Close

Dünya bir körpüdür. İnsan məhəbbətlə gəlir dünyaya

ÇİNAR  MAHNISI

Çəkildi yollardan insan nəfəsi,
İki yol üstündə dayanıb-durdum.
Ay uca çinarın yaşıl nəğməsi,
Mən sizi eşitdim, mən sizi gördüm.

Dərdbölən axtarır sözlü olanlar,
Yaşıl çətirlərlə durdum üz-üzə.
Qəlbimdə anamdan gizli olanlar
Bir payız axşamı açıldı sizə.

Bir mahnı çalırdı hər axşam-səhər,
Bilmirəm, adına nə deyim onun.
Bilmirəm nədəndir, Kərəmdən betər
Əsiri olmuşdu ürəyim onun.

Başqası eşitsə,
Elə sanırdım
Başlayar yadların kəsəkəsliyi.
Özüm də içimdə tənha yanırdım
Qoruyub qəlbimdə müqəddəsliyi.

Utana-utana sizə birtəhər
Qəlbimi eylədim o axşam qonaq.
Deyirdim,
Mahnımı payıza qədər
Yarpaqlar biləcək,
Yarpaqlar, ancaq.

Bir zaman gördüm ki, payız ötüşdü,
… Günlər elə keçir,
Günlərə nə var?
Yolum bir ilk bahar o yerdən düşdü,
Mahnımı yarpaqlar oxuyurdılar.

Hərdən o mahnını çox anıram mən,
Yenə də mahnını bir kəs bilməyir.
O olub keçsə də,
Utanıram mən,
İndi də açmağa dilim gəlməyir.

O mahnı, bəlkə də, çıxıb yadımdan,
Sizsə mahnı ilə uyuyursunuz.
Məndən vəfalısız,
Mənim adımdan
Mahnını həmişə oxuyursunuz.

 

ÜRƏK  ALIŞMASA

Qəlbində bir yurd sal, 
Bir mənzil, bir ev,
Açıb qönçələnsin həyatın-varın.
Gözəl qız,
Demirəm, sən məni gəl sev,
Həyatda bir olsun əhdin, ilqarın.

Hərə öz ömrünü yaşar bir adda,
Gün-gündən fərqlidir,
Bil  ki, il kimi.
Hər şeyin dövranı vardır həyatda,
Vaxt keçir,
Solarsan qızılgül kimi.

Bu dünya möcüzə,
Bu torpaq təmiz,
Ürək hesablaşmır var ilə, yoxla.
Dünyaya bir dəfə göz açırıq biz, 
Bir dəfə gəlirik,
Yadında saxla!

Yeridir, yerində qərara gəlmək…
Demə ki, həyatın mənasız keçdi.
Hər ömrün mənası sevib, sevilmək,
Ürək alışmasa, gözəllik heçdir.

 

SƏN SEVDİYİN TƏK

Qapını döyərdin…
Sən döydüyün tək
Hələ indiyədək döyən olmayıb.
İçəri girərdin…
Sən girdiyin tək
Heç vaxt bu qapıdan girən olmayıb.

Üzümə gülərdin,
Sən güldüyün tək
Sevincdən gül açıb, gülən olmayıb.
Fikrimi bilərdin,
Sən bildiyin tək
Anlayan olmayıb, bilən olmayıb.

Dərdimi çəkərdin,
Sən çəkdiyin tək
Heç zaman dərdimi çəkən olmayıb.
Qəmimi sökərdin
Sən sökdüyün tək
Dağıdan olmayıb, sökən olmayıb.

Arzumu bilərdin,
Sən bildiyin tək
Arzumu gözümdən bilən olmayıb.
Sevgimi bölərdin,
Sən böldüyün tək
O cür tən yarıya bölən olmayıb.

Qarşıma çıxardın,
Sən çıxdığın tək
Hələ o çıxışda çıxan olmayıb.
Gözümə baxardın,
Sən baxdığın tək
Nurlu məhəbbətlə baxan olmayıb.

Hissimi dərərdin,
Sən dərdiyin tək
Çəməndə gül-çiçək dərən olmayıb.
Qəlbimi görərdin,
Sən gördüyün tək
O arzu-istəklə görən olmayıb.

Köksümə girmisən, 
Döyünür ürək.
Qəlbimdə sənin tək
Olan olmayıb.
Qapıdan çıxmısan,
Sən çıxdığın tək
Çıxanda qəlbimdə qalan olmayıb.

