Close

Azərbaycan bayatısı. Məhəbbətim, Dəyanətim

SƏN SEVDİYİN TƏK…

Qapını döyərdin…
Sən döydüyün tək
Hələ indiyədək döyən olmayıb.
İçəri girərdin…
Sən girdiyin tək
Heç vaxt bu qapıdan girən olmayıb.

Üzümə gülərdin,
Sən güldüyün tək
Sevincdən gül açıb, gülən olmayıb.
Fikrimi bilərdin,
Sən bildiyin tək
Anlayan olmayıb, bilən olmayıb.

Dərdimi çəkərdin,
Sən çəkdiyin tək
Heç zaman dərdimi çəkən olmayıb.
Qəmimi sökərdin
Sən sökdüyün tək
Dağıdan olmayıb, sökən olmayıb.

Arzumu bilərdin,
Sən bildiyin tək
Arzumu gözümdən bilən olmayıb.
Sevgimi bölərdin,
Sən böldüyün tək
O cür tən yarıya bölən olmayıb.

Qarşıma çıxardın,
Sən çıxdığıntək
Hələ o çıxışda çıxan olmayıb.
Gözümə baxardın,
Sən baxdığın tək
Nurlu məhəbbətlə baxan olmayıb.

Hissimi dərərdin,
Sən dərdiyin tək
Çəməndə gül-çiçək dərən olmayıb.
Qəlbimi görərdin,
Sən gördüyün tək
O arzu-istəklə görən olmayıb.

Köksümə girmisən,-
Döyünür ürək.
Qəlbimdə sənin tək
Olan olmayıb.
Qapıdan çıxmısan,
Sən çıxdığın tək
Çıxanda qəlbimdə qalan olmayıb.

*   *   *

Gəlib mən alardım yenə könlünü,
Yanına gələrdim hərdən küsəndə.
Gözlərdim yolunu hey bütün günü,
Məni istəsən də, istəməsən də.

Könlündən könlümə ocaq düşərdi,
Hərdən üşüyəndə, külək əsəndə.
Xəyalım yanında qonaq düşərdi
Məni istəsən də, istəməsən də.

Elə bil, mənimlə qoşa gedirsən
Sən bağı-bağçanı tənha gəzəndə.
Bəzən şirin-şirin söhbət edirsən
Məni istəsən də, istəməsən də.

Sən öz ürəyinin yoluyla get ki,
Ya mənim, 
Ya da ki, başqa bir kəsin
Qəlbi bahar olsun şaxta kəsəndə.
Sən elə et ki,
Sənin sevdiyini hamı istəsin.
Məni istəsən də, istəməsən də.

Sən məndən ayrıldın, mən səndən o gün,
Ayrıldıq, ayrılıq qəbahət deyil.
Bizim qəlbimizdə qaldı bir düyün,
Bu düyün indi də məhəbbət deyir.

Başqa xasiyyətlər ayırdı bizi,
Məhəbbət bizlədir, ülfət bizlədir.
Bir az sən inaddın, bir az mən, düzü, 
Yaxşı ki, məhəbbət bizi gözlədi.

Demirəm sən atdın, demirəm ya mən,
Biz sevdik, ayrıldıq,
Sevgi qalacaq.
Hələ ki, həyatda yaşayıram mən,
Ürək səni sevib, səni anacaq.

Həyatda bir yol var, bir istək ancaq,
Bir olur sevənin, sevginin donu.
Səni bu təbiət bağışlayacaq,
Əgər məndən artıq sən sevsən onu.

 

TELEFON SÜKUTU

Telefon zəng vurdu…
Götürdüm… sükut…
Susmuşduq, sussaq da biz danışırdıq.
Balalar deyir ki, gəl bunu unut,
Lakin qəlbimizlə biz dalaşırdıq.

Böyük siyasətlər, diplomatiyalar
Dərin sükut imiş,
Susmaqmış, demə.
Burda qəlbdən gələn bir həqiqət var.
Üstün gələ bilər burda kim kimə?

