Close

Mənim nağıl yaşlarım

Mənim nağıl illərim,
Mənim nağıl günlərim,
O şirin xatirəniz
Bir nağıla dönübdür.
Sizi mən dinləyərkən
Ürəyim neçə dəfə
Qəmlənib, sevinibdir.

Görən, harda yorulub
Uzaq uçan günlərim?
İndi bir nağıl olub
Məndən qaçan günlərim.

Nağıl qanad çalardı,
Bizi yatmazdan qabaq
Qanadına alardı.
Dayanardıq, durardıq,
Neçə dərədə, dağda
Neçə yuva qurardıq.
Elə bir şey yoxdu ki,
Olsun o heyrət kimi, -
İndi yuxular təki
Heyrətlərim uyuyub. -
Mən suya həsrət kimi
Dodaqlarım quruyub.
A nağıl yoldaşlarım,
Neçə divin ardınca
Göndərdik hərdən sizi.
Mənim nağıl yaşlarım,
Dağlara, dərələrə
Səpələdim mən sizi.
Gəlin, üfüqlər aşaq,
Elə bil, buludlardan
Yapışıbdır əllərim.
Könlümə nağıl düşüb,
Gəlin, nağıl danışaq.
… Biri varmış,
Biri yoxmuş…
Varmış nağıl illərim.