Close

Dünya bir körpüdür. Ümid qatarı

VƏTƏN  BORCU

Ürəyində vətən varsa,
Güc olacaq qollarında.
Hara getsən, hara varsan,
Şam yanacaq yollarında.

Nə hikmətdir, bu nə sirdir?-
Bir nemətdir vətən eşqi.
Qanımız da vətən deyir,
Canımız da vətən deyir.

Borc bir olur, ya da iki,
Borc sözündə alver vardır.
Borc sözündə qiymət, çəki…
Borc alanın yeri dardır.

Əsgər getsən,
Sən bir yoxla,
Əsgər getmək güc deyildir.
Əsgər getsən,
Yadda saxla;
Əsgər getmək borc deyildir.

Ürəyi tox, amalı tox
İnsan olan nə böyükdür.
Vətən borcu əsgərlik yox, 
Vətən borcu ömürlükdür.

 

BİZ SONRA BİLİRİK

Köçür, bu dünyadan oğullar köçür,
Biz sonra bilirik bəs kimlər köçır.
Sən sinə gərmişdin daş qalalara,
Sinən dözərdimi ağırlığına?
Axı, ölüm hara, söylə, sən hara?
Gördüm közərirdin sən yana-yana.

Nə yaman ağırmış ayrılıq andır-
Sən niyə hər zaman andın, Voroşil?
Ölümə nə var ki,
Ölüm asandır,-
Yandın, kül olmadın,
Yandın, Voroşil.

Bir igid zəngində,
Ər nərəsində
Bir tarix keçmişdən bu günə döndü.
Sənin son günündə,
Son nəfəsində
Qalalar titrədi,
Daşlar tərpəndi.

Bütövlük - məramın, işin, gərdişin,
Görmüşdüm, qəlbində mən, nələr vardı.
Səni gözləyirdi çoxdan keçmişin, 
Səni gözləyənlər o qalalardı.

Dünya aydınlıqdır,
Biz isə ayıq.
Nə etmək lazımdı,
Etdin, Voroşil.
Çox idi olanlar ölməyə layiq,
Kimin əvəzinə getdin, Voroşil?

Qalalar qalıbdır sabaha, qala…
Lakin bu gün bizim aramızdakı
Yaman qalın oldu bu sədd, bu qala.
Sən ölüm donunu, de, necə geydin, 
Ölüm, inanmazdım,
Qapardı səni.
Keçmişi bu günə gətirməliydin,
Keçmişin yanına apardı səni.

Yaman ağır oldu sənin bu köçün,
Xalqı ucaldırdı hər işin sənin.
Yox, mən düz demədim,
Çox sevdiyinçün
Keçmişin yanına apardı səni.

 

YUVA

Qəbahət elədik,
Yeri əkərkən
Bilmədən bir səhər yuva dağıtdıq.
İşə bax,
Gördüm ki, bir səhər erkən
Quş səsi yuxudan bizi oyatdı.
İlahi, hər şeyin qəlbi, ruhu var,
Quşlar - ata, ana necə dardadır;
Onlar bir budağa qoşa qondular,
Eşitdim, dedilər:
Balam hardadır.

Acizi tapdamaq şöhrət, şan deyil.
Xoş deyil, bu cürə məqsədə çatmaq.
Nə yerə, nə göyə sığışan deyil
Bir yurd qurmaq üçün bir yurd dağıtmaq.

Hər quşun yuvası - özünə yurddur,
Quşlar dimdiyiylə daşıyır, tikir.
Dağılan yuvalar qurana dərddir,
Bu dərdi çəkənlər ömürlük çəkir.

İnsan yaşayır ki,
Bir şey yaşada,
Məncə, kim istəyər bəlası olsun.
Torpaq yuva verib adi quşa da,
Quş da istəyir ki, balası olsun.

Onlar ağlayırdı,
Görürdüm bunu,
Ürəyim titrədi, əllərim əsdi.
Elə bil, çatmışdı dünyanın sonu…
Bu, tanış fəryaddı, bu, tanış səsdi.