 

BÖLÜNMƏZ

Bir qəlbə iki don geyə bilərsən,
Mat qaldım səndəki qoşa diləyə.
Necə düşünürsən,
Deyə bilərsən,
Bir qəlbdən bir sözü iki ürəyə?

Şərik ola bildik biz göyə, desən,
Hamıya bəs edər bu ana torpaq.
Ortaq olmaq olar hər nəyə desən,
Olmaz məhəbbətə, sevgiyə ortaq.

Təklikdə bir dünya olubdur aram,
Sevir Allah kimi təki məhəbbət.
Bir qəlbin içində, inanammıram,
İki qəlb döyünə, 
İki məhəbbət.

Həyatın qoynunda bu haylı-küylü
İşi var - şöhrətdir,
İşi var - gülünc.
İnsanda bir qəlbin ikiyə meyli
Biri qəm olmalı, digəri sevinc.

Mənlə danışanda, onla dinəndə,
Dilində hansı söz? Qəlbində qürur…
Bir gözün ondasa, bir gözün məndə,
Qəlbin döyüntüsü qoşamı vurur?
Atalar cüt gedib düşmən üstünə,
Döyüşüb, vuruşub çiyin-çiyinə.
Yağı qovğasına, yağı qəsdinə
Kim olub çəkinə, geriyə dönə?

Günəş də sadiqdir məhəbbətinə,
Ay da gecələrdə tək işıqlıdır.
Çatsa, çatmasa də səadətinə
Bu istək, bu işıq yaraşıqlıdır.

Adı, ünvanı var hər səadətin,
Bu necə arzudur,
Necə niyyətdir?
Sənin bu istəyin, bu "məhəbbətin",
İnan, nə ülfətdir, nə məhəbbətdir.

Olar bu dünyada ömrə şəriklik,
İstəksiz bir çiçək boynunu burub.
Bu yalqız ülvilik,
Bu böyük təklik
Cütləri yaradıb,
Dünyanı qurub.

Lap bir ocaq ilə yüz ocaq yandır,
İstəsən yurdu böl heç kəs qınamaz.
Ocaqda közü də bölmək asandır,
Aydındır , göz yoxsa bir ocaq yanmaz.

Bölünər çörək də, pul da, istəsən,
Torpaq da bölünər istər-istəməz.
Bəlkə bölmək olar hər nəyi desən,
Bir qəlbin atəşi, gözü bölünməz.

 

ƏBƏDİYYƏT

Gözlərimdə eynək, başımda duman,
Məni tez haqladı qocalıq yaman.
İl ötsə, dəyişsə, keçsə də zaman
Başımda xəyalsan, qəlbimdə çənsən.

İnan, ucalsam da, alçalsam da mən,
Fikrimdə, gözümdə, nurumda sənsən.
Qocalan deyiləm, qocalsam də mən,
Başımda dumansan, saçımda dənsən.

Çağırsan, demirəm, yanına gəlləm,
Səninlə sevinib, səninlə gülləm.
Bu eşqdən, ülfətdən dönən deyiləm,
Əhdim dönə bilməz əhdindən dönsən.

Arxada yarğansan, qarşıda bərə,
Bir sevda söyləyir, danışır hərə.
Qaldıra bilmərəm səni göylərə,
Eşqin zirvəsindən zirvədə sənsən.

Bu yolda yolumu mən başa vurram,
Bu yolda yurd salıb, mən yuva qurram.
Kül ollam, külümü göyə sovurram,
Əgər sən soyusan, əgər sən sönsən.

Ömründə gün nədir?! - Mən il olaram,
Qarşında çörək yox, sünbül olaram.
Mən çəmən olaram, mən gül olaram
Bülbül ləhcəsiylə danışsan, dinsən.

 

MƏN ELƏ BİLİRDİM

Mən elə bilirdim, dalımca əllər
Titrəyə-titrəyə yellənəcəkdir;
Burula-burula burulğan tellər
Əllərin içində sellənəcəkdir.

Mən elə bilirdim, hələ yoldadır
Qatar pıçıltısı, qatar söhbəti.
Mən elə bilirdim, məni aldadır
Qəlbimin "ötərgi" ilk məhəbbəti.

Mən elə bilirdim, məndən ötəri
Dağların başını boran, qar alıb.
Çiçəklər ülkəri, güllər ülkəri,
Yasəmən göyərib, nərgiz saralıb.
 
