ləpələr arxasınca
Sahilboyu sürünür.

Birdən atılır suya,
Alışır, yanır dəniz.
Onu günə, qayaya,
Göyə qısqandığından
Qızdan utanır dəniz…

Başlayıb bir ömrün məhəbbət yaşı,
Baxmayın saçıma, yaşıma mənim.
Çağırın dostları, yadı, tanışı,
Sevənlər yığışsın başıma mənim.

Süfrəyə ən böyük badələr düzün,
Bu gün məhəbbətdən söhbət eyləyək.
Süzün, qəlbinizi badəyə süzün,
Eşqə qəlbimizlə bir sağlıq deyək.

Danışmaq istəyən vardırsa,
Bir az
Dinib danışmasın, bu gün mən dinim;
Əsla bu sağlığa əlavə olmaz,
Bütövdür sevgimtək sağlığım mənim.

Çox şey bilməsəm də, mənə bəllidir
Sevgi badəsinə ürək nə qatıb,
Məhəbbət bir badə şərab deyildir,
Onu içməyəsən, bir qurtum dadıb.

Badələr həsrətdir, hicrandır… hər nə…
Almasın badəni şirin seçənlər.
Bu gün badələri alsın əlinə,
Axır damlayadək sağlıq içənlər.

Nə edim səadət nəsibin olsun,
Bu gün ayrılasan düşüncələrdən.
Mənim xoşbəxtliyim bir yana qalsın,
Sənin taleyini düşünürəm mən.

Bizdən xoşbəxt olan, deyirdin, kim var,
Bir vaxt sevgimizi alqışlamısan.
Qəlbi bircə dəfə bağışlayırlar,
Qəlbi neçə dəfə bağışlamısan?

"Məni atacaqsan" deyirdin dünən,
Bu gün kim ayrıldı,
Kim kimi atdı?
Eşqimlə ucaldım,
Sən oldun enən,
Eybi yox, mənimçün bu da həyatdı.

İllər ötüşsə də,
Sənin adını
O günlər bağlayır mənim adımla.
Sən məndən almışdın ürək odunu,
Kimi odlayarsan mənim odumla?

Məni yada salsan,
Bilərsən, bir az,
Sözlərim qəlbimdir, səsimdir mənim.
Yaxşı yol,
Gedəni saxlamaq olmaz,
Öz eşqim, öz sevgim bəsimdir mənim.

Qaralır axşamım,
Doğur səhərim,
Dünya nur geyinir məhəbbətimdən.
Sadiqdir özümtək xatirələrim,
Onları yenidən yaşayıram mən.

Əgər qarşılaşsaq adi bir gündə,
Necə baxacağıq,
Necə, göz-gözə?
Mən yaxşı bilirəm
İlk görüşdən də
Çox çətin olacaq o görüş bizə.

Sənsiz bu yerləri gəzə bilmirəm,
Səninlə gəzmişəm axı həmişə.
Qəfil ayrılığa dözə bilmirəm,
Mən necə dözərəm qəfil görüşə?!

Bir vaxt dost-tanış da deyərdi bizdən,
Niyə bağlanmışdı onda gözümüz?
Yer, göy qəm geyəndə həsrətimizdən,
Bəs nə geyməliyik indi özümüz?

Həyatda nə desən tapılır bizə,
Vaxt gələr, olarıq evli, uşaqlı.
Açıqdır hər yerdə qapılar bizə,
Lakin eşqimizin qapısı bağlı.
    
Kəsdik görüşləri, gediş-gəlişi,
Araya qarışıb,
Arada itdik.
Bəxtin nə günahı, bəxtin nə işi,
Açıq qapıları özümüz örtdük.

Saçında iz qalıb,
Keçsə də illər,
Mənim əllərimdən saçaq-saçaqdır.
Sənin saçlarına toxunan əllər
Mənim əllərimə toxunacaqdır.

İnana bilmirəm yadından çıxsın,
Tezcə unudasan mənim səsimi.
Qoyma gözlərinin içinə baxsın,
Yoxsa gözlərində görər əksimi.    