Duydum dəstəkdəki mən nəfəsini,-
Ürək çırpınırdı…
Fikrim çaşırdı.
Mən susdum,
Eşitdim saat səsini,
Bizim yerimizə vaxt danışırdı.

Günümüz, ayımız qayıdıb bizə,-
Saatın səsiylə geri dönürdü.
Bizim yerimizə, əvəzimizə
Zaman gileylənib,
Vaxt dillənirdi.

Mənə bu çağrışın çox şeyi dedi,-
Duydum, dinməsən də,
Dəstəkdə əsdin.
Mənim öz yanmağım mənə bəs idi,
Sənin bu zəng ilə nə idi qəsdin?

Səni sevməsəydim,
Qayıdıb geri
Heç vaxt alovlanıb, belə yanmaram.
Səni dindirməyə o vaxtdan bəri
Mənim haqqım yoxdur,
Soruşammaram.

Mənə zəng etmişdin, yadında varmı?
Qurtardıq səninlə,
Artıq biz yaddıq.
Bəs necə oldu ki, onda bir anda
Məhəbbəti atdıq? Sevgini atdıq?

Gözümdə donunu dəyişdi zaman,
Məni çaşdırıbdır sevgi nəfəsi.
Bizi birləşdirən, bizi ayıran,
Telefon sükutu, telefon səsi.

 

MƏHƏBBƏTSİZ  ÇƏTİNDİR

Özüm də bilmirəm bəs bu nədəndir?
Qəlbim bir həsrətlə alovlanıbdır.
Məhəbbət şairçün doğma vətəndir, 
Bir eşqlə, ünvanla yuvalanıbdır.

Günəş sevgisidir yaşadan onu,-
Başına dolanır,
Fırlanır dünya.
Bu eşqlə, həsrətlə ömrü uzunu
Elə hey qovrulur, hey yanır dünya.

İlk eşqə vətəndir dünyada əvəz,
Vətənin köksündə ucalırıq biz.
Yaşayır başqası,
Yaşaya bilməz -
Şair məhəbbətsiz, şair sevgisiz.

 

ÖLÇÜ

Həyatda bir damla səadətimi
Bir ümman eyləyib içmişəm bəzən.
Mən ki, bu dünyada məhəbbətimi
Hicranla, həsrətlə ölçmüşəm bəzən.

Hicran,-
Məhəbbətin ölçüsüdür o,
Bəzən ümman olar, bəzən kiçilər.
Qovuşsaq, ömürlük köçəsidir o,-
Qovuşsaq, eşqimiz nəylə ölçülər?

 

GÖRÜŞ YERLƏRİ

Onda başqa idi çöllərin ətri,
Onda yaşanardı bir ömrün tacı.
İndi bir sazaqlı görüşdən ötrü,
Göynəyir həsrətlə burnumun ucu.

Məhəbbət yolunda dünən həvəsdə,
Bu gün o yolları sona aşıram.
İndi hiss edirəm, -
Mən asta-asta
Ömrün gəncliyindən uzaqlaşıram.

Dünən ulduzlarla mən söhbət edir,
Bu gün asta-asta, yerə enirəm:
Gənclər indən belə görüşə gedir,
Mən isə görüşdən geri dönürəm.

Neçəsi gəlibdir bu yerə gündə,
Çoxu ilk eşqini burda deyibdir.
Tənha oturcağı ağac dibində
İndi başqaları zəbt eləyibdir.

Ağ cığır salıbdır saçlarıma dən,
Mən hiss edirəm ki, ağırlaşıram.
Hələ qocalığı deməyirəm mən,
Bu gün gəncliyimdən uzaqlaşıram.

Dünən bircə çimir yuxu yatmayan
Bu gün yuxulardan niyə doymayır.
Bir vaxt mənzilində qərar tutmayan
İndi mənzilindən ayrı olmayır.

