Close

Dan qızaranda

Sən niyə qorxursan dan qızaranda,
Darıxma, səhərə hələ çox qalıb,
Buludlar dayanıb,
Sanki bu anda
Üfüqlər, üfüqlər xəyala dalıb

Bir anlıq olmasın sənin görüşün,
Ömrümüz qalmasın qoy arzularda…
Hara tələsirik, dayan, bir düşün,
Onsuz da gödəkdir ömrümüz orda.

Gecəni dağ bilib qoşa aşmışıq,
Keçib neçə-neçə belə gecəmiz.
Həmişə axşamı qarşılamışıq,
İndi də səhəri qarşılayaq biz.

Təbiət qızıldan sanki don geyir,
Meşə pıçıldaşır, ağaclar gülür.
Günəş o tərəfə əlvida deyir,
Günəş bu tərəfi salama gəlir.

Günəşsiz təbiət necə soyuqdur,
Günəş təbiətin odlu nəfəsi.
Sən də dəyişmisən, xəbərin yoxdur,
Qaynayır gözündə gənclik həvəsi.

Çox şey görməmişik axı hələ biz,
Başqadır təbiət göylər yananda.
Həmişə görüşək indən belə biz
Uzaq üfüqlərdə dan qızaranda.