Bir gizli dalğa var, yatır sinəmdə,
Oyansa, dünyanı oyadacaqsan.
Özün istəsən də,
İstəməsən də,
Doğma sahilinə qayıdacaqsan.

Demirəm, alışma
Sən öz-özünə,
İstərəm gözlərin yerində gülsün.
Həyatda o ürək gərəkdir mənə
Vaxtında köksünü yandıra bilin.

Göyləri
Qarşına endirərəm mən.
Günəşi
Gözündə yandıraram mən,
Kül olma, çalış!
Alışsan,
Su töküb söndürərəm mən,
Təki sən alış!

 

MƏN  SƏNƏ  DEMƏDİM…

Böyük dəryalara axıram, inan,
Mənim məhəbbətim dənizdir, dəniz.
Hamıya bir gözlə baxıram, inan,
Hamı mənim üçün əzizdir, əziz.

Hamıya ehtiram, hamıya hörmət!
Qəlbimin istəyi yaman böyükdür.
Səndə mənə olan sonsuz məhəbbət
Təmiz vicdanıma, inan ki, yükdür.

Gözümə süzülür gözünün qəmi,
Ürəyim çırpınıb əsir yerində…
Açsan ürəyimi bir kitab kimi,
Hamını görərsən sətirlərində.

Bu vicdan əzabı beynimi didir,
Bilirəm saçına niyə düşüb dən.
Axı, mən nə edim, təqsirim nədir?
Mən sənə demədim məni sevginən.

 

SEVƏNLƏRƏ  GÜL  VERİN

Ay sevənlər, tez gəlin,
Qoymayın güllər solsun.
Qərənfil Qərənfilin,
Lalə Lalənin olsun.

Yer üzü vüsal dolu -
Sevən çox, sevilən çox.
Nisgil var ürəyimdə,
Mənə gül gətirən yox.

Ay sevənlər, tez gəlin,
Qoymayın güllər solsun.
Bənövşə Bənövşənin,
Nərgiz Nərgizin olsun.

Qoruyun eşqinizi,
Həmişə əziz olsun.
Ürəyiniz gül kimi
Saf olsun, təmiz olsun.

Ay sevənlər, tez gəlin,
Qoymayın güllər solsun.
Ən gözəl hədiyyəniz
Al-əlvan güllər olsun.

 

İSTƏK

Düzünü danışsam kimsə nə deyər,
Bir ömür qoymusan ömrümün üstə.
Sən məni istəmək
İstəsən əgər
Özünü istə.

Arzular təptəzə, diləklər yeni,
Uzun yollar durur qarşıda hələ.
Deyirəm, nə yaxşı kəşf etdim səni,
Mən səni…
Mən səni bilməzdim belə.

Nə olsun, həyatda deyib-gülürdüm,
Heç vaxt sevinməzdim, gülməzdim belə.
Mən səni oxunmuş kitab bilirdim,
Mən səni…
Mən səni bilməzdim belə…

Gör nə vaxtdan bəridi
Yanırdı için-için.
Bu yer onun yeridi,
Gəlmişdi yeri üçün.
Bu yer onun yeridi.
Qayıtmışdı geriyə.
Elə bil ki, lal idi,
Bilməyirdi nə deyə.
Daş kimi dayanırdı
Xəyal yerin içində.
Ürəksə çırpınırdı
Fikirlərin içində.
O baxırdı kənardan,
Gözlərini döyürdü.
O danışa bilmirdi,
Ürəyində deyirdi:
"Bu yer mənim yerimdi".
Bu yer onun, elə bil,
Söhbətiydi, sözüydü.
Bu yer ona yad deyil,
Bu yer görən gözüydü.
Başqasına vermişdi
İşığını-gözünü.
Bəs kənardan nə işdi
Seyr edirdi özünü.
O, səhərdən bəridi,
Dayanmışdı, susurdu.
Bu yer onun yeridi, 
Yer üstündə küsürdü.
Yanındakı bilmirdi
O yanıb-alışırdı,
İndi o, yeri üçün
Qəlbində danışırdı.
Oturmuşdu önündə
O, indi qonaq idi.
Yer durmuşdu önündə,
O, yerdən uzaq idi.
Dünyadan keçərdi o,
İndi üzü bəriydi…
Dünən yer seçirdi o…
Bu yer onun yeriydi.

