Close

Azərbaycan bayatısı. Təzadlar

İKİ ÜRƏKLİLƏR…

Deyirlər, ürəkdən gizli şey olmaz,
Nə qədər yanılır deyənlər bunu.
Gəlin qəlbimizdən danışaq bir az,
Açıb kitab kimi oxuyaq onu.

Nələr danışmadı qoşa sözlülər, 
Hamısı tərs dedi, əksinə dindi.
Həyatda var idi iki üzlülər,
İki ürəklilər yaranıb indi.

Gözündə sevinc var, sinəsində qəm,
Görürsən bizimtək qəmlənir, gülür.
O deyir hamıya, "bir ürəkliyəm",
İşdə iki əməl üz-üzə gəlir.

Bir gün yaşayırlar, bir gün ölürlər,
Gündə yüz fikirli, milyon sözlülər.
Axı, torpağı da iki bölürlər,
İki ürəklilər, iki üzlülər.

Torpaq ətirlidir, yer ürəklidir,
Qəlbi torpaq ilə döyünən kəsin.
İşi də, sözü də bir ürəklidir
Təkcə xalqı ilə öyünən kəsin.

 

DÜZGÜNLÜK  YOLUNDA

Antipodlara

Arzular qəlbimdə bölük-bölükdür,
Deməsəm ürəyim tutarmı qərar?
Mənim bu xalqımın qəlbi böyükdür,
Ondan yazılmamış bir dastanım var.

Bəzən sevinirik, bəzən gülürük,
Beləcə boşalıb, ürək dolubdur.
Bilirsiz? - Bilməzsiz.
Nəyi bilirik,
Mənim ürəyimdə nələr qalıbdır?

Bir qarış torpağı yerlipərəstlər
Niyə parçalayıb, niyə didirlər?
Bir qarış torpağı yerlipərəstlər
Böldülər nə ki var, "vətən" etdilər.

Fikirlər fəzada üfüqlər yarır,
Torpaqda biçirlər torpağı yarı.
Hara sürükləyir, hara aparır
Milləti "millətin qəhrəmanları"?

Sözə kibrit çəksən, söz də alışar,
Nə çoxdur söhbətə, sözə gəlməyən.
Xalqın kədərindən necə danışar,
Öz ana dilində hələ bilməyən?

Mənim ulu babam cavan Nəsimi
Göylərə gör haçan meydan oxuyub.
Mənim nəfəsimi, mənim səsimi
Fəzadən qoparıb torpağa qoyub.

Hanı Qaçaq Nəbi?
Ellər gözəli
Həcəri Bakıda axtarıb tapsın.
Hanı Koroğlunun böyük heykəli
Qranit daşlarda atını çapsın?

Görürük, duyuruq, sızıldayırıq…
Bəzən danışmırıq, susuruq müdam.
Biz ki, bu vətəni cənnət sayırıq,
Cənnətdə səhv edib, səhv düşməz adam.

Biri zəmanəyə dikib gözünü,
Gözləyir dodaqlar görsün nə deyir.
Mərdliklə qələmə verən özünü,
Arada gah sənə, gah mənə deyir.

Birinin söhbəti düşübdür dilə,
Odunsuz, ocaqsız alışır biri.
Bir kəsin qolundan tutmayıb hələ,
Bir xalqın adından danışır biri.

Bəzisi donunu elə geyib ki,
Xalqa nə ziyanı, nə də xeyri var.
Hansı şairsə də yaxşı deyib ki,
Döşü partbiletli, əliəyri var.

Zaman süpürəcək bir zibil təki,
Kim ki ədaləti, haqqı unudur.
Bəli, aramızda eləsi var ki,
Biletə rüşvətlə möhür vurdurur.

 Lakin eləsi var, baxır sabaha,
Qəlbini xalqına çıraq eyləyir.
Bütün kədərini yaşayır tənha,
Lakin sevincini ortaq eyləyir.

 

TOXUNMAZLAR

Düzgünlük ardınca qaçıram bu gün,
Düzgünlük ucaldar xalqı, vətəni.
Qəlbimdən keçəni açıram bu gün,
Yordu sətiraltı kəlmələr məni.

Bəzən inanırıq biz haya-küyə,
Bizi tənbeh edir bir qəlbi dayaz.
Bəzi …  xətrinə niyə
Qoymurlar dərdimdən danışam bir az?!

Biri qanun altda milyon don geyir,
Bax, onlar həyatda quru nəfəsdir.
Biri baş qaldırır, "ədalət" deyir,
Deyirlər: "Yamanca qeybətpərəstdir".