Gəlib gözlərimin önündə durdu
Kənddə ata yurdum…-
Çəkdim dərdini.
Həyatda daha çox,
Yuvanın, yurdun
Yuvası dağılan bilər qədrini.

Hələ bilməməyim mənim bir yana,
Yenə ar gəlirdi,
Yenə, ar mənə.
Lənət eyləmişdim yurd dağıdana,
Lənət eyləyirdi o quşlar mənə.

Ana qışqırırdı:
Yetin dadıma,
Fəryadı qoşadır hər iki səsin.
Mənim o günlərim düşdü yadıma, 
Demişdim:
O günlər gedib-gəlməsin.

Gah sola buruldum,
Gah sağa getdim,
Niyə təzələdim özüm dərdimi?
Mən necə eylədim,
Mən necə etdim,
Mən niyə qaytardım o günlərimi?

Ev yıxmaq olarmış, sən demə, hər vaxt,
… Bu torpaq davasız ərşə dəyirdi;
Mən ata demişdim,
Mən, ata, bir vaxt,
Quşların fəryadı bala deyirdi.

 

GÜNƏŞ  EŞQİ

Hiss ilə yaranıb insan,
Hissiz boşalıb dolmur.
Fikri dəyişmək asan,
Qəlbi dəyişmək olmur.

Ürək niyyətə çatır, 
Ya xeyirə, ya nəsə…
Qəlbin sözü başqadır,
Qəlbin xəbis olmasa.

Bir planet yerindən
Çıxar, o "qürurludur".
… Gün çıxmaz mehvərindən, 
Günəş eşqi nurludur.

 

TƏMİZ  QƏLBLƏ

Yaxşı bilək,
Dərk eləyək,
Hər zaman gərək.
Biri alır, biri verir,
Biri götürmür,
Təmizliklə, aydınlıqla döyünən ürək,
Öz həzminə,
Öz həcminə
Alıb götürmür.

Bir nadanla yoldaş olsan özünü yoxla,
Gün keçirmə, vaxt ötürmə sən qalmaqalla.
Bir nadanla yoldaş olsan özünü saxla,
Təmiz qəlblə, təmiz eşqlə, təmiz amalla.

Yadda saxla, açan səhər, doğan günəştək
Çeşmə qəlbin, büllur eşqin arzusu böyük.
Bu amalla, bu eşq ilə biləsən gərək
Fikrimizi, sözümüzü dünyaya deyək.

Təmizlənək, nəğmələnək ömrümüz boyu,
Bir nadanın, bir xəbisin boyu kiçilsin.
Vaxtımızı ötürməyək heç vaxt havayı,
Zülmət bilsin,
Səhər gülsün,
Millət seçilsin.

Nadan olur, xəbis olur gələnin çoxu,
Bu varlığı dərk eləyən onu ötürməz,
Təbiətə təmiz qəlblə gəlmişik axı,
Təbiətin təmiz qəlbi bizi götürməz.

 

LARİSA

Böyük Vətən müharibəsində Leninqrad uğrunda həlak olanların əbədi xatirəsinə.


Mən odla, ocaqla alışmamışam,
Qəlbimin odundan alışaram mən.
Dərdimi heç kimə danışmamışam,
Dərdi dərd bilənə danışaram mən.

Yaxın gəl,
Dayanma gendə,
Larisa.
Yaxındır qəlbimiz,
Aramız bizim.
Sən də yaralısan, mən də, Larisa,
Hələ sağalmayıb yaramız bizim.

Çəkinmə, Larisa, çəkinmə məndən,
Görmüşük nə qədər
Kədər, qüssə biz.
Yaxın gəl, Larisa,
Yapış əlimdən!
Həsrət yollarının yolçusuyuq biz.

Qorxma,
Söhbətindən batmaram yasa,
Salaq o günləri bir daha yada.
Danış gördüyündən,
Danış, Larisa,
Danışıb qəlbimi odla bir az da.

