Close

İki ürək

Necə sığdı, görən, necə
Bir ürəyə iki ürək!
Elə bil ki, ürəyimiz
Qoşalaşdı
Ulduzlartək.
Bir ürəyə iki əziz,
Bir ürəyə iki keşik…
Elə bil ki, ürəyində
O mənimlə, mən onunla, 
Biz - ikimiz
Görüşmüşdük.
Məhəbbətin iki oldu,
Sədaqətin iki oldu.
İki rəqib, -
Səninçünsə iki əziz.
Mən onunla, o mənimlə
Ürəklərdə görüşdük biz.
Eşqimizdən deyə-deyə,
Elə bil, üz-üzə gəldi
Bir invanda
İki ada.
Axı niyə qoşa etdin
İki qütbü bir dünyada?
Ürəyində qalır, dedin,
İki ürək.
Ürəyinə doğma ikən
Ürəyinə yad elədin
İki ürək.
Nə təqsiri onun, mənim,
Başa düşdük bunları biz
Hər ikimiz.
İki sevgi aşdı-daşdı -
Bir sevginin adı oldu.
Yadlar elə doğmalaşdı -
Bir doğmanın yadı oldu.