Anama məktublar
MÜSAHİBƏ
"Yaddaş" sənədli kino-filmində
Qərb şəhərlərinin birində yaşlı
bir kişidən Stalinqrad döyüşü
haqqında soruşurlar. O: - Belə
bir şəhər tanımıram, - deyir.
Yadımdan çıxarmı qəmi dünyanın,
Qəmim göz yaşımı dondurub mənim.
Odlu güllələri müharibənin
Bələkdə olanda yandırıb məni.
Soruş, məndən soruş, danışım indi
Həsrətli, kədərli körpəliyimdən.
Danışdır, od tutub alışım indi
Qığılcım-qığılcım, alov-alov mən.
İndi böyümüşəm, evə hayanam,
Bir yurda bir ümid gətirmişəm mən.
Məni od içindən tapıbdır anam,
Bir ata, üç əmi itirmişəm mən.
Günəşli göylərə qaranlıq çöküb,
Dağların, düzlərin dəyişib donu.
Anam həsrət çəkib, kasadlıq çəkib,
Mən ana bətnində duymuşam bunu.
Deyərəm qəlbimdə, yadımda nə var,
Yaddaşım üst-üstə nə qalayıbdır.
Dünyanı titrədən ağır bombalar
Mənim yüyrüyümü yırğalayıbdır.
Yığıb ürəyimə kədəri, qəmi,
Adi ilmə kimi gözələyirəm.
Yığdığım günləri bir yumaq kimi
İstəsəm açaram, çözələyərəm.
Yadımda nə qədər səda qalıbdır,
Dindirib qəlbimdən çıxardın barı.
Mənim qulağımda sırğa olubdur
Əsgər addımının tappıltıları.
Məndən dava soruş, yanım, alışım,
Məndən soruşma ki, niyə gülmürəm.
Əgər bu azdırsa, yenə danışım,
Əgər bu çoxdursa, susa bilmərəm.
TUT AĞACI
Uşaqlıq dostuma
Köhnə məhəllədə indiyə qədər
Qalmışdı yadigar bir tut ağacı.
Qalxıb ucalmışdı düz göyə qədər
Bizim gözümüzdə başının tacı.
***
Bizə təsəlliydi boyu, görkəmi...
Möhtacdıq biz onun yazda barına.
Məhlə uşaqları qarışqa kimi
Qalxıb sarmaşardı budaqlarına.
***
Bir evin övladı dedilər bizə...
Bir az anaların dərdini dərdik;
Elə mehribandıq bir-birimizə,-
Onun şirnisiylə şirinləşərdik.
***
Əl çatan ətəyi yaşlılarındı...
Yerdə cücələrin hayı, harayı...
Gövdənin ortası bizimki idi,
Oldu zirvədəki quşların payı.
***
Yığışdıq altına qışın qarında,
Yazda sərvətimiz, yazda varımız...
Quştək yuvalandıq budaqlarında,
Bərkidi, böyüdü qanadlarımız.
***
Ona özümüzü övlad sanardıq;
Yaz-yay budaqların hər buğumunda
Tumurcuq-tumurcuq tumarlanardıq
Sanki tut ağacı tumurcuğunda.
***
Artıq böyüsək də yenə də ürək
İnanma unuda, inanma, dana...
Onun şirin-şəkər dənələri tək
Düşüb səpələndik hərə bir yana.
***
Qəlbdə qəlbiləşən pozulmaz izdir,
Gəl unut bir görüm, unut, ağaçı;
Bir ana qoynutək mənə əzizdir
Köksümdə köklənən o tut ağacı.
***
Haça budaqları oylağımızdı,
Bizimçün qarlı dağ, çiçəkli düzdü.
Yayda ətəkləri yaylağımızdı,
Qışda-qışlağımız, örtüyümüzdü.
***
Gözlərim bulandı...
Nələri andı...
Bir xəbər eşitdim boğdu qəhər, qəm;
Sobada alışıb, ürəkdə yandı
Başımda tüstüsü...
