Close

Məhəbbətim dəyanətim

DÜNƏNİM - BU GÜNÜM

Qızmar yay günündə donar yağışlar,
Odlu ürəyimdə bir ürək qışlar,
Oduyla, buzuyla vurhavur başlar, -
Yanar məhəbbətim,
Donar xatirəm.

Bölünməz, qırılmaz qara daş olar,
Sevinclə, kədərlə cüt qardaş olar,
Biri yuva olar, biri quş olar, -
Uçar məhəbbətim,
Qonar xatirəm.

Çaylar gur gələndə, dayaz gələndə,
Dağlara gün düşüb, bəyaz gələndə,
Hər payız gələndə, hər yaz gələndə,
Yaşıl məhəbbətim,
Xəzan xatirəm.

Mənə ömür verdin, intiqam aldın,
Gah dindin, gah da ki, xəyala daldın.
Qarşıda axtardım, arxada qaldın
Yetən məhəbbətim,
Ötən xartirəm.

Bir uzaq keçmişdin, yaxın gələcək,
Kim kimdən eşidib, hardan biləcək.
O məndə qarıyıb, mənlə öləcək,
Ölən məhəbbətim,
Ölməz xatirəm.

Həm uzaq mənzildi, həm yaxın yoldu,
Bir yandan gül açdı, bir yandan soldu.
Əbədi kök salıb köksümün oldu
İtən məhəbbətim,
Bitən xatirəm.

 

OLMADI

Zaman məni,
Yaman məni dağladı dağ-dağ.
Ümidimi, həsrətimi qoydu gözümdə,
Bir kədərdən ürəyimdə qaynadı bulaq,
Heç bilmirəm kədəriydi, suydu gözümdə.

Məhəbbətdir, səadətdir dünyanın tacı,
Mən çatmadım,
Yolum üstdə bir yarğan oldu.
Sinəm üstdə o gözəlin qıvrılan saçı
Burum-burum burularaq burulğan oldu.

Öz-özümə çox döyüşdüm,
Döyüşəmmədim,
Dəyişmədi bir ürəyin ilvi niyyəti;
Dəyişərdim,
Bəs nədəndir, dəyişəmmədim
Bu söhbəti,
Bu hikməti,
Mən bu adəti?

Çalışıram, mən çay boyu axa bilmirəm,
Mən nə də ki, yan ötürəm onun yanından;
Hey üzürəm, çırpınıram,
Çıxa bilmirəm
Bu burğunun burum-burum burulğanından.

Min söz oldu, danışıldı nədən, 
                        bilmirəm,
O gözəlin öz söhbəti, sözü olmadı.
Gələn gəldi, doğru sözüm, gedən, 
                        bilmirəm,
Bu gözəlin yüz gözəldə izi olmadı.

Qış qışladı, yaz olmadı yazımız 
                          bizim,
Demə buymuş həm çoxumuz, azımız 
                          bizim.
Yüz yer gördü, yüz yer seçdi gözümüz 
                          bizim,
Könül seçən o iz kimi izi olmadı.

Yaman imiş məhəbbətin harayı, hayı,
Yalan imiş məhəbbətdən, eşqdən savayı.
Dağa qalxdım, düzə düşdüm mən ömrüm 
                            boyu,
Bu düzlərin o düz kimi düzü olmadı.

Çox yurd gördüm, yurdlanmadım, kənarda 
                             qaldım,
Köhnə yurda, köhnə yerə meylimi saldım.
Neçəsini mən köklədim, çağırdım, 
                          çaldım,
Ürəyimə yatan kimi sazı olmadı.

Vaxt keçibdir, günü aya, ilə qatmışam,
Mən bu yolda nə yorulub, nə də yatmışam.
Qışdan çıxıb sevindim ki, yaza 
                             çatmışam,
Fəsillərin qışı oldu, yazı olmadı.

Sevgi odur - ömrü boyu yana, sönməyə,
Zirvələrdə cövlan edə, düzə enməyə.
Məndən dönüb ayrılanın geri dönməyə,
Özüm gördüm, qəlbi oldu, üzü olmadı.

Peşimandı, bu, gec idi, mənim nəsimdir,
Bu öz eşqim, öz muradım, bu öz 
                            səsimdir.
Dedim - sənsiz məhəbbətim mənə 
                            bəsimdir,
Dinəmmədi, nə deyəydi, sözü olmadı.

 

QIRILA-QIRILA

Nə "hə" dedi, nə "yox" dedi,
Heç bilmədim fikri nədi.
Mənə baxıb gülümsədi,
Güldüm qırıla-qırıla.

Gözlərində gözüm qaldı,
Yanağında üzüm qaldı.
Ürəyimdə sözüm qaldı,
Qaldım qırıla-qırıla.

