Close

Dünyamızın təzadları

AĞLAMA,  KİŞİ

Qonşuya kəm baxıb
Daşını sökmək,
Üzdə maska taxıb
Hay-həşir tökmək,
Arxadan daş atıb
Məqsədə çatmaq, -
Onun belə olub
Hər vaxt vərdişi,
Ağlama, kişi!

Dərələr dərindi…
Yaylaq bizimdir.
Ürəyim sərindi, -
Bulaq bizimdir.
O yerlər nərindi, -
O dağ bizimdir.
Solumuz yerində,
O sağ bizimdir.
Görsə sızıldayar
Dağların döşü,
Ağlama, kişi!

Bu çərxi-fələkdir,
Fırlanır hələ.
Bu elə kələkdir
Düşməyib dilə.
Hələ biz udmuşuq,
Uduzmamışıq.
Quduzdan quduzub,
Quduzmamışıq.

Biz yurdlu olmuşuq,
Yol azmamışıq.
Namərdin nə işi
Mərd olan yerdə.
Kişi dözməlidir
Hər ağır dərdə -
Ağlama, kişi.

Şükür hər budağın
Naz-nemətinə.
Şükür bu torpağın
Bərəkətinə.
Şükür el-obanın
Hərəkətinə.
Yetər hamımıza,
Teştimiz dolar,
Çıxan damımıza -
Papaqsız qalar.
Bir də görərsən ki,
Namərd dəyişdi,
Gəlib ayağının
Altına düşdü;
Acından qapında
Ağarar dişi.
Durmuşuq yanında, -
Ağlama, kişi.

Hələ özü bilmir
Zatı kim olub, -
Keçmiş babasının
Adı kim olub.
Qanadı kim olub,
Qolu kim olub.
O ki, bir sifətin
İki üzüdür.
Burnunun ucunu
Görən gözüdür.
Sözünün yarısı
Sənin sözündür.
Zəmini yaylarda
Biçən olubdur.
Yalını yaylaqda
İçən olubdur,
Ağı yox, qaranı 
Seçən olubdur,
Çörəyi tapdayıb
Keçən olubdur.
Dünya çox görübdür
Belə gərdişi, -
Ağlama, kişi!

Kül altda köz qalar,
Ocağın sönməz.
Sinəndə söz qalar,
Vədəsiz dinməz.
Birdən səbr dolar,
Geriyə dönməz.
Sızlayıb qəlbimi
Dağlama, kişi.
Əgər kişisənsə,
Ağlama, kişi!

Bir ana sızlayıb
Saçını yolsa,
Ürək dağlayar -
Ölünün üstündə
Kişi ağlayar.
Hələ bilmək olmaz…
Dünyanın işi…
Hələ ölməmişik,
Ağlama, kişi!

 

DAĞLAR KİMƏ QALDI

Bu gün, ay eloğlu, nə qəmli dindin:
Dağlar kimə qaldı?
Dedin, ötərgi.
Dağlar bizim idi,
Dağların indi
Vaxt gələr başlayar, başlayar cəngi.

Dağlar kimə qaldı,
Bulaqlar kimə?
Ürəyim buz kimi, qəlbim sərindir.
Dağlar kimə qaldı? -
Sən belə demə,
Dağlar dağ ürəkli igidlərindir.

Demə zirvələri duman alıbdır,
Qayalar qınından sıyrılar darda.
Hələ köhlənimin izi qalıbdı
Dərin dərələrdə, şiş qayalarda.

Talayıb çapsa da bir acgöz, harın,
Dağlar çənə dönüb,
Dumana dönüb.
Hələ bu yurdların, bu ocaqların
Nə yeri pozulub, nə qoru sönüb.

Dağlar kiminkidir? -
Danışma belə,
Hələ pozulmayıb yolum, izim ki…
Mənim üzülməyib ümidim hələ;
Dağlar bizimkidir,
Dağlar bizimki!

 

DÜNYA  BİR  KÖRPÜDÜR

Dünya bir möcüzə,
Görünməz gözə,
Nə mən dönməliyəm, nə o, nə də sən.
Dünya bir körpüdür,
Verilib bizə -
Mütləq keçməliyik biz bu körpüdən.

Keçənlər möcüzə,
Körpü möcüzə,
Bəlkə nəfəsini dərəsən bir az?
Dünya bir körpüdür,
Verilib bizə,
Körpünün üstündə dayanmaq olmaz.

Hələ bu körpünün üstündən keçən
Nə arxanı görür,
Nə də yan seçir, -
Zaman öz işini görür…
Vaxt keçir…

Kimi atlı keçir, kimi piyada,
Birinin qarnı ac, başqasının tox.
Tələsir köçməyə hamı dünyadan,
Körpüdən o yana inanmır - yol yox.

Keçəndə solunda, baxmır sağında
Kimlərdir? -
Nə görür, nə də ki, seçir.
Hələ də yatan var fil qulağında, -
Körpünü yuxulu-yuxulu keçir.

Tapdana-tapdana qoşulub elə
Tapdaya-tapdaya bir axın keçir.
Körpünü keçənlər bilməyir hələ,
Körpünü keçdimi dünyadan köçür.

Hər kəs öz qəlbini açsın, yoxlasın, -
Həyatda ev yıxır, yoxsa iz salır?
Körpünü keçənlər yadda saxlasın:
Körpünü keçdimi, əməli qalır.

 

İKİ  GÖZƏL

Abxaziyadakı Ritsa gölü Göy-göl kimi zəlzələdən yaranıb, özü də XII əsrdə. O da dağların qoynunda, bu da, mənzərələri də oxşar.

Onlar gözəlliyin zirvə tacıdır,
Biri Abxaziyada,
Biri Gəncədə.
Bu sirri bilməyir hələ bir bəndə,-
Görsən, elə bil ki, bir cüt bacıdır.

Göygöldə, Ritsada eyni boy-buxun,
Dünyaya gəliblər eyni əsrdə.
Göygölə baxanlar,
Ritsaya baxın,
Hər iki cüt bacı eyni zirvədə.

Eyni zəlzələdən çay gölə dönüb,
Tanrının işidir yoxsa bu nəsə.
Sanki bir almadır -
Yarı bölünüb,
Yarısı Göygöldür, yarısı Ritsa.

Bu sirr bəlli deyil hələlik bizə, -
Dəyişir donunu dünya bir anda.
Necə qəribədir…
Nə cür möcüzə? -
İki göl yaranıb eyni zamanda.

Sakitlik yaradır - burulğan burur,
Gərək yaxşı görək, bilək bunları.
Bir yandan uçurur,
Bir yandan qurur, -
Vardır təbiətin öz qanunları.

Dərk edə bilmirəm mən bunu hələ,
Bulud nə eyləyir,
Torpaq nə görür.
Niyə təbiətlə gələn bu bəla,
Niyə təbiətə gözəllik verir?

Kişinin qeyrəti qala gətirir,
Yada sərhəd olur,
O, sinə gərir.
İnsanın bəlası bəla gətirir,
Torpağın bəlası gözəllik verir.

Təbiət uçursa,
Yenidən qurur,
Məni düşündürür:
Bəs insan necə?
Torpaqla döyünür, torpaqla vurur
İnsanın ürəyi, ürəyi, məncə.

Təbiət sözünü təbii deyir,
Sözü nə yellikdir,
Nə də ki, sellik.
Bəla gözəlliyi təhlükə deyil, -
Yaşasın bəlayla gələn gözəllik.

 

KƏHƏR

Abxaziyada bir gölün sahilində at buxovlanıb. Turistlər onun belində yapıncı ilə şəkil çəkdirirlər.

Bir rezin atıblar ayağın altda,
Birdən büdrəyərsən, birdən çaşarsan.
Hərənin öz yeri vardır həyatda,
Sən belə dayanıb necə yaşarsan?

Qılınc qayalarda, sərt qayalarda
Bir dəfə büdrəyib, silkələnmədin.
Düşmənlə döyüşdə -
İgidlə darda
Arxaya baxmadın, geri dönmədin.

Zaman dəyişsə də, yer dəyişməyir,
Torpağın adıyla qalır qalanlar.
İndi kimlər minir, kimlər düşməyir,
At minib vaxtiylə igid olanlar.

Taqətin qalıbmı hələ dizində,
Başında igidin hayı-harayı.
Bilinməz, neçədir bir gün ərzində
Belinə qalxanın, düşənin sayı.

Daşlar o daşlardır, çaylar o çaylar,
Gözündə torpağın yaşıl kölgəsi.
Səni kim çağırar, de, kim haraylar,
Qəlbinin başında bir igid səsi?

Vaxt görür işini,
Gününü sayır,
Sən hələ bilmirsən,
Hələ, hardasan?
Daşların köksündə izin yaşayır,
Özün şəkillərdə, fotolardasan.

O əsrin qışından çıxır qılıncı,
Bu əsrin yolunda paslanır, solur.
Bir vaxt bir çiyində gəzən yapıncı,
İndi yüz çiyinin çuxası olur.

Zaman dəyişsə də, biz dəyişsək də,
Bir hikmət özünü yoxlayır yenə.
Əqidə dəyişmir, söz dəyişsə də,
Hər torpaq sözünü saxlayır yenə.

Ayağın buxovda…
Qəlbini dərdə,
Kədərə salana mənim sözüm yox.
Elə bu görkəmdə, elə bu yerdə
Heykəlin yaraşır özündən də çox.

 

ÜMİD  QATARI

Bir uşağın intizardan
Köksü yaralı,
Gedib-gələn qatarları
Bir-bir sayırdı.
Qatar keçir gejəyarı,
Kənddən aralı,
"Sən tələsmə, o, gələcək" 
Pıçıldayırdı.

Relsarası cərgə-cərgə,
Hey dilim-dilim,
Ayaqları qatarlara
Çatmaq istəyir.
O qatarın yaxasından
Üzülən əli
Bu qatarın ətəyindən
Tutmaq istəyir.

Demirdi ki: "Bezikmişəm,
Mən yorulmuşam",
Ümid onun ürəyində
Aşıb-daşırdı.
Xəyalları bu yol üstdə
Hər səhər-axşam,
Elə bil ki,
Vaqon-vaqon qatarlaşırdı.

Gecələrin sükutunda,
Qoynunda batar,
Deyər qatar:
"Ümidsizlik nəyə gərəkdir", -
Dünən ona ümid verən
Bugünkü qatar -
"Sabah, sabah gözlə onu,
O gələcəkdir".

Görən, nə vaxt sonu olar
Bu intizarın,
Vaqon-vaqon, axın-axın -
Bu insan seli…
Alnında da ulduz yanır
Parovozların,
Qatarlar da keçir sanki
Əyni şinelli.

Bütün ərzi kəmər kimi
Dolanar, çatar,
Bütün ərzin nə düşməni,
Nə yadıdır bu.
Fəryad edir çöllər boyu,
Qışqırır qatar,
Parovoz yox,
Bir uşağın fəryadıdır bu.

Anaların gözü yaşlı,
Ürəyi darda,
Balaların qəlbi kövrək,
Qulağı səsdə…
Qatar-qatar ata keçir,
Bu qatarlarda
İntizarı qatarlanır
Qatarlar üstdə.

Gecə zülmət, yollar uzun,
Meşə qarışıq…
Siqaretlər pəncərədən
Gözə dəyirdi;
Hər qatarda korun-korun
Alışan işıq
Ürəyinin qırpım-qırpım
Ümidləriydi.

Körpə uşaq qatarları
Neçün gözləyir?
Fikirləri köhlən olub
Elə çapırdı…
Heç bilmirdi atasını
Niyə gözləyir,
Çörək üçün? -
Çörəyini ana tapırdı.

