Close

Həyat

Həyata nə qədər yaraşırıq biz,
Elə həyat bizi qoşalaşdırıb.
Dünyada zərrədir məhəbbətimiz,
Dünyanın gözünü o qamaşdırıb.

Həyat bizim üçün oyuncaq deyil,
Həyatın naminə çalışır insan.
Bəlkə də alışan od-ocaq deyil,
Həmişə həyatda alışır insan.

O qədər zirvələr aşmışıq ki, biz,
İndiki yoxuşlar eniş olubdur.
Dünən kiçik idi üfüqlərimiz,
Bugünkü üfüqlər geniş olubdur.

Əngin üfüqlərdə indi uçmağa
Sən mənə ən böyük qanad vermisən.
Üfüqlər ardından üfüq açmağa
Ömrümə ikinci həyat vermisən.