Dumanlı aləm.
***
Dolaşdı qoynunda qışın qar saçı:-
Çoxaldı, çırpındı, karıxdı, çaşdı;
Yoruldu, kəsilib onun əlacı
Çarpaz budaqlarda axır dolaşdı.
***
Qar üstə qar qondu,
Qar qanad gərdi,
Budaqlar qar altda qar qarındılar...
İndi sərçələrin, indi də dərdi,-
Elə bil qartopu oynayırdılar.
***
Fikrim pərən-pərən, qəlbimdə təlaş,
Köksümdə köklənir...
Sinəmdə simdi...
Dibindən kəsilib doğranan yaş-yaş
Yanaqda yaş olan acı bir qəmdi.
***
Qəlbimdə tumurcuq dənəsi-hər dən...
Baxdıqca üzümə qanlı yaş gəlir,
Onun kötüyünü görəndə hərdən
Nədəndir gözümə qarlı qış gəlir?!
***
Yenə də o həyət...
O arx, künc-bucaq....-
Başımın tüstüsü...
Beynimdə ocaq...
Həyətdə dumandı, qəlbimdə qəmdi...
Köksümdə köklənir...
Sinəmdə-simdi...
***
Hər gün gün batanda, qızaranda dan-
Fikrimdən çıxmayır o tut ağacı,
Həyatda çoxları çıxıb yadımdan,
Gəl unut bir görüm, unut, ağacı.
ÇAL, HABİL!...
Çal, Habil, segahını
Mənim bu ad günümdə.
Çal, qəmli segahını
Mənim bu şad günümdə.
Müharibə illəri
Nə qədər itkin düşən
Adlar yadıma düşüb.
Neçə-neçə adları
Kül eləyən alovlar,
Odlar yadıma düşüb…
Bircə güllə bir adın
Sahibini apardı.
Bir ömrü köklü-dibli
Budağından qopardı.
Min alovdan keçdilər,
Neçə nakam oğulun,
Neçə nakam qardaşın
Adına and içdilər.
Yetim qalan adlara
Bir segah çal, qardaşım.
Mənim bu ad günümdə,
Mənim bu şad günümdə
Bir segah çal,
Qardaşım!
OXŞAT, AY DAYI
Bir cəbhəçinin söhbətinə qulaq asarkən.
Ay dayı,
Qəlbimdən halı deyilsən,
Ömrümü həsrətlə yaşayıram mən.
Qəlbimi yandırıb bəzən deyirsən:
Bir cəbhə dostuna oxşayıram mən.
"Sinəsi medallı,
Sinəsi taclı",
Danış, dalını de,
Necə adamdır?
Dediyin ucaboy,
O qara saçlı,
Bəlkə də,
Ay dayı, mənim atamdır?
Sonsuzdur keçdiyim yolların sayı,
Həsrət yollarının yorğunuyam mən.
Danış,
Bir də danış,
Danış,
Ay dayı,
Ata dəlisiyəm, vurğunuyam mən.
De ki,
Cəbhələrdə döyüşən atan,
Döyüşə-döyüşə ad-san alıbdır.
Vuruşda özünü alova atan,
Deyinən, o mənim atam olubdur.
Bir də o əsgəri sən gətir yada…
Aranlı olubmu ondan savayı?
Dediyin əsgərə oxşamasam da,
Yenidən yaxşı bax,
Oxşat, ay dayı!
Atasız böyüyüb
Ömrün qışında,
Yolumdan nə azıb,
Nə də sapmışam.
Dayı,
Mən özümə otuz yaşında
Sənin söhbətində ata tapmışam.
ATAMI AXTARIRAM
Atamı axtarıram!
Gəlmişəm dost elinə.
Baxıram aram-aram
Azovun sahilinə.
Gör neçə iz qalıbdır,
Düzü, seçə bilmirəm.
Hər qəbirə baxmasam,
Fəqət keçə bilmirəm.