Çıxardıq görüşə elə həvəslə,
Eşqin qarşısında zəmanət verib.
İndi yaşıdlarım yeni bir nəslə
Görüş yerlərini əmanət verib.

 

MƏNDƏ  OLAN,  OLMAYAN…

Gözümdə - eşqin qəmi,
Yuxusuz günlərimin
Yuxusu çatışmayır.
Qəlbimdə saçlarının
Qoxusu çatışmayır.

Yoluma ortaq olan
İzlərin qarışmayır.
Saçımda - daraq olan
Əllərin çatışmayır.

Dilimdə - sözlərinin
Bir dünyalıq söhbəti.
Əlimdə - çatışmayır
Əlinin hərarəti.

Axı, məndə nəyin var?..
Həsrətin elə çoxdur,
Həsrətin məni udur. 
Çəkəmmirəm həsrəti.
Məndə olan tək budur:
Həsrətin məhəbbəti.

 

DEYİL

Çovğun yolumu kəsir,
Göydə ildırım çaxır.
İndi də külək əsir,
İndi də yağış yağır.
Külək o külək deyil,
Yağış o yağış deyil.

Çələng hördüm sözlərdən, 
Axı, neyləyim ki, mən, 
Sözlər o sözlər deyil.
Bu gözlər o gözlərdən
Bəlkə mənalı baxır,
Lakin o gözlər deyil.

Çoxu gərəyim olub,
Gərək o gərək deyil.
Axı nə gizlədim mən:
Ürəyimdə qalmağa
Nə qədər ürək olub, 
Ürək o ürək deyil.

Mənzilim uzaq düşür,
Uzaq o uzaq deyil.
Xəyalım neçə yerdə
Kök salır, qonaq düşür, 
Qonaq o qonaq deyil.

Soyuq da başqalaşıb,
Sazaq o sazaq deyil.
Fikirləşdim xeyli mən:
Sən ömrümə dayaqdın,
Dayaq o dayaq deyil.

 

GİZLİ  MƏHƏBBƏT

Birdən alovlanıb, alışmasam da,
Gizli məhəbbətin mənə bəllidir.
Bunları deməsəm, danışmasam da,
Bunlar mənim üçün gizli deyildir.

Biz ki, bu dünyaya xəlvət gəlmədik,
Niyə xəlvət olsun məhəbbətimiz?
Həyatda heç nəyi gizli bilmədik,
Lakin gizli olub məhəbbətimiz.

Necə ki, həyatda hələ varıq biz,
Bizik bu dünyada hamıdan əziz.
Nə qədər hamıya aşikarıq biz,
O qədər gizlidir məhəbbətimiz.

 

ŞƏKİL

Deyirsən şəklini yadigar alım,
Beş il ayrı gəzmək çətindir, çətin.
Səndən ayrılmayır fikrim, xəyalım,
Qüdrəti böyükdür ilk məhəbbətin.

Səni canlandıran ürəkdir - şəkil,
Sözlərin həmişə sözlərimdədir.
Neynirəm, nəyimə gərəkdir şəkil?! 
Surətin əbədi gözlərimdədir.

 

ƏBƏDİYYƏT

Gözlərimdə eynək, başımda duman,
Məni tez haqladı qocalıq yaman.
İl ötsə, dəyişsə, keçsə də zaman,
Başımda xəyalsan, qəlbimdə çənsən.

İnan, ucalsam da, alçalsam da mən,
Fikrimdə, gözümdə, nurumda sənsən.
Qocalan deyiləm, qocalsam də mən,
Başımda dumansan, saçımda dənsən.

Çağırsan, demirəm yanına gəlləm,
Səninlə sevinib, səninlə gülləm.
Bu eşqdən, ülfətdən dönən deyiləm,
Əhdim dönə bilməz əhdindən dönsən.

Arxada yarğansan, qarşıda bərə,
Bir sevda söyləyir, danışır hərə.
Qaldıra bilmərəm səni göylərə,
Eşqin zirvəsindən zirvədə sənsən.