Kim bilir bir zaman nələr qalacaq? 
Bir misram bir qəlbə yatsa bəsimdir.
Mənim bir arzum var həyatda ancaq,
Bir kəlməm ürəyə çatsa, bəsimdir.

 

KƏDƏR,  SEVİNC

Qonşuda yas idi,
Ürəyimdə dərd.
Həyatın bu işi, görən, nə işdi?
Arvadı gəlməmiş doğum evindən,
Özü bu dünyanı tərk eləmişdi.

Dedilər: "Olubdur oğlu!" - bu vədə…
Gedən nə qədərdir,
Qalan nə qədər?..
Qarışdı bir evdə, bir ailədə
Birdən bir-birinə sevinclə kədər.

Hələ bir qərara qəti gəlmirik -
Nədir sükut olan,
Nədir bağıran?
Ölümə, həyata,
Hələ bilmirik,
Kimdir haraylayan,
Kimdir çağıran?

Dünya başdan-başa toylu, kədərli,
Bir təzad içində yaşayırıq biz.
Bir yandan gözünü açır səhərli,
Bir yandan qapayır biryolluq, təmiz.

Nə qədər dünyaya gələn, gedən var,
Bilirəm, həyatın çox işi olur.
Yaxşı ki, öləndə əvəz edən var, 
Birinin gedişi gəlişi olur.

 

BU  DÜNYANIN  SİRRİNİ

Hələ bilmək olmayır
Bu dünyanın sirrini.
Hələ demək olmayır
Bu dünyanın sirrini.

Nələr düşür, de, yada,
Qulağımda bir səda.
Deyəmmərəm dünyada
Bu dünyanın sirrini.

Demə: yazan yazıbdı,
Demə: pozan pozubdu,
Bilmirsən kim yozubdu
Bu dünyanın sirrini.

 

TƏKƏRLƏR  ÜSTDƏ

1.

Möcüzədir başdan-başa
Dünya - Yer üzü.
Qəlbi qoşa, eşqi qoşa, 
Hər niyyətdə var.
Hərtərəfli mənalıdır
Həyatın özü,
Duyan olsa, şeir də var,
şeiriyyət də var.

Keçən əsr asta keçib
Yolu babamız,
Bu zamanı onlar seçib,
Qulağı səsdə.
At üstündə ömür sürdü
Ulu babamız,
Keçir indi həyatımız
Təkərlər üstdə.

2.
Gülərlər, deyərlər: ayıbdır, ayıb,
At sürsəm Bakıdan Qazağa qədər.
Əsrin bu vaxtında maşını qoyub
İndi kim at ilə uzağa gedər.

Ötüşüb o günlər ər qollarında, 
Düşmən qıvrılanda qanında boğub.
Köçəri gəlinlər köç yollarında
Köçəri oğlunu at üstdə doğub.

Yolu neçə atla keçirlər indi,
Baxın, hansı yolla, hansı ölçüylə.
İnan, qəribədir, ölçürlər indi
Maşının gücünü atın gücüylə.

Atla, arabayla dönüb dünənə
Bu gün şoselərə bata bilərik.
Sabahkı əsrə, dünənki günə
Atlansaq, atla da çata bilərik.

 

MƏN  VƏ  UŞAQLIĞIM

Neçə çapığı var hər ayağımın,
Mən çapıq yerini bir-bir sayıram.
Yapışıb əlindən uşaqlığımın
Ot basmış iziylə addımlayıram.

Durmuşam dünənin bu gün önündə,
Fikirlər adamtək üstümü alıb.
Mənim uşaqlığım ağac dibində,
Sanki heykəl kimi xəyala dalıb.

Ötən çağlarımda qalıb gözlərim,
İlk eşqim ilk dəfə burda dinibdir.
Mənim addımlarım,
Ayaq izlərim
Torpağın qəlbinə möhürlənibdir.

Ehmalca əlimi daşa sürtürəm,
Bir acı həsrətdən əlim göynəyir.
Qapını sakitcə açıb-örtürəm,
Sanki gəncliyimə toxunur, dəyir.

Elə bil, gün çıxıb qarlı boranda,
Günün istisindən yanır bədənim.
Əllərim, gözlərim duyğu olanda,
Görəsən, ürəyim nə olar mənim?

Həyətə girirəm mən asta-asta,
Qonşular mənimlə gəlib görüşür.
Görürəm,
Tut düşür torpağın üstə,
Sanki uşaqlığım əlimdən düşür.

