Close

Ata

Qanlı döyüşlərə sən sinə gərdin,
Cəbhəyə yollandı, cəbhəyə hamı…
Deyirlər, mərdliklə ömrünü verdin,
Vətənin yolunda bir yaz axşamı.

Ata, həsrətini çəkirəm yenə,
Yenə yaşayırsan sözlərinlə sən.
Baxıram şəklinə mən dönə-dönə,
Sanki danışırsan gözlərinlə sən.

Titrəyir əllərim, əsir bədənim, 
Mənə dodaqaltı nəsə deyirsən.
Ata, kədərlidir ürəyim mənim,
Sən isə həmişə gülümsəyirsən!..

Ev tikmək istədin, qaldı yarımçıq,
Yaşıl mamır bitdi daşların üstə.
Hardasan, ay ata, hardasan? Gəl çıx,
Nə vaxtdır qalmışıq qulağı səsdə.

Diqqət yetirmisən hər adi daşa,
Bina dağılmadı, ömürdən oldun.
Evin hörgüləri vuruldu başa,
Axı, təməlini qoyan sən oldun!

Külfətin yenə də güldü, sevindi,
O isti nəfəsin otaqlardadır.
Çəkdiyin zəhmətin bəhrəsi indi
Təzə çiçək açmış budaqlardadır.

Şəklini asmışıq təzə otaqdan,
Sanki dodaqaltı nəsə deyirsən,
Kədər boğur məni, ata, bayaqdan
Sən isə…
Sən isə gülümsəyirsən.