Close

ƏSRİN LAYLASI. Şeirlər

MƏHƏBBƏT OLANDA

Pozulsa dağlarda güllərin çətri,
Solarsan, -
Çəməndən bir çiçək solsa.
Yanarsan
Bir qarış səhradan ötrü,
Əgər ürəyində məhəbbət olsa.

Sən mənim gözümlə səhralara bax:
Yollar, cığırlardı şeirimin sətri.
Nə çiçək, nə dəniz, nə də ki, torpaq, -
Vətənin ətridir məhəbbət ətri.

Min-min gülüstanım, bağım olmasa,
Küsmərəm,
Deyərəm, budur qismətim.
Qəm deyil,
Bir uca dağım olmasa,
Bəsimdir Vətənə dağ məhəbbətim.

Məhəbbət, sədaqət haçalanmayır,
Sevgidən torpağa nur ələnibdir.
Qarlı dağlarıyla uca olmayır, -
Vətən ürəklərlə zirvələnibdir.

       *    *   *
Torpağın hər bir dərdi
Səsində, nəfəsində.
Vətən qədri, qeyrəti
Ürəyində daşıyır.
Vətən qəlbi döyünür
Kimin ki, sinəsində,
Əsgər kimi döyüşür,
Əsgər kimi yaşayır.

 

QOCA  ANALARA  ETİBAR  EDİN

İnsanlar, düşünün,
Saysız oğul var,
Məzarı bilmirik, hardasa batır.
Amalı Vətənə məlum olanlar
Hələ yer altında naməlum yatır.

Fikirlər toqquşur yüz sərhəd boyu,
Amallar baş-başa orda dəyibdir.
Hələ narahatam,
Bir məqsəd boyu
Dünya başdan-başa köklənməyibdir.

Göstərin hamıya insan dağını,
Dünya səksəkəli, qulağı səsdə,
Keçirin BMT yığıncağını
Naməlum əsgərin məzarı üstdə.

Şəhid əsgərlərin üstünə gedin,
Bu ibrət gəlməsə yerin karına,
Onda bu dünyanı etibar edin
Dünyanın oğulsuz analarına.

 

ATA  LAYLASI

Neçə laylalar yatır
Hər ocağın gözündə.
Saysızdır, hesabsızdır
Laylalar Yer üzündə.

Yaşıl olub dağıldı
Təbiətin laylası.
Möcüzədi, nağıldı
Məhəbbətin laylası.

Hörmətdir, səxavətdir
Hər qonağın laylası.
Zəhmət ilə sərvətdir
Bu torpağın laylası.

Sevincdir, səadətdir
Balaların laylası.
Kişilikdir, qeyrətdir
Qalaların laylası.

Qalibiyyət çələngidir
Yürüşlərin laylası.
Qəhrəmanlıq cəngidir
Döyüşlərin laylası.

Hər ürəyin havası,
Yoxun, varın laylası,
Laylaların laylası
Anaların laylası.

Bilməyənlər qoy bilsin,
Nə bu yolun yorğunu,
Nə də durğunuyam mən.
Qoy hamıya deyilsin:
Ata dəlisiyəm mən,
Ata vurğunuyam mən.

Bu dərddən Davud xəstə,
Eşitsin, bilsin hamı.
Mən ölsəm, qəbrim üstə
Salın yada laylamı:
Çalın mənim mahnımı,
Çalın ata laylamı.

 

OĞULLAR  VƏTƏNLƏŞİB

Bir elin gücü var bir ər qolunda…
Torpaq vətən olmur - bilmirəm nəsə, 
Əgər övladları onun yolunda
Torpağa dönməsə, daşa dönməsə.

Ot olub - torpaqdan çıxıb nəfəsi,
Üstünə gün doğub, yağış düşübdür.
Bir vətən köksüdür - bir qəbir köksü,
Oğullar el üçün vətənləşibdir.

 

QAFQAZ  QARTALLARI

Qafqaz uğrunda döyüşlərdə həlak olanların əziz xatirəsinə ithaf edirəm.