Qonşu heyva verir indi pay mənə,
Heyva əllərimdə daşa dönübdür.
Deyirəm: "Mən özüm… hasardan yenə…"
Hasarsa kiçilib,
Yerə enibdir.

Bir uşaq boynunu burub önümdə,
Onu məndən başqa görən tapılmaz.
Bu mənəm -
Dünənim durub önümdə,
Deyəsən, özümə oxşayır bir az.

Utanma, gəl mənim yapış əlimdən,
Qayıdaq bir daha keçmişimizə.
Sən uşaq, mənimsə saçlarımda dən,
Görən "ata-bala" söyləyər bizə!..

Görürəm kövrəlib, elə dolmusan,
Sən məndən, mən səndən seçiləmmirəm.
Yaş ötüb, mənimlə böyük olmusan,
Mənsə uşaqlaşıb kiçiləmmirəm.

 

SÜKUT BAĞI

Yenə fikirləri yara bilmirəm,
Elə bil, xəyalım buz üstündədir.
Bir yerdə dayanıb dura bilmirəm,
Sanki ayaqlarım köz üstündədir.

Fikrim qarış-qarış gəzir bu yeri,
Burda küləklər də əsər lal kimi.
Qəbir daşlarının baxır gözləri,
Baxır üzümüzə bir xəyal kimi.

Yerə boylnıram: qabar-qabardır,
Göyə boylanıram sükutla durmuş.
Burda Yer üzünün qucağı dardır,
Sanki kainatı ildırım vurmuş.

Gəzdim qarış-qarış qəbristanlığı,
Yer üzü gözümdə bir qarış oldu.
Kiçildi göylərin asimanlığı,
Sanki həyat özü qocalmış oldu.

Baxırsan üfüqdən al səhər gəlir,
Zülmət köç eyləyib torpağa enir.
Sanki  hər məzardan bir xəbər gəlir,
Sükutlar danışır, sükutlar dinir.

Biri nə bağ salıb, nə meyvə dərib,
Həyatda hər şeydən xəbərsiz yatır.
Biri bu dünyanı doyunca görüb,
Fikirsiz, xəyalsız, kədərsiz yatır.

Biri dünyasının sorağındadır,
Lakin nə mənası, dayanıb ürək.
Bəlkə də son söhbət qulağındadır,
Gözünə son dəfə düşən şəkiltək.

Bura Yer üzünün sükut bağıdır,
Çölü şaxta alır, yerə qar düşür.
İndi təbiətin xəzan çağıdır,
"Yarpaqlar tökülür, yarpaqlar düşür".

 

BİR  ŞEİR  İSTƏYİRƏM

Bir şeir istəyirəm,
Qəlbimdən Yer üzünə
Səpələnsin yenidən.
Təpələri, dağları
Təpələsin yenidən.
Çəpərləri, sədləri
Xəritədən süpürsün.
Bağlanan sərhədləri
Yer üzündən götürsün.
Bir şeir istəyirəm,
Üfüqlərə yazılsın.
Axsın buludlarla o,
Çaxsın şimşəklərlə o,
Oxusun Yer kürəsi
Sahilləri görməkdən,
Axı, bezikmişəm mən.
Bir şeir istəyirəm,
Ortada coşan dəniz
Sahili yalamasın.
O ki tez soyuyacaq,
Dənizdə dalğaları
Üst-üstə qalamasın.
Bir şeir istəyirəm,
Kəlməsi Yer üzünün
Söhbəti, sözü olsun.
Bir şeir istəyirəm,
Dünya özünə baxsın.
Dünyanın gözü olsun,
Dünyanın özü olsun.
Bir şeir istəyirəm,
Ümman ürəkdə üzsün.
Mürəkkəbsiz, vərəqsiz
Bütün aləmi gəzsin.
Bağlanan qapılara,
Bağlanılan qollara,
Hasarlanan yollara,
Düyünlü alınlara
Bir şeir istəyirəm,
Bir şair istəyirəm.

 

ŞEVÇENKO  AĞLAYIR…

Poltavada yağışdan sonra Şevçenkonun abidəsini ziyarətə gəlmişdik. Yağış damlaları abidənin "gözlərindən" damcılayırdı. Adama elə gəlirdi ki, böyük Kobzar ağlayır.

Keçməyib, elə bil, Şevçenko yaşı,
Zəmanə qəlbində çağlayır onun.
Yağışlar Şevçenko gözünün yaşı,
Yağışlar gözündən ağlayır onun.

