Close

Yollar

İzlər
Düzlər keçib, dağlar aşıbdır,
Hərdən şaxələnib qollara dönüb.
Cığırlar o qədər qoşalaşıbdır,
Axırda böyüyüb yollara dönüb.

İstər yoxuş olsun, istər daş, qaya,
Yollar addımlayır,
Yollar sürünmür.
Elə bil, kəmərdir yollar dünyaya,
Amma ki, yolların sonu görünmür!..

Yollar qısa olsa neyləyərik biz,
Yollar uzun-uzun,
Qoşa-qoşadır.
Geniş sinəsində nə qədər əziz
Neçə xatirəni yollar yaşadır.

Yollar Yer üzündən çox keçəcəkdir,
Siləcək dünyadan hicranı, qəmi.
Deyirlər, yolların ömrü gödəkdir,
Uzanan ömürlər yollar deyilmi?!

Orda neçə-neçə hicran, vüsal var,
Yollar nə yaxındır,
Nə də uzaqdır.
Bu yerdə insandan
Ayrılan yollar
Hardasa insanla qovuşacaqdır.