Mən əsgər oğluyam, qəlbimdə od var,
Nisgilim dumana, çənə bürünür.
Bəlkə ona görə daşlar, qayalar
Mənim gözlərimdə əsgər görünür.

Elbrus, dolmusan sən bulud-bulud,
Fikrini başından söylə nə alıb?
Bəlkə də zirvəndə ilişən bulud
Əsgər tənzifidi, yadigar qalıb.

Boransız, çovğunsuz, bu yay ayları
Zirvələr bəs nədən pərtləşib belə?
Elbrus, yoxsa ki, bu dağ çayları
Əsgər qəzəbindən sərtləşib belə.

Hər səngər çapıqdı yerdə elə bil,
Əsgər məzarları səssiz ağıdır.
Elbrus, başında bəlkə qar deyil,
Gördüyün kədərin, dərdin ağıdır.

Əsgər qəlbi kimi, geniş çölləri
Qaranqış bu başdan-o başa uçur.
Mənə elə gəlir günün telləri
Əsgər əlləridir, torpağı qucur.

Bu günü dünəndən görüb atalar,
Deyib, qapımızı yadlar döyməsin.
Köksünü gülləyə verib atalar,
Vətən torpağına güllə dəyməsin.

İndi bulaqların dediyi sözlər
Əsgər mahnısına sanki dönübdür.
Laləli yamaclar, çiçəkli düzlər
Əsgər nəfəsiylə pöhrələnibdir.

Mənə elə gəlir, atalar bir vaxt
Sel kimi, su kimi aşıb-daşıblar.
O igid əsgərlər ölməyib, ancaq
Dağlarla-daşlarla qucaqlaşıblar.

 

ATA  PALTOSU

Bir meşin palto var,
Atamdan qalıb,
Bilmirik kim onu geyinəcəkdir;
Bir şeyi bilirik -
Qeyrəttək alıb
Kim onu geyinsə öyünəcəkdir.

Anam üç qardaşı çağırıb deyir:
Artıq böyümüsüz -
Hamı halıdır.
Paltoya,
Kim geysə,
Gövdəylə deyil,
Ata qeyrətiylə sığışmalıdır.

Bilin ki,
Paltoya layiqəm deyən
Sonuncu şərti də düz bilməlidir:
Paltonu əyninə götürüb geyən
Ata yerişini yeriməlidir.

Çöldə səhv edəndə,
Evə gəlirik,
Evdə üzümüzə baxışlar yağır;
Əyib başımızı,
Elə bilirik,
Paltonun içindən atamız baxır.

Bu meşin paltoda qüdrətə bir bax,
Rəngi nə saralıb.
Nə də ki, solub;
Dəblər ildən-ilə dəyişir,
Ancaq
Palto atam kimi dəyişməz olub.

"Ürəksiz böyüyər" -
Duyub ki, atam -
Üç oğul paltodan ətrini alsın.
Paltonu,
Bəlkə də qoyub ki, atam
Evdə hənirtisi, istisi qalsın.

Çöldə səhv edəndə, 
Evə gəlirik.
Evdə üstümüzə baxışlar yağır;
Əyib başımızı,
Elə bilirik,
Paltonun içindən atamız baxır.

Bu palto arxadır, 
Atamız təki
Həyat yollarını bizlə aşıbdır.
Üç qardaş paltonu geyinmirik ki,
Palto bizim üçün atalaşıbdır.

 

QAYIDIN,  ATALAR

M.Murada.

Dar gündə neçəsi köməyə çatır, -
Onun məsləhəti, bunun qılığı.
Yenə də görürsən tamam başqadır
Ata nəsihəti, ağsaqqallığı.

Qayıdın, atalar,
Qayıdın geri:
Qayıdın,
Toyların ağzı açılıb.
Qızını verməyib yetimə biri,
Biri sevdiyini gizli qaçırıb.

Qayıdın, 
Bu illər ömürdən gedir,
Ev-eşik əyninə həsrət geyibdir,
Bir oğul həyatı təhlükədədir,
Bir qızın taleyi gətirməyibdir.

