Close

Dağlar danışsaydı

Dağlar danışsaydı, deyərdi, mənim
Dərdi dözülməyən dağlarım qalıb.
Dağlar danışsaydı…
Deyərdi, mənim
Üstümü dumanlar, tüstülər alıb.

Dağlar danışsaydı,
Neçə səhəri
Zamandan-zamana soraqlayardı.
Gizli cığırları, yad ləpirləri
Açıb kitab kimi varaqlayardı.

Deyərdi, dumanlar əynimə dardır,
Deyərdi, hər şeyi geymək olarmı?
Dünyanın özünün xəbəri varmı?
Dünyanın dağ kimi vüqarı vardır.

İgidlər yapıncı geyib əyninə,
Düşmənin başını əyərdi burda.
Bir xalqın dərdini alıb çiyninə,
Bir xalqın sözünü deyərdi burda.

Çırpdıqca qar-yağış,
Döydükcə boran,
Deməyin, deməyin, inləyir dağlar.
Onlar danışsaydı, susardı hər yan,
Hər yan söhbət edir,
Dinləyir dağlar.

Ağsaçlı zirvələr bölük-bölükdür,
Baxır, bir-birinə qovuşa bilmir.
Dağların dastanı elə böyükdür,
Neyləsin, dili yox, danışa bilmir.