Bizə yad deyildir ayrılıq, fəqət,
Dözdük,
Sarsılmadıq bu yolda bir an.
Onda bircə loğma çörəyə həsrət,
İndi çörək keçmir boğazımızdan.

Daşların güllədən qanlı gözü var,
Yan ötsək daşların xətrinə dəyər.
Dayan,
Divarlarda güllə izi var,
Oyanıb güllələr bizə də dəyər.

Torpaq alışanda,
Üfüq yananda
Burda payız  payız,
Yaz yaz olmayıb,
Deyirlər, Larisa,
Nədənsə, onda,
Hətta gecələr də bəyaz olmayıb.

Aylarla buz olub üzü yerin də,
Hər yanı,
Hər yanı boran, qar alıb.
Gör necə olub ki,
Üfüqlərin də
Sinəsi qabarıb, üzü qaralıb.

Dünəni yuxutək anıram indi,
Keçir gözlərimdən
Qara bir axşam…
Yaman qovruluram, yanıram indi,
Mən niyə o zaman körpə olmuşam?!

Dünyanın işinə, gedişinə bax:
Bizim taleyimiz məni çaşdırıb.
Dava ayrılıqdır, ölümdür, ancaq
Bəs niyə o bizi yaxınlaşdırıb?

Ay ellər,
Bəlkə siz haya çatasız,
Çoxdandır olmuşuq qəlbiqırıq biz.
İki yaralıyıq,
İki atasız,
Bu gün iki ata axtarırıq biz.
Keçmiş cana gəlir, cansız məzarda,
Ölənlər, elə bil, ayağa durmuş.
Bu gün dayanmışıq sükutla burda,
Sükutun nə ağır yükü olurmuş?!

Bilmirəm,
Təbiət duyurmu, nədi? 
Güllə yarasından daş da dəyişib.
Bu daşlar bir zaman adi daş idi,
İndi heykəlləşib, abidələşib.

Torpağın altında haçandan bəri,
Elə bil, yorulub yuxlayır onlar.
Bir vaxt hünəriylə qoruyub yeri-
İndi sinəsində saxlayır onlar.

Analar ağladı:
- Balam gəlmədi,-
Biz başa düşmədik o zaman bunu.
Bəzən həlak oldu ata,  bilmədi-
Arxada övladı doğulduğunu.

O vaxtlar bilmədən qəmli gülmüşük,
Qəmsizlər deyiblər bizə "dəlidir".
Bir zaman çoxumuz elə bilmişik
Uşaqlar atasız böyüməlidir.

Heç vaxt büdrəmədi qədəmlərimiz,
Qoşa çiynimizdə iki ağır yük.
Bayaq bir dərdliydik ayrılıqda biz,
İndi iki qəlbli, iki dərdliyik.

Bir ata dərdindən yanıb qəlbimiz, 
Həsrətə,
Hicrana köksünü gərmiş,
Gör necə olmuşuq biz iki əziz,
Kədər də insanı əziz edərmiş?!
Görən, nə danışdıq,
Görən, nə dedik?!
Düşdü çiynimizdən dağdan ağır yük.
Biz ki,
Ayrılıqda dünən tək idik,
Bu gün iki qəlbik,
İki ürəyik!

 

TƏRSİNƏ

A.İvanova

Yay keçir, 
Qış keçir,
Nəfəs dərirsən…
Qəlbində söz sönür,
Söz aşıb-daşır.
Ay keçir,
Yaş keçir,
Bir də görürsən,
Qohum yada dönür,
Yad qohumlaşır.

Özü aşkar olan-
Qəlbi gizlində,
Kim isə ömründən gəlib tən keçir.
Qəlbinə yar olan
Bir yaxın bəndə
Ömründən gen keçir,-
Sanki çən keçir.

Hay-küylə atlanıb,
Köç gözləmədən
Mənzilə çatmamış yolda lal düşür.
Zaman silkələyir,
Heç gözləmədən
Dəymişi yerinə yerə kal düşür.