Qalır ürəyində bir həsrət izi, -
Qəlbində bir kövrək nisgil boy atır,
Əmi toy etsə də ata əvəzi,
Atanın qayğısı, yeri başqadır.

Alçalar, elə bil, zurnanın səsi,
Enər ritmləri tarın, qavalın.
Qəm üstdə köklənib onun nəfəsi, -
Atasız övlada bir "Segah" çalın.

Yüz şadlıq içində qəlbi yasdadır,
Bir kədər fikrini haraylar, haylar…
Boynu bükülüdür, səsi astadır
Atasız övladlar, atasız toylar.

Nə yaxşı hər biri bir yurd olubdur…
Qayıdın,
Övladlar övlad böyüdür:
Nəvələr boy atıb ərgən olubdur,
Sabah bir də gördün nəvə toyudur.

Gəlin,
Nəfəsiniz evlərə dolsun…
Doğru sözlərimdir,
Qayıtmasanız,
Qorxuram Vətənçün çox çətin olsun.

Analar, atalar diləyində siz…
Geri qayıtmasın təkcə adınız;
Qayıdın nəvələr ürəyində siz,
Qayıdın,
Bir zaman qayıtmadınız.

 

UMİD  QATARI

Bir uşağın intizardan
Köksü yaralı,
Gedib-gələn qatarları
Bir-bir sayırdı.
Qatar keçir gecəyarı,
Kənddən aralı, -
"Sən tələsmə, o gələcək", -
Pıçıldayırdı.

Rels arası cərgə-cərgə,
Hey dilim-dilim,
Ayaqları qatarlara
Çatmaq istəyir.
O qatarın yaxasından
Üzülən əli
Bu qatarın ətəyindən
Tutmaq istəyir.

Demirdi ki: "Bezikmişəm,
Mən yorulmuşam",
Ümid onun ürəyində
Aşıb-daşırdı.
Xəyalları bu yol üstdə
Hər səhər-axşam
Elə bil ki,
Vaqon-vaqon qatarlaşırdı.

Gecələrin sükutunda,
Qoynunda batar,
Deyər qatar:
"Ümidsizlik nəyə gərəkdir", -
Dünən ona ümid verən
Bugünkü qatar -
"Sabah, sabah gözlə onu,
O gələcəkdir".

Görən, nə vaxt sonu olar
Bu intizarın,
Vaqon-vaqon, axın-axın -
Bu insan seli…
Alnında da ulduz yanır
Parovozların,
Qatarlar da keçir sanki
Əyni şinelli.

Bütün ərzi kəmər kimi
Dolanar, çatar,
Bütün ərzin nə düşməni,
Nə yadıdır bu.
Fəryad edir çöllər boyu,
Qışqırır qatar,
Parovoz yox,
Bir uşağın fəryadıdır bu.

Anaların gözü yaşlı,
Ürəyi darda,
Balaların qəlbi kövrək,
Qulağı səsdə…
Qatar-qatar ata keçir,
Bu qatarlarda
İntizarı qatarlanır
Qatarlar üstdə.

Gecə zülmət, yollar uzun,
Meşə qarışıq…
Siqaretlər pəncərədən
Gözə dəyirdi.
Hər qatarda korun-korun
Alışan işıq,
Ürəyinin qırpım-qırpım
Ümidləriydi.

Körpə uşaq qatarları
Neçün gözləyir?
Fikirləri köhlən olub
Elə çapırdı…
Heç bilmirdi atasını
Niyə gözləyir,
Çörək üçün? -
Çörəyini ana tapırdı.

Çiçəkləyib ürəyinin
Qəm naxışları
Mərmi kimi
Sinəsində elə yanmışdı.
Danışmırdı,
Elə bil ki, lal baxışları
Relsarası şpallarda
Yuvalanmışdı.

Qayıtmırdı
Qatarlarla yollanan kəslər,
Baxıb, bundan körpə uşaq
Elə çaşırdı.
Təkərlərdə sağa-sola
Tökülən səslər,
Elə bil ki,
Həmişəlik sağollaşırdı.