Mən elə bilirdim, dağlarda lalə
Mənsiz qəmli-qəmli közərir, yanır.
Açılan səhəri, demirəm hələ,
Quşlar mənim üçün erkən oyanır.

Mən elə bilirdim, çinarlar kimi
Ucala-ucala boy atmaq olar.
Hamının qəlbində düz ilqar kimi
Məhəbbət ülkəri oyatmaq olar.

Mən elə bilirdim, sevda yolları
Məhəbbət - məhəbbət,
Vüsal - vüsaldır.
Mən elə bilirdim, sevgi qolları
Məni sevə-sevə qoynuna aldı.

Mən elə bilirdim, göydə ulduzun
İşığı məndədir,
Nuru məndədir.
Mən elə bilirdim, bir gözəl qızın
Qəlbinin arzusu,
Yeri məndədir.

Bir ümid gərəkdir uca dağ üçün,
Həyatı, insanı demirəm hələ.
Mən elə bilirdim…
Yaşamaq üçün
Elə bilməsəm də,
Mən elə biləm.

Gör nə vaxtdan bəridi
Yanırdı için-için.
Bu yer onun yeridir,
Gəlmişdi yeri üçün.
Bu yer onun yeridi,
Qayıtmışdı geriyə.
Elə bil ki, lal idi,
Bilməyirdi nə deyə.
Daş kimi dayanırdı
Xəyal yerin içində.
Ürəksə çırpınırdı
Fikirlərin içində.
O baxırdı kənardan,
Gözlərini döyürdü.
O danışa bilmirdi,
Ürəyində deyirdi,
"Bu yer mənim yerimdi".
Bu yer onun, elə bil,
Söhbətiydi, sözüydü.
Bu yer ona yad deyil,
Bu yer görən gözüydü.
Başqasına vermişdi
İşığını - közünü,
Bəs kənardan nə işdi
Seyr edirdi özünü.
O, səhərdən bəridi
Dayanmışdı, susurdu.
Bu yer onun yeridi, 
Yer üstündə küsürdü.
Yanındakı bilmirdi
O yanıb-alışırdı,
İndi o, yeri üçün
Qəlbində danışırdı.
Oturmuşdu önündə,
O indi qonaq idi.
Yer durmuşdu önündə,
O, yerdən uzaq idi.
Dünyadan keçərdi o,
İndi üzü bəriydi…
Dünən yer seçirdi o…
Bu yer onun yeriydi.

 

SEVGİDƏ TƏLƏSMƏYİN

A qızlar, sevgidə tələsməyin siz,
Sevgi kəməndini sizə tez atır.
Sizin qəlbinizdə sizdən xəbərsiz
Sevilə-sevilə bir sevgi yatır.

Yolumdan ayrılıb mən çaşsam əgər,
Doğru sözlərimdir, eşidin bunu.
Sizin birinizə yanaşsam əgər,
Hardasa bir oğlan bükər boynunu.

Ömrün ən müqəddəs arzularına,
Niyə tələsirsiz?
Yoxsa çaşıbsız?
Mən namərd demirəm başqalarına,
Nə yaxşı mənimlə qarşılaşıbsız.

Həyatın hesabsız hay-harayından
Ömrə bir hay düşür, bir haray düşür,
Yadda saxlayın ki, sevgi payından
Həyatda hərəyə bircə pay düşür.

Gizlicə qovrulub hey için-için
Kim isə ömrünü açar səhərsiz…
Hələ tələsməyin,
Hər birinizçün
Bir oğlan yol gəlir sizdən xəbərsiz.

İllərin üstündən illər aşdıqca,
Zamanın hökmündə elə çaşıram.
Böyüyüb siz mənə yaxınlaşdıqca,
Yaş ötür, mən sizdən uzaqlaşıram.

A qızlar, sevgidə tələsməyin siz,
Sevgi kəməndini sizə tez atır.
Sizin qəlbinizdə sizdən xəbərsiz
Sevilə-sevilə bir sevgi yatır.

Ömrünün yazını, sevgi çağını
Yaşım silkələyib, salıb əlimdən.
Ömrümün subaylıq sultanlığını
Oğlumun gəlini alıb əlimdən

Qızlar bulağından bir gün içəndə,
Kiminsə qəlbini siz ovlarsınız.
Sabah qapınızdan gəlib keçəndə,
Məni yox, oğlumu haraylarsınız.