Təzədir köhnə yaram,
Ürəyimdə qüssə var.
Atamı axtarıram,
Ay atası olanlar!
Atamındır bu qəbir,
Qəlbim ona can atır.
Baxıram bir beşikdə
Nə qədər insan yatır.
Qəzəbliyəm səhərdən
Ürəyim tutmur aram.
Burda yatanlara mən
Atam kimi baxıram.
Atamı axtarıram.
ƏKİZLƏR
Atasız böyüyüb ata oluram,
Sanki bir palıd da ucalır yerdən.
Ay keçir,
İl ötür yaşa doluram,
Deyirlər, atama oxşayıram mən.
Atamtək yaşasam,
Kamımı allam, -
Deyərəm, ay ellər,
Bilin, varam mən.
Darıxma, vaxt gələr bir ata ollam, -
Dünyaya bir ata qaytararam mən.
Mənə sənsiz-sənsiz açılır səhər,
Keçər sənsiz-sənsiz il aram-aram.
Şair gördüyündən yazar, deyiblər,
Mən səni görməyib səndən yazıram.
Mənim xəyalımda sən də bir zaman
Dağı dağ üstünə qoyardın, ata.
Sən ki, cavan getdin o vaxt dünyadan,
Qalsan: "Qocalmışam" deyərdin, ata.
İllər, niyə belə aşıb-daşdınız?
Dərdə də, qəmə də
Biz sirdaş olduq.
Ata, siz həyatda üç qardaşdınız,
Biz isə,
Böyüyüb beş qardaş olduq.
Günlər tez ötsə də əsən yel təki,
Mən sənsiz böyüyüb yaşa dolmuşam.
İllər elə keçib,
Coşqun sel təki,
Ata, səninlə mən
Yaşıd olmuşam.
Evləri atasız
Edəndə zaman, -
Neçəsi mənimtək batıbdır yasa.
Sənə oxşayıram boydan-buxundan,
Nə dərdim,
Əməlim sənə oxşasa.
Çağırsam,
Harayım sənə çatarmı?
Axı, bilməyirəm
Harda qalmısan?
Ay ötüb,
İl keçib - xəbərin varmı?
Oğlunun yaşında baba olmusan.
Sənə oxşayıram,
Sirdən-sifətdən.
Durmuşuq səninlə evdə üz-üzə,
Ata,
Şəklimizi böyütmüşəm mən -
Şəkildə əkizlər deyirlər bizə.
BİR DƏ ATA HAQQINDA
Mənə: "Atadan çox yazırsan" deyib
tənbehləyən dostlarıma.
Bilirsiz günləri necə sayıram?
Günlərim mənimlə belə görüşüb:
Təkcə öz ömrümü yaşamayıram,
Bir ata ömrü də öhdəmə düşüb.
Ömrün yollarında xəyala dalıb,
İntizar-intizar yaşa yetmişəm.
Atamdan bir şəkil yadigar qalıb.
Mən şəkli özümə ata etmişəm.
Dayanıb şəkilin qarşısında mən,
Onu bu günümlə görüşdürürəm.
Kədəri, sevinci bilmirəm nədən
Mən cansız şəkillə bölüşdürürəm.
Bir dərdin oduna qoşa yananıq,
Biz birgə olmuşuq hər şeyə şərik.
Elə bil, bir qəlbli iki insanıq,
Hər şeyi birlikdə başa düşürük.
Bir insan olmuşuq onunla bu gün,
Yoxsa bir böyüyüb yaşa dolmuşuq?
İşə bax, atamla yaşıdıq bu gün,
Yaxın dost olmuşuq, yoldaş olmuşuq.
Hamının yolunda ömrünü bütün
Verdi,
Çəkinmədi atam heç nədən.
Həzin misralarla atamı bu gün
Hamının yerinə yaşadıram mən.
Məni qınayanlar
Məni nə sayır…
Bu torpaq
Deyirlər, atamınkıdır.