Anaların ürəyində
Görəsən nə var? -
Ümidləri puç olurdu,
Bəlkə sönürdü?
Oğullarla
Dolu gedən iti qatarlar
Yorğun-yorğun,
Küskün-küskün
Geri dönürdü.

Yol gedirdi qəlbi onun,
Dumanda, çəndə,
Bir xal kimi uzaqlarda
İtən qatarda.
Gözləmirdi atasını
Qatar gələndə,
Axtarırdı o, həmişə
Gedən qatarda.

Bir-birinə o calayar,
Qatar yolları,
Böyüsə də,
Xəyalından hərdən çən keçir.
Elə bil ki,
Bu dünyanın qatar yolları
Təkcə onun
Gözlərinin içindən keçir.

Qatarlara elə baxır
Ümidi təki,
Gələn-gedən qatarları
O, yenə güdür.
İndi hərdən,
Qatarlara, elə bilir ki,
Hər minəndə,
Atasının dalınca gedir.

Bu qatarın sözlərini
Bir eşit, dinlə:
"Bir ata var, uyuyubdu, -
Uzaq bir çöldə"… -
Pıçıldayır səhər-axşam
"Gedək mənimlə,
İntizarla gözləyir o,
Bir qərib eldə".
O inanmır
Təkərlərin dediklərinə,
Bu təkərlər aldadıbdı
Tək ancaq onu.
Düşür yenə qatarların
Yedəklərinə -
Elə bilir,
Qatarlarda tapacaq onu.

 

ATA  DOSTLUĞU

Sovet hakimiyyətinin ilk illərində atam Məcid Nəsibovla komsomol sıralarında birgə çalışan Sarı Hüseynə və onun oğluna - dostum Akifə.

Ata bu görüşdən elə sevindi,
Uçdu bir quş olub qəlbinin dərdi.
Dostunun oğluydu önündə indi,
Elə bil, önündə dostunu gördü.

Bir vaxt ağır gündə, boran içində
Ona öz dərdini dedi, danışdı.
… Ağır dost itkisi, bir an içində,
İndisə, elə bil, heç olmamışdı.

Sanki möcüzəydi bu, Yer üzündə,
Dünya mehvərindən çıxdı, dayandı.
Gördü, dost oğlunun
Birdən gözündə
Dostunun gözləri alışdı, yandı.

Sildi çöhrəsindən qaşqabağını,
Xəyalən atını dördnala çapdı.
Ötən günlərini, gənclik çağını
Fikrində, hissində axtardı, tapdı.

Düşdü tənginəfəs atın belindən,
Bir də nəfəsini aldı dərindən.
Dostunun oğlunun tutdu əlindən
Tutdu, elə bil ki, dost əlləridir.

Barmaqlar oynadı zirvə qarıyla, 
Saçlar barmağında gümüş üzükdü.
Elə bil, keçmişi ağ saçlarıyla
Gah sağa qaytardı, gah sola tökdü.

Geriyə fırlandı keçdiyi illər,
İlləri bir anda keçmək olurmuş.
İllər, elə bil ki, hər səhər-axşam
Onu nə incitmiş, nə də ki, yormuş.

Xəyal elə döndü durduğu yerdə,
Yolları, izləri çatıb qatladı.
Keçdiyi keçiddən dostuyla bir də
Qoşa addımladı, qoşa adladı.

Dünəndən uzansa dostluğun əli,
"Atalar dostluğu" ulu səsləşir.
Övlada keçəndə ata əməli
Bir az da güclənir, müqəddəsləşir.

Zamanla ölçməyin onun yaşını,
Deməyin dostluğun ömrü az olur.
Atalar qoysalar təməl daşını,
Dostluğun binası dağılmaz olur.

 

YAZIN  ÜNVANINA  MƏNİM  ATAMIN

Naməlum əsgərin məzarı üstə.

Həyatda qol-qanad açandan bəri
Gəzmişəm Vətəni mən səhər-axşam,
Bir ata məzarı haçandan bəri
Özümə təsəlli tapammamışam.

