Close

Araz axır

Buludlardan cərgə düşür,
Sərhəd boyu kölgə düşür.
Torpaq üstə qopan kölgə
O sahillə bu sahilə 
Birgə düşür.
Keçir Araz, qəmli keçir,
Gözü yaşlı, nəmli keçir.
Keçir Araz
Dalğa-dalğa, ləpə-ləpə.
Sahilinə hicran odu səpə-səpə.
Keçir Araz qüssə-qüssə, kədər-kədər,
Bu qüssəsi, bu kədəri dünya qədər.
Baxır Araz
O sahilə yana-yana,
Su istəyir, siz su verin içsin ona.
Onun suyu  su deyildir,
İçmək ola.
Onun suyu  su deyildir keçmək ola.
Axır Araz bir od kimi
Yana-yana.
Axır Araz,
Axır dayaz.
Dəhşətə bax:
Su yanarmış Yer üzündə.
Su gətirin
Arazımı söndürməyə.