Sel olub, su olub axır bu gözlər
Qəlbinin kədərli sözləri kimi.
Boylanır bu gözlər, baxır bu gözlər,
Ağlayır bir xalqın gözləri kimi.

Şevçenko ağlayır…
Bu heykəl daşın
Dünya gözlərində durulmayıbdır.
Şevçenko ağlayır…
Gözünün yaşı
Elə bil, o vaxtdan qurumayıbdır.

Ürəyi od eylə, gözü köz eylə,
Daşda yuvalanmaz insanın yaşı.
Şevçenko qəlbinin hərarətiylə
Bəs necə ağladır bu heykəl-daşı?

Kədərə nə var ki?
İşi düyündü…
Onun baxışları qarlı, boranlı,
Sanki Ukraynanın Şevçenko günü
Donub gözlərində - göz yaşı qanlı.

Ona nə sual ver, nə halını sor,
Göz yaşı gözündə lal gölə dönüb.
Gözündə kədəri daşlaşan Kobzar
Ukrayna köksündə heykələ dönüb.

Heykəl "ürəyində" qovrulur kədər,
Heykəl bədəni daş, heykəl qəlbi daş.
Əriyər dayansa, dursa bir qədər
Bu heykəl önündə, inan, qəlbidaş.

Beləcə görübdür hər yanı Kobzar,
İşıqlı dünyanı qaranlıq bilir.
Dəyişik salıbdır zamanı Kobzar,
Şevçenko ağlayır, Ukrayna gülür.

 

BAYATI

Qızı köçüb, oğlu köçüb,
Kənddə qalıb qoca ana.
O zamandan xeyli keçib,
Baş çəkən yox hələ ona.

O doğmalar, o balalar
Dönüb geri baxmayırlar.-
… Nə bir dəfə yada düşüb.
Bir qonşular yoxlayırlar, 
Yükü onun yada düşüb.

Biri ona odun yarır,
Biri ona su gətirir.
Baxır ana
Yana-yana,
Qəmli-qəmli köks ötürür.

Neçə vaxtdır ev həsrətdir
Bircə övlad nəfəsinə.
Bu nə tale, bu nə bəxtdir,
Səs verən yox bir səsinə?

Özü bilmir, çaşbaş salıb
Naharını, o şamını.
Səhərini yola salıb,
Tək gözləyir axşamını.

Bir gün ona səhər erkən
Dedilər ki, oğlun gəlir.
Elə bildi dedilər ki,
Yaddaşından çoxdan gedən
Huşun gəlir, ağlın gəlir.

Çardaq altda od qaladı,
Samovarı tüstülətdi.
Ocağını qurdaladı,
İntizarı keçib getdi.

Gəlin gəldi, oğul gəldi,
O öpüşdü,
Bu görüşdü.
Nəvəsini arxa bildi…
Yaddaşını varaqladı,
Nə yadına dastan düşdü,
Nə ağlına nağıl gəldi.

Nənə hardan bilsin axı,
Nəvə kimə nə demişdi.
Nəvə kəndə atasını, anasını
Məcbur edib gətirmişdi.

Nəvə ona baxdı, baxdı,
Damarından baba axdı,
Nənə axdı.
Tanımışdı nəfəsindən,
Söz istədi, bir də nağıl
Nənəsindən.

Haqqı vardı, neyləməli,
Taleyilə barışmağa. 
Qəhərini o, udubdu.
Nağılını unudubdu, 
Körpə yoxdu danışmağa.

Fikri qalıb çox uzaqda,
Əli qalıb nəvəsində.
Bir bayatı övlad haqda
Qopdu onun sinəsindən:

Əzizim, nağıl, səni,
Qocaltmaz nağıl səni.
Qəlbdən bayatı qopar
Unutsa oğul səni.

 

AĞLADIM,  GÜLDÜM

Qəlbim ağlayandı, qəlbim güləndi,
Dünyanı dərk edib, dünyanı bildim.
Dünya silkələndi, dünya ələndi.
Dünyaya ağladım, dünyaya güldüm.

Heç nə gəlib-getmir ünvansız, adsız,
Bunu mən yaşımın qırxında bildim.
Yaşaya bilərmi dünya təzadsız?! 
Dünyaya ağladım, dünyaya güldüm.

Dünyanın qədrini bilmədi, bildi,
Dünyanın qədrini qəlbimlə bildim.
Dünyanı kim tapdı - ağladı, güldü,
Dünyaya ağladım, dünyaya güldüm.

Doğulur dünyaya, gəlir dünyaya
Təbiət hər dəfə,
İnsan bir dəfə.
Ağlayır dünyaya, gülür dünyaya
İnsan ömrü boyu, insan hər dəfə.