Çiçəkləyib ürəyinin
Qəm naxışları
Mərmi kimi
Sinəsində elə yanmışdı.
Danışmırdı,
Elə bil ki, lal baxışları
Relsarası şpallarda
Yuvalanmışdı.

Qayıtmırdı
Qatarlarla yollanan kəslər.
Baxıb, bundan körpə uşaq
Elə çaşırdı.
Təkərlərdə sağa-sola
Tökülən səslər,
Elə bil ki,
Həmişəlik sağollaşırdı.

Anaların ürəyində
Görəsən, nə var? -
Ümidləri puç olurdu,
Bəlkə sönürdü?
Oğullarla
Dolu gedən iti qatarlar
Yorğun-yorğun,
Küskün-küskün
Geri dönürdü.

Yol gedirdi qəlbi onun,
Dumanda, çəndə
Bir xal kimi uzaqlarda
İtən qatarda.
Gözləmirdi atasını
Qatar gələndə,
Axtarırdı o, həmişə
Gedən qatarda.

Bir-birinə o calayar,
Qatar yolları,
Böyüsə də,
Xəyalından hərdən çən keçir.
Elə bil ki,
Bu dünyanın qatar yolları.
Təkcə onun
Gözlərinin içindən keçir.

Qatarlara elə baxır
Ümidi təki.
Gələn-gedən qatarları
O, yenə güdür.
İndi hərdən,
Qatarlara, elə bilir ki,
Hər minəndə,
Atasının dalınca gedir.

Bu qatarın sözlərini
Bir eşit, dinlə:
"Bir ata var, uyuyubdu, 
Uzaq bir çöldə"… -
Pıçıldayır səhər-axşam
"Gedək mənimlə,
İntizarla gözləyir o,
Bir qərib eldə".
O inanmır
Təkərlərin dediklərinə,
Bu təkərlər aldadıbdı
Tək ancaq onu.
Düşür yenə qatarların
Yedəklərinə -
Elə bilir,
Qatarlarda tapacaq onu.

Dünən  bir nəfərlə görüşəndə biz
Soruşdu sakitcə׃
"Haralıyam mən"
… Əzizdir hər qarış torpağım,
Əziz,
Bu sözdən ürəyi yaralıyam mən.

Bir yerlim həmişə mənə "dayaqdı",
Yolumdu "başından keçibdir" mənim.
Şahidəm,
Görmüşəm çətin ayaqda
Namərdtək arxamdan qaçıbdır mənim.

Yer adı,
Çətində olanda Vətən,
Bir əsgər demişdi, yada düşməyir.
Bəs niyə, bilmirəm nədən,
İnsan ağır gündə yer soruşmayır.

Dünən uzaq ellər görüşmək üçün,
Görəsən, nə edib bəs bizə qədər? -
Bir dost kədərini bölüşmək üçün
Atalar at sürüb Tədrizə qədər.

Ani səhv eləsək,
O bircə
Anın
Yüz il ləkəsini silə bilmərik.
Bölsək torpağını Azərbaycanın,
Onun çörəyini bölə bilmərik.

 

QARAÇI

("Səfər şeirləri"ndən)

Xalqlar Yer üzündə diyar-diyardır,
İnsandır torpağın şöhrəti, tacı.
Bir yurdda, bəlkə də, bir xalq olardı,
Yalnız mahnılarda qaldı qaraçı.

Torpaqdır əbədi kədərə dözən,
Qılınc sıyıranda üstünə yağı.
Bir xalq Yer üzündən silindi bəzən,
Yaşatdı bir xalqı qəbristanlığı.

Doğmalıq görsə də qəribdir qonaq,
Yerliyə heç zaman dünya dar olmur.
Sahibi olmasa, bu ulu torpaq
Adi bir qəbrə də havadar olmur.

Qəlbimi dindirən bu nə haraydı?..
Torpağa bağlıdır xalqın addımı.
Azadlıq - dünyanı gəzmək olsaydı,
Xalqlar torpaq üstdə vuruşardımı?

Tək mahnı bacarıb, nəğmə deyərmi
Xalqın qış gününü, bahar gününü?
Əkməyən, biçməyən duya bilərmi,
Torpağın qədrini, yerin qədrini?

Babam yer şumladı, torpaq suladı,
Babam zəmi biçdi mahnıdan əvvəl.
Sonra yurd başında ocaq qaladı,
Oldu zəmisitək ürəyi tel-tel.

Əlləri biçində nəğmə oxudu,
Qollar yorulanda ürəyi dindi.
Qəlbi bərəkətdən ilmə toxudu, 
İlmələr qovuşub naxışa döndü.

Bir avaz üstündə gör neçə ildir,
Boşalır qaraçı. Bəs niyə dolmur?
Torpaqdan yaranan mahnı gözəldir,
Mahnı da ünvansız, vətənsiz olmur.

 

NƏDƏNDİR, UNUDAMMIRAM

İnsan var,
Görmüşəm, kefdə, damaqda,
Keçdiyi bir ömrü necə unudur.
Mənimsə həmişə qüssəli çağda
O ağır günlərim əlimdən tutur.

Bir mənzil başına hərdən çatanda,
Sevinci unudub, qəmi sayıram.
Həyatda irəli addım atanda,
Qəlbimdə o günlər addımlayıram.

Elə bil, ovcumun birində sevinc,
Elə bil, birində qəm daşıyıram.
Elə bu arzuyla hər axşam-səhər
Gecəni, gündüzü mən yaşayıram.

Həyatın qanunu əkizdir, əkiz,
Kim deyir, kədərlə sevinc görüşmür?
Bu gün sevinc payım olsa da əziz,
O günlər titrəyib əlimdən düşmür.

Qoymayıb igidlər Vətəni darda,
Oğullar səngərə sinə gəribdir.
Axı, ataların payı var burda…
Əmilər, dayılar ömür veribdir.

Dünəni, - sevinclə keçdikcə günüm -
Elə gün olubmu deyim anmıram?!
Sevincli günlərim başlayır mənim,
Ancaq kədərsiz də yaşayammıram?

 

QORXURAM  KİMİSƏ  KƏDƏRLƏNDİRƏR

Kədər lərzə salar ildırım təki,
İnsanı göylərdən yerə endirər.
Qəmimdən qorxuram,
Danışmıram ki,
Kədərim kimisə kədərləndirər.

Xəbərsiz, ətərsiz vaxt aram-aram,
Acılı, şirinli keçir, görürəm.
Qəmli günlərimi tək yaşayıram,
Lakin sevincimi bölüşdürürəm.

 

ÖMRÜMÜ  YAŞAYIM  GƏRƏK…

Necə dinməliyəm, danışmalıyam,
Deyin, öz kəlməmdən, sözümdən ayrı?
Kimin ürəyini yaşamalıyam,
Kimin ürəyini özümdən ayrı?

Yaş ötsə neyləyək,
Bu, acı qüssə…
Olmaram yolların hələ yorğunu.
Bir az  coşqunamsa, bir az kürəmsə,
Şeir dəlisiyəm, sənət vurğunu.

Neyləyim, beləyəm mən də dünyada,
Qoy bilsin bu başdan bunu yarım da.
Elə yaşayım ki, məndən sonra da
Məni əvəz etsin misralarım da.

Uymaram şöhrətə, nə də ada mən
Hələ Yer üzündə nə qədər sağam.
Atamın oğluyam,
Bu dünyada mən
Özüm öz ömrümü yaşamalıyam.

Sakitcə durmayır bircə an nənəm,
Unuda bilməyir ötən çağını.
Elə bil, qayıdıb mehriban nənəm
Yenidən yaşayır uşaqlığını.

Dünyanı dolanır əyirdiyi yun
Uc-uca calasan yumaqlarını.
Onun əlinə bax:
Əl düyün-düyün,
Qabarlar bəzəyir barmaqlarını.

Cəhrəni toz basıb,
Qalıb kənarda,
Baxır üfüqlərə, gözü yol çəkir.
Əyirə bilməyir, qalıbdır darda,
Gözündə buludlar əyirir, tikir.

"Hər vaxt diş altdadır iştaha" - deyir, -
Mənim bu sözümü unutmayın siz".
Özü nə su içir, nə çörək yeyir,
Deyir ki, "A bala, nə yemisiniz?"

Zirvələr dağların iftixarıdır,
Ən uca zirvələr hər vaxt qar görüb.
Nənəmin saçları zirvə qarıdır,
Bu zirvə nə qədər tufanlar görüb.

Baxsan görmək olmur gözündə qəmi,
Nənəm çox dözübdür qüssəyə, dərdə.
Vaxtı yetişsə də,
Bir insan kimi
"Ölümdən qorxmayır zərrə qədər də".

 

QAYIDAQ  GERİ

Mənim dünənimdə nağıllarım var,
Orda nağılların meydanı boldur.
Bilməzdim həyatda qəm sevinc olar -
Dünənki günlərin qəmi də xoşdur.

Çoxdan o çöllərə salmamışıq iz,
Sanki bəxtimizə elə bu düşüb.
Girmişik qapalı otaqlara biz,
Ürəklər Günəşsiz gültək bürüşüb.

Demirəm, şəhərlər bir yana qalsın,
Demirəm, şəhərlər deyildi əziz.
Qayıdaq,
Gecələr ulduzlu olsun,
Qayıdaq nağıllar dünyamıza biz.

Qalxdığımız yoxuş, endiyimiz dik,
Ensək, pillə-pillə ucaldar bizi.
Axı o yerlərdən qopub gəlmişik,
Yaşadaq nağıllı günlərimizi.

Bəlkə yağış tökdü,
Heç demək olmaz,
Açaq çadırını yorulan köçün.
At çapıb yoxuşda büdrəyək bir az,
Asfalt səkilərdə büdrəməməkçün.

Başlasın xəbərsiz vurulmaq dəmi,
Sevək ilk baxışdan,
Sevək ilk gündən.
Sonrasa qovrulaq səhərə kimi,
Sevən qəlbimizin döyüntüsündən.

Gizli məhəbbətdir nə qədər əziz,
Gizli məhəbbəti qoruyaq gərək.
Qoyub məktubların arasına biz,
Sevən qəlbimizi gizli göndərək.

İzlər cığırlarla bulağa ensin,
İçib yanğımızı bir az söndürək.
Dağlar qəlbimizdə heykələ dönsün,
Sonra cığırları şeirə döndərək.

Çıxaq dağ başına çətinliklə biz,
Döysün təpəmizdən yağış da, qar da.
Təzədən dırmaşaq zirvələrə biz,
Yoxuşlar əl tutar çətində, darda.

Heç vaxt təbiətə tapılmaz əvəz -
Şair ilhamına sönməz ocaqdır.
Ən sərrast misralar, istər-istəməz,
Orda qəlbimizə yazılacaqdır.

Qalxdığımız yoxuş, endiyimiz dik,
Ensək pillə-pillə ucaldar bizi.
Axı o yerlərdən qopub gəlmişik,
Yaşadaq nağıllı günlərimizi.

 

BANLAYIR  XORUZ

Bayırda od yanır,
Atəş görünür,
Bayırda parlayır bir yanan işıq.
Xoruzun başına alov bürünür,
İçini dağıdır onun hıçqırıq.

Bəlkə əsrimizin dəyişib taxtı,
Bəlkə dövrü duyur,
Anlayır xoruz?!
Səhərlər banlardı biz uşaq vaxtı,
İndi axşamlar da banlayır xoruz.

Vaxtını səhv salıb,
O yanmaqdadır.
Pipiyi alışıb -
Ürək dağıdır.
Elə səhər-axşam banlamaqdadır,
Qışqırıq, zamanın qışqırığıdır.

İnanın, qışqırsa hərə bir ağız,
Bombalar susmaqçün, bəlkə də, bəsdir.
Torpağı, kəsəyi hey şırım-şırım,
Qışqırır xoruz…
Bəlkə top-tüfəngin səsini kəsdi.