Bir nisgil fikrimi o yerə çəkir,
Nə isə elə bil qəlbimə damdı;
Dünən dəfn edilən naməlum əsgər,
Bəlkə də, ay ellər,
Mənim atamdı.

Bir ünvan axtarır özünə hərə,
Bir nisgil hamını yandırıb-yaxır.
Burda igid kimi,
Yatan əsgərə
Mənimtək intizar oğullar baxır.

İndi neçəsinə əmi olubdur,
Hər dərdli ataya oğuldur atam.
İndi nənələrin qəmi olubdur,
Nəvələr dilində nağıldır atam.

Amalı müqəddəs,
Vicdanı təmiz,
Adı var naməlum yatan adamın.
Harda bir naməlum qəbir görsəniz,
Yazın ünvanına mənim atamın.

 

QINAMAYIN,  AY  ELLƏR

İllər gəlib-gedəndir,
İllər sözə baxmayır -
Çatıb ömrün yarısı…
Bilməyirəm nədəndir,
Heç canımdan çıxmayır
O illərin ağrısı.

Qınamayın, ay ellər,
Qınamayın siz məni,

Qəlbim yaman dolubdur.
Əsgərlər geri dönüb,
Mənim fikirlərimsə
Cəbhələrdə qalıbdır.

Məhəbbətə hazıram,
Sədaqətə hazıram,
Eşitsin dostlar bunu:
Bu günlərdən yazıram,
O günlərdə qurtarır
Çox vaxt şeirimin sonu.

 

ATA  YADİGARI

Bir şey qoymamısan, bəlkə, sən özün,
Yəqin tələsmisən,
Vaxtın olmayıb?
Bir kəlmə söhbətin,
Bir kəlmə sözün
Bir quru kağızda belə qalmayıb.
 
Baxıram birbəbir evə, həyətə,
Evdə bir paltondu ilişən gözə…
Var-dövlət qoysaydın,
Qalmazdı, ata,
Səndən bir təmiz ad mirasdır bizə.

Sənin baxışların,
Saçın bizdədir;
Qaşların şimşəktək alında çaxır.
Ürəyin, ay ata,
Qəlbimizdədir,
İndi gözümüzdən gözlərin baxır.

Boyun qardaşımda,
Sifətin məndə,
Belə,
Hamımıza səpələnmisən.
Çoxları salamat geri dönəndə,
Ata, sən qayıdıb bizə dönmüsən.

Axı, kişi olar yurdun keşiyi,
Sənsiz ev-eşiyi kim saxlayıbdı?
Sənin qoyduğun yurd 
Ata beşiyi,
Beşiyi,
Anamız yırğalayıbdı.

Gətirdin, ay ata,
Bizi həyata,
Demə ki, sən bizdən ayrı düşmüsən.
Dünən bir nəfərdin,
Tək idin, ata,
Bu günsə bizimlə yeddiləşmisən.

Səni istəyəndə,
Sən olmaq üçün,
Ata, biz hamımız birləşməliyik.
Birimiz səninlə tən olmaq üçün
Yeddimiz bir qəlbdə yerləşməliyik.

 

UŞAQLIQ  DOSTLARIMA

Ürək nə zamandır, sinəmi döyür,
Deyir: "Mürgüləyib, sanki yatmısan.
Görürəm nə vaxtdır, bu, yalan deyil,
Dostları atmısan, sən unutmusan".

O vaxtın izləri dərindir, dərin,
Həsrəti nə sözdə, nə də gözdədir.
Neçə il keçsə də, ağır günlərin
Ağır uşaqlığı qəlbimizdədir.

Bir sonsuz qonşuya olmuşuq keşik,
Əyiryib kədəri lopa qar kimi.
Elə ki, bir evsiz insan görmüşük,
Açılıb sinəmiz qapılar kimi.

Çıxarmı yadımdan o il, o zaman?!
Hamısı qarşımda gəlib durubdur.
Tufanlar, çovğunlar elə o vaxtdan
Bizim sinəmizdə yuva qurubdur.