 

DOĞULURAM,  ÖLÜRƏM

İki dünya yaşayır
Ömrümün binasında,
Gah sevinib gülürəm,
Gah gözümü silirəm;
Bu gün dostun toyunda,
Sabah doğma yasında.
Heç özüm də bilmədən
Doğuluram, ölürəm.

Ömrümüz dünya kimi
Səhər, axşam fırlanır, 
Bunu sən də bilirsən,
Bunu mən də bilirəm.
Gecə zülmət bulanır,
Səhər dünya oyanır, 
Nə sirdir? -Zaman kimi
Doğuluram, ölürəm.

Gah sevinci içirəm,
Gah kədəri içirəm.
Nə ömrümə gün doğur,
Nə bəxtimdən keçirəm,
Nə vüsalı seçirəm.
Gözlərim görə-görə
Mən bunları bilirəm,
Doğuluram, ölürəm.

Bir ürkək maral durub,
Maral məndən aralı.
O dinməyir, lal durub, 
Bu lal məndən aralı.

Sən demə, ovçu kəsib,
Ovçu bərəni-bəndi.
Göz gördü - ürək dindi,
Göz gördü - arzu söndü.
Gah deyirəm, gözləmə,
Gah deyirəm, gəlirəm, 
Doğuluram, ölürəm.

Biri giley eləyir, 
Təpədən dırnağadək
Bilmir gileydir özü.
Biri arxamca deyir, 
Qulağımdadır sözü.
Düşünürəm, yer mənim,
Göy mənim, hava mənim,
Ürəyimdən keçməyir
Bir döyüş-dava mənim.
Baş qaldırır qəlbimdə,
Ürəyimin nifrəti,
Sonra bu küdurəti
Ürəyimdən silirəm,
Doğuluram, ölürəm.

Bu sahilə baxıram,
Gözlərimdə gün doğur.
O sahilə baxıram,
Kədərim məni boğur,
İki sahil əlində
Araz quştək çırpınır.
Gur suların selində
Sanki ürək çırpınır.
Sahil iki olsa da,
Millətimi bölmürəm,
Ürəyimi bölürəm,
Doğuluram, ölürəm.

Bu hikməti kim bilər,
Ya da ondan yan keçər? 
Biri dünyaya gələr,
Biri dünyadan köçər.
İnsan bir dəfə gəlir
Bu dünyaya əzəldən,
İnsan bir dəfə ölür
Bu dünyada, bilirəm.
Bəs niyə ömrüm boyu
Heç  özüm də bilmirəm,
Doğuluram, ölürəm.

 

AĞLAYA-AĞLAYA

Böyüklərin üzlərinə,
Qulp qoymadı sözlərinə,
Eynəyini gözlərinə
Taxdı ağlaya-ağlaya.

Alışmışdı buna bədbaxt,
Nəyə lazım olsun sərvaxt. 
Qapılardan girdi hər vaxt,
Çıxdı ağlaya-ağlaya.

Hey baxırdı süzə-süzə,
O gah sizə, o gah bizə.
Öz-özünü daim gözə
Soxdu ağlaya-ağlaya.

Müdirini yatan görüb,
Başı altda balınc verib,
Saman altdan su yeridib
Yıxdı ağlaya-ağlaya.

Yaman idi gələn dəmi,
Yoxa çıxdı onun qəmi.
Birdən-birə şimşək kimi
Çaxdı ağlaya-ağlaya.

Yaxın oldu avaraya,
Qoymadılar o yarıya.
Aşağıdan yuxarıya
Baxdı ağlaya-ağlaya.

 

MUSİQİ

Deyirsən, a dostum, dinəndə çalğı
Bütün mahnıları qəmli oxusun.
Deyirsən, illərlə inləyən xalqım
İndi də gözləri nəmli oxusun?!

Kəsdi əsrlərlə dərd nəfəsini,
Özün de, inləmək çox deyildimi?
Şərqin kədərini, Şərqin səsini
Bu qədər dinləmək çox deyildimi?

Əzanlar dayansın,
Əzanlar sussun,
İndi xalqımızın səadətidir!
İndiki mahnılar
Qoy, şən oxunsun,
Bu ki, dövrümüzün təbiətidir!

Duyan ürəyiniz boşalsın, dolsun,
Hər vaxt istəmərəm
Fikrə dalmasın.
Musiqi yüngül də olar,
Nə olsun,
Həyatda insanlar yüngül olmasın!