Hər qazanın daşını mən,
Çox görmüşəm aşını mən.
Bu gözəlin yaşını mən
Bildim qırıla-qırıla.

Oxumuşdum mən könlünü, -
Sevgidən dən-dən könlünü.
Vaxtsız o sevən könlünü
Aldım qırıla-qırıla.

Çox çalışdım çək-çökrünə,
Bələd idim hər zikrinə.
Bu gözəlin mən fikrinə
Daldım qırıla-qırıla.

Soruşmadım mən yaşını,
Qəlb evinin sirdaşını.
Yanağından göz yaşını
Sildim qırıla-qırıla.

Bilmək asan, gülmək asan,
Qalmaq asan, almaq asan.
Birdəfəlik ölmək asan,
Öldüm qırıla-qırıla.

 

GÖZƏLLİK - SEVGİDİR

Üstündə dayanıb doğru yalanın,
Yalan köpüklənib süd kimi daşdı.
Bəzən görürsən ki,
Gözəl olanın 
Ürəyi ifritə, ya da bombaşdu.

Sevdiyin vardısa… oxşa, əzizlə,
İki qəlbarası sevgi elçidir.
Sevgini ölçməzlər çayla, dənizlə, -
Həyatda hər şeyçün sevgi ölçüdür.

Anları, günləri andırsa da o,
Sevgi ürəklərdə əbədi bir yol.
Bəzən atəşiylə yandırsa da o, -
Yandırsın, demərəm: ehtiyatlı ol.

Dünyanın özündən çıxar çınqısı,
Dünya öz sözündə, öz işindədir.
Sevgi sonsuzluğu sevgi yanğısı
Yanıb külə dönən atəşindədir.

Kim ki, ürək açdı, dindi, sevindi,
Bil ki, həyat eşqi səadətindir.
Bəzən "azad dünya" deyirlər indi,
Azadlıq sevgidə, məhəbbətdədir.

Qadını - qadın gör, el nəzərində,
Elin dediyində çox həqiqət var.
Çirkin qadın yoxdur Yer üzərində,
Sən çirkin qadında gözəllik axtar.

Həqiqət yolunda fikrə gəlsəniz, -
Bu nə bir qanundur, bu nə bir adət;
Həyatda bilsəniz,
Nədir gözəllik? -
Yalnız məhəbbətdir, yalnız məhəbbət!

Sevə bilən olsa, xoşbəxtə nə var…
Sevgi tumurcuqdur, sevgi düyümdür.
Yarış keçirirlər gözəl qadınlar, -
Dünyanın gözəli mən sevdiyimdir.

 

SƏN  SEVDİYİN TƏK

Qapını döyərdin…
Sən döydüyün tək
Hələ indiyədək döyən olmayıb.
İçəri girərdin…
Sən girdiyin tək
Heç vaxt bu qapıdan girən olmayb.

Üzümə gülərdin,
Sən güldüyün tək
Sevincdən gül açıb, gülən olmayıb.
Fikrimi bilərdin,
Sən bildiyin tək
Anlayan olmayıb, bilən olmayıb.

Dərdimi çəkərdin,
Sən çəkdiyin tək 
Heç zaman dərdimi çəkən olmayıb.
Qəmimi sökərdin,
Dağıdan olmayıb, sökən olmayıb.
Arzumu bilərdin,
Sən bildiyin tək
Arzumu gözümdən bilən olmayıb.
Sevgimi bölərdin,
Sən bödüyün tək
O cür tən yarıya bölən olmayıb.

Qarşıma çıxardın,
Sən çıxdığın tək
Hələ o çıxışda çıxan olmayıb.
Gözümə baxardın,
Sən baxdığın tək
Nurlu məhəbbətlə baxan olmayıb.
Hissimi dərərdin,
Sən dərdiyin tək
Çəməndə gül-çiçək dərən olmayıb.
Qəlbimi görərdin,
Sən gördüyün tək
O arzu-istəklə görən olmayıb.

Köksümə girmisən, -
Döyünür ürək.
Qəlbimdə sənin tək 
Olan olmayıb.
Qapıdan çıxmısan,
Sən çıxdığın tək
Çıxanda qəlbimdə qalan olmayıb.

 

ÇİNAR  MAHNISI

Çəkildi yollardan insan nəfəsi,
İki yol üstündə dayanıb-durdum.
Ay uca çinarın yaşıl nəğməsi,
Mən sizi eşitdim, mən sizi gördüm.

Dərdbölən axtarır sözlü olanlar,
Yaşıl çətirlərlə durdum üz-üzə.
Qəlbimdə anamdan gizli olanlar
Bir payız axşamı açıldı sizə.

Bir mahnı çalırdı hər axşam-səhər,
Bilmirəm adına nə deyim onun.
Bilmirəm nədəndir, Kərəmdən betər
Əsiri olmuşdu ürəyim onun.