 

SƏNİN  MƏHƏBBƏTİN

Gördükcə o köhnə vüsal yerini,
Alışır, 
             od tutur ürəyim, düzü.
Bir vaxt yandırardıq özgələrini,
İndi həsrətimiz yandırır bizi.

Yazıldı ömrümə o günün adı,
Qəlbim
            pozulmayan xəyalı dinlər.
Bəlkə də bu görkəm daha yaxşıdı,
Lakin o zamanlar… 
                   əfsus, o günlər.

Ömrə     gör nə boyda zaman yazıldı,
Yaxşı ki, 
              biz ondan bir qönçə dərdik.             
Günlər qəlbimizə yaman yazıldı,
Axı, yazılmasa biz nə edərdik?

Həyatda çox şeyi yalan ediblər,
Demişəm nə yaxşı məhəbbət varmış.
Görmüşəm,
Dünyanı talan ediblər,
Bilməzdim məhəbbət talan olarmış.

Harada istəsəm onu görərəm,-
Hər əsr yaşadı, oldu məhəbbət.
Məcnundan çox yandı eşqinə Kərəm,
Dedilər: "Məcnunla qaldı məhəbbət ".

Bir günlük ayrılıq sanki il eylər,
Bəlkə bu illər də dandırır məni.
Məhəbbət insanı, axı kül eylər,
Bəs niyə həmişə yandırır məni?

Göylər ayrılıqdı, hələ yerdəyik,
Unudaq kədəri, unudaq qəmi.
İndi hər ikimiz bir şəhərdəyik
Olmuşuq bambaşqa planet kimi.

 

MƏHƏBBƏT  YAŞI

Məhəbbət baxışı,
Sevgi təlaşı
Nə bir söz eşidir,
Nə bir söz deyir.
Məhəbbət gözünün bulanan yaşı,
Aylarla, illərlə durulan deyil.

 

ARXA

Fikirlər gecəni oyaq eyləyib,
Elə bil, yuxunu çəkdilər dara,
Əzizim,
Çiynimi dayaq eyləyib
Qəlbimi köçürdüm ağ varaqlara.

Açıb varaq-varaq arzularımı
Əgər inciməsən bir söz deyərdim:
Kaş arxa olaydın,
Misralarımı
Qarlı zirvələrə həkk eləyərdim.

 

MƏNƏ  YALAN  DANIŞ

Demək, aldatmısan sən məni bir vaxt,
Yalanın neştəri
Sinəmdən vurmuş.
Bu nədir,
Dünyanın işinə bir bax:
Həyatda yalanla sevmək olurmuş…

Bu yolda borana,
Qara düşmüşəm,
Eşqim bir tufanlı mavi dənizdir.
Sadiqəm, -
Görürsən necə sevmişəm? -
Sənin yalanın da mənə əzizdir.

Kim sevər mənimtək,
Vurular bu gün.
Sevgidən yaranan sanki quşam mən.
Sənsiz qanadlarım qırılar bu gün,
Bir kövrək qanadlı qaranquşam mən.

Qoşa keçdiyimiz yolları bu gün
Keçmə belə asta, belə asan sən.
İnansam,
Dünyamız dəyişər bütün,
İnana bilmirəm unudasan sən.

Sevmişəm köz kimi mən yana-yana,
Yananda heç zaman dayanmaq olmur.
Bir vaxt inanmışdım yalanlarına,
İndi həqiqətə inanmaq olmur.

Söylə, kimlər oldu aranı kəsən,
Bir qəlbi söz ilə oxlamaq üçün.
Danış,
Yalan danış mənə, istəsən,
Danış, həqiqəti saxlamaq üçün.

Saçlarımın qoxusu
Saçlarına hopubdur.
Gözlərinin  yuxusu
Gözlərimdən qopubdur.

