Close

Gözüm səni axtarır

Söyüdlər saçaq-saçaq,
Çiçəklər qucaq-qucaq.
Uzanır yaşıl çəmən,
Nə gələn var, nə gedən…
Gözüm səni axtarır.

Çəmənə yağış düşür,
Çiçəyə naxış düşür.
Sürülər döşə gəlir,
Maral örüşə gəlir…
Gözüm səni axtarır.

Düşünüb aram-aram,
Sənə şeir yazıram,
Sözüm səni axtarır,
Gözüm səni axtarır…