Close

Tələsirəm mən

Açıram qollarımı
Dağdan əsən yellərə.
Salıram yollarımı
Çəmənlərə, çöllərə.
Bir sərinlik gətirən
Küləktək əsirəm mən,
Yoxuşları çıxmağa
Yaman tələsirəm mən.

Qar yağışa qarışsa,
Payız qışa qarışsa,
Dərədən sellər axsa,
Günəş yandırıb yaxsa,
Yeni dünya açmağa
Şeiriyyət gəzirəm mən.
Üfüqlərdə uçmağa
Yaman tələsirəm mən.

Hər yerə tələsirəm:
Gecəyə tələsirəm,
Səhərə tələsirəm.
Bu yolda boran kimi,
Şaxta kimi əsmirəm,
Amma ki, insan kimi
Ömürdə tələsmirəm.