Başqası eşitsə,
Elə sanırdım,
Başlayar yadların kəshakəsliyi.
Özüm də içimdə tənha yanırdım,
Qoruyub qəlbimdə müqəddəsliyi.

Utana-utana sizə birtəhər
Qəlbimi eylədim o axşam qonaq.
Deyirdim,
Mahnımı payıza qədər
Yarpaqlar biləcək,
Yarpaqlar, ancaq.

Bir zaman gördüm ki, payız ötüşdü,
… Günlər elə keçir,
Günlərə nə var?
Yolum bir ilk bahar o yerdən düşdü,
Mahnımı yarpaqlar oxuyurdılar.

Hərdən o mahnını çox anıram mən,
Yenə də mahnını bir kəs bilməyir.
O olub keçsə də,
Utanıram mən,
İndi də açmağa dilim gəlməyir.

O mahnı, bəlkə də, çıxıb yadımdın,
Sizsə mahnı ilə uyuyursunuz.
Məndən vəfalısız,
Mənim adımdan
Mahnını həmişə oxuyursunuz.

 

QIZ  VƏ  DƏNİZ

Qayada oturur qız,
Dəniz həsrətlə baxır.
Qayada oturur qız,
Dalğalar şahə qalxır.

Qızın başı üstündə
Günəş alışır, yanır,
Dəniz tufana dönür.
Qız sahili dolaşır,
Ləpələr arxasınca
Sahilboyu sürünür.

Birdən atılır suya,
Alışır, yanır dəniz.
Onu günə, qayaya,
Göyə qısqandığından
Qızdan utanır dəniz…

 

BİR  ANA  ARZUSU,  TOY CEHİZLƏRİ

("Keçmişdən gələn səslər" silsiləsindən)

Səliqəylə sahmanlayır,
Hər şeyi gözdən keçirir.
Çətin işi o anlayır:
Axı evdən qız köçürür.

Bu - qazanı, bu - sərnici,
Bu - xalçası: çiçək-çiçək.
Tikmələri inci-inci,
Naxışları göyçək-göyçək.

Ulusundan qalan sini,
Neçə qıza cehiz olub.
Toydan qabaq qalaylayıb, 
Bu gün yenə təmiz olub.

Xurcununun gözü dolu:
Taxta qaşıq, dəmir dolça.
Qayalıqdır şennik yolu, 
Qabqarılıb boşqab, nimçə.

Heybəsində xırda-xuruş, -
Sapdan tutmuş iynəyədək.
Xeyir-dua nehrəsində…
Təzə cürdək, təzə sənək…

Qollu-qollu,
Yallı-yallı
Farmaşının naxışları.
Tikmələrlə allı-güllü
Yastıqları, balıncları.

Ana çəkir əllərini
Hər ilməyə, hər naxışa.
İlmələr də az qalır ki,
Söhbət aça, söz danışa.

Niyə sayır, bir soruşun,
Qotaz-qotaz corabları? -
Bu sağdışın, bu soldışın,
Bu qayının, bu da bəyin,
Qaynatanın payı ayrı.

Palazında "at oynatsın".
"Cıdır getsin" qız nəvəsi;
Gah oynasın, gah da yatsın
Öz balası, öz nəvəsi.

Gözlərində bir son arzu,
Bir son dilək çiçək açır.
Xəyalında dəcəl quzu -
İlki oğul üstə qaçır.

Qəlbimdən qığılcım vermişəm axı…
Qəlbində söz olub danışan odu.
Gizlədə bilməzsən,
Görmüşəm axı,
Sənin kirpiyində alışan odu.

Bəzən çənli gündə, dumanlı gündə
Sən sala bilməzsən ürəyi bəndə.
Hələ bilməyirsən sevgi önündə
Sərhəd də acizdir, sərhəd çəkən də.

Götür məhəbbətin ağır yükünün
Ən böyük tayını çiynimə aşır.
Hələ bilməyirsən sevgi mülkünün
Həsrəti ən müdrik nağıl danışır.

Döyəcək qəlbini payız yağışlar,
İnadın köz kimi sönəcək onda.
Məndən üz döndərən soyuq baxışlar
Yenidən od alıb yanacaq onda.

Bu yolu bir anda getməyə nə var,
Belə tələsməyə hamı qoçaqdır…
Bir zaman sürətlə getdiyin yollar
Qıvrılıb boynuna sarılacaqdar.

Qalıb səksəkəli hər qış, hər bahar
Hər vaxt qor dolacaq sənin yerinə.
… Yükü çiyinlərdə çəkməyə nə var?!
Qonacaq qəm yükü kirpiklərinə.

Həsrətin səmaya kəmənd atacaq,
Günəş istəyəcək qəlbin, gözün də.
Osa səhər, axşam doğub batacaq, -
Sevgisiz qalacaq dünya üzündə.