Kimin yolu kəsə düşər,
Kimin bəxti nəsə düşər.
Heç bilmirəm nəsə düşər
Bu ömrümün sarayına.

Niyə vaxtsız gələn gedər?
Bəzən bizi ölüm güdər.
Bəs nədəndir, gedən gedər,
Gələn çatmaz harayına.

Karvanımız hara köçsə,
Nəyi görüb, nəyi seçsə,
Vurularıq yaxşı keçsə,
Biz illərin hər ayına.

Gücün yoxsa, sinə gərmə,
Gələn varsa, nəfəs dərmə.
Ovun çıxsa, fürsət vermə,
Çək, oxunu qoy yayına.

Bir anlığa durulsan da,
Sən arxaya burulsan da,
Gözəl görüb vurulsan da,
Sən yaşının bax, sayına.

Yad önündə, bil, ağlama,
Gözlərini sil, ağlama.
Havaya bax, bel bağlama
Fəsillərin hər ayına.

Hər sözünü demə asan,
Deyiləni çoxdur yozan.
Davud, özün hörmət qazan,
Bel bağlama hər zayına.

 

QƏFİLDƏN

Bu yoldan qanrılıb mən dönməmişəm,
Yollarım nə hamar,
Nə də ki, dincdir.
Hələ gülməmişəm, sevinməmişəm, -
Kədərə hazıram,
Qorxum sevincdir.

Yadıma gəlməyir qəmdən əyiləm, -
Yıxmaz boran məni,
Yıxmaz qar məni.
Bir qəfil sevincə hazır deyiləm,
Qəfildən gəlişi sarsıdar məni.

Kədərə ortağam…
Sevincdən qaçdım,
Kədərdən açılmış güllü yazam mən.
Dünyaya həsrətlə gözümü açdım,
Dünyanın sevinci aldatmaz məni.

Nədir bu dünyanın belə gedişi? -
Dünya gah açılır,
Dünya gah solur.
Nə yaxşı deyiblər: dünyanın işi
Bir yandan boşalır,
Bir yandan dolur.

Mayası kədərdən yoğruluruq biz,
Sevinc qəmi gəlsə puç eyləyərik.
Ağlaya-ağlaya doğuluruq biz,
Ağlaya-ağlaya köç eyləyirik.

Kim çatır arzuya,
Kim çatır haya?
Bəzən də insanı yaşadır qəmi.
Möcüzə üstündə qurulub dünya,
Kədərin - sevinci,
Sevincin - qəmi.

İnsan birdən-birə solur bilmədən,
İnsan çiçəkləyir gözlənilmədən.
Çovutma gülləsi olur bilmədən?
Sevinc də, kədər də gəlsə qəfildən.

Köksünü dağ edər - sinə dayayar,
Gülləsi hardandır bilsə qəfildən.
İnsan nə ad qoyar,
Nə ünvan qoyar
Dirilsə qəfildən, ölsə qəfildən.

 

QUŞUN  DA YURDU  VAR

Qəbahət eylədik
Bağda bilmədən,
Otların içində bir yuva yandı.
İşə bax,
Gördüm ki, bir səhər erkən
İki quş təpəyə qonub dayandı.

Quşların başında dəli bir hava…
Bir ovuc kül olmuş yuva ortada…
Çör-çöplə birlikdə yanmışdı yuva,
Yanmışdı yuvada beş yumurta da.

Beş gün səhər, axşam fəryad etdilər
Quşlar viran olmuş yurd-yuvasına.
Beş gün qapımıza gəlib getdilər, -
Yasmı tuturdular beş balasına?

Kədər bu günümdən məni ayırdı, -
Əlim üzülmüşdü hər şeydən bütün.
Onlar yas tuturdu, yas saxlayırdı,
Sanki hər balaya ayrıca bir gün.

İlahi, hər şeyin qəlbi, ruhu var,
Quşlar  ata, ana necə dardadır.
Onlar bir budağa qoşa qondular,
Eşitdim, dedilər:
Balam hardadır.

Daşı daşındadır gur qalaların,
Nələr deyirdilər, gör onlar nələr:
Sənin çiçək açıb öz balaların,
Niyə külə döndü bəs bizimkilər?

Acizi tapdamaq şöhrət, şan deyil,
Xoş deyil, bu cürə məqsədə çatmaq.
Nə yerə, nə göyə sığışan deyil
Bir yurd qurmaq üçün bir yurd dağıtmaq.

Hər quşun yuvası - özünə yurddur,
Quşlar dimdiyiylə daşıyır, tikir.
Dağılan yuvalar qurana dərddir,
Bu dərdi çəkənlər ömürlük çəkir.

İnsan yaşayır ki,
Nəsə yaşada,
Heç kim istəməz ki, bəlası olsun.
Torpaq yuva verib adi quşa da,
Quş da istəyir ki, balası olsun.

Mən niyə yanıldım, mən niyə çaşdım?
Hər şeyin öz yurdu, qəlbi, nəfəsi…
Quşları ürəkdən yaralamışdım,
Məni oxşayırdı quşların səsi.

Onlar ağlayırdı,
Görürdüm bunu,
Ürəyim titrədi, əllərim əsdi.
Elə bil, çatmışdı dünyanın sonu…
Bu, taniş fəryaddı, bu, tanış səsdi.

Bir fəryad alışdı başımda yenə,
Qəlbimdə ayrı bir məqsədə çatmaq…
Niyə qismət oldu, görəsən, mənə
Bir yuva qurmamış yuva dağıtmaq?

Gəlib gözlərimin önündə durdu
Kənddə ata yurdum…-
Çəkdim dərdini.
Həyatda daha çox
Yuvanın, yurdun
Yuvası dağılan bilər qədrini.

Demərəm, tək mənə həyat xoş olsun,
Tək mənim açılsın qolum-qanadım.
Ürək necə dözsün? -
Soyuq daş olsun:
Quşların fəryadı -
Mənim fəryadım.

Hələ bilməməyim qalsın bir yana,
Mənim qəbahətim
Ar gəlir mənə.
Lənət eyləmişdim yurd dağıdana,
Lənət eyləyirdi o quşlar mənə.

Ana qışqırırdı:
Yetin dadıma.
Fəryadı qoşadır hər iki səsin:
Mənim o günlərim düşdü yadıma, -
Demişdim:
O günlər gedib-gəlməsin.

Gah sola buruldum,
Gah sağa getdim,
Niyə təzələdim özüm dərdimi?
Mən necə eylədim,
Mən necə etdim,
Mən niyə qaytardım o günlərimi?

Ev yıxmaq olarmış, sən demə, hər vaxt,
… Bu torpaq davasız ərşə dəyirdi;
Mən ata demişdim,
Mən, ata, bir vaxt,
Quşların fəryadı bala deyirdi.

 Quşlar da sevinir, kədərlənirlər,
Vardır quşların da öz qanunları.
Quşlar da insandan üz döndərirlər, -
Niyə, bəs nə üçün,
Düşünək barı.

Bizim planetdə bir yuvamız var, -
Dünyanın özü də yuvadır bizə.
Onun qoynu geniş, onun səbri dar,
Bugünkü gərdişi onun möcüzə.

Sonra gec olacaq çatmaq haraya,
Ağırdır özütək bugünkü qəmi.
Amandır, qoymayın yanar bu dünya
Gözümlə gördüyüm o yuva kimi.

 

ATA  TƏRBİYƏSİ

Bir nadan mənə dedi ki,"ata tərbiyəsi görməmisən".

Ata tərbiyəsi alana bir bax,
Ana tərbiyəsi olana bir bax,
Atası bir yana, anası məlum, -
"Kraskası" məlum, xınası məlum.
…Qanımdan gəlibdir mənim tərbiyəm,
Hardandır, bilmirəm, sənin tərbiyən.
Tərbiyə bulağın gözündən gəlir,
Tərbiyə torpağın özündən gəlir.
Çox gördüm yiyəli yiyəsizləri,
Atalı, analı tərbiyəsizləri.
Mən yaxşı bilirəm
Mən kiməm, nəyəm,
Yazdığım şeirlər mənim tərbiyəm.
Bir az zəifi var, bir az babatı,
Beləcə yoğrulub günü, həyatı.
Zaman özü verib tərbiyə bizə,
Özü sığal çəkib tərbiyəmizə.
Xalqa sədaqətdir mənim tərbiyəm,
Yurda məhəbbətdir mənim tərbiyəm.
Hər vaxt düz çıxmışam mən ilqarıma,
Hədsiz məhəbbətdir balalarıma.
Dövran elə gəldi, hər şey dəyişdi,
Ata övladından aralı düşdü.
Bu sonsuz haraya kim gələ, çata,
Bir həsrət qəlbimdə yenidən dindi;
Vətən, el yolunda vurulan ata
Bir əsgər oğluna qaxıncmı indi?
Mən fəxr eləmişəm əsgərdir atam,
Ölsə də gözümdə bir nərdir, atam.
Olmadı bir günüm atasız onsuz,
Qalmadım atasız atadan sonsuz.
Ömrünü ömrümə qatalı oldum,
Mən belə yaşayıb atalı oldum.
… Sənin öz tərbiyən bir yana qalsın,
Atanda görmədim tərbiyəni mən.
Mən ata görmədim,
Sən deyən olsun…
Atanı görmürəm indi, yəni mən?..
Tərbiyən olsaydı tərbiyəm təki…
Bu mənim tərbiyəm, bu da səninki.

 

ŞAİRİ TƏRİFLƏMƏYİN

Şair kirpiyində açar səhəri,
Parlayar gün kimi elin darında.
Bir ürək sevinci, bir qəlb kədəri
Yaşayır yüz şair misralarında.

Çoxu namusundan, arından keçir,
Sağlıqdır dediyi düşünmür barı.
Tərif qədəhini doldurub içir
Şeirin, sənətin badə dostları.

Uludur, qəlbidir şeir sənəti,
Haqqım yox deməyə:
Mən ona babam.
Sözümün kəsəri tərifdən iti,
Tərifsiz yaşayır Füzuli babam.

Axı şair hara,
Şan-şöhrət hara?
Hər kəlmə ürəkdə cücərir dən-dən.
Qovrula-qovrula odlanan misra
Sovrula-sovrula dağılır birdən.

Əzab-əziyyətə qatlanan ömrü,
Tərif ayrı salır öz həyatından.
Yeni zirvələrə atlanan ömrü
Saxlayır atından,
Salır atından.

Ağır döyüşlərin qalibi ordu
Nə şöhrət istəyir,
Nə şan istəyir.
Tərif bir ömürün qurduğu yurdu
Bir anda yer ilə yeksan eyləyir.

Atalar sözündə böyük hikmət var,
Tərif də dost kimi sınanır bərkdə.
Döyülə-döyülə şeir yazanlar
Sevilə-sevilə qalır ürəkdə.

 

ATA  SAĞLIĞI

Elə bil, məclisdə gözümə baxdın,
Məni yaxşı eşit,
Bir daha dinlə:
Ata, bu məclisdə,
Ata, sən yoxdun,
Vurdum bir badəni, ata, səninlə.

Söykənib dağ olsan,
Dayaq dayağa
Sənin kökün üstə ucalmışam mən.
Başını uca tut,
Sən dur ayağa, -
Başıucaları ucaldıb Vətən.

Sizi çağırıram,
Sizi, bu günə,
Hələ çoxlarının qəlbi dayazdır.
Bir namərd aldatdı,
Aldadammazdı,
Sizin gözünüzlə boylandı, baxdı.

Qınayan olmasa,
Sağlıq deyərdim,
Boylandım,
Gah sola, gah sağa baxdım.
Əgər sağ olsaydın,
Mən neyləyərdim? -
Şəklinin önündə ayağa qalxdım.