Uşaq üzümüzü zamanın əli
Elə sillləyib, elə döyübdür…
Bizim yaxamızı həsrət küləyi
Həm açıb, həm də ki, düymələyibdir.

Yıxıldıq, süründük "dava-dava"da,
Kimi "yaralandı", kimi də "itdi" -
Zaman öz oynunu uşaqlara da
Özü başa saldı, özü öyrətdi.

"Faşist" deyəmməzdi biri bir kəsə,
Desəydi, dəstədən o, gen olurdu.
Kim ki, bu "döyüşdə" "döyüşəmməsə,
Sabahkı "döyüşdə" "düşmən" olurdu.

Bir qonşu var idi, - sərçə ürəkli,
Nə bizi dindirdi, nə biz danışdıq.
O həm atalıydı, həm də çörəkli,
Biz iki nemətdən yarımamışdıq.

Nə vaxt rast gəlsəydik işlərdi ağzı,
Onu nə "dalaşan", nə "döyən" gördük.
O görə bilmədi aclığımızı,
Onusa həmişə biz yeyən gördük.

Anası qoymazdı gözündən yana,
Deyərdi: "Qonşular gətirər gözə".
Qibtəylə baxardıq o vaxt biz ona,
Həsrətlə boylanır indi o bizə.

O vaxtın izləri dərindir, dərin,
Həsrəti nə sözdə, nə də gözdədir.
Neçə il keçsə də, ağır günlərin
Ağır uşaqlığı qəlbimizdədir.

O illər, o günlər biz qardaş təki
Böldük aramızda sevinci, qəmi.
Uşaqlıq dostluğu, - mən deyərdim ki,
Təmizdir, büllurdur uşaqlıq kimi.

Sizinlə, haqlıdır, öyünür ürək,
Dayağım sizdədir, arxam sizdədir.
Qəlbiniz qəlbimdə - döyünür ürək, -
Qəlbim köksünüzdə - qəlbinizdədir.

 

LALƏLƏR

Çöllərin güzgüsünə,
Elə bil ki, dan düşüb.
Yamaclara bəlkə də,
Döyüş olub, qan düşüb.
Güllə dəymiş atalar
Lalələrə dönübdür.
Mənə elə gəlir ki,
Hər lalə sinəsində
Bir alovlu güllə var.
Odlu güllə yeridir
Bu qızıl lalələrin
Köksündə qara xallar.
Toxunsanız laləyə
Yanağını qanadar.
Qoymayın yadlar dəyə,
Güllələri oyadar.
Lalələr ürək-ürək
Qəlblərdə bəstələnib.
Lalələr igidlərtək
Dağlarda dəstələnib.
Torpaqda lalə nəsli
Çöllər lalə nəfəsli.
Yaz gələndə yaranır
Qızıl lalə dənizi.
Boylanır lalə-lalə
İgidlərin bənizi,
Şəhidlərin bənizi.

 

ÖMRÜ  GÖDƏLƏR…

Naməlum əsgərin məzarı üstə.

Yüz ehtiram olur bir qarış yerə,
Vətən nə ayrılır, nə də unudur.
Hər məzar üstündə gündə yüz kərə
Yüz ürək döyünür, yüz ürək vurur.

Dünyada nə qədər dərdli ana var?!
Bir oğul həsrəti belini əyir.
Torpağa əyilən qoca analar
Məzarı balatək qucmaq istəyir.

Əbədi saxlayır analar qəmi,
Analar qəlbində yüz intizar var.
Övladı yolunda bəs deyildimi
Vaxtsız bəyaz olan,
Ağaran saçlar?

Onsuz də azalıb,
Ömrü, bilsəniz.
Qoca anaların ahı dağ dələr,
Bura anaları çağırmayın siz,
Burda anaların ömrü gödələr.

 

YURD  YERİ

Həyat yollarında boy atmaq üçün
Heç vaxt qürrələnib tələsmə, ürək.
Özümü yadlara tanıtmaq üçün
Ən əvvəl özümü tanıyım gərək.

