Close

Torpaq qar istəyir

Torpaq qar istəyir bir dərman kimi
Yerin dodaqları qabar-qabardır.
Düşünür təbiət bir insan kimi,
Onun da öz dərdi, öz qəmi vardır.

Dərə də qar deyir, təpələr də qar –
Dumanlı dağların ağ tacıdır o.
Yerin suyu da var, yağışı da var,
Ancaq gözəl qarın möhtacıdır o.

Yaşıl çəmənlərin, qızıl güllərin
Həyatı yerdədir, qəlbi yerdədir.
Çiçəksiz düzlərin, otsuz çöllərin
Yenə də gözləri üfüqlərdədir.

Yaşayan canlının, duyan hər kəsin,
Havanın, torpağın gərəyidir o.
Kimsə nə söyləyir, nə deyir-desin,
Gələcək baharın ürəyidir o.