Bu yolda yolumu mən başa vurram,
Bu yolda yurd salıb, mən yuva qurram.
Kül ollam, külümü göyə sovurram,
Əgər sən soyusan, əgər sən sönsən.

Ömründə gün nədir?! - Mən il olaram,
Qarşında çörək yox, sünbül olaram.
Mən çəmən olaram, mən gül olaram,
Bülbül ləhcəsiylə danışsan, dinsən.

 

MƏHƏBBƏT  BÖLÜNMƏZ

Bir qəlbə iki don geyə bilərsən,
Mat qaldım səndəki qoşa diləyə;
Necə düşünürsən,
Deyə bilərsən
Bir qəlbdən bir sözü iki ürəyə?

Şərik ola billik biz göyə, gesən,
Hamıya bəs edər bu ana torpaq.
Ortaq olmaq olar hər nəyə desən,
Olmaz məhəbbətə, sevgiyə ortaq.

Təklikdə bir dünya olubdur aram,
Sevir Allah kimi təki məhəbbət.
Bir qəlbin içində inanammıram
İki qəlb döyünə, -
İki məhəbbət.

Həyatın qoynunda bu haylı-küylü
İşi var - şöhrətdir,
İşi var - gülünc.
İnsanda bir qəlbin ikiyə meyli-
Biri qəm olmalı,
Digəri sevinc.

Mənlə danışanda, onla dinəndə
Dilində hansı söz? Qəlbində qürur…
Bir gözün ondasa, bir gözün məndə, -
Qəlbin döyüntüsü qoşamı vurur?

Atalar cüt gedib düşmən üstünə,
Döyüşüb, vuruşub çiyin-çiyinə.
Yağı qovğasına, yağı qəsdinə
Kim olub çəkinə, geriyə dönə?

Günəş də sadiqdir məhəbbətinə,
Ay da gecələrdə tək işıqlıdır.
Çatsa, çatmasa da səadətinə
Bu istək, bu işıq yaraşıqlıdır.

Adı, ünvanı var hər səadətin,
Bu necə arzudur,
Necə niyyətdir?
Sənin bu istəyin, bu "məhəbbətin",
İnan, nə ülfətdir, nə məhəbbətdir.

Olar bu dünyada ömrə şəriklik,
İstəksiz bir çiçək boynunu burub.
Bu yalqız ülvilik,
Bu böyük təklik
Cütləri yaradıb,
Dünyanı qurub.

Lap bir ocaq ilə yüz ocaq yandır,
İstəsən yurdu böl - heç kəs qınamaz.
Ocaqda közü də bölmək asandır,
Aydındır, köz yoxsa bir ocaq yanmaz.

Bölünər çörək də, pul da istəsən,
Torpaq da bölünər istər-istəməz,
Bəlkə bölmək olar hər nəyi desən,
Bir qəlbin atəşi, közü bölünməz.

 

MƏHƏBBƏT - NİFRƏT

Bir mahnı yaşayır, səslənib dünən,
Onu unutmağım yadıma gəlmir.
Zamandır dəyişən, vaxtdır dəyişən,
Xatirə yaşayır, ürək köhnəlmir.

Ötən günlərinlə qəlbini yandır,
Ötən günlərini bacarsan yanılt.
İrəli yüz addım atmaq asandır,
Qoçaqsan bir addım geriyə qayıt.

Sənə yaxın olub o uzaqların,
Bir yeni baxışda ildırım çaxır.
O ötən günlərin, ötən çağların
Kiminsə gözündən boylanır, baxır.

Sən ötən məhəbbət demə köhnədir,
Bir qaynar dodaqda bir mahnı dindi.
Hər kəsin dövranı… 
                 həyat səhnədir, -
Kiminsə qəlbində yaşayır indi.

Sən etdin qəlbimi sözlü-soraqlı,
Məni anlamamış qol-qanad açdın.
Məni dünənində 
                qoyub yaraqlı
Sabahı düşündün, bu günə qaçdın.