İnsan bir amala qəlbini versə,
Məqsəd daha asan,
Məncə, yaxındır.
Fikir qoşalaşıb
Əqidə birsə,
Mənzil uzaq olsa,
Necə yaxındır?!

Ata oğul ilə yoldaşdı,
Sanki
Dayandıq üz-üzə,
Durduq üz-üzə.
Gözlərim gözünə sataşdı,
Sanki 
Baxdı iki zaman,
Baxdı göz-gözə.

Bir kəlmə danışıb dil açammadım,
Görəsən, həsrətdən,
Yoxsa nədəndir?
Sarsıldım
Önündə, baş açammadım,
Bilmədim sənmisən,
Yoxsa Vətəndir?

Alışdı bir fikir oğul başında,
Mən yanlış deyiləm bu ilqarımda;
Sənin qabağında,
Sənin qarşında
Borcluyuam,
Borcludur qonaqlarım da.

"Ata sağlığına"-
Dilləndim birdən,
Unutdum bir anlıq kədəri, qəmi.
Məclisin sonunda,
Gec olsa da, mən
Qaldırdım badəni ilk sağlıq kimi.

 

ATASIZ UŞAQ

Mən işdən dönəndə bələndim qəmə,
Heç kimə danışıb bunu, demədim.
Qaçdı balam mənim, qaçdı üstümə,
Onu mən ilk dəfə əzizləmədim.

Məni duyan bilər,
Kim ki, yanıbdır,
Bu hansı söhbətdir,
Bu hansı sözlər?..
Mənim varlığıma həkk olunubdur
Atasız baxışlar, atasız gözlər.

Köz tutmur, çox zaman açılır yaram,
Məni kül eylədi, mənim bu dağım.
Atasız görəndə dəli oluram,
Düşür, yada düşür öz uşaqlığım.

Dünyanın işinə,
Gərdişinə bax:
Qaraldı gözümdə bir qərib axşam.
Mən elə bildim ki, bu körpə uşaq
Özüməm,
Qarşımda özüm durmuşam.

Dayandı mən sayaq, durdu mən sayaq,
Sanki naxışlandı naxışlarımla.
Baxdı gözlərimə balaca qonaq,
Baxdı  o, uşaqlıq baxışlarımla.

Çox olub Vətəndə xətrimə dəyən,
Həyatın bu üzü mənə tanışdır.
Yalandır, yad yerdə qəribəm deyən,
Sən bilmək istəsən məni danışdır.
   
Elə ki, göz açdın, gəldin həyata,
Bunu mən deyirəm, Davud deyibdir.
Necə ki, uşaqsan Vətəndir  ata,
Atasız Vətəndə uşaq qəribdir.

Bu baxış, bilirəm, nələr deyirdi,
Çırpındı ürəyim, əsdi bədənim.
Oğlum təəccübləndi,
O bilməyirdi,
Yanımda atasız durmuşdu mənim.

 

BAYATI

Qızı köçüb, oğlu köçüb,
Kənddə qalıb qoca ana.
O zamandan xeyli keçib,
Baş çəkən yox hələ ona.

O doğmalar, o balalar
Dönüb geri baxmayırlar. -
… Nə bir dəfə yada düşüb.
Bir qonşular yoxlayırlar, -
Yükü onun yada düşüb.

Biri ona odun yarır,
Biri ona su gətirir.
Baxır ana
Yana-yana,
Qəmli-qəmli köks ötürür.

Neçə vaxtdır ev həsrətdir
Bircə övlad nəfəsinə.
Bu nə tale, bu nə bəxtdir,
Səs verən yox bir səsinə.

Özü bilmir, çaşbaş salıb
Naharını, o şamını.
Səhərini yola salıb,
Tək gözləyir axşamını.

Bir gün ona səhər erkən
Dedilər ki, oğlun gəlir.
Elə bildi dedilər ki,
Yaddaşından çoxdan gedən
Kəlmələrin, ağlın gəlir.

Çardaq altda od qaladı,
Samovarı tüstülətdi.
Ocağını qurdaladı,
İntizarı keçib getdi.

Gəlin gəldi, oğul gəldi,
O öpüşdü,
Bu görüşdü.
Nəvəsini arxa bildi…
Yaddaşını varaqladı,
Nə yadına dastan düşdü,
Nə ağlına nağıl gəldi.

Nənə hardan bilsin axı,
Nəvə kimə nə demişdi.
Nəvə kəndə atasını, anasını
Məcbur edib gətirmişdi.

Nəvə ona baxdı, baxdı,
Damarından baba axdı,
Nənə axdı.
Tanımışdı nəfəsindən,
Söz istədi, bir də nağıl
Nənəsindən.

Haqqı vardı, neyləməli,
Taleyilə barışmağa. 
Qəhərini o, udubdu.
Nağılını unudubdu, 
Körpə yoxdu danışmağa.

Fikri qalıb çox uzaqda,
Əli qalıb nəvəsində.
Bir bayatı övlad haqda
Qopdu onun sinəsindən:

Əzizim, nağıl, səni,
Qocaltmaz nağıl səni.
Qəlbdən bayatı qopar
Unutsa oğul səni.

 

DOST  EYLƏDİ…

Şair dostum Ş.Rzanın 50 illiyinə.

Taleyimiz qara gəldi, ağ olmalıydı,
Ağ günlərin qara günü demə varıymış.
Başqaları əhli-kefdi, əhi-halıydı,
Heç bilmədən geniş dünya bizə darıymış.

Bu dünyanın yüz hökmü var, yüz də sirri var,
Bu sirlərdir qovuşduran bəlkə də bizi.
Başqaları duz-çörəklə "qardaş" oldular,
Dost eylədi ata dərdi hər ikimizi.

Qaranlıq gecədə, aydın səhərdə
Bizə həmdəm olub bir ata nağlı.
Dəmir də dözmədi bu ağır dərdə,
Biz necə dözmüşük, dəmirçi oğlu?

Qüssə-sirrimizə sirdaş eylədi,
Tale köhlənini biz qoşa çapdıq.
O ki dost eylədi, qardaş eylədi,
O yandan itirdik, bu yandan tapdıq.

Artıq biz böyüyüb yaşa dolmuşuq,
Bu kədər dəyişmir, bu qəm dəyişmir,
Nə vaxtdır, nə vaxtdır ata olmuşuq,
Ata dilimizdən bəs niyə düşmür?

Qışda çiçəkləndi qönçə yazdakı,
Qəmi yaxşı duyar qəməhalılar.
Təmənnə olmadı aramızdakı,
Çox gördük dostluqda təmənnalılar.

Yazda qışa çıxdıq, qışda yaz oldu, -
Dəyişik salmışdıq biz fəsilləri.
Bir vaxt ayıldıq ki, biz yaşa dolduq -
Belə başa vurduq ötən illəri.

 

ÖLƏNDƏN  SONRA

Gizli bir aləmdir hər aşkar insan, -
Gözündə nuru var,
Qəlbində kini.
Dillə deyiləni unutmaq asan,
Gizlətmək çətindir qəlbdən keçəni.

Bir insan adını daşıyırıq biz,
Bu necə insandır,
Bu necə kəsdir?
Qəribə günləri yaşayırıq biz…
Sağlığında düşmən, öləndə dostdur.

Görənlər, bilənlər deyildir axmaq,
Həyat qanunudur:
Gələnlər, gedir.
Cəlladtək öldürmək,
Sonuna çıxmaq,
İnsantək ağlamaq sonradan nədir?

Sağ ikən o sənə düşmən olubsa,
Nə lazım, öləndə "canıyananlıq".
Bu, əzəl adətdir:
Gələrlər yasa,
Nə deyə bilərsən dursa bir anlıq?

Çoxdan gözləyirdin sən ki, bu günü,
Axır, mətləbinə gəlib çatmısan.
Tikanlı sözlərlə onun ömrünü,
Yəqin ki, bir az da sən azaltmısan.

Qəmli dayanmısan başının üstdə,
Üzündə qüssə var…
Qəlbi danışdır.
Qəmli görünsən də,
Sən asta-asta,
Fikrindən keçənlər mənə tanışdır.

İnsan itirərmi etibarını?
Ətrafda tanış-dost…
Ortada tabut…
Sənin ölən ilə savaşlarını
Mən necə özümə deyim:
Gəl unut!
Elə bil, yayından sıçradı bir ox,
O ağır saatda,
O kəsəkəsdə;
Sənə qalib kimi,
Məğlub kimi yox,
O, sənə boylandı, o, son nəfəsdə.

 

TORPAQ  HƏRARƏTİ

Bu elə nemətdir,-
Heç nəyə baxmır,
Bu elə hikmətdir…
Nədən istəyi?
Heç zaman insanın canından çıxmır
Torpaq hərarəti, vətən istəyi.

Torpağın insana verdiyinə bax:
Qaynayıb-qarışır canımızda o.
Köçərik dünyadan bu gün, ya sabah
Biz onun qoynuna, canımızda o.

Heç nə istəmirik,
Heç nə, əzəldən.
Yanılır deyənlər:
"Bu dünya fani…"
Daddım hər neməti bu dünyada mən,
Yanlışdır deyənlər:
"Yaşamaq ani…"

Yad yerdə olsam da kefdə-damaqda,
Məni doğma yerlər qoynuna çəkdi.
Nə hikmət var imiş görən torpaqda,
İstisi, ocağı qəlbimə çökdü.

İnsan hissiyyatı görən nə imiş?! -
Qayıtdı geriyə fikrin mənzili;
Özüm də bilmədən,
Atalar demiş:
Yapışdı əlimdən kiminsə əli.

Gəzmək bu dünyanı, dolanmaq asan,
Görməyə dünyanın çox bucağı var.
İsinə bilməyir yuvasız insan,-
Hər insan qəlbinin öz ocağı var.

Əl vurdum torpağın soyuq daşına…
Fikrim yaxındadır,
Həm də uzaqda.
Elə tələsirdim mənzil başına,
Çatanda düşündüm qayıtmaq haqda.

 

ŞÖHRƏTİMİZ,  ADIMIZ

Aşıq Kamandar Əfəndiyevə.

Möcüzəmi bayatısı, laylası?..
Ürəklidir övlad ata yanında.
Halal südlə tutularsa mayası,
Nər gücü var o igidin canında.

Biz azmarıq, -
Ata, Ana yoludur, -
Bu yolların dumanında, çənində.
Ata, Ana müqəddəsdir, uludur,
Biz borcluyuq müqəddəslər önündə.

Yaxşı görür yaxınımız, yadımız,
Ağsaqqala qulaq asmaq ar olmaz.
Şöhrətimiz, şərəfimiz, adımız, 
Ağbirçəyə övlad evi dar olmaz.

Bir qanundur,
Bir möhürdür alında,
İmtahandır hər yeni gün, gələcək.
Kim nə etsə Ata, Ana yolunda,
Təbiidir, övladından görəcək.

Fərsiz çıxsaq vaxtsız düşər, qocalar,
Gərək bilək əzəl gündən bunu biz.
Yarpaqlasaq, yaşıllasaq ucalar,
Tez quruyar,
Xəzəl olsa gövdəmiz.

Zirvələri fəth eləsək, ucalsaq,
Biz deməyək bu zirvəyə kim çatır.
Aylar, illər ötüb keçsə, qocalsaq
Ana  ana, Ata  yenə atadır.

 

QIZXANIM MÜƏLLİM

Hələ qulağımda qalıb neçə il
O duzlu ləhcəsi, o şirin səsi.
Mən bunu düşündüm,
Birdən, elə bil,
Keçdi başım üstdən isti nəfəsi.

Baxıb köks ötürüb o, dərin-dərin,
Dərd etdi zamanın bəlalarını.
Davadan geriyə dönməyənlərin
Öpdü, sığalladı balalarını.