Durnalar deyəndə vida nəğməsi,
O anlar yenidən varaqlanacaq.
O dadlı günlərin quru kölgəsi -
Şirin xatirələr sənə qalacaq.

 

İLK  SEVGİ  DƏSMALI

Həyatda çoxuna ilk sevgi sözü
Dönük məhəbbətdən yanar köz olur.
Deyirlər, bilmirəm,
Yalan, ya düzü
Çox vaxt ilk məhəbbət uğursuz olur.

Əhdi, məhəbbəti sınamaq üçün
Sən mənə dəsmal da bağışlamışdın.
Gəlmişdin, əbədi sən yanmaq üçün,
Bəs niyə bir anda yanıb alışdan?

Başa düşəmmirəm kimdə günah var,
Axı, kim ayırdı iki əzizi?
Görən ilk sevgimi oldu günahkar,
Yoxsa ki, bu dəsmal ayırdı bizi?

 

MƏNƏ  YALAN  DANIŞ

Demək, aldatmısan sən məni bir vaxt,
Yalanın neştəri
Sinəmdən vurmuş.
Bu nədir,
Dünyanın işinə bir bax:
Həyatda yalanla sevmək olurmuş…

Bu yolda borana,
Qara düşmüşəm,
Eşqim bir tufanlı mavi dənizdir.
Sadiqəm. -
Görürsən necə sevmişəm? -
Sənin yalanın da mənə əzizdir.

Kim sevər mənimtək,
Vurular bu gün.
Sevgidən yaranan sanki quşam mən.
Sənsiz qanadlarım qırılar bu gün,
Bir kövrək qanadlı qaranquşam mən.

Qoşa keçdiyimiz yolları bu gün
Keçmə belə asta, belə asan sən.
İnansam,
Dünyamız dəyişər bütün,
İnana bilmirəm unudasan sən.

Sevmişəm köz kimi mən yana-yana,
Yananda heç zaman dayanmaq olmur.
Bir vaxt inanmışdım yalanlarına,
İndi həqiqətə inanmaq olmur.

Söylə, kimlər oldu aranı kəsən,
Bir qəlbi söz ilə oxlamaq üçün.
Danış,
Yalan danış mənə, istəsən,
Danış, həqiqəti saxlamaq üçün.

 

MƏHƏBBƏT  YAŞI

Məhəbbət baxışı,
Sevgi təlaşı.
Nə bir söz eşidir,
Nə bir söz deyir.
Məhəbbət gözünün bulanan yaşı
Aylarla, illərlə durulan deyil.

Dəf edər kənardan atılan daşı,
Yuvası özündə qurular ancaq.
Məhəbbət gözünün bulanan yaşı
Yenə məhəbbətlə durular ancaq.

 

LALƏ  MƏHƏBBƏTİ

Keçdi bu yaylaq da səndən aralı,
Mənim qara bəxtim yenə yatırdı.
Lalələr durmuşdu köksü yaralı,
Lalələr hüsnünü xatırladırdı.

Bəlkə də məhəbbət, sevda başında
Közərə-közərə belə yanırdı.
Hər lalə həsrətdən qaya qaşında
Məşələ dönmüşdü… alovlanırdı.

Qalxdım, mən onlara yaxınlaşdıqca,
Nə əlim yetişdi, nə ünüm çatdı.
Köksümdə məhəbbət aşıb-daşdıqca,
Dırmaşdım, bir az da həvəsim artdı.

Şər düşdü, döşlərdə Günəş batmadı,
Alışdı lalələr… unutdum qəmi.
Ha getdim, onlara əlim çatmadı,
Sevgimə əllərim çatmayan kimi.

Dolaşdım gecənin mən yarısında,
Yatmışdım, yuxudan oyandım sanki.
Dayandım dağların tən yarısında,
Məhəbbət yolunda dayandım sanki.

Axşam sazağında qaya başında
Soyuqdan, elə bil, donmuşdu lalə.
Yoxsa bir sevda var onun başında,
Belə qərib-qərib durmuşdu lalə?

Bir az da dırmaşdım,
Dəydi nəfəsim,
Qız kimi qızardı, köksü açıldı.
Nəfəsim küləktək əsdi bir əsim,
Kövrək ləçəkləri göyə uçurdu.

Dolandı havada ləçək iz kimi,
Başımı, elə bil, dumanlar aldı.
Sanki bu ləçək də sevgimiz kimi,
Yellənib, havadan asılı qaldı.

Onu kim qoparmış, onu kim dərmiş?
Tökülüb ləçəyi, düşüb yarpağı.
Sən demə, həsrətdən qönçələnirmiş
Lalə məhəbbəti, lalə yanağı.

