Əzizim Ələkbərə
Keçən aylar, illər
Sanki olmamış,
Keçən xatirələr yaşayır harda.
Çöllər sinəsində süfrə salmamış,
Çovğun at oynadır gözəl baharda.
Heç vaxt bir qərarda ötməyir zaman, -
Bəzən qönçə açır, bəzən də solur.
Elə ki, dünyadan köçdü bir insan,
Deyirlər, min ilin ölüsü olur.
Bu qədər bir yası saxlamazdım heç,
Sən qucaq açmamış, qucaqda getdin.
Bəlkə böyük olsan ağlamazdım heç,
Axı, uşaq gəldin, uşaq da getdin.
Nələr danışmadı o körpə gözlər,
Sanki Günəş kimi, Ay kimi batdı.
Sənin can üstündə dediyin sözlər
Mənim ömrüm boyu qulağımdadır.
Adın çəkiləndə əsir bədənim,
Bilmirəm mən necə addım atıram.
Hər axşam yuxuma girirsən mənim,
Bəlkə də bununçün bir az yatıram.
Kədəri qəlbimdən ata bilmirəm,
Fikirlər toqquşur başımda mənim.
Gedirsən, dalınca çata bilmirəm,
Dəryalar yaranır qarşımda mənim.
Görmüşdüm həyatda tək ata dağı,
Sənin vurduğun dağ başqa dağ oldu.
Çiçəklər bəzədi qara torpağı,
Səninlə torpağın üzü ağ oldu.