Bir ocaq gözündən bir el köz çəkər,
Bir od yüz ocaqdır niyə, bilmirəm?
Bir yurdun qədrini bilməsəm əgər,
Bir xalqın sözünü deyə bilmərəm!

Dünya məhvərindən ayrı düşəndə,
Zaman zərbəsini yurdlara vurmuş.
Bir yurdun kədəri heykəlləşəndə,
Bir yurd vətən qədər əziz olurmuş.

 

MƏNİM  ANA  DİLİM

Mənim tükənməzdir sözümün sayı,
Nənələr sözlərdən ilmə toxuyur.
Keçir qıjıltıyla, keçir dağ çayı,
O mənim dilimdə nəğmə oxuyur.

Axır kəlmələri zirvə selində,
Sözlərim nur kimi çöllərə enir.
Tək mən danışmıram,
Ana dilimdə
Təbiət danışır, təbiət dinir.

Həsrətdən çiçəklər bükür boynunu,
Nəfəsim dəydiyi… qönçələr açır.
Açır ana dilim ana qoynunu,
Ceyranlar, cüyürlər üstünə qaçır.

Bir zülmət gecənin qaranlığında
Göydə ulduz-ulduz parlayıb, yanıb.
Səhərin bəmbəyaz toranlığında
Quşların səsiylə qalxıb, oyanıb.

Təbiət qoynunda, kütlə içində
Babamın arzusu, həyatı olub.
Bir qərib ölkədə  min yad içində
Misraya çevrilib, bayatı olub.

Bəzən ər evinə köçən qızlara
Cehiz çələngidir, söz çələngidir.
Bəzən sığışmayan dar ağızlara
"Yallı"dır, "Misri"dir, dəli 
                        "Cəngi"dir.

Bir soyuq mənzildə qışın qarında
Ocağa dönübdür, oda dönübdür.
Bir yad çəkməsinin dabanlarında
Vaxt olub itməyib, səpələnibdir.

Sarı zəmi kimi qalxıb aranda,
Gümüş nəğmə olub zirvə qarında.
Ürəkdə ölümlə susdurulanda,
Dinib körpələrin dodaqlarında.

Onun Təbriz oldu kədər kəlməsi,
Həsrəti Araztək ləpələnibdir.
Olmadı bir dənə hədər kəlməsi, -
Sözləri nur kimi səpələnibdir.

Neçə ölkə keçib, sərhəd aşıbdır,
Füzuli dilində ucalıb elim.
Naşı dodağında ucuzlaşıbdır,
Müdrik ürəyində müdrikdir dilim.

 

DOĞULURAM,  ÖLÜRƏM

İki dünya yaşayır
Ömrümün binasında,
Gah sevinib gülürəm,
Gah gözümü silirəm.
Bu gün dostun toyunda,
Sabah doğma yasında;
Heç özüm də bilmədən
Doğuluram, ölürəm.

Ömrümüz dünya kimi
Səhər, axşam fırlanır, 
Bunu sən də bilirsən,
Bunu mən də bilirəm.
Gecə zülmət bulanır,
Səhər dünya oyanır, 
Nə sirdir? -Zaman kimi
Doğuluram, ölürəm.

Gah sevinci içirəm,
Gah kədəri içirəm.
Nə ömrümə gün doğur,
Nə bəxtimdən keçirəm,
Nə vüsalı seçirəm.
Gözlərim görə-görə
Mən bunları bilirəm, -
Doğuluram, ölürəm.

Bir ürkək maral durub,
Maral məndən aralı,
O dinməyir, lal durub, -
Bu lal məndən aralı.

Sən demə, ovçu kəsib,
Ovçu bərəni-bəndi.
Göz gördü - ürək dindi,
Göz gördü - arzu söndü.
Gah deyirəm gözləmə,
Gah deyirəm gəlirəm, -
Doğuluram, ölürəm.