Yoxsa qismət deyil səadət ona,
Mehri, məhəbbəti qalır ürəkdə.
Sehirli bir sirdir bu ülfət ona,
Yetişmək də çətin, yetişməmək də.

Bəlkə qənimidir vüsal, qəmidir,
Lalə ürəyinə heç kim yatmayıb.
Məhəbbət özü də qönçə kimidir,
Ona nə qədər ki, əlin çatmayıb.

Uzanan həsrətlə bir eşqin əli
Gendə alovlanıb, çiçək açarmış.
Mən indi bildim ki, dağlar gözəli
Niyə nazlanırmış, niyə qaçırmış.

 

GƏLİN  SAĞDIŞA  BAXDI

Məclis sevinc içində,
             Evlənənlər eşqinə…
Oturmuşdu kədərli
             Bəylə gəlin yanaşı.
Elə qızışmışdı ki,
             Masabəyinin başı,
Danışırdı, dinirdi
             Sevgidən dönə-dönə.
Bircə anın içində
             Badələr dilə gəldi,
Badəm yerində dondu,
             Baxıb köksümü dərdim.
Sağlıq - səadət deyil, -
             Masabəyi bilmədi,
Sağlıq xoşbəxt etsəydi,
             Yüz sağlıq söyləyərdim.
Aləmi silkələyib,
             Qaldırsan da dünyanı,
Bir ağızdan Yer üzü,
             Danışsa, ötsə dil-dil,
Dünya neyləyə bilər, -
             Sağlıq səadət deyil.
Günəş də qızdırammır,
             Ürək qızdırmayanı.
Düşünürmü qudalar?
             Düşünürəm bayaqdan,
Bir mən yandım, bir də tar,
             Toy günündə - bu vaxtı.
Ürəyimdə bir ağrı,
             Seyr elədim uzaqdan
Gəlin bəyə baxmadı,
             Gəlin sağdışa baxdı.

 

BİR  QIZ  AĞLAYIR

Qılınctək qınından sıyrılır gecə
Nə vaxt ki, gün kimi məhəbbət batır.
Hər insan qəlbində sakit, gizlicə
Qıvrıla-qıvrıla bir sevgi yatır.

Elə bil, çay kimi quruyuruq biz,
Sevgisiz, dünyadan yarımayırıq.
Dünyanı alovdan qoruyuruq biz,
Lakin məhəbbəti qorumayırıq.

…Doğranır ürəkdən o, dilim-dilim,
Eşqi sinəsini yarır, dağlayır.
Nə qədər uzatsam çatmayır əlim,
Deyirəm yad kimi: bir qız ağlayır.

Onun qəlbindədir gizlidir yaşı,
Baxır, köks ötürür damla yerinə.
Dumanlar içində itsə də başı,
Sadiqdir o gözəl yenə ərinə.

Od yanır gözlərin zil  qarasında,
Quruyub göz yaşı, silməyir o qız.
Qalıbdır od ilə su arasında:
Yansınmı? Sönsünmü? Bilməyir o qız.

Çatlayıb dodağı, quruyub dili,
Qovrulur məhəbbət ocağında o.
Onu elə tutub hicranın əli, -
Çırpınır quş kimi qucağında o.

Nəmli gözlərini gizli silir ki,
Görüb deməsinlər: bir qız ağlayır.
O bəlkə bilməyir, elə bilir ki,
Eşqə, məhəbbətə yalqız ağlayır.

Deyirlər, tutulur sevənin gözü,
Sinədə bir ürək coşur, çağlayır.
Qoymur ağlamağa kişilik bizi.
Ağlayır, hardasa bir qız ağlayır.

 

TELEFON  SÜKUTU

Telefon zəng vurdu…
Götürdüm… sükut…
Susmuşduq, sussaq da biz danışırdıq.
Balalar deyir ki, gəl bunu unut,
Lakin qəlbimizlə biz dalaşırdıq.

Böyük siyasətlər, diplomatiyalar
Dərin sükut imiş,
Susmaqmış demə.
Burda qəlbdən gələn bir həqiqət var,
Üstün gələ bilər burda kim kimə?

Duydum dəstəkdəki mən nəfəsini, -
Ürək çırpınırdı…
Fikrim çaşırdı.
Mən susdum,
Eşitdim saat səsini,
Bizim yerimizə vaxt danışırdı.

Günümüz, ayımız qayıdıb bizə, 
Saatın səsiylə geri dönürdü.
Bizim yerimizə, əvəzimizə
Zaman gileylənib,
Vaxt dillənirdi.

Mənə bu çağrışın çox şeyi dedi, 
Duydum, dinməsən də,
Dəstəkdə əsdin.
Mənim öz yanmağım mənə bəs idi,
Sənin bu zəng ilə nə idi qəsdin?

