Close

Payız

Payız qonaq gəlib bağa-bağçaya,
Göstərir təbiət varlı çağını.
Nənələr yenə də yığır boğçaya
Xirnik qurusunu, armud qaxını.

Çən-duman alıbdır dağın başını,
Havadan soyumuş bir nəfəs gəlir.
Kainat necə də çatıb qaşını,
Baxdıqca qəlbimə bir həvəs gəlir.

Heyva-nar asılıb pəncərələrdən,
Bağların xoş ətri evlərə dolur.
Külək əllərini uzadıb hərdən
Barsız ağacların saçını yolur.

Dərələr xəzəldən aşıb-daşıbdır,
Bağ-bağat, dağ-dərə yatır büsbütün.
Xəzəl torpaq ilə qucaqlaşıbdır,
Tələsir qış onun üstünü örtsün.