Üzündəki iz yeri
Gözlərimin izidir.
Qəlbindəki köz yeri
Ürəyimin közüdür.

Sözlərin, söhbətlərin
Mənimkidir, mənimki…
Düşünər dərin-dərin,
Ürəyin mənim təki.

Qəlbimdən qopan yellər
Qəlbində itib-batır.
Bilməyir ki, köksünün
Altında mərmi yatır.

Niyə yolumu azdım?-
Yox, mən indiyə kimi
Deyəsən, sevməmişəm,
Sevsəydim soyumazdım.

Zirvələrə qalxıram,
Neçə qarlı zirvəyə,
Mən niyə soyumuşam,
Bəlkə zirvələr deyə?!

Kimisə sevəm gərək!
Ayağımın altında
Torpaq durmaq istəmir.
Sinəmdə vuran ürək
Sevgisiz öz ömrünü
Başa vurmaq istəmir.

Bəlkə geri qayıdım,
Kəsibdir zaman yolu.
Yox, yox, dönən deyiləm
Tutsa da duman yolu.

 

SEVGİDƏ  TƏLƏSMƏYİN

A qızlar, sevgidə tələsməyin siz,
Sevgi kəməndini sizə tez atır.
Sizin qəlbinizdə sizdən xəbərsiz
Sevilə-sevilə bir sevgi yatır.

Yolumdan ayrılıb mən çaşsam əgər,
Doğru sözlərimdir, eşidin bunu;
Sizin birinizə yanaşsam əgər,
Hardasa bir oğlan bükər boynunu.

Ömrün ən müqəddəs arzularına,
Niyə tələsirsiz,
Yoxsa çaşıbsız?
Mən namərd demirəm başqalarına,
Nə yaxşı mənimlə qarşılaşıbsız.

Həyatın hesabsız hay-harayından
Ömrə bir hay düşür, bir haray düşür,
Yadda saxlayın ki, sevgi payından
Həyatda hərəyə bircə pay düşür.

Gizlicə qovrulub hey için-için,
Kim isə ömrünü açar səhərsiz…
Hələ tələsməyin,
Hər birinizçün
Bir oğlan yol gəlir sizdən xəbərsiz.

İllərin üstündən illər aşdıqca,
Zamanın hökmündə elə çaşıram.
Böyüyüb siz mənə yaxınlaşdıqca,
Yaş ötür, mən sizdən uzaqlaşıram.

A qızlar, sevgidə tələsməyin siz,
Sevgi kəməndini sizə tez atır.
Sizin qəlbinizdə sizdən xəbərsiz
Sevilə-sevilə bir sevgi yatır.

Ömrünün yazını, sevgi çağını
Yaşım silkələyib, salıb əlimdən.
Ömrümün subaylıq sultanlığını
Oğlumun gəlini alıb əlimdən

Qızlar bulağından bir gün içəndə,
Kiminsə qəlbini siz ovlarsınız.
Sabah qapınızdan gəlib keçəndə,
Məni yox, oğlumu haraylarsınız.

 

İLK  SEVGİ DƏSMALI

Həyatda çoxuna ilk sevgi sözü
Dönük məhəbbətdən yanar köz olur.
Deyirlər, bilmirəm,
Yalan, ya düzü,
Çox vaxt ilk məhəbbət uğursuz olur.

Əhdi, məhəbbəti sınamaq üçün,
Sən mənə dəsmal da bağışlamışdın.
Gəlmişdin, əbədi sən yanmaq üçün,
Bəs niyə bir anda yanıb alışdın?

Başa düşəmmirəm kimdə günah var,
Axı, kim ayırdı iki əzizi?
Görən ilk sevgimi oldu günahkar,
Yoxsa ki, bu dəsmal ayırdı bizi?

 

ÜMİD  QATARI

Görüşdük,
Biz olduq hamıdan əziz.
Ayrıldıq,
Qoy ürək kədərlə dolsun.
Dedik ki, vaxt gələr görüşərik biz,
Görüş bizim üçün qoy ümid olsun.