Səni sevməsəydim,
Qayıdıb geri,
Heç vaxt alovlanıb, belə yanmaram.
Səni dindirməyə o vaxtdan bəri
Mənim haqqım yoxdur,
Soruşammaram.

Mənə zəng etmişdin, yadında varmı?
Qurtardıq səninlə,
Artıq biz yaddıq.
Bəs necə oldu ki, onda bir anda
Məhəbbəti atdıq? Sevgini atdıq?

Gözümdə donunu dəyişdi zaman,
Məni çaşdırıbdır sevgi nəfəsi.
Bizi birləşdirən, bizi ayıran,
Telefon sükutu, telefon səsi.

 

SÖNMÜR

Sevən kəsin üzündə də,
Bilinəcək gözündə də,
İstək varsa, yüzündə də
Bir çıraqdır - gözü sönmür.

Nə etmişik bu dünyada,
Kim salacaq bizi yada?
Halal ocaq, - inan, o da
Kül altında közü sönmür.

Nahaq işə alışanın,
Ömrü zaydır çalışanın.
Haqq yolundan danışanın
Əsrlərlə sözü sönmür.

Ömrü vermə, Davud, bada,
El çatacaq, bil ki, dada.
Kim ki, yanıb el yolunda
Heç bir zaman özü sönmür.

 

VERDİLƏR

Bənövşəni kol dibindən dərdilər,
Kirli-pasaq yaxasına taxdılar.
Özünə yox, arxasına baxdılar,
Bir gözəli bir nadana verdilər.

Dədəsinin maşınını, pulunu,
Bilə-bilə neçə əyri yolunu,
O gözəlin çataqlayıb qolunu,
O gözəli yana-yana verdilər.

Durulmadı düzənlərdə o sellər,
Çör-çöp oldu sel önündə o güllər.
Bataqlığa qurbağa yox, ay ellər,
Bataqlığa nazlı sona verdilər.

Boyu qısa o, - gözəlin çiynindən,
Xəbərim var, ağılından, beynindən.
O gözəlin qəmli-qəmli neyindən
Halı olun, qana-qana verdilər.

 

BİR DƏ  ÖTƏN  GÜNLƏR…

Eşqi o illərin ürəkdə sönməz,
Əbədi çevrilib qəlbimdə qəmə.
Bir də ötən günlər
Geriyə dönməz,
Hayıf gəncliyimə, -
O dincliyimə.

Fikrim gah aranda,
Gah da ki, dağda,
Ağıl bilmədiyin ürək bilirmiş.
Elə bilirdik ki, hər şey qabaqda, -
Sən demə,
Qaçaq da - arxada imiş.

Bir eşqlə, ülfətlə bağlandı adım,
Qəlbimdə qaranlıq, saçlarımda dən.
Bir vaxt istisinə qızınammadım,
İndi kədərinə qızınıram mən.

Onun məhəbbəti çıxmır canımdan,
Onsuz gördüklərim qəlbimə yatmır.
Yüz nazlı sənəm də keçsə yanımdan,
Tükümü tərpətmir,
Qaşımı çatmır.

Başqa planetdə sən məni azdır,
Torpaq sevincimdə, torpaq qəmimdə.
Bir üzüm payızdır,
Bir üzüm yazdır,
O hər vaxt yanımdadır…
Yanımda yoxdur.

Ay keçdi, il keçdi,
Ömürdən, gündən.
Elə bil, yel keçdi
Saçımdan dən-dən.

Gün saçılmamış
Səhərə döndüm.
Qaş qaralmamış
Qaralıb söndüm.

Çöldə yaz başı
Mən çiçəklədim.
Torpağı, daşı
Mən göyçəklədim.

Mənlə görüşü
Onun az oldu;
Lakin qəlbimdə
Eşqi yaz oldu.

 

AZƏRBAYCAN BAYATISI

(Təbrizə məktub) 

Aç tarixi, dünya bilir,
Ünvansız, adsız
Yadellilər boyumuzla
Bir boy artıbdır.
Neçə-neçə Füzulilər, Nəsimilər
Yuvasız-yurdsuz
Yad diyarda
Fikri darda
İtib-batıbdır.