Bəli, mən atamam -
Atam yaşayır,
Yazdığım şeirlər atamınkıdır.
Bağırsam dünyanı bürüyər hayım,
Elə kövrəlmişəm,
Elə dolmuşam.
Ata həsrətindən necə yazmayım?!
Ata həsrətiylə şair olmuşam.
BU GÖRÜŞ NƏ GÖRÜŞDÜ…
Əsdi bahar küləyi,
Sinəm taybatay oldu.
Bu külək nə küləkdi?
Birdən sinəmə doldu;
Bu görüş nə görüşdü,
Hardan bəxtimə düşdü?
Bu görüş nə görüşdü…
Buna nə deyim axı?..
Yaman yerinə düşdü
Ömrün bu oğlan çağı.
İnanmırdım,
Ürəkdən
Bir də sevinəm, güləm.
Doğrusu,
Gözləmirdim
Bir daha sevə biləm.
Bir az da ötsə idi,
Ömürlük gecikmişdim.
Lap yerində ilişdim,
Yaxşı "kəməndə" düşdüm.
Heç özüm də bilmirəm,
Birdən-birə kim oldum.
Doğulmuşdum,
Bəs niyə
Mən yenidən doğuldum?
ÖZÜN BİLƏN YAXŞIDI
Yığdın umu-küsünü,
Qəlbinə qalaq-qalaq.
Bir yad sözü hissini
Daradı daraq-daraq.
Mən də susdum,
Neyləyim,
Bəzən susmaq yaxşıdı.
İnan,
Düzünü deyim,
Sevib küsmək yaxşıdı.
Eşqdə məğrur olan yox,
Bir az enən yaxşıdı.
Küsəndə ayrılan yox,
Lap yolun yarısından
Geri dönən yaxşıdı.
Demə ki,
Səhər-axşam
Deyib-gülən yaxşıdı.
Bilsən özün biləni,
Özün bilən yaxşıdı.
MƏHƏBBƏT YOLLARI
Yollar haralara yetirər səni,
Ürək intizarla boşalar, dolar.
Gələrsən,
Bu yollar gətirər səni,
Gedərsən,
Bu yollar qaytaran olur.
Bu yollar nə qədər olsa da əziz,
Bərk dayan,
Nə sapaq,
Nə çaşaq bir gün.
Ayrılsaq,
Cığırla ayrılaq ki, biz
Burulub yollarda qovuşaq bir gün.
SƏNİN KEÇDİYİN YERDƏN
Məhəbbət qalasına
Hərə bir cığır seçir.
Mən isə bilməmişəm,
Bu dünyanın yolları
Sizin küçədən keçir.
Bu yerdən qədəmlərim
Hər saat, hər an keçib.
Bilməmişəm - taleyim
Qapınızdan yan keçib.
Əlin dəyən qapıya
Neçə yol əlim dəyib.
Başa düşəmməmişəm,
Əlim niyə göynəyib.
Birdən hər şey dəyişdi,
Döndü necə, bilmirəm.
Hər gün keçdiyim yerdən
İndi keçə bilmirəm.
Dayandıq göz-gözə,
Danışmadıq biz,
Düşdü baxışlar da sanki düyünə.
Könlümə dar gəldi o boyda dəniz,
Düşdüm gözlərinin genişliyinə.
Göyərçin əlləri qoydun sinəmə,
Heç fikir vermədim, doğrusu, düzü.
Mən hardan biləydim,
Əllərin, demə,
Qalacaq sinəmdə ömürlük izi.
Qulağım səsini gör necə alıb.
Eşidir sözünü
Yenə qulağım.
Üzümdə üzünün alovu qalıb,
Hələ də od tutub yanır yanağım.
Gəzdi saçlarında əlim daraqtək,
Əlimdə saçının qoxusu qaldı.
Yuxu da verəydin sən mənə gərək,
Bəs niyə gözümün yuxusu qaldı?