Bir-bir danışırdı atalar haqda,
Bir-bir oxşayırdı bizi gözüylə.
Bizi qızdırırdı soyuq otaqda
İsti nəfəsiylə, isti sözüylə.

Başımdan getməyib söhbəti hələ,
Özüm də heyranam qoyduğu izə.
Necə sevmişdisə sevdirdi elə
Sənəti o bizə, şeiri o bizə.

Bizə nə danışdı,
Bizə nə dedi?
Dinləyə-dinləyə sevirdik onu:
O, qəlbən Vurğunun vurğunu idi,
Bilmirdi biz isə onun vurğunu.

… Torpağa düzlüyü, yerə düzlüyü
Elə bil, toxumtək səpib, əkdiniz.
Vətənə, millətə o təmizliyi
Öyrənən biz olduq,
Siz öyrətdiniz.

Onu qoca görüb tutulmuşdum mən,
Başının dumanı başımı aldı.
Baxıram, nurludur saçlarında dən, -
Qəlbim bu işıqdan yenə nurlandı.

 

SƏNİN  GÖZ  YAŞLARIN

Rus şairi V.Firsova.

Döyüşdük, vuruşduq, ağ günə çıxdıq,
Bəs niyə haqladı, niyə, qəm bizi?
Güldürə bilmədi,
Gülənə baxdıq,
Nə sağlıq, nə də ki, vaxtsız dəm dizi.

Qəmin zirvəsindən, qəmin başından
Adlaya bilmirəm, keçə bilmirəm,
Sevinc yaşlarını kədər yaşından
Ayıra bilmirəm, seçə bilmirəm.

Mənim bu kədərim qarlı aşırım,
Cığırı bilinməz, izi bilinməz.
Torpağı, kəsəyi hey şırım-şırım,
Zirvəsi bilinməz, düzü bilinməz.

İnsan sevinc çəkər, insan qəm çəkər,
Bu kədər qəlbimə yatan olubdur.
Sənin göz yaşların vurulan əsgər,
Mənim göz yaşlarım atam olubdur.

Kədəri anlamaq,
Kədəri bilmək –
Bu həyat bölgüsü,
Həyat sərgisi…
Həyatda asandır sevinci bölmək,
Çətindir kədərin, qəmin bölgüsü.

Dəyib sifətimiz vaxtsız yad yelə,
Qanımız, suyumuz durulmayıbdır.
Mənim göz yaşlarım istidi hələ,
Sənin göz yaşların qurumayıbdır.

Həqiqət, sədaqət düşən izdədir, 
Bunu bilənlərin yaddaşlarında.
Sənin göz yaşların qəlbimizdədir,
Mənim də ürəyim göz yaşlarında.

Bir qanlı tənzifdir əsgər qolunda,
Yanğısı yandırıb-yaxıb dünyanı.
Sənin göz yaşların vətən yolunda
Döyüşdə, vuruşda əsgərin qanı.

Bu elə bir bəxtdi, bu elə yoldu,
Orda nə dayaq var, orda nə kömək.
Sənin göz yaşların mənimki oldu,
Mənim göz yaşlarım sənindir, demək.

 

BİZDƏN  SONRA  YAŞAYANLAR

Dırnağıyla yuva qurub,
Yurd salanlar, daş yonanlar.
Bu yurd üstdə dava qurub,
Bu torpağı daşıyanlar
Əcdadımız-qalalardı,
Dərələrdən nə var, çəkib,
Qala vurub, hasar çəkib.
Yallı olub - əl-əl olub,
El-el, əl-əl yaşayanlar,
Axır olub, əvvəl olub
Bizdən sonra yaşayanlar.

İl dolanır, zaman keçir,
Bu, əzəldən hökmü-zaman.
İl dolanır, yaman keçir,
Saxlamağa yoxdur güman.
Yamanları yaxşı görüb,
Doğmalara yad deyənlər,
Bu gün mənə üz çevirib,
Sabah sənə baş əyənlər,
Düşünürmü sizi, bizi
İnsan adı daşıyanlar?
… Tutmasınlar səhvimizi
Bizdən sonra yaşayanlar.

Səhv etmişik, düz etmişik,
Nə etmişik, biz etmişik.
Bir də gördük qocalmışıq, -
Ya səksənik, ya yetmişik.
Nə tikmişik, nə qurmuşuq.
Qalaları ucaltmışıq,
Qalalara daş vurmuşuq.
Onlar sabah daha yaxşı
Görəcəklər bizdən bizi,
Bizə qiymət verəcəklər
Nəslimizi daşıyanlar.
… Tutmasınlar səhvimizi
Bizdən sonra yaşayanlar.

Yaxşı bilək gərək bunu,
Unutmayaq gərək bunu;
Bizə baxıb daşıyacaq
Bu torpağın arzusunu
Ürəyində daşıyanlar.
Bizə baxıb yaşayacaq
Bizdən sonra yaşayanlar.
Düşünmə ki, ölüm haqdır,
Çox çalışmaq çox nahaqdır.
Ya da demə, dünən yoxdu,
Keçmişimiz bizə baxdı.
Bəla olsa mindən biri,
Gorumuzu bu el danlar.
Qala olsa mindən biri,
Ayırmazlar bizdən bizi
Bizdən sonra yaşayanlar.

 

VƏTƏNDƏN  UZAQDA - VƏTƏNƏ  YAXIN

Düşündüm mən bir az,
Təzə oylaqda
Ürəyi arxada qalır insanın.
Dedim, qayğım olmaz,
Demə, uzaqda
Qayğısı daha çox olur insanın.

İnsan qəribədir,
Həyat büsbütün, -
Sakitcə bir guşə axtarmışam mən
Təklikdə özümə qapılmaq üçün.
Qapıldım özümə,
Çıxdım özümdən.

Bunu istəmişdim,
Ürəyim dolu…
Bilirəm, gəldiyim çox uzaq yoldu.
Uzaq bir mənzildən gəldiyim yolu
Geriyə qayıtmaq bir anlıq oldu.

İnsan yaxın olur
Uzaq olanda, -
Dolanır fikrində aranı, dağı׃
Çırpıntı qəlbimdə elə bu anda
Ana qocalığı,
Bala qılığı.

Mən qaçmaq istədim qəmdən uzağa,
Kədərdən, qüssədən qəlbim doymadı.
Təbriz həsrətinin oduna bax, ha! -
Məni uzaqda da tənha qoymadı.

Dost əli yapışdı,
Tutdu əlimdən.
Mehriban danışıb, mehriban dindim.
Doğmalar düşmədi bir an dilimdən,
Yad eldə yadlarla doğmaya döndüm.

Yenə həmin qayda:
Alışdım, söndüm,
Azaldı, çoxaldı sevincim, dərdim.
Hayana boylandım,
Hayana döndüm
Onları gah sağda, gah solda gördüm.

Həyatın işləri dolanır harda? 
Heç vaxt nanəcibin qurtarmır kini.
Vətəndə yolumu bağlayanlar da
Keçir sərhəddini,
Aşır həddini.

Bu bir həqiqətdir, həyatda mənə,
İnsanı yaşadır insan diləyi.
Əgər bağlı olsa insan vətənə,
Dəyişmir heç yerdə insan ürəyi.

 

ANA  OCAĞI

Bir ana var idi, yüzü keçmişdi,
Görüşdüm onunla…
Kaş görməyəydim.
Sinəmdən ürəyim, elə bil, düşdü,
Elə bil, sal daşa, qayaya dəydim.

Çırpındı köksümdə ürəyim birdən,
Dünyanın qəribə təzadları var.
Bir kəlmə anaya qopdu sinəmdən:
- Davalar qayıtmaz, oğlun qayıdar.

- Ay oğul, hardaydın, gözümün nuru?
Hamı tez qayıtdı, bəs niyə sən gec?
Gözlərim görməyir, evim qüruru,
Taqətim də yoxdur, sən yuxarı keç.

Səndən üzülmədi ümidim hələ,
Sən niyə gecikdin, daşsan, qayasan?
Davalar nə yaman uzandı belə,
İnana bilmirdim qayıtmayasan.

Tək-tənha yaşayır qarı otaqda,
Qonşular baş çəkir arabir barı.
Gözləri çuxurda, əlləri taxta,
Çıxıb yanağının almacıqları.

Övlad həsrətiylə yaşayır qarı,
Nə vaxtı anlayır, nə günü sayır.
Davadan dönməyən oğullarını
Gündə   yüz kərə
Elə hey çağırır, hey soraqlayır.

Böyük bir ehtiram insan duyana,
Budur Yer üzünün əşrəfi, varı.
Ürəyi yaralı bir qoca ana
Bəlkə bir Allahdır, bəlkə bir tanrı.

Dəhşətdir ürəyə vurulan yara,
İnsan bu qəhəri, demə ki, udur.
Düşündüm, o vaxtkı oğulsuzlara
Hamının baş çəkmək oğul borcudur.

Atalar vuruşub,
Ər döyüşəndə,
El gücü - sel gücü… Tablamaz yağı.
Analar qocalıb əldən düşəndə,
Ana ocağıdır - ata ocağı.

 

SON  GÜLLƏ

Atılan - atıldı…
Torpağın daşı
Çınqıldır,
Çovutma gülləsi kimi.
Çatılan - çatıldı,
Yerin göz yaşı
Quruyub üzümün giləsi kimi.

Bu ağrı keçməyir
Hər keçən illə,
Daşmıdır,
Daş qəlbi daşıyanların?..
Döyüşdə sonuncu atılan güllə
Qəlbində yaşayır - Yaşayanların.

Göylərdə dolanır,
Yerlərə baxır
Şəhid ataların ruhu, nəfəsi;
Birdən səksəndirər,
Onları, axı
Qəfildən atılan güllənin səsi.

Ağac gövdəsindən qaysaqlanmasa,
Yarpaqlar oynaşar budaqlarında.
Adi həqiqətdir,
Torpaq yanmasa,
Sərinlik səyriyər bulaqlarında.

Deməyin, dəyişib,
Yeni - nəsildir…
Həsrət yuvasında
Qəmdən solan var;
Az qala, az qala, yarım əsrdir, 
Gözləri yollarda hələ qalan var.

Çox evdən çıxmayıb
Evinin yası, -
İsti divarlara hopub, donubdur.
Ata itkisinin kini, qisası
Oğul ürəyində yumruqlanıbdır.

Biz körpə olanda,
Uşaq olanda
Halal süd veribdir ananın döşü.
Çox çətin olacaq,
Bilin ki, onda
Ata qisasının oğul döyüşü.

 

KÖHNƏ  ŞƏKİLLƏR

Beli patrondaşlı, alnı ulduzlu, -
Çıxardın albomdan şəkilləri siz.
Böyüdün necə var, - saralmış üzlü,
Qaytarın bu günə o illəri siz.

Hüsnü dəyişsə də göyün, yerin də,
Kim deyir il keçsə köhnələr illər.
Qalanlar uludur,
Bu öz yerində,
Müqəddəs tarixdir köhnə şəkillər.

Hərə ev olsa da,
Düşünün dərin,
Baxın, unutmayın şəkil yerini.
Yuxarı başından təzə evlərin
Asın o illərin şəkillərini.

Bir ulu nemətdir,
İnansın hərə,
Övladlar tanısın hardandır əsli.
Qayıtsın evlərə, dolsun evlərə
Onların nəfəsi,
Onların səsi.

Hər şadlıq edəndə,
Deyib-güləndə
Onların payı var, unutmayaq biz.
Biz evdən çıxanda, evə gələndə,
Baxışsın onlarla nəzərlərimiz.

Böyümək istəsək, qalxmaq istəsək,
Bilin, böyüyərik böyüklərlə biz.
Onlara müqəddəs baxmaq istəsək,
Bizə də böyüktək baxar nəslimiz.