Gah yaxında, gah uzaqda
Vətən dağından
Neçə-neçə yad torpaqda
Qəbir-qəbir təpələniblər. 
Qopub düşüb
Öz sapından, öz saplağından
Diyirlənib,
Ölkə-ölkə səpələniblər.
Zaman insan
Hüququnu əlindən alıb,
Söndürüblər çıraqları neçə ürəkdə.
Öz yurdunda-yuvasında
Çarəsiz qalıb,
Haqq axtarıb, haqq arayıb yad 
                     məmləkətdə.
Qanadlanıb yuvasından
Köçəri quşlar…-
Yad ölkədə haqq varmıdır?
Hava varmıdır?
Əsarətin havasından bərkiyib daşlar,
Öz yurdunda dahilərə dünya darmıdır?
Yad torpaqda çiçək bitib,
Yad su içsə də,
Böyüsə də kiçilərlər,
Enər başları.
Neçə-neçə zaman ötüb,
Əsr keçsə də,
Bir həsrətdən seçilərlər qəbir 
                          daşları.
Fikirləri ulduz-ulduz
Göydə parlayıb,
Öz adına öz ünvanı
Yazılmayıbdır.
Yağış döyüb, dolu vurub,
Sellər oynayıb,
Qələminin mürəkkəbi pozulmayıbdır.
Kimlər gəlib,
Kimlər gülüb,
Bilək biz gərək,
Top-tüfənglə üstümüzə
Hey zorba-hərbə,
Tora düşən,
Dara düşən qızıl balıqtək
Hey dartıblar,
Hey çəkiblər gah şimala,
Gah cənuba, gah da ki, qərbə.
Neçə müdrik itib-batıb,
Çətin olub yad ellərdən
Geri dönənlər.
Hələ çoxdur, tarix udub,
Küncə atılıb
Mirzə Şəfi zəkasıyla şəfəqlənənlər.
Bəs nə idi öz yurdundan
Bizi qoparan? -
Məhəbətin yurd-yuvası,
Yeri dönürdü.
Din mülkünə, qardaşına
Pənah aparan,
Vətən deyib, millət deyib geri dönürdü.
Ürəyində baş qaldıran,
Hayqıran səsin
Necə oldu, odu söndü, dövranı döndü?-
Qibləgahı yad ölkədə axtaran kəsin
Qibləgahı, ümidgahı hər vaxt Vətəndi.
Biri dedi:
- Mənim üçün vətən vətəndir,
- Heç bilmirəm vətən nədəndir?
Biri dedi:
- Vətən ilə dünya dar olmaz.
Biri dedi:
- Vətənsiz də dünya dar olmaz.
Nə müddətdir gözləyirəm,
Mən bir söz deyəm,
Vətən haqda sözün varsa,
Bir az döz, deyəm,
Bir məsləklə yaşayıram bu gün 
                       həyatda,
Qoy eşitsin bunu dost da,
Düşmən də, yad da.
Qoy eşitsin, qoy car etsin,
Dinləsin bir az,
Qoy bilsinlər:
Məndən məni ayırmaq olmaz.
Sən düşünsən haradandır
Vətənin əsli,
Vətən nədir?
- Bu, vətənin yeni bir nəsli,
Vətən odur, -
Asılıbdır, yırğalanıbdır
Beşik-beşik nəğmələri başının üstdə.
Torpağından qəlb püskürüb,
Ürək yanıbdır
Yad deyibsə -
"Bir çöp vardır qaşının üstə".
Cəng olanda oğulları
Şirə dönübdür.
Çəkinməyib, tərpənməyib
Onun bir tükü.
Vətən odur -
Sıralanıb, cərgələnibdir,
Vətən mülkü -
Ürəklərdə vətəndaş yükü!
Divarların kərpicində,
Ocaq daşında
Bir milləti bir-birinə sıx 
                 bağlayıbdır.
Qarıları, qocaları ocaq başında
Beşikləri -
Vətən-vətən yırğalayıbdır.
Əl açmayıb bir kimsəyə,
Ya da bir kəsə,
Saxlayıbdır öz gücüylə o öz tacını.
Qılıncları qılınclara tab gətirməsə,
Sıyırıbdır öz qınından söz 
                        qılıncını.
Öz qəlbini köz-köz edib
Vətəndaş olan.
El yolunda ocaq-ocaq
Alışıb, yanıb.
Vətən üçün, millət üçün ürəkdən yanan
Şöhrətini əsgər sanıb,
Keşikçi sanıb.
Qardaşına öz elində
Küməsi darsa,
Qardaş odur-
Haya çatan, dara yetəndir.
Vətən boyda ürəyində
Məhəbbət varsa,
Böyüyü yox, kiçiyi yox,
Vətən vətəndir.
Azərbaycan bir damladır,
Dərya içində, -
Gövhərin də, incinin də
Çəkisi azdır.
Boyu onun Vurğun boyda, Sabir biçimdə
Füzuliylə, Nəsimiylə
