Close

Musiqi, bəlkə də, gecələrindir

Musiqi, bəlkə də, gecələrindir, -
Qınayan olmasın mən desəm belə.
Axı, bütün dünya yatıbdır indi,
Mahnılar … mahnılar oyaqdır hələ.

Musiqi səslənir,
Ürək dünyada -
Nə deyim, vüsala bəlkə çatmayıb.
Musiqi səslənir,
Demək, dünyada
Kim isə, hardasa hələ yatmayıb.

Nə qədər gözəlmiş baxın, üfüqlər,
Sanki səhər ilə gecə qovuşur.
Mahnı səsləndikcə, yaxın üfüqlər
Uzaq üfüqlərə necə qovuşur.

Musiqi hamıya çatırsa əgər,
Ona neçə sevinc, dərd qatmaq olar.
Dünya musiqiylə yatırsa əgər,
Elə musiqiylə oyatmaq olar!