Close

Ata haqqında düşüncələr

1. Ekizlər

Atasız böyüyüb ata oluram,
Sanki bir palıd da ucalır yerdən.
Ay keçir,
İl ötür, yaşa doluram,
Deyirlər, atama oxşayıram mən.

Atamtək yaşasam,
Kamımı allam,  -
Deyərəm, ay ellər,
Bilin, varam mən.
Darıxma, vaxt gələr, bir ata ollam -
Dünyaya bir ata qaytararam mən.

Mənə sənsiz-sənsiz açılır səhər,
Keçər sənsiz-sənsiz il aram-aram.
Şair gördüyündən yazar, deyiblər,
Mən səni görməyib səndən yazıram.

Mənim xəyalımda sən də bir zaman,
Dağı dağ üstünə qoyardın, ata.
Sən ki, cavan getdin o vaxt dünyadan,
Qalsan: "Qocalmışam" deyərdin, ata.

İllər, niyə belə aşıb-daşdınız?
Dərdə də, qəmə də
Biz sirdaş olduq.
Ata, siz həyatda üç qardaşdınız,
Biz isə,
Böyüyüb beş qardaş olduq.

Günlər tez ötsə də əsən yel təki,
Mən sənsiz böyüyüb yaşa dolmuşam.
İllər elə keçib,
Coşqun sel təki,
Ata, səninlə mən
Yaşıd olmuşam.

Evləri atasız
Edəndə zaman, 
Neçəsi mənimtək batıbdır yasa.
Sənə oxşayıram boydan-buxundan,
Nə dərdim,
Əməlim sənə oxşasa.

Çağırsam,
Harayım sənə çatarmı?
Axı, bilməyirəm
Harda qalmısan?
Ay ötüb,
İl keçib - xəbərin varmı?
Oğlunun yaşında baba olmusan.
Sənə oxşayıram,
Sirdən-sifətdən.
Durmuşuq səninlə evdə üz-üzə,
Ata,
Şəklimizi böyütmüşəm mən -
Şəkildə - ekizlər - deyirlər bizə.

 

2. Oyuncaq

Ay ata, sən mənə oyuncaq alıb,
Dedin: "Oyna, quzum, gələnəcən mən".
Mənsə səfərini birgünlük bilib,
Deyirdim, harasa yenə gedirsən.

Hər şeyi öyrədir həyat insana, -
Qəlbimə qüssə də, sevinc də doldu.
Verdiyin oyuncaq
Qaldı bir yana,
Həyat özü mənə oyuncaq oldu.

Oynayıb,
O qədər alışdım ona,
Oynadım nə qədər kədərlə, dağla.
Ömrün uşaqlığı qaldı bir yana,
Gəncliyi yaşadım bu oyuncaqla.

Həyatın çox olur sevinci, qəmi,
Bunlar Yer üzündə əbədi varmış?
Oynadım,
Ay ata, dediyin kimi,
Həyatın oyunu yaman olurmuş.

Analar, bacılar
Geyindi qara, -
Gör nələr olurmuş qoca dünyada.
İndi mən baxdıqca oyuncaqlara,
Həyatı gəzirəm,
Həyatı, ata!

O qədər bürüyüb,
Oyunlar yeri,
Bəzən qəmlənirsən,
Bəzən gülürsən.
Ata,
Oynayıram o vaxtdan bəri,
Nə oyun qurtarır, nə sən gəlirsən.