Nadanın sözünü,
Məncə, söz etmək
Əsl insan üçün heç rəva deyil.
Yeni bir kitabı yazmaq, 
Göz etmək,
Köhnə bir insanı oxumaq - müşkül.

Həmişə qoşa bəxt keçib,
Həyatın belədir ağı, qarası…
Bir də ayılmısan, -
Zaman, vaxt keçib…
Sən demə, puç imiş ömrün yarısı.

Göylərə haylanıb,
Enmək asandır,-
Böyük bir nemətdir ağlın, qüdrətin.
Keçmişə boylanıb,
Dönmək asandır,
İnsanı tanımaq - nə qədər çətin!

 

VƏTƏNDƏN  UZAQDA - VƏTƏNƏ  YAXIN

Düşündüm mən bir az,
Təzə oylaqda
Ürəyi arxada qalır insanın.
Dedim, qayğım olmaz,
Demə, uzaqda
Qayğısı daha çox olur insanın.

İnsan qəribədir,
Həyat büsbütün,-
Sakitcə bir guşə axtarmışam mən,
Təklikdə özümə qapılmaq üçün.-
Qapıldım özümə,
Çıxdım özümdən.

Bunu istəmişdim,
Ürəyim dolu…
Bilirəm, gəldiyim çox uzaq yoldu.
Uzaq bir mənzildən gəldiyim yolu,
Geriyə qayıtmaq bir anlıq oldu.

İnsan yaxın olur
Uzaq olanda,-
Dolanır fikrində aranı, dağı.
Çırpındı qəlbimdə elə bu anda
Ana qocalığı,
Bala qılığı.

Mən qaçmaq istədim qəmdən uzağa,
Kədərdən, qüssədən qəlbim doymadı.
Təbriz həsrətinin oduna bax, ha!-
Məni uzaqda da tənha qoymadı.

Dost əli yapışdı,
Tutdu əlimdən.
Mehriban danışıb, mehriban dindim.
Doğmalar düşmədi bir an dilimdən,
Yad eldə yadlarla doğmaya döndüm.

Yenə həmin qayda:
Alışdım, söndüm,
Azaldı, çoxaldı sevincim, dərdim.
Hayana boylandım,
Hayana döndüm
Onları gah sağda, gah solda gördüm.

Həyatın işləri dolanır harda?-
Heç vaxt nanəcibin qurtarmır kini.
Vətəndə yolumu bağlayanlar da
Keçir sərhəddini,
Aşır həddini.

Bu, bir həqiqətdir, həyatda mənə,
İnsanı yaşadır insan diləyi.
Əgər bağlı olsa insan vətənə,
Dəyişmir heç yerdə insan ürəyi.

Budapeşt

 

QARDAŞ

Maqsuda

Yaxşı gəldin,
Yaxşı, qardaş,
Ürəyimin başı qardaş.
Yanılmışdım, yaxılmışdım,
Lap az qala yıxılmışdım.
Nə gizlədim,
Gec gələndə
Ürək səndən küsdü, qardaş.
Yaxşı gündə gen gəzənim,
Yaman günün dostu qardaş.

O yerlərə getsəm əgər,
Qalacağım sən olmusan.
Dərd əlindən itsəm əgər,
Umacağım sən olmusan.

