Close

Qazaxda bir çinar var

Bir çinar böyütmüşəm,
Hər yarpağı ömrümün
Bir gününü alıbdır.
Sevinirəm, nə yaxşı
İndi məndən dünyada
Bircə çinar qalıbdır.
O məndən tez böyüdü,
Əlimlə ucaltdığım
Məndən əziz böyüdü.
Bir yarpağı solanda
Ürəyim tir-tir əsib.
Budağını kəsən kəs,
Mən elə bilmişəm ki,
Mənim qolumu kəsib.
… Mən uşaq ola-ola
Bir çinar böyütmüşəm.
Elə bil, çinar deyil,
Bir vüqar böyütmüşəm.
Qəlbim hərarət verib
Hər açılan yarpağa.
O məndən tez böyüyüb
Kölgə saldı torpağa.
Qazaxda bir çinar var:
Bir çinar, uca çinar!