Baxsınlar nəvələr qoy dönə-dönə,
Şəkildə - anadır,
Şəkildə - ata.
Bunu anlayana, başa düşənə
Şəkil də böyükdür, şəkil də ata.

Bəzimiz, düz deyək, bunu qanmadıq,
Qəlbdə istək varsa, şəkillər dayaq…
Onların başına dolanammadıq,
Şəkli gözümüzün üstünə qoyaq.

Hərə ev olsa da,
Düşünün dərin,
Baxın, unutmayın şəkil yerini.
Yuxarı başından təzə evlərin
Asın o illərin şəkillərini.

 

İNSAN  MƏHƏBBƏTLƏ  GƏLİR  DÜNYAYA

Sevgi nə saralar, sevgi nə solar,
Bu eşqi, ülfəti ötərgi sanma.
Desələr: "Çox sevib ayrılmaq olar.
Sevgi qabaqdadır", buna inanma.

Qəlbində od varsa, qışda da yazsan,
Soyutmaz nə boran, nə də qar səni.
Əgər başqasına sən qulaq assan,
Səhvin ömrün boyu yandırar səni.

Əlçatmaz, ünyetməz bir uzaq kimi
Onu sən axtarma, gəzmə hər dəfə.
Ömrünü bəzəyər çilçıraq kimi
Məhəbbət bir dəfə, sevgi bir dəfə.

Kim deyər böyüksən, ya da uşaqsan,
Sevinc ağlayanda, ya güləndədir?
Sevilə-sevilə yaşayacaqsan,
Dünyanın sevinci seviləndədir.

Saysız qəmlənərsən, saysız gülərsən,
Saysız nişan olar sinən hədəfə.
Yüz dəfə doğulub ölə bilərsən,
Doğular ömrünə sevgi bir dəfə.

Bu dünya bəzəkdir, sevgi möcüzə,
Bir əsr yaşasan onsuz - mənasız…
Sevgi yaşamaqçün verilib bizə.

Həyatda sevilmək deyildir asan,
Çalış, öz ömrünü sən vermə zaya,
Necə ki, sevmirsən, - doğulmamısan,
İnsan məhəbbətlə gəlir dunyaya

 

VƏTƏNDƏ - VƏTƏNSİZ…

Bəzi ölkələrdə yerli sakinlərin hüququ hər gün tapdanır.

Beşcə gün, onca gün Vətəndən uzaq,
Bir qərib ölkədə dözməyirik biz.
Vətəndə - vətənsiz,
Ədalətə bax!
Yaşaya bilərmi insan vətənsiz?

Ağırdan ağırdır taleyin qardaş? 
Arxanda "avtomat",
Qarşında uçqun.
Sənin ola-ola o torpaq, o daş
Tapdanır hər saat haqqın, hüququn.

Dünyanın qəribə təzadları var,
Maskalar altında ayrı həkətdi.
İnsan hüququndan nə danışarlar,
Hüquqlar tapdanan bir məmləkətdə.

Dərindən düşünək gəlin bir anlıq,
Bizə naşı demə, 
Yabançı bilmə;
"Azadlıq dünyası!" -
Bumu  azadlıq?
Gəlmələr - yerlidir, yerlilər - gəlmə.

Boğurlar istəyi ana bətnində,
Hələ Yer üzünün görəcəyi var.
Öz doğma yurdunda, məmləkətində
İçindən, çölündən yanır hindular.

Nə adam öldürüb,
Nə cib kəsmisən,
İnsanı tutarlar cinayət üstə.
Azadlıq istədin,
Azad kəsmisən? 
Sən bu azadlığı aldın qəfəsdə.

Hüquq istəyirdin öz millətinə,
Aldılar istəmək hüququnu da.
Yenə döyüşürsün, qəfəsdə yenə,
Onlar gözləmirdi lakin bunu da.

Hər qəlbdə torpağın şimşəyi çaxır,
Hər gözdə vətənin gözləri baxır;
Gecəli, gündüzlü boylanır vətən
Dəmir qapılardan, çərçivələrdən.

Beşcə gün, onca gün Vətəndən uzaq
Bir qərib ölkədə dözməyirik biz.
Bətəndə - vətənsiz,
Ədalətə bax!
Yaşaya bilərmi insan vətənsiz?

 

BAXIŞ

Bu baxış, deyəsən, mənə tanışdı,
Qorxuram, bu baxış məni aldadıb…
Köhnə tanışım da belə baxmışdı,
Bir vaxt bu baxışı taleyim dadıb.

Cəngindən çıxmışam mən bu baxışın, -
Ən çətin cəng olur baxışın cəngi.
Gözü qamaşdıran rəngin, naxışın
Tez solur, saralır səfi, çələngi.

Bu baxış necə də mehriban, əziz,
O da əvvəl-əvvəl belə baxardı.
Bu baxış o vaxtlar beləcə təmiz…
Ağlımı başımdan alıb apardı.

Bir baxış yaşadır bizi həyatda,
İnsanın əvvəlki, sonuncu naxşı…
Dünya bərqərardır bir baxış altda, 
Günəşin torpağa, yerə baxışı.

 

QARAYAZI

Qarayazı, qar eylədi yayların,
Qor eylədi qışda olan ayların.
Yarpaq-yarpaq nəğmələrin bürüşdü,
Gen günündə saçlarına ağ düşdü.
Qarayazı, yollarını burdular,
Yaşıl-yaşıl qollarını qırdılar.
Keçilməyən keçidlərin düz oldu,
Yarmaçalar kömür oldu, köz oldu.
- Bir maral ver,
Rəhbər üçün - göz üstə!
Maralların ocaq üstə, köz üstə.
Palıdların baltalandı, mil oldu,
Saqqızların sac altında kül oldu.
Qara ağac, heç bilmirəm nə işdi,
Qara ağac, qara günün yetişdi.
Baş açmadım başa gələn kələkdən,
Nə müddətdir oynanılır bu oyun,
Düşünmədən bir səs gəldi ürəkdən:
"Qoruqları qoruqçudan qoruyun".

 

AYAQQABILAR

Evdə, gör, neçə cüt ayaqqabım var, 
Heç vədə olmaram onun harını.
Mənə yada salır ayaqqabılar
O vaxtın ayağı yalınlarını.

Qaysağı közərməz olan bu yara
Nələr söyləyirdi, nələr deyirdi;
Dava qurtarsa da,
Davadan sonra
Dava qapımızı yenə döyürdü.

O vaxt qar üstündə biz ayaqyalın
Nə həkimə düşdük,
Nə xəstələndik.
Sirri nə böyükdür eşqin, amalın,
Əksinə, bərkiyib polada döndük.

Qəm-kədər… ehtiyac…
Neçə il olar!
Hər gün sağa çəkir, sola əyirdi.
O vaxtlar atasız ayaqyalınlar
Davanı canında hiss eləyirdi.

Dövran dəyişsə də,
Vaxt dəyişsə də,
Qalır ürəklərdə nisgil, intizar.
Həyat günü-gündən gözəlləşsə də,
Dünyada hələ də ayaqyalın var.

Düşünsün ayağıyalınlar hamı,
Bizə deməsinlər bunlar səydilər.
Verərdim sonuncu ayaqqabımı
Onlara, 
Lağ edib gülməsəydilər.

 

QURUYAR

Köz közü qızdırar yansa sac altda,
Bir yumruq əzilməz qalsa güc altda.
Torpağı bölməyin bir ağac altda,  
Pöhrələr böyüməz, budaq quruyar.

Məhəbbət sehirli-sirli nağılsa…
Yuvası dağılsa, yurdu dağılsa,
Çeşməsi tutulsa, suyu soğulsa,
Bir sevgi yolunda dodaq quruyar.

Analıq həyatda bilmirəm nəsə…
Bu qismət olmayır, qismət, hər kəsə, 
Bir ana döşündən körpə əmməsə,
Sinəsi sızıldar, qucaq quruyar.

Hər kəsin nəyəsə qulağı səsdə,
Həmişə göz üçün görmək də xəstə.
Bir misra hopmasa sinəsi üstə,
Saralar toz altda varaq, quruyar.

Həyat qəribədir ilk yaranandan,
Adi tiyə belə can alır candan.
Vaxtında sıyrılıb çıxmasa qından,
Paslanıb çürüyər, yaraq quruyar.

Solu parçalansa, sağı bölünsə,
Qarası bölünsə, ağı bölünsə,
Aranı bölünsə, dağı bölünsə,
Elləri bölünsə, torpaq quruyar.

 

XƏBİS

Xəbislik, xainlik yedi "qəlbini",
Çalışdı, vuruşdu, neyləsin axı…
Onun bu hikkəsi, onun bu kini
İrəli gedəndə bir qara yaxı…

Gözü götürmədi gözü görəni, 
Özünə dərd etdi, "qəlbinə" saldı.
O qaçmaq istədi, sürəti hanı! 
Büdrədi, burxuldu, geridə qaldı.

Bilmir ki, insanda gözgötürməmək
Özünü oxlayır, gözünü oyur.
Qoymayın yazıqdır, ona bir kömək,
O nə qusa bilir, nə qarnı doyur.

Hikkəsi, fitnəsi adi yalanlar,
Dilinin sözünə, iddiaya bax:
İstəyi həmişə böyük olanlar
Kiçilir, kiçilir, kiçilir ancaq.

Ağarmaz sinəsi qarayaxanın,
Sevinməz heç vədə söhbəti, sözü.
Bilmir ki, doğruya qara yaxanın
Saralır sifəti,
Qaralır gözü.

Xəbislik içindən doğrayır, kəsir,
Ürəyi boşalmır, ürəyi dolmur.
Başı dumanlanır, əlləri əsir,
İrəli getməyə təqəti olmur.

Xəbislik əlindən özünə gəlmir,
Hamı tərs görünür tərsin gözünə.
Bir şeyi anlamır, bir şeyi bilmir, 
O, qənim kəsilir özü özünə.

 

YAZIQ

Dağlar yaman qaraldı,
Dolayları daraldı.
Qarabağı qar aldı
Gözlərimin içində.

Yadlar onsuz da yaddı,
Kim uduzdu, kim uddu?
Qismətini unutdu, 
Zəmiləri biçəndə.

Nə oldu, gün dəyişdi,
Bu döyüş nə döyüşdü?
Burnu daşa ilişdi
Burumlardan keçəndə.

Bir az artıq yeyirdin,
Ancaq kasıb geyirdin.
Bəs, sən kirvə deyirdin,
Zəmimizi biçəndə.

Yazıq, millətin halı, 
Keçəmməzsən bu yalı, 
Özünə ağsaqqalı
Balayanı seçəndə.

Çox gözəllər seçmişəm,
Çox dolaydan keçmişəm.
Halallıqla içmişəm
Dağlardan su içəndə.

Səni kim atdı dala, 
Guya oğlundu "Bala"
Qəlbim "yandı" bu hala 
Onu oğul seçəndə.

 

MURDAR

Həyatın əyrisi düz gəlməz yerə,
Torpağı yandırar bu səs, bu nəfəs.
Murdarı inanma,
Torpaq götürə,
Həyatda hər şeydən torpaq müqəddəs.

Hər yerdə torpağın sinəsi təmiz,
Çirkabı, çirklini çirkab götürər.
Murdarı torpağa basdırmayın siz, -
Yerində ot deyil,
Murdar bitirər.

Təkcə otları yox,
Çiçəkləri də
Gözəllik yerində çirkin oxuyar.
Qoxusaq, çiçəyin ləçəklərində
Murdar iyi salar,
Murdar qoxuyar.

Ha yana yollansaq,
Ha yana varsaq,
Bəzən aldanırıq,
Biz inanırıq;
Murdarla otursaq,
Murdarla dursaq
Sözsüz, özümüz də murdarlanırıq.