Bir tikəni bölməmişik
Yarı sənə, yarı mənə.
"Sənin", "mənim" bilməmişik,
"Yoxu" sənə, "varı" mənə.
Qoynu geniş, başı qarlım,
Yer vüqarlım, göy vüqarlım.
Ürəyimdə yuva qurdu
Torpağının daşı, qardaş.
Sən bu mülkü, sən bu yurdu
Al çiyninə daşı, qardaş.
Səhvim oldu, səhvin oldu,
Gah küsüşdük, gah barışdıq.
Bu həyatdır, bu, bir yoldur,
Bu yollara biz alışdıq.
Bir ehtiyac tufanında
Ürəyimiz hal-hal oldu.
Dost yanında, yad yanında
Çörəyimiz halal oldu.
Bir udumluq su olanda
Köpürmədik, daşmadıq biz.
İz tapmadıq - izə düşək,
Söz tapmadıq - sözə düşək,
Göz tapmadıq - gözə düşək.
Bəzən yadı uca tutduq,
Ucalıqda durammadı,
Elə bildi bu belədi.
Biz bu adı uca tutduq,
Vaxtsız yağdı - qar elədi,
Vaxtsız yandı - qor elədi.
Aramıza girən oldu,
Girəmmədi, çıxdı yenə.
Aramızda duran oldu,
Durammadı, çıxdı yenə.
Dara düşdük, 
Dardan dara.
Qara düşdük, 
Qardan qara.
Hara düşdük,
Hardan hara!
Zaman, zaman.
Öz yayından
Bir ox kimi çəkdi bizi.
Yaz ayından,
Yay ayından,
Qardan qara,
Qışdan qışa,
Daşdan daşa
Səkdi bizi.
Gah aranda,
Gah da dağda
Dən-dən, buğda-buğda
Səpdi bizi, əkdi bizi.
Neçə yerə, neçə yurda
Çəkdi bizi.
Əllərimiz qaldı orda,
Ayağımız qaldı burda.
Bədənimiz, bilməm, harda…
Torpaq üstdə,
Budaq üstdə,
Yarpaq üstdə
Boy atmağa,
Əl tutmağa,
Qol atmağa
Nə var, nə var!..
Daş üstündə
Cücərirdik.
Biz göz deyil,
Qaş üstündə
Cücərirdik.
Gözlərimiz suya həsrət,
Yaza həsrət, yaya həsrət. 
Dəmyə-dəmyə boy atmışıq.
Bu dünyanın bu gününə
Bax, beləcə biz çatmışıq.

*   *   *

Dünyanın hər qarış torpağı əziz,
Keçərəm dünyanın hər sərvətindən,
Eşqim zirvə olsa, ürəyim təmiz,
Təkdir bu dünyada sevdiyim vətən.

Şairə doğmadır, inanın, hər yan,
Lakin, unutmayın, ağır günündə
Hər şair vətəni Fəxri Xiyaban -
Basdırın şairi öz vətənində.

 

ZİRVƏ 

Səməd Vurğuna

Zirvə, qartalını itirib bu gün,
İkiyə bölünmüş qanad kimidir.
Başına fırlanır Yer üzü bütün,
Elə bil, kimsəsiz həyat kimidir.

Hər zirvə hər dağa bir sirdaş qalıb,
Heç biri çıxmayır elin yadından.
Kiminsə zirvədə yeri boş qalıb,
Zaman danışmayır onun adından.

Əngin üfüqlərdə, deməyin, təkdir,
Yenə buludlara bürünür zirvə.
Zirvəni axtarmaq nəyə gərəkdir,
Hər yerdən onsuz da görünür zirvə.

Hər kəs ucalığa hazıram desə,
Əvvəl xəbər tutsun istedadından.
Kim ki, dağ yanında təpə deyilsə,
Barı danışmasın zirvə adından.

Həyatda ya tufan, ya lal olasan,
Onsuz da adilər hər vaxt olubdur.
Olanda elə bir qartal olasan,
Deyələr, zirvədə yerin qalıbdır.

 

VAXTSIZ ÖLÜM

S.Bəhlulzadənin xatirəsinə

Məğrur qartalıydı zirvənin, göyün,
… Əsərlər uçmağa qanadı oldu.
İnsantək siz ona sonsuz deməyin-
Hər əsər ən əziz övladı oldu.

Əritdi dağlarda zirvə qarını,
Can atdı fırtına sahil aşmağa,
Muzeydə yaşayan "övladlarını"
Çağırın Səttarla vidalaşmağa.

Doğma "Ana"sını çağırın onun
Məzarı üstündə ağı deməyə.
Səttar heykəlini dağlarda yonun,
Zirvədə qartaltək ucalsın göyə.

Sənətkar qəlbində qüdrətə bir bax,
Sevibdir yüz oba, yüz mahal onu.
Gəlin, bir əbədi sərgi yaradaq-
"Səttar əsərinin sərgi salonu".

