Close

Dağlar danışsaydı

YARATMAQ  EŞQİ

Sanki fikirlərim quruyub mənim -
Mən suyu soğulmuş çaya dönmüşəm.
Dünən zirvələr də uca deyildi,
Bu gün zirvədən də, deyən, enmişəm.

Hər gündə bir məclis kəsir qabağı,
Günlər boş-boşuna ötüşür nədən?
Çatıbdır yaşımın elə bir çağı,
İndi öz sözümü deməliyəm mən.

Fikirlər məclisdə sağlığa dönür,
Ürəklər badələr arxasındadır.
Bir də görürsən ki, gözlərin sönür,
Ömür qocalığın yaxasındadır.

Demirəm köksümü qabardıb, gərib
Bəzən vulkan kimi alışmalıyam.
Gözlərim dünyada çox şeyi görüb,
Mən də bildiyimdən danışmalıyam.

Şeirsiz həyatda quru nəfəsəm,
Sözlərim ömrümə dayaqdır mənim.
Sabah öz fikrimi deyə bilməsəm,
Bu gün yaşamağım nahaqdır mənim.