Murdara möhlət yox,
Nə də ki, səbir..
Fələk saydığını yaxşıca sayıb.
Atalar deyibdir:
"Qozbeli qəbir…"
Torpağın köksündə yerə də hayıf…

Əzəldən dünyanın qanunudu bu,
Yad qanı damardan keçib axmayır.
Torpaq murdarlansa yuyar axar su,
İnsanın murdarı paka çıxmayır.

 

GÜLÜNƏ  GÖZ  DİKSƏN

İstər məclis qurdur,
İstər toy çaldır,
İstər yüz körpü sal hər bucağından,
Hələ çoxlarına bəlli deyildir, -
Heç vaxt vətən olmaz yad torpağından.

Göz dikən kor olur yad torpağına,
Bircə dən əksə də, yenə bitirmir.
Yad əli toxunsa hər budağına
Ağac da götürmür, -
Heç nə gətirmir.

Bağça bar gətirmir,
Meyvə yetirmir…
Hörgüyə gəlməyir dəysən daşına…
Torpaq yad götürmür,
Yad tum bitirmir,
Əkib dolansalar hər gün başına.

Dəyişər göylərin ab-havası,
Başlayar torpağın yadla davası.
Yollara, izlərə qatı çən düşər,
Budaqlar gövdədən qopar, gen düşər.

Gülünə göz diksən
Qarşılamaz yaz, -
Əhvalı pozular bundan şənlərin.
Yuvası - yurd olmaz,
Ocağı - yanmaz
Tez-tez yatağını dəyişənlərin.

Mən çox şey becərdim,
Lakin dərmədim.
Dözərəm, eybi yox, hələ nərəmsə.
Mənim torpağımda olanmaz dərdim, 
Əgər Koroğluyam, Cavanşirəmsə.

Gündə öz yurdunu dəyişənləri
Yaman car etdilər
Çox ar etdilər.
Həqiqət uğrunda döyüşənləri
Qalib çıxan kimi kənar etdilər.

"Mərkəzdən" verilən bu söyüşlərə
Saqqallı "vətəndaş" baş alır niyə?
Əgər mən əl qoysam bu döyüşlərə
Bir kəsin haqqı yox, bir söz deməyə.

Səbrim hüdudunu dolanmır, aşır
Sənin ulun olub, yoxsa yurd salıb?
Özünü yığşır,
Torpaq mənimkidir,
Torpaq mənimkidir, -
Babamdan qalıb.

Siz nə din bilibsiz, iman bilibsiz,
Deyibsiz xoş sözü dövrün şəninə;
İfritə cildində səpələnibsiz
Dünyanın ən gözəl guşələrinə.

Sənin söhbətinə-sözünə bir bax:
Sən nə əkmək bildin, nə də bitirmək.
Vətən sizin üçün adi bir torpaq, -
Vətən sizin üçün yemək, yedirtmək.

Sən kimsən, kimnənsən, hələ bilmirəm,
Torpağım da məlum,
Yurdum da məlum.
Çağırsan yurduna, indi gəlmərəm
Sənin qapını da tapa bilmərəm.

Siz çirkab içində hərlənirsiniz,
Dünya ar içində, siz isə arsız.
"Dənizdən dənizə"  fırlanırsınız,
Üzən deyilsiniz, boğularsınız.

Kökünüz, bilmədim, bəlkə də "məlum",
Necə bağırasan? - Ulunuz yoxdur.
Əgər fal istəsən - açıqdır əlim,
Əgər söhbət olsa,
Söhbətim çoxdur.

Mənim ulum məlum, ulusum məlum,
Gözünə soxaram Dədə Qorqudu.
Mən plov yemişəm,
Sən içdin həlim,
Bunu bilməsən də, bilsən də budu.

Gəldin qapımıza,
Çörək istədin,
Sənə çörək verdik,
Xörək də verdik.
Durub bacamızda bir az əsnədin,
Kəsib ağzımızdan çörək də verdik.

Silva Kaputikyan, belə qudurdun,
Sən kiçik  "Balayan" ünvanın hanı?
Tarixi biz açsaq,
Tarixdə vardın?
Hardan sən almısan, bilirsən, "yanı".

Biz belə millətik: -
Oxuduq həsdən,
Yoxdur, ola bilməz sinəmin dağı.
Götürdün sən "yanı" farsdan, ya 
                          "persdən",
Götürə bilməzsən sən Qarabağı.

 

TƏZAD

Dünyanın qəribə təzadları var:
Hay-küylü ömrü az - yazda sel kimi.
Həyatda həmişə dərin olanlar
Sakitdir zirvədə mavi göl kimi.

 

VƏSİYYƏT

Yurdumun hər qarış torpağı doğma,
Vətənin yolları yoxuş, enişdir…
İlk addım atdığım o kiçik daxma
Mənə saraylardan daha genişdir.

O yurd-yuva verdi qəlbimə atəş,
Bu atəş borcunu qaytarmaq ağır.
Şərqdən işıq saçır hər səhər Günəş,
Mənə elə gəlir Aveydən doğur.

Şirvandan,
Muğandan,
Mildən, de, hanı?! -
Hər qarış torpağa könül verirəm.
Məni qınamayın,
Azərbaycanı
Qazaxdan baxanda yaxşı görürəm.

Görmüşəm, duymuşam uşaq çağından,
Mən kiçik vətəndən böyük Vətəni.
Ölsəm, "Didəban"da yol qırağında,
Atmayın son gündə uzağa məni,
Basdırın baxışı Qazağa məni.

 

NİYƏ  TƏLƏSDİN

S.Vurğuna.

Dağ-dağa söykənir, 
Qaya qayaya,
Zamanın hökmü bir,
Yaşı çox olur.
Bir də görürsən ki,
Çatmayır haya,
Bir də görürsən ki,
Biri yox olur.
Zamanın hökmünə
Heç vaxt əsmədin
Sən yeni zamandın,
Sən yeni səsdin.
Sənətdə, şeirdə sən tələsmədin,
Həyatdan getməyə niyə tələsdin?

 

HAY  GEDİR  DİDƏBANA

İ.Mustafayevin xatirəsinə.

Hay gedir Didəbana,
Vay gedir Didəbana.
Ana bir yuxu gördü:
"Bə mənim oğlum hana".

Bu dağlar, qoşa dağlar,
Verib baş-başa dağlar.
Niyə tez apardınız,
Qıymadız yaşa, dağlar.

Mən yazdım, ağı yazdım,
Görünməz dağı yazdım.
Mən çox qəmlər görmüşdüm,
Bu qəmin içində azdım.

Bu yurdun yurdu ağlar,
Yuvası, yurdu ağlar.
Kimi desən anlayar,
Hər duran durdu, ağlar.

Dağ dağı aşdı, dağlar,
Dağ dağdan çaşdı, dağlar.
Çox oğul ötürdünüz,
Gözünüz yaşdı, dağlar.

Əzizinəm, bu dağı,
Bu dağı çəkməz yağı.
Dağlardan artıq oldu
Əzrailin bu dağı.

 

PEYĞƏMBƏR  DEYİB…

Həyata baxanın barmaqarası
Fikri pul çıxartmaq daş-qaya çapıb…
Çox dostlar görmüşəm dırnaqarası -
Özünü itirib,
Var-dövlət tapıb.

Zamanın işləri hesaba gəlməz, -
Kasıbla varlını dəyişdirirlər.
Onlar dəyişəndə,
İstər-istəməz,
Hiss etdim, məni də dəyişdirirlər.

Həyatda bir şeydə gətirdi bəxtim,
Nə tor atan oldum,
Nə tora düşdüm.
Dayanıb kənardan özümə baxdım:
Yox, dəyişmədim.

Qismət çörəkdədir, -
Bərəkəti var,
Halallıq qazanan naçar qalmayır.
Bilmirlər qızıldan qismət yığanlar
Qızıl, 
Yiyəsinə qismət olmayır.

Yaxşı ki, qatmadım tikəmə haram,
Bəla yetişdirən,
Verən qızıl teşt…
Hələ də bir şeyi anlayammıram, -
Niyə qan qusdurur, görən qızıl teşt?

Evi qızıllasan daşlar sökülər,
Çınqıla çevrilər önündə dən-dən.
Pulun əl çirkidir:
Qorx ki, çəkilər
Əlinin qarası üzünə birdən.

Sən ancaq bənzərsən adi harına,
Qəlbin bir eşq üçün
Bil, yanmayıbdır.
Ağıllı hökmdar qızıllarına
Arxa bağlamayıb,
İnanmayıbdır.

Var-dövlət meyildir,
Ötərgi yeldir.
Yolu əyri-üyrü,
Yolu dönəki.
Kasıblıq heç zaman ayıb deyildir,
Qəlbin kasıb ola, vay o günə ki…

Gəzmək də lazımdır,
Kef də, damaq da,
Hər şeyin qaydası, hər şeyin yeri…
Unutma keçmişi,
Sən gen ayaqda, 
Dala baxa-baxa irəli yeri.

El sözü, kəlamı getməyir yelə,
Sən düşün
Kefinin ən yaxşı çağı.
Hər vaxt qulağında bir sırğa elə
Həmin "balıqçı və qızıl balığı…"

Ciblərin dolanda ucaldı səsin…
Səndəki "satqı" yox,
Ancaq ki, "alqı".
Burda kim haqlıdır? -
Ariflər desin,
Sən pula güvəndin, mən isə xalqa.

Bir şeyi sən saxla yaxşıca yadda:
Qəlbim çiçək açıb,
İnanma solsun.
Ürək kasıb deyil,
Cib boş olsa da,
Bunlar, vay o günə, tərsinə olsun.

Diri gülüşləri, -
Dəli gülüşü
Ömürlük salmayır ürəyi bəndə.
Bil ki, əbədidir ölü gülüşü, -
Ölülər gülməsin,
Çalış, öləndə.

Bir fikir qəlbimdən,
Demirəm hərdən
Keçir, düşündürür hər zaman məni.
Qiymətsiz əsərlər yazanlar nədən
Almadı vaxtında qiymətlərini.

Layiq olanlara layiqsiz bir bəxt…
Pul nə olan şeydi, -
Adi bir əsgi.
Balzak borc içində yaşadı bir vaxt.
Bir də ki,
Bir də ki, Dostoyevski.

Ölümsüz dahilər çox əsrdə var,
Heykəllər donunda doğmalaşırlar.
Bir zaman güldülər,
Tanımadılar…
İndisə önündə durub çaşırlar.

Varlılar vaxtında güldü, sevindi,
Fikirlər - çox yığmaq,
Düşüncələr - var…
Kasıb dahilərin önündə indi
Hər vaxt baş əyirlər,
Baş qaldırmırlar.

Hər şeydən eşqini irəli saydı -
Sözü Nəsiminin ağızda gəzdi.
Dedilər: şairin varı olsaydı,
Bəlkə də şeirini yaza bilməzdi.
Bu dünya boşalıb,
Bu dünya dolub,
Kim qalıb,
Kim gedib, bilənlər bilir.
Peyğəmbər bir daha peyğəmbər olub, -
Deyib: məndən sonra şairlər gəlir.

 

MİRZƏ - MİRZƏDİR

Çoxları küydülər, hay-haraydılar,
Özləri bilmədi nədən yazdılar.
Arxanca deyənlər arxayındılar,
Qabaqda olsalar danışmazdılar.

Kişi sahibidir öz ilqarının,
Xalqa yananların sönməz həvəsi.
Səsində səsi var yaşıdlarının, -
Səmədin, Rəsulun, Mehdinin səsi.

Kədəri dərk edib, sevinc almamış,
Ocaqsız, tüstüsüz alışmayaq biz.
Hələ Mirzə kimi Mirzə olmamış,
Mirzə əvəzindən danışmayaq biz.