Qəvvastək dibinə çökdü həyatın,
Rənglərlə yaranan neçə ilmədi…
Bütün rənglərini çəkdi həyatın,
Tək ölüm rəngini çəkə bilmədi.

 

NƏ  YAXŞI

Dağlara söykənib ürəyim mənim,
İlk büllur laylamı dağ çayı çalıb.
Bəlkə onun üçün ürəyim mənim
Belə məcrasına sığışmaz olub.

Gözümlə görmüşəm,
Zirvə bulaqlar 
Dərin dərələrdə cığır açırdı.
Açmışdı qəlbini qəlbimə dağlar-
Bir vaxt uşaqlığım orda qaçırdı.

Bu həyat yolları qalxıb-endikcə,
Neçə dağ keçirəm,
Yamac aşıram.
İllərlə başıma qar ələndikcə,
Elə bil, dağlara yaxınlaşıram.

Qalıb qulağımda hay-haray səsi,
Dağlardan qopduğum, görün, nə vaxtdır!
Elə bil,
Dağların dağ cazibəsi
Məni o yerlərə qaytaracaqdar.

Axtar,
Yer üzündə olmayıb hələ,
Bir torpaq ünvansız,
Bir oba adsız.
Bir qartal köksünə dəysə bir güllə,
Sanaram zirvələr qalar övladsız.

Otların nəfəsi üstümə çöküb,
Sanki təbiətdən güc alıram mən.
Zirvələr əlini başıma çəkib,
Elə bil, dağ kimi qocalıram mən.

 

TORPAQ

Qəlbimdə dağların, düzlərin ətri,
Sel olub, dağlardan aşıb-daşıram.
Mən elə sevirəm,
Torpaqdan ötrü
Torpağa dönürəm, torpaqlaşıram.

Torpaq bir anadır bizə həyatda,
Sanki beşiyidir qocalanların.
Göylər də önündə baş əyir, hətta
Torpağa dirənib ucalanların.

Torpaq məhəbbətdir, torpaq vüqardır,
Əgər onu duysa insan, öyünür.
Kimin ki, bir ovuc torpağı vardır,
Onun dünya boyda qəlbi döyünür.

Gəlin, torpaq haqda danışmayaq çox,
Torpaq nə sənindir, nə də mənimdir.
Torpaq, sinəsində gəzənlərin yox,
Onu ürəyində gəzdirənindir.

 

MƏNİM

İtsə dolaylarda hər ləpir, hər iz,
Hay-həşir qoparıb təntiməyin siz,
Əgər qəribsəsə dağlar kimsəsiz,
Dağlara izimi aparın mənim.

Ərisə zirvəsi, qaralsa üzü,
Dağların göz yaşı bürüyər düzü.
Büllur çeşmələrin tutulsa gözü,
Görməyə gözümü aparın mənim.

Birdən ətəyinə yadlar tökülsə,
Əgər süngülərlə köksü sökülsə,
İşdir, zirvələrin qəddi bükülsə,
Köməyə dizimi aparın mənim.

Zirvələr fikrimi başımdan alar,
Yadıma düşdükcə ürəyim dolar.
Baxıram, hədiyyəm mənim nə olar? 
Dağlara sözümü aparın mənim.

Özüm buradayam, qəlbim orada,
Bir şey qalmayıbdır, düzü, arada.
Bir vaxt mən qocalsam, məndən sonra da
Ora əzizimi aparın mənim.

Davudam, qönçəni üzə bilmərəm,
Könülsüz bir yeri gəzə bilmərəm.
Heç vaxt ayrılığa dözə bilmərəm, 
Dağlara özümü aparın mənim.

Dünən bir nəfərlə görüşəndə biz,
Soruşdu sakitcə,
"Haralıyam mən"
… Əzizdir hər qarış torpağım,
Əziz,
Bu sözdən ürəyi yaralıyam mən.

