Close

Sən elə insandın

M. Hüseynə

 

O qədər çox idi sənin istəyin,
Görürük, bu istək hamıya çatır.
Hərdən aram-aram gülümsəməyin
İndi kədər olub -
Yaddaşımdadır.

Özün deməsən də, gördük üzündən
Qəlbində nə qədər arzuların var.
Sənin düz sözündən, doğru sözündən
Bəzən incidi də dostlar, tanışlar.

Biri doğru sözə əyri deyəndə,
Həqiqət adıyla sözünü yazdın.
Sən elə insandın,
Səhv eyləyəndə,
Səhvi özünə də bağışlamazdın.

Böldün hamı ilə diləyini sən,
Bunu mən demirəm, həqiqət deyir.
O qədər yüklədin ürəyini sən,
Ürək nə eyləsin, ürək daş deyil.

Səni səndən sonra hamı yad eylər,
Həqiqət rəmzitək çəkilər adın.
Son anın sükutla ötsəydi əgər,
Bəlkə də bir əsr yaşamalıydın.

Sənə ehtiyac var,
Ehtiyac, yenə,
Sənsiz doğan "səhər" çənə bürünür.
Bəlkə kiçik ömrün, bax, bu gün mənə
Onunçün bu qədər böyük görünür.