Qatar yola düşdü ayrılıq günü,
Elə bil, əbədi ayrılıb getdin.
Yaş boğdu, islatdı sənin üzünü,
Yenə ümid kimi mənə əl etdin.

Gəlirəm o yerə mən dönə-dönə,
Gözümə sən orda, orda dəyirsən.
Neçə qatar gəlir,
Ayrılır yenə,
Mənə elə gəlir əl eyləyirsən.

Gün hardan doğmuşdu ömrün bu vaxtı?
Çıxmadın, boş qaldı məhəbbət taxtı 
… Saçların sinəmdə qıvrılacaqdı.

Sevgi qapısını gizli döyən kəs
Məndən sənə dedi, səndən deyən kəs,
Ara sözlərinə inandın əbəs.
Qəlbi səksəkəli, səsli eylədin,
Bizi bu dünyada küslü eylədin.
Keşişsiz, kilsəsiz, bilmirəm nədən
Mən Kərəm, özünü Əsli eylədin.

 

MƏHƏBBƏT  ÖMRÜ

Osman Sarıvəlli və həyat yoldaşı Sayalı xanıma.

Bir ana görmüşdüm
Anam yaşında,
Bir qoca görmüşdüm
Atamdan böyük:
Sanki yuvalanıb duman başında
Oğul-qız böyüdüb onlar bir bölük.

Qocalar -
Dəryada bir qoşa gəmi,
Su kimi durulub - bulanırdılar.
Onlar bir-birinin,
Pərvanə kimi,
Necə də başına dolanırdılar.

Qarı nəsə dedi yorğun ərinə,
Onu ağır işdən çəkdi, ayırdı.
Mənə elə gəldi,
Biri-birinə
Qocalar məhəbbət pıçıldayırdı.

Gileyli deyillər hər ötən gündən,
Gördüm, bulaq kimi aşıb-daşırlar.
İllər ötüşdükcə,
Eşqin gücündən,
Mənə elə gəldi, cavanlaşırlar.

Kimdir cavan qalan qoca dünyada?
Kimi kim unudar,
Kim yad eyləyər?
Məhəbbət insanı yüz yaşında da,
Bir daha inandım, Fərhad eyləyər.

İnsan öz ömrünü verməsə bada,
Heç zaman yolundan geri dönməyir.
İşə bax, insanın yüz yaşında da
Qəlbində ilk eşqin odu sönməyir.

Həyatda iki qəlb doğmasa, birsə,
Elə bil, bir ildir - bir anın ömrü.
Kim ki, yüz yaşında sevə bilərsə,
Məhəbbət ömrüdür - insanın ömrü.

 

QAYITMA,  QAYITSAN…

Hər sözü eylədin ürəyinə yük,
Sən necə inandın deyilən sözə.
Qoy heç kim bilməsin nədən inciyik,
Danışsam,
Eşidib gülərlər bizə.

Əlindən quş kimi uçdu səadət,
Qəlbinə qısqanclıq doldu, nə doldu.
İllərlə sınaqdan çıxan məhəbbət,
İşə bax,
Bir sözün qurbanı oldu.

Bu həsrət yolumda olar çən, duman,
Axtarıb o eşqi
Yaşayaram mən.
Ay keçər,
İl ötər, gələr bir zaman
Bu həsrət saçından görünər dən-dən.

Qəlbimdən qığılcım vermişəm axı…
Qəlbində söz olub danışan odu.
Gizlədə bilməzsən,
Görmüşəm axı,
Sənin kirpiyində alışan odu.

Bəzən çənli gündə, dumanlı gündə
Sən sala bilməzsən ürəyi bəndə.
Hələ bilməyirsən sevgi önündə
Sərhəd də acizdir, sərhəd çəkən də.

Götür məhəbbətin ağır yükünün
Ən böyük tayını çiynimə aşır.
Hələ bilməyirsən sevgi mülkünün
Həsrəti ən müdrik nağıl danışır.

Döyəcək qəlbini payız yağışlar,
İnadın köz kimi sönəcək onda.
Məndən üz döndərən soyuq baxışlar
Yenidən od alıb yanacaq onda.

