Close

Musiqi (radionu dinləyərkən)

Musiqi səslənir, musiqi dinir,
Genişlik açılır önümdə mənim.
Göylər asta-asta qəlbimə enir,
Üfüqlər alçalır önümdə mənim.

Səmalar dənizdir, musiqi dalğa,
Dalğa dalğalarla baş alıb gəlir.
Göylər sinəsini verir qabağa,
Dünyanın kədəri boşalıb gəlir.

Odur Yer üzünün dövləti, varı, 
Odsuz ürəkləri alışdırır o.
Bütün insanları, bütün xalqları
Musiqi diliylə danışdırır o.

Sözü bir aləmdir mənim çalğımın,
Onda neçə ürək parası vardır.
Deyirəm, nə yaxşı mənim xalqımın
Üzeyri, Fikrəti, Qarası vardır.

Göylərin sinəsi mahnıyla dolsun,
Gen gündə, dar gündə gərəyimdi o.
Hara musiqisi qoy olur-olsun,
Ürəyə yol tapdı  ürəyindi o.