Biri giley eləyir, -
Təpədən dırnağadək
Bilmir gileydir özü.
Biri arxamca deyir, -
Qulağımdadır sözü.
Düşünürəm yer mənim,
Göy mənim, hava mənim,
Ürəyimdən keçməyir
Bir döyüş-dava mənim.
Baş qaldırır qəlbimdə,
Ürəyimin nifrəti,
Sonra bu küdurəti
Ürəyimdən silirəm;
Doğuluram, ölürəm.

Bu sahilə baxıram-
Gözlərimdə gün doğur.
O sahilə baxıram
Kədərim məni boğur,
İki sahil əlində
Araz quştək çırpınır.
Gur suların selində
Sanki ürək çırpınır.
Sahil iki olsa da
Millətimi bölmürəm,
Ürəyimi bölürəm,
Doğuluram, ölürəm.

Bu hikməti kim bilər,
Ya da ondan yan keçər? -
Biri dünyaya gələr,
Biri dünyadan köçər.
İnsan bir dəfə gəlir
Bu dünyaya əzəldən,
İnsan bir dəfə ölür
Bu dünyada, bilirəm
Bəs niyə ömrüm boyu
Heç özüm də bilmirəm,
Doğuluram, ölürəm.

 

ŞAİR MÜKAFATI

Seyr elə elləri nəğmə dilində,
Torpağa yaxşı bax, işıqlı boylan.
Bir yarpaq ağacın düşsə "əlindən",
Qoyma xəzan ola, dalınca haylan.

Göylər ulduzuna məhəbbətlə bax:
Ən parlaq ulduzlar torpaq üstədir.
Bəlkə, nə bilirsən, bu gün, ya sabah
Vətən özü səndən ulduz istədi.

Doğmalıq axtarma hər kəlmə sözdə,
Vermə öz ömrünü yelə, hayıfdır.
Bu torpaq, oğlunu sinəsi üstə
Şöhrəti sayıbdır, tacı sayıbdır.

Şöhrətçün nahaqdır yüz çalış-vuruş,
Diləyin səndə yox, diləklərdədir.
Yazdığın şeiri də sən eldən soruş, -
Xalqın mükafatı ürəklərdədir.

 

GÖR  NƏ  VAXTDIR  GÖRÜŞMÜRÜK

Kəndə gəldim, oldu yenə 
              ürəyim tel-tel…
Ağsaqqallar rast gələndə
              zəndlə baxdılar.
Gör nə vaxtdır görüşmürük,
              Bu, yalan deyil,
Bircə körpə xatirələr 
              geri axdılar.
Bir vaxt ota düzdüyümüz
              çiyələk kimi,
İndi sözlər misra-misra 
              düzülməlidir.
Şeirlərsə yol axtaran 
              bir bulaq kimi
Bu torpağın damarından 
              süzülməlidir.
Bu torpaqda bərkiyibdi 
              ayaqlarımız,
Bu torpağı tanımasaq, 
              onda biz nəyik?
Yarpaqlayıb bir kök üstə 
              budaqlarımız,
Elə bil ki, bir Günəşin 
              zərrələriyik.
Bu qüdrətdən sətirlənmiş
              çəmənlər, çöllər,-
Bir şairin yazılmamış
              əməlləridir.
Zəhmət ilə butalanmış 
              qabarlı əllər
Yer üzündə yüksəlişin 
              təməlləridir.
Gör nə vaxtdır ayrılmışıq,
              sözsüz qalmışam,
Ürək yenə kövrək-kövrək
               dolan ürəkdir.
Deməyin ki, böyümüşəm,
               şair olmuşam,
Dəyişməyib, uşaqlıqdan
              qalan ürəkdir.
Əgər Sizə - əzizlərə
              xəyanət etsəm,
Mən Sizə yox, mən özümə
              xəyanətkaram.
El yolunda kül olmağa
              dəyanət etsəm, -
Bilin Sizin oğlunuzam,
              Davudam, varam.

 

TORPAĞIN  GÜCÜ

S.Vurğuna.

Səndən dost-tanışlar danışır yenə,
İllər çox ötdükcə çox deyir indi.
Yoxluğun bu qədər