Bu yolu bir anda getməyə nə var,
Belə tələsməyə hamı qoçaqdır…
Bir zaman sürətlə getdiyin yollar
Qıvrılıb boynuna sarılacaqdar.

Qalıb səksəkəli hər qış, hər bahar,
Hər vaxt qor dolacaq sənin yerinə.
… Yükü çiyinlərdə çəkməyə nə var?!
Qonacaq qəm yükü kirpiklərinə.

Həsrətin səmaya kəmənd atacaq,
Günəş istəyəcək qəlbin, gözün də,
Osa səhər, axşam doğub batacaq, 
Sevgisiz qalacaq dünya üzündə.

Durnalar deyəndə vida nəğməsi,
O anlar yenidən varaqlanacaq.
O dadlı günlərin quru kölgəsi -
Şirin xatirələr sənə qalacaq.

 

QAYTAR  MƏHƏBBƏTİ

Deyirlər, çıxırsan uzun yollara
Baxırsan…
Baxırsan, qəmli baxırsan.
Mənasız deyirdin özün yollara,
İndisə
Gözləri nəmli baxırsan.

Eşqim daşa dəydi,
Soyuq bir daşa,
Özün de,
Bunları sən etmədinmi?!
Hələ çox var idi boranlı qışa,
Dağların başını çən etmədinmi?!

Düşünmə,
Nə deyər camaat bizə,
El, oba yanında bu, gülünc deyil.
Mən də ki,
Vurmaram keçəni üzə.
Qaytar məhəbbəti,
Hələ gec deyil.

 

ÖZÜN  BİLƏN  YAXŞIDIR

Yığdın umu-küsünü
Qəlbinə qalaq-qalaq.
Bir yad sözü, hissini
Daradı daraq-daraq.

Mən də susdum,
Neyləyim,
Bəzən susmaq yaxşıdır.
İnan, 
Düzünü deyim,
Sevib küsmək yaxşıdır.

Sevginin göz yaşını
Qəlbdən silən yaxşıdır.
Sev ürəyin biləni,
Ürək bilən yaxşıdı.

Eşqdə məğrur olan yox,
Bir az enən yaxşıdı.
Lap yolun yarısından
Geri dönən yaxşıdı.

Demə ki,
Səhər-axşam,
Deyib-gülən yaxşıdır.
Bilsən özün biləni,
Özün bilən yaxşıdır

 

İSTƏSƏN DƏ,  İSTƏMƏSƏN  DƏ…    

Bir gözəl görmüşdüm, nur çeşməliydi,
Nə yaxın durmalı, nə keçməliydi.
Əvvəl o görməli, o seçməliydi,
Onu istəsən də, istəməsən də.

Bilmirəm, saçına nə düzdü gözəl,
Baxdım, elə bildim gündüzdü gözəl.
Özüm də bilmədən can üzdü gözəl,
Canı istəsən də, istəməsən də.

Vaxt keçdi, dəyişdi dünyanın donu,
Görəsən nə zaman itirdim onu?
Yaş ötdü, o sevda, o illər hanı,
Hanı, istəsən də, istəməsən də?

 

ÜRƏK  SÖZSÜZ  DANIŞIR

Telefon dilə gəlir,
Demək, hələ ümid var.
Başlayır dillənmədən,
Nəfəslə "danışıqlar".

Köksünü ötürürsən,
Nəfəs mənə tanışdır.
Mən bunu istəyirdim, 
Deyirdim ki, sən məni
Nəfəsinlə danışdır.

Axı mənə sözün yox,
Nəfəsin gərək idi.
Bir vaxt dediklərini,
Nə yaxşı ki, özün yox,
Mənə nəfəsin dedi.

İndi ayrılmışıq biz,
Qovuşan telefonun
Zəng çalan dilləridir.
İndi görüş yerimiz
Telefon telləridir.

Bir zaman buza dönür,
Deyirdim alışmırsan.
İndi ürəyin dinir,
Sən özün danışmırsan.