Close

Dünya bir körpüdür. Fəsillərin rəngi

GÜNƏŞ  HƏRARƏTİ

Torpağın arzusu qalır səhərə,
İşıqsız, elə bil, çatlayır bağrı.
Elə ki, nur əli uzanır yerə,
Boy atır təbiət Günəşə doğru.

Doğanda torpağa səslədi bizi,
Nə qədər sonsuzdur onda səxavət!
Qış oldu, kəsmədik ümidimizi,
Baharda can oldu, payızda dövlət.

Günəşdən bir gilə qaldı qorada,
Hopdu torpağa da, hopdu daşa da.
Borcludur təbiət Günəş yarada,
Günəş sevgisini yerdə yaşada.

İstə, təbiətə sən Günəş istə,
Günəş səxavəti torpaqda boldu.
Düşdü bir zərrə də dağda qar üstə,
Zirvənin Günəşdən zər tacı oldu.

Göylərdən tökülən qızıla bələş,
Günəş olmasaydı, bəlkə solardıq.
Hopsa qəlbimizə bir zərrə Günəş,
Böyüyə-böyüyə Günəş olardıq.

 

UNUTMUR

Bu yerlər,
Bu yollar mənə yad deyil,
Keçid o keçiddir, bərə o bərə.
Dünya dəyişsə də hər il, hər fəsil,
Təpə o təpədir, dərə o dərə.

Baxdım heyran-heyran mən sola-sağa, –
Gördüm ki, çiçəklər haya düşdülər.
Çiçəklər şairi qarşılamağa
Yığışıb bir yerdə çəmənləşdilər.

Bu lal qayaları gördüm uzaqdan,
Həsrətdən sinəsi, qəlbi dağlıdır! –
Məni unutmayıb,
Düzü, o vaxtdan,
Görürəm, bu yerlər küsür, - haqlıdır.

Çiçək dəstələyib çələng hörmüşəm
İlk dəfə bu yerdə, uşaqkən hələ.
İlk dəfə bu yerdə gözəl görmüşəm, –
Sağımda nərgizdir, solumda lalə.

Çiçəklər, gör, nəyi salırlar yada
Keçdikcə içindən mən asta-asta…
İllər insan kimi addımlasa da,
Otlar dayanıbdır öz kökü üstdə.

Bir vaxt o dəli çay dəli çağında,
Məni aparmışdı.
Az qala, budur…
Durmuşam, yenə də çay qırağında,
Əvəlik əyilib əlimdən tutur.

Yolum bu yerlərə düşəndə hərdən,
Yaşarır gözlərim, əsir bədənim.
Hər dəfə bu yerlər, bilmirəm, nədən
Özümü özümə qaytarır mənim.

Dayandım güllərin mən qabağında,
Lalələr bir az da allamışdılar.
Gördüm,
Qayıdanda qürub çağında
Çiçəklər boynunu sallamışdılar.

Bilmirəm, qayalar küsdü, küsmədi,
Bulaqlar yenə də aşıb-daşırdı…
Tufan da qopmadı, yel də əsmədi,
Bəs niyə çiçəklər pıçıldaşırdı?

Qalır torpaq üstdə qoyduğumuz iz, –
Özünü o bizdən aralı tutmur.
Bəzən özümüzü unutsaq da biz,
Nədəndir, təbiət bizi unutmur.

 

FƏSİLLƏRİN  RƏNGİ

Fəsillər, elə bil, açar qəlbini,
Köksündə insantək yaranı sevməz.
Hər fəsil özünün seçər rəngini,
Nədəndir, bilmirəm, qaranı sevməz.

Qəfildən dağ-dərə qarşılar qışı,
Biz onu görərik ağ-ağ qar kimi.
Şaq-şaq şaqqıldayar,
Ağarar dişi,
Qəzəbdən bozarar canavar kimi.

Elə bil, səmadan şəfəq ələnər,
Çırtlayar torpağın ən narın rəngi.
Yaz gələr,
Təbiət bənövşələnər,
Açar kol dibində baharın rəngi.

Hər fəslin öz rəngi üstünə qonur,
Səpilir torpağa neçə çələngi.
Dəniz də mavidir,
Səhra da qonur,
Yayın yaşıl olur meşədə rəngi.

Qan damar daşların yanaqlarından,
Dağ-dərə köksünə basar Günəşi.
Payız, ağacların qulaqlarından
Qızıl sırğa kimi asar Günəşi.

Görəsən, doğmadır rənglərin hansı?
Onlar fəsillərin, ilin çələngi…
Pozulsa bir fəslin rəngi, havası,
Onda illərin də pozular rəngi.

 

YARPAQLAŞSAQ

Sadalayıb günü, ayı mən səhər, axşam,
Payız keçib gözlərimdən hey aram-aram.
Qışda yazı, yazda yayı arzulamışam,
Payız fəsli başqa fəsli xatırlamıram.

Dalğalanır yarpaq-yarpaq payızın teli,
Hiss edirəm, açılıbdır payız yaxası.
Sarı-sarı, varaq-varaq
Bu qızıl seli
Bu torpağın qış örtüyü, 
Qızıl çuxası.

Qucağında nar topası,
Elə bil, dən-dən…
Torpaq susur, danışdıqca,
Qızıl danışır.
Alov donlu, Günəş donlu bu mənzərədən
Bütün aləm alışdıqca, qəlbim alışır.

Təbiətə yarpaq gərək…-
Bu hikmətə bax!
Dar günündə çağırmayır əl tutan "kəsi".
Əvvəl sarı şəlalətək
Tökülən yarpaq
Qar altında qaraltının isti nəfəsi.

Çəkilərmi ömrü dara?
Bu torpaq atəş,
İnsan yerə, insan göyə əzəldən şərik.
Günəş hopub yarpaqlara, 
Hər yarpaq Günəş!
Təbiəttək ömr eləsək günəşləşərik.

Günəş hara, de, biz hara?! –
İnsanın qəmi…
Qəlbimizdə bu bir dağdır, –
Bizlə döyüşür.
Yazmadığım bircə misra
İndiyə kimi
Elə bil ki, bir yarpaqdır əlimdən düşür.

Yarpaqları salıb yada
Elə yanardım,
Alışmağı gündüz, gecə Günəşdən alsam.
Mən özümü bu dünyada xoşbəxt sanardım,
Sarı-sarı, bax, beləcə bir yarpaq olsam.

 

TƏBİƏTLƏ  QOŞALAŞAR

Gözəl olur üfüqlərin öpüşü,
Nəğmələri şəfəq-şəfəq saçılır.
Təbiətin təbiətlə görüşü
Təmizliklə, büllurluqla açılır.

Bir nəğmədir bu torpağın yelləri,
Çiçəklərin rəngi başqa, dili bir.
Təbiətin yaşıl-yaşıl əlləri
Ömrümüzə, günümüzə nə demir?!

Təbiətdə ülviliyə, eşqə bax,
Vuran qəlbi bulaqlardır,
Tərtəmiz.
Təbiətin qucağına sığınsaq,
Təbiətlə qoşalaşar qəlbimiz.