Close

Nə var ki…

Heç kəs söyləməsin
"Hələ nə var ki"…
Həyat nə istəyir, onu da edir.
Günlərə nə var ki, ilə nə var ki,
Gedilən nə varsa, ömürdən gedir.

Dərə ağzınacan yenə dolubdur,
Yağışa nə var ki,
Selə nə var ki…
Ürək var, bir sözdən infarkt olubdur,
Güllətək açılan dilə nə var ki…
 
Həyatda arzusuz, kamsız olan var,
Əcəl bunu qana,
Qana nə var ki…
Dünyada hələ də şamsız olan var,
Gecə olmalıdır, ona nə var ki!

İldırım palıdı aşırır yerə,
Buluda nə var ki, göyə nə var ki.
Özü bildiyini etsə də hərə,
Gərək deyən olsun, deyə: nə var ki!

Fərqi yox, hər fəsil bir don geyirsə,
Uyuyur sinəmdə qış ki, bahar ki.
Əgər yer də, göy də bunu deyirsə,
Təkcə mən demərəm, mənə nə var ki!