Bir yerlim həmişə mənə "dayaqdı",
Yolumda "başından keçibdir" mənim.
Şahidəm,
Görmüşəm, çətin ayaqda
Namərdtək arxamdan qaçıbdır mənim.

Yer adı,
Çətində olanda Vətən,
Bir əsgər demişdi, yada düşməyir.
Bəs niyə, bilmirəm, bilmirəm nədən,
İnsan ağır gündə yer soruşmayır.

Dünən uzaq ellər görüşmək üçün,
Görəsən, nə edib bəs bizə qədər? 
Bir dost kədərini bölüşmək üçün
Atalar at sürüb Təbrizə qədər.

Ani səhv eləsək,
O bircə anın
Yüz il ləkəsini silə bilmərik.
Bölsək torpağını Azərbaycanın,
Onun çörəyini bölə bilmərik.

 

FƏXRİ  KEŞİKDƏ

Nənəm Anaxanıma

Nənə gözlərində qaralanda dan,
Elə bil, nağıllar qalır yarıda.
Nənələr köçəndə qoca dünyadan,
Köçür nənələrin nağılları da.

Od qoyub bir payız ocağına siz,
Bədənim qızmayıb nə vaxtdan bəri.
Yığşırıb bir nənə qucağına siz
Qaytarın,
Qayıtmaz günləri geri.

Məni-
Atasızı kim əzizləyər.
Həyatın bu ağır hökmünə baxın.
Dözə bilməyirəm nənəsizliyə,
Gəlmişəm,
Nənələr, qarşıma çıxın.

Bir nisgil qəlbimi yaman ağrıdır,
Evdə yun tayası saçaq-saçaqdır…
Nənə cəhrəsinin qulpu ağırdır…
Kimin gücü çatıb fırladacaqdır.

Sənin son sözünə gecikdim dünən,
Yanıb qovrulmadım mən için-için.
Çatmadım,
Ay nənə, bərəkətindən,
Çatmadım, bir damla aparmaq üçün.

Gördün tədbirini gələn qışın da,
Evdə un çuvalı heç enən deyil.
Səndən kösöv qalıb ocaq başında, 
Yansa, əsrlərlə tükənən deyil.

Taxtın altındakı qaldır taxçanı,
Taxça indiyədək heç boş olubmu?!
Gəlmişəm,
Ay nənə, çıxart boxçanı,
Bax gör,
Saxlancında bir şey qalıbmı?

Xalçalar boylanır,
Neçə yerində,
Baxıram, nənəmin gözü qalıbdır.
İncə naxışların ilmələrində
Qabar əllərinin izi qalıbdır.

Göyə bulud gəldi, gördüm, bir çəngə,
Sonra nəğmə oldu,
Çən oldu, itdi.
Mənə elə gəldi,
Nənəmlə birgə,
Elə bil, bir ürək bayatı getdi.

Yatmısan körpətək,
Nənə, beşikdə,
Qorxuram, oyatsam xətrinə dəyəm.
Saatla dururlar fəxri keşikdə,
Mən sənin əbədi keşiyindəyəm.

 

TORPAĞIN  ALLAHI

Bu gündən görəndə insan sabahı
Yaşamaq çiynində ağır dağ olmur.
Həyatda başqadır yerin Allahı,
Torpaqda Allahsız yaşamaq olmur.

Babam əsrlərlə gəlməyib təngə,
Özünə ən güclü silah axtarıb.
Bu həyatla birgə, zamanla birgə
Yaşaya-yaşaya Allah axtarıb.

Desəm, eşidərmi səsimi babam,
Kimdir bu torpağın, düzün Allahı?
Nizami, Füzuli, Nəsimi babam
Yaranıb sənətin, sözün Allahı.

Arzunu, əməli demirəm hələ,
İnsan bir inamdan güc ala bilər.
İnsan bir inamla bir Allah ilə
Allahın yanına ucala bilər.

Yaşayır, yaradır qəlbində pənah,
İnanmır zamanın dönüklüyünə.
Bu yerə, bu göyə sığmayan Allah
Sığır bir insanın böyüklüyünə.