Close

Dənizsiz olanda darıxıram mən

Dənizsiz olanda darıxıram mən,
Onun qoxusunu heç nə verməyir.
Göylərə baxanda karıxıram mən,
Burnuma dənizin iyisi dəyir.

Bilirəm, səmanın öz aləmi var,
Lakin seyr etdikcə boş gəlir mənə?!
Üfüqlər bir sakit ümmana oxşar,
Göylər onun üçün xoş gəlir mənə.

Dağlarla birləşir göylərin sonu,
Buludlar zirvədə incilər düzür.
Qayalar dumandan geyir donunu,
Elə bil, üfüqdə zirvələr üzür.

Üfüqlər dəryatək təmiz olsa da,
İnsansız  qucağı onun soyuqdur.
Göylər dəniz qədər əziz olsa da,
Baxdıqca baxırsan, sahili yoxdur.