Bu gündən kənardır mənim dünənim,
İki mənalıdır, iki sifətli.
Bir ürək yaşayır köksümün altda
Yarı məhəbətli,
Yarı nifrətli.

 

UĞURSUZ  MƏHƏBBƏT

Mən yanmadım
Yananların növrağında.
Mən donmadım
Donanların oylağında.
Sızıldatdı həsrət məni,
Oda atdı həsrət məni.
Tel-tel oldum,
Saz olmadım.
Qış dolandı, bahar gəldi,
Gül-gül oldum,
Yaz olmadım.
Yaylatmadı yaylaq məni,
Ovlatmadı oylaq məni.
Niyə birdən dağlamadı
Bu dağ məni,
Heç sormadı
Soraq məni?
Heç yormadı
Qəlbimdəki yaraq məni.
Dözən yoxdur bu avaza,
Dözdüm, dözdün.
Gəzən yeri
Gəzdim,
Gəzdin.
Söz dedilər
Bizdən bizə,
Gəz dedilər
Bizdən bizə.
Nələr oldu, nə olmadı,
Sınamadıq dostu, yadı.
Ayırdılar
Bizi bizdən,
Sıyırdılar
Qılınc kimi 
Bizi bizdən.
Ayırdılar birdəfəlik,
Biz bu yolda nə əfəldik.
Məhəbbətin qəlbi məndə,
Canı səndə,
Qılınc məndə,
Qını səndə.
Qalammazdı qılınc qında.
Sən o yanda,
Mən bu yanda.
Məhəbbəti səyirtmədi,
Çapammadı, qan etmədi.
Məhəbbətin adı səndə,
Sözü məndə,
Səadətin odu məndə,
Közü səndə.
Ülfətinin
Hər anının
Solu məndə, sağı səndə.
Həsrətinin,
Hicranının
Dağı məndə,
Dağı səndə.

 

MƏHƏBBƏTİN  ÜNVANI

Neçə ad dəyişsin,
Yüz ünvan olsun,
Sevginin başqadır ünvanı, adı.
Dünya neçə dəfə boşalsın, dolsun
Pozulmaz həqiqi məhəbbət andı.

Müqəddəs sevgi də, ulu niyyət də
Bir qəlbin eşqində, diləyindədir.
Axtarma sən onu sirdə-sifətdə,
Gözəllik insanın ürəyindədir.

 

MƏHƏBBƏTİM,  DƏYANƏTİM…

Zaman silkələndi, dövran dəyişdi,
Bəxtimə yalançı görüşlər düşdü.
Başıma gələnlər görün nə işdi? -
Sən harda qalmısan, ay məhəbbətim.

Axı, nəyə lazım yüz yerə yozmaq,
Mənzil aramadım mən yaxın-uzaq.
Bircə əlac qalıb - sevgidən yazmaq,
Axır belə oldu, belə adətim.

Sinəmdən asılıb ürək daş kimi,
Çırpınır, elə bil, vurulmuş kimi.
Uçdu əllərimdən, uçdu quş kimi
Mənim öz taleyim, öz səadətim.

Hələ söyləyəmməz, deməz bir bəndə:
Bir kəsə baş əydim mən ağır gündə.
Mən ki, diz çökərdim sevgim önündə,
Heç kəs söyləməsin, yox səxavətim.

Vüsala mən elə həsrətəm, yadam,
İnanma, at çapıb dalınca çatam.
Lələyi qırılmış iki qanadam,
Əlimdən alınıb səlahiyyətim.

Nə sola boylanır, nə sağa baxır,
Çaxsa, şimşək kimi parlayar, çaxar.
Qorxuram dünyanı yandırar-yaxar
Ülvi məhəbbətim, sevgi niyyətim.

Deməyin bu yolda mən iz deyiləm,
Uğursuz bir çayam, dəniz deyiləm.
Davudam, yansam da, aciz deyiləm,
Ömrün sonunacan var dəyanətim.