Sözünü yazdı.
Qaşlarında şimşək çaxıb,
Atəş çaxıb,
Od püskürüb dodaqlarından.
Neçə əsr nəğmə axıb
Bulaqlarından.
Yurdda ocaq, qəlbdə ulduz
Hər vaxt yandırıb.
Bir kəlməsi, bir misrası
Hər sənətkarın.
Bir millətin ürəyini
Alovlandırıb
Gözlərinn qığılcımı
Bir sənətkarın.
At oynadan, ov ovlayan
Dağlarımızda,
Çoxu bilir, azı bilir,
Bilənlər bilir,
Dustaq olan, əsir olan
Çağlarımızda
Üstümüzə silah çəkib
Gələnlər bilir,
Görənlər bilir.
Tarix hələ atmayıbdır,
Unutmayıbdır,
Sizi bizdən, bizi sizdən ayıranları.
Az olsa da Yer üzündə
Torpağı, xalqı,
Balası çox,
Bəlası çox -
Az olanların.
Gəlin indi unutmayaq
Biz adi haqqı,
Üstün tutduq özümüzdən
"Birinciləri".
Öz əlimiz, öz dilimiz, öz elimizlə
Öz gözümüz, öz sözümüzlə
Gah vurdular,
Gah qurdular
Yenidən bizi.
Dövran bizi
Zaman bizi
Elə dəyişdi,
Bəxtimizə, günümüzə
Ayrılıq düşdü.
Bilmədilər bizi bizdən
Ayırmaq olmaz,
Bilmədilər gözü gözdən,
Sözü sözdən
Ayırmaq olmaz.
Biz bir qında xəncər idik,
Səni məndən, məni səndən
Sıyırdılar,
Guya bizi ayırdılar.
Qın bu yanda şahmar kimi
Qıvrılıb qalıb.
Xəncər orda öz qınından
Sıyrılıb qalıb.
Pas atmayıb oğulların
Ürəyi hələ,
Bil, yatmayıb fikirlərin
Diləyi hələ.
Xəncərinin ucu iti,
Məqsədi qəti,
Bütövlükdür,
Böyüklükdür onun niyyəti.
Yurd sahibi ocağında
Qara daş olmaz.
Dərd sahibi
Torpağında qaravaş olmaz.
Sərvətimin duzu bəlli,
Neməti bəlli,
Sənətinin izi bəlli.
Bu tərəfdə öz dili var,
Öz kəlməsi var,
Torpağının öz külü var,
Öz nəfəsi var.
Kəlmələri
Hər yaz, hər qış çiçəkləyibdir.
İlmələri 
Naxış-naxış ləçəkləyibdir.
Gəl seyr edək bu dünyanın
Üfüqlərini.
Dünya bizim qarşımızda sirli-soraqlı,
Nizaminin qabağına çıxart birini,
Əllərimi qaldıraram
Yarlı-yaraqlı.
Mən demirəm, mən özümə
Hamıdan üstün,
Hər millətin öz övladı,
Düşüncəsi var.
Heç bir xalqdan öz xalqımı tutmuram 
                               üstün,
Ancaq, bilin, bu xalqın da öz nəfəsi 
                                var.
Gəl, qardaşım,
Bil, qardaşım,
Əlin əlimdə!
Gül, qardaşım,
Gözlərindən göz yaşını
Sil, qardaşım,
Dilin dilimdə!
Bu tərəfdən Vurğun çıxdı.
Üzeyir çıxdı, -
Üzeyirdən Yer üzündə
Bəlkə də yoxdu!
Bu tərəfdən Qara çıxdı,
Fikrətim çıxdı,
Heç bilirsən mənim neçə
Şöhrətim çıxdı?!
Bu tərəfdən Mirzə çıxdı, -
Ağıl dəryası.
Bu tərəfdən Səttar çıxdı,
Mikayıl çıxdı, -
Bir də, bir də Tahir çıxdı…
Niyə susub danışmayır
Qoca Şəhriyar?
Od püskürüb, alışmayır
Ucalardan uca Şəhriyar.
O tərəfdə Səttarxandır -
Millət atası,
Doğrudanmı, korşalıbdır
Onun baltası?
Doğrudanmı, yaşamayır
Səməd Behrəngi?
Onlar idi o torpağın göyərən rəngi.
Sərhədimiz bayatıdır, -
Yazılmayıbdır.
Hələ bizim izlərimiz
Pozulmayıbdır.
Dağımızın döşü döşdür,
Örüşü örüş.
Dağımızda tapacayıq biz 
                  gəliş-gediş.
İllər keçdi,
Heç gəlmədi bir bizə məktub,
Yazammadım bircə dənə
Təbrizə məktub.
Vətənimdir
Azərbaycan! - Bilmək istəsən,
Hər guşəsi qarış-qarış
Qitə-qitədir.
Bu torpağa bir dost kimi
Gəlmək istəsən
Əvvəl-əvvəl ürəyində məhəbbət gətir
Gözlərimiz baxmaz gendən
Burulmaz tindən,
İki gözü qorumaqçün
İki qaş olsaq.
Öz qəlbinə bir nəzər sal,
Bilmək istəsən:
Vətən sənsən,
Vətən mənəm
Vətəndaş olsaq.