Onun səsi möhkəm, qələmi əziz,
Bilin, bəziləri suyu bulayar.
Əgər Mirzəmizi qorumasaq biz,
Rəsul Həmzətovlar meydan sulayar.

Bir kəlmə qəlbimə gəlibdir yenə,
Demirəm kəşfdir, ya da təzədir;
Heç kimi danmıram, inanın mənə,
Lakin unutmayaq Mirzə Mirzədir.

 

MEŞƏBƏYİ

Hüseyn Arifə və keçmiş meşəbəyi Usuf dayıya.

Yaş ötsə də neçə ildir,
Düşməyibdir hələ heyi.
Zəmanəsi elə gəldi,
Bağban oldu meşəbəyi.

Gur bığları eşmə deyil,
Ov gülləsi deşmə deyil.
Bulaq gördüm, çeşmə deyil,
Gözüm doldu, meşəbəyi.

Heç bilmədi bu nə işdi,
Cır almudlar kal-kal düşdü.
Meşədə maşın ötmüşdü, 
Bu nə işdi, meşəbəyi!

Əzgillər qaldı bəhərdən,
Palıdlar düşdü təhərdən.
Bu həsrətdən, bu qəhərdən
Daşlar soldu, meşəbəyi!

Tap heybəni, yəhəri at,
Hanı tüfəng, hanı o at!
Nağıllaşdı ötən həyat, 
Fikrə daldı meşəbəyi.

 

"AĞIL"  VERƏN

Dünyanın işinə bax,
Bir də gərdişinə bax:
Gündüzün ortasında,
Elə bil ki, gecədir;
"Ağsaqqalar" içində
Tək olmaq, tənha olmaq
Ən böyük xoşbəxtlikdir.
Ən böyük faciədir.
Öz ağlından xəbərsiz,
Sağlığından xəbərsiz,
Sifətini dəyişib,
Əl tutmayan, yetməyən
Bir haraya  bir haya
Qabağında əyləşib
Ağlına "ağıl" qoya.
Davud, heç qəm eləmə,
Sözün dildə, ağızda,
Demək, sən yaşayırsan
Yaşamazlar içində.
Bir hay qopdu içimdə…
Onlar gördüm, sən demə,
Bir boyda, bir biçimdə.
Qarışdırıb dünyanı,
Qarışdırır, sən demə,
Özü bilmir nə deyir.
Fikrimin öz düyümü,
Halım heç dəyişməyir;
Mən başa düşdüyümü
Niyə başa düşməyir?
Qarşıda dayananı
Susub, sakit dinləmək
Hələ razılıq deyil.
Əqidəmi verərəm,
Fikrimi dəyişmərəm
Ürəyimdə, içimdə.
Mən yaxşılar görmürəm
Bu "yaxşılar" içində.
Başa ağıl qoyanın
Gərək öz başı olsun.
Əgər başa düşməsə,
Onda başdaşı olsun.

 

TORPAĞI  BÖLDÜLƏR

Tariximizdə Cənubi Azərbaycan kimi adlanan bir yer Qərbi Azərbaycan və Şərqi Azərbaycan kimi vilayətlərə bölünmüşdür. "Sarı bülbül oxunmadı" məqaləsini oxuyandan sonra.

"Azərbaycan müəllimi" qəzeti, 18 yanvar 1989.

Heç vaxt yerlə göyü mən dəyişmədim,
Yeri də, göyü də yaman sildilər.
Olan bu "hikməti" başa düşmədim:
Bölünmüş torpağı bir də böldülər.

Bölgülər həmişə dağ üstə dağdır,
Kimi parçalarmış, kimi alarmış;
Yəni Təbriz bizə belə uzaqdı,
Yəni Cənubu da bölmək olarmış?

Atalar, oğullar yesir-yesirdir,
İnsan haçalanır,
Ağaca dönür.
Gör hansı dövrandı, hansı əsrdir? -
Millət parçalanır,
Millət bölünür. 

Heç vaxt yatırmazlar hərbi hərb ilə,
Torpaq xilas olmaz
Torpaq, qərq ilə;
Dünya birləşdirir Qərbi Qərb ilə,
Bəs niyə bölüblər Şərqi Şərq ilə?

Bu hansı haraydı,
Bu hansı haydı? -
Başa düşəmmirəm belə gərdişi.
Dünya bir ölümdü dünyaya yaydı;
Bir ölüm uğrunda böyük ölkənin
Dili çıxarıldı, töküldü dişi.

Hələ bir qərara çatıb, gəlmirəm,
Gülənlər nə qədər bizə güldülər;
Ölənlər öldülər, niyə?
Bilmirəm!
Cənubu bəs niyə, niyə böldülər?

 

FƏLAKƏT

Yer qopar, göy enər
Xalqın səsindən, -
Bu ki, insanlara yaxşı bəllidir.
Torpağın, tufanın zəlzələsindən
Xalqın zəlzələsi təhlükəlidir.

Pislik də, haqq-say da
Nədəndir, itmir?!
Hər şey öz vaxtında keçir ilmədən.
Fəlakət gələndə xəbərdar etmir,
Fəlakət püskürür gözlənilmədən.

Cavabdeh deyildir hələ özünə,
Birdən gah açılır, birdən gah solur.
Yaxşılıq, ya pislik görünmür gözə,
Bəzən də tərsinə,
Düzünə olur.

Fəlakət - qığılcım,
Fəlakət - ölüm,
Fəlakət dərindən keçir dayaza.
Fəlakət gələndə olmur mülayim,
Bəzən də çıxarır borandan yaza.

Sevinc də - fəlakət,
Qəm də - fəlakət,
Keçmiş də, indi də eynidir, eyni.
Bu nə bir möcüzə,
Bu nə bir adət,
Beləcə qurulub dünyanın beyni.

Onun bircə anlıq ömrü olsa da,
Vurduğu yarası ömürlük olur.
Bircə saniyədə,
Tək bircə anda
Vermək olar imiş dünyanı bada.

Dünya mehvərindən geriyə dönmür,
İnsan möcüzəsi xəlvətdi, nəsə…
Ömrün sonunacan xərçəng bilinmir,
İnsan da xərçəngdir, qəlbi gizlisə

İllərin ağrısı görünmür gözə,
Çox vaxt anlamadıq,
Onu bilmədik.
Bizi də böyütdü adi möcüzə,
Biz isə nədəndir bunu bilmədik.

Dünya çətin deyil,
Həyat çətindir.
Dünya Aydan aydın,
Həyat möcüzə,
Müxtəlif dillərdə dünyanı dindir-
Bir dildə cavabı verəcək bizə.

 

APARMIR

Sığışar ovuca əl tutsan leysan,
Həyatda dolanmaq asandan asan.
Dağları çiyninə qadırar insan,
Kədərin yükünü bel də aparmır.

Hələ açılmamış səhərin gözü,
Qurtarmaz axşamdan dünyanın sözü.
İnsanın əliylə salınan izi
Yağış da yuyanmır, sel də aparmır.

Göylərin yağışı, qarı halalsa,
Torpağın neməti, varı halalsa,
İnsan zəhmətinin barı halalsa,
Tufan də sökənmir, yel də aparmır.

Əgər bu dünyaya hər gəlib-gedən,
Düzü soruşsanız, doğrusu, məndən,
Namərdi, qatili, bilmirəm, nədən
Çəmən də götürmür, çöl də aparmır.

Artsa möhtəkirin alver bazarı,
Heç kimə qalmayır dünyanın varı.
Bir qəlbdə, bir dildə qalmayanları
Ürək də götürmür, dil də aparmır.

Gizlətmək olmayır adi yalanı,
Hətta sökmək olur köhnə palanı.
Elinə, gününə xain olanı
Öləndə qəbirə el də aparmır.

 

OXUYA  BİLSƏK…

Hərə öz kefində,
Öz damağında, -
Ürək "qohumları", ürək "dostları"…
Nənəmin sağ ikən o saflığından,
Mənə bəxşişindən utanmır barı.

Hər kəs öz evində,
Öz məclisində,
Hər kəsin qayğısı…- bu olmalıdır.
Mən tək qalammadım tək mənzilimdə,
Kim ki, yıxılırdı, qolundan tutdum.

Bu geniş dünyamız necə də dardır,
Yoxsa bu, zamanın haray, hayıdır?
Çörək istəmirəm,
Çörəyim vardır,
Məclis istəmirəm, -
Bu, əffayıdır.

Yenə də salam var,
Yenə də görüş,
Yenə də toy-düyün, yenə də şadlıq.
Mənə söz verirlər:
Şairsən, danış,
Qəlbimi incidir mənim bu yadlıq.

Danışıb deyimmi sizə bir yolluq,
Ürəyin dadımı?
Sözün dadımı?
Yanaqlar al-əlvan…
Qəlbdə soyuqluq…
Sizin qəlbinizi bəs yormadımı?

Fikir verməmişdim sizə bir anlıq,
Yaş gəlib yetişib,
Görmək çağıdır;
Gözlərdə işıqdır, qəlbdə qaranlıq,
Mən bunu görürəm, -
Mənə ağırdır.

Biz təmiz gəlirik, məncə, dünyaya,
Bu dünya, təbiət təmizdir bizdən.
Böyüyüb çatırıq birimiz haya,
Birimiz həyatı salırıq gözdən.

Biri geri dartır,
Biri çağırır,
Biri öz bəxtindən usanır, küsür.
Dünyaya gələndə insan çığırır,
Dünyadan köçəndə bəs niyə susur?

Canavar bir üzlü, -
Aydın, yırtıcı…
Həmişə bu eşqlə coşar, çağlayar.
Adam var, tanışdır, olsa əlacı
Gündə yüz ev yıxar,
Qapı bağlayar.

Çır-çırpı alışsa, bir anda sönər,
Onun nə ocağı, nə istisi var.
İşləri düşəndə quzuya dönər
Ürəyi kiçiklər, qarnı yoğunlar.

Əgər soruqsanız siz indi məndən,
Mənim taleyimdə nə qədər adlar…
Belədir dünyanın işi əzəldən:
Aldandı doğmalar,
Aldatdı yadlar.

Bəlkə söz artıqdır, kəlam artıqdır,
Bəlkə bu sözlərdi yanıldan bizi?
Həyatda təmizlik həmişə haqdır,
Sözlərdi gizlədən ürəyimizi.

Gözlə yox,
Sözlə yox,
Ağıl, düşüncə…
Düzəldər dünyanı,
Dəyişər bizi.
Düzəldər dünyanı, düzəldər, məncə,
Fikirlə oxusaq ürəyimizi.

 

İKİ  TURAL

İki Tural böyüyür
Bir-birindən uzaqda:
Biri Zaqatalada,
O biri də Qazaxda.
Hələ tanış deyillər
Bir-biriylə yaxından.
İki evin əzizi
Onlar körpə çağından.
Onların hər ikisi
Bir əminin əzizi,
İki işıqlı gözü,
İki danışan sözü.
Soruşanda əmidən
Hansını çox istəyir?
Əmi beləcə deyir:
Mənə iki sevincin
İkisi də birinci.

 

ƏSMƏR

Bant almışdı anası,
Ağappaq bant, Əsmərə!
Balaca su sonası
Sahilə yollananda
Saçlarına taxardı
Əsmər bantı hər kərə.
Bant Əsmərə yaraşır,
Əsmər banta yaraşır.
Çəmənlikdə gül olub
Çiçəklərə qarışır.
Yanaqları lalədir,
Gözləri piyalədir.
Əlləri də çiçəkdir,
Əsmər necə göyçəkdir!..
Qollarını açaraq 
Əsmər kəpənəklərlə
Oynayırdı - qaçırdı:
Elə bil, sahil boyu
Bir kəpənək uçurdu.
Saralmasın, solmasın…
Əsmər - üzüyün qaşı.
Bir arzum var: olmasın
Ömrü kəpənək yaşı.