 

GÖZÜMÜN  YUXUSU

Dayandıq göz-gözə,
Danışmadıq biz.
Düşdü baxışlar da sanki düyünə.
Könlümə dar gəldi o boyda dəniz,
Düşdüm gözlərinin genişliyinə.

Göyərçin əlləri qoydun sinəmə,
Heç fikir vermədim, doğrusu, düzü.
Mən hardan biləydim,
Əllərin, demə,
Qalacaq sinəmdə ömürlük izi.

Qulağım səsini gör necə alıb,
Eşidir sözünü
Yenə qulağım.
Üzümdə üzünün alovu qalıb,
Hələ də od tutub yanır yanağım.

Gəzdi saçlarında əlim daraqtək,
Əlimdə saçının qoxusu qaldı.
Yuxu da verəydin sən mənə gərək,
Bəs niyə gözümün yuxusu qaldı?

 

BAXIŞLAR

Fikrim baş götürüb dünyadan gedir,
Niyə xəyallardan "kam alıram" mən?
Axı, bütün aləm nəzərimdədir,
Lakin o baxışdan sarsılıram mən.

Görmək istəyirdim ömrüm uzunu,
Yalnız bir baxışda, bir adda səni.
İtirdin baxışlar altda özünü,
Mən yenə tapardım həyatda səni.

Döyünən bir ürək yanmırsa hələ,
Baxışlar oraya sevgi naxışlar.
O dünyalıq olan bir ömrə belə,
Gözlər bu dünyada ömür bağışlar.

Döydü gözlərimi,
Döydü yağışlar,
Düşmədi dilimdən bircə an adın.
Dedim ki, baxışlar ümman bağışlar,
Baxışlar qətrə də bağışlamadı…

*   *   *

Bir ürək olmuşdu gərəyim mənim,
O belə gələrək, belə də getdi.
Nə qədər dolmuşdu ürəyim mənim,
Elə də boşaldı, elə də getdi.

Səfərə çıxardım hər aylı axşam,
Bəzən ildırım da vurubdur məni.
Hələ bu yollarda yorulmamışam,
Qəlbimin boşluğu yorubdur məni.

Vermərəm bir daha ömrümü hədər,
Bir də "cücərməsin" qəlbimin qəmi.
Bir də alovlanıb,
Alışsam əgər,
Sönmərəm ömrümün sonuna qədər.

*   *   *

Niyə dözməyirsən dözümsüz təki,
Qalır sənin ilə söhbətim, sözüm.
İndidən ağlama, hələ nə var ki,
Uzaq mənzilədir yolumuz bizim.

Gözündən düşdükcə gilə-gilə yaş,
Qəlbim damla-damla əriyib axır.
Özünü ələ al, axı bir yavaş!
Bizə dostdan başqa yadlar da baxır.

Gözün yaşaranda, dəryalar sanki
Alır qucağına, tufanlar udur.
Elə kövrəlirsən, ağlayırsan ki,
Əzizim, məni də ağlamaq tutur.

Gözünü uşaqtək elə silirsən,
Məzlum körpə olur varlığım bütün.
Axı, ayrılırıq - özün bilirsən -
(Bir daha yenidən görüşmək üçün).
                           
Sənə məhəbbətim, düşünəndə mən
Bir axın dalınca axın görünür.
Mənzili ürəklə ölçəndə hərdən,
Uzaqlar nə qədər yaxın görünür.

Ağlama, əzizim, ağlamaq bilmə,
Uğruma su çilə, uğurlar dilə.
İpək dəsmalınla gözünü silmə,
İpək dəsmalınla mənə əl eylə.

                      
*   *   *

Surətin gözümdə elə donubdur, 
Yerişin, duruşun, boyun, sifətin
Mənim gözlərimə həkk olunubdur.

Sanki gördüklərim düşməyir yada,
Hər şeyi, elə bil, yeni görürəm.
Yerə də, göyə də, başqasına da,
Nə vaxt ki, baxıram səni görürəm.

Bəzən qarşında da dayanıram mən,
Baxıb özündə də görürəm səni.
O qədər baxıram, boylanıram mən,
Bəzən gözündə də görürəm səni.

Təbiət bəxtimi elə veribdir,
Mənimlə keçibdir hər ötən günün.
Gözüm hara baxıb, nəyi görübdür,
Orada əksini çəkmişəm sənin.

Əgər inanmırsan, sözümü dinlə,
Surətin gözümdə uzaq getmişəm.
Müxtəlif formalı portretinlə
Bakını ən böyük muzey etmişəm.

Hər vaxt eşidirəm incə səsini,
Sanki nəfəsin də sinəmə dəyir.
Lakin bircə şey var, sənin əksini
Təkcə məndən başqa heç kim görməyir.

 

QADIN  GÜLÜŞÜ

Bir ovuc sudan duru,
Bahar yağışı kimi…
Göylərin qılınc çəkən
Şimşək-alqışı kimi
Bir gülüş istəyirəm.

Nə qədər Yer üzündə
Saflıq var, təmizlik var,
Nə qədər əzizlik var,
O qədər istəyirəm, 
Bir gülüş istəyirəm. 
Bir qadın gülüşünü,
Mənimçün doğma olan
Bir yadın gülüşünü.
Bir ovuc gülüş olsa,
Ürəyimin bəsidir.
Bu gülüş mənim üçün
Dünyanın nəfəsidir.
Bir ovuc gülüş nədir?!
Həsrətində qalmışam.
Çox təzadlı səhnədir:
Gülüşün yoxluğunu
Qəm edib, kədər edib
Ürəyimə salmışam.

*   *   *

Həyata nə qədər yaraşığıq biz,
Həyatı ömrümüz aşıb-daşdırır.
Dünyada zərrədir məhəbbətimiz,
Dünyanın gözünü o qamaşdırır.
Həyat ömrümüzə qucaq deyildir,
Axı həyat üçün çalışır insan.
Bəlkə də alışan ocaq deyildir,
Həmişə həyatda alışır insan.

Bu yoldan dönənlər sussun, lal olsun,
Bu yoldan olmayıb çox gəlib-gedən.
Eşqimiz hamıya qoy misal olsun,
Dünya şahid kimi baxsın yerindən.

O qədər zirvələr aşmışıq ki, biz
İndiki yoxuşlar eniş olubdur.
Dünən kiçik idi üfüqlərimiz,
Bugünkü üfüqlər geniş olubdur.

Əngin üfüqlərdə indi uçmağa,
Sən mənə ən böyük qanad vermisən.
Dünyadan yenidən söhbət açmağa,
Ömrümə ikinci həyat vermisən.

 

MƏHƏBBƏT  ŞEİRİ…

Bəzən puç eyləyib məhəbbət yeri,
Bəzən də dünyanı cənnət sayıbdır.
Mənə elə gəlir, məhəbbət şeiri
Hələ Yer üzündə yazılmayıbdır.

Baxıb, kainatı qəlbində gördüm,
Ona eşq öyrətdim ülviyyətimlə.
Heç vaxt inanmırdım belə sevərdim, 
Gətir, daş əridim məhəbbətimlə.

Çəkərəm dünyanın ağır yükünü,
Buna gücüm çatar, - mənim nə dərdim.
Varlığın əbədi böyüklüyünü
Özümdə axtarıb, eşqimdə gördüm.

İnsan nə götürüb, insan nə görüb,
Həyatın, varlığın gözü ondadır.
Təbiət insana məhəbbət verib,
Dünyanın ən böyük sözü ondadır.

Gəzdim dizin-dizin səadətimi,
Mənasız dedilər bu yolu çoxu.
Dünyaya bənzətdim məhəbbətimi,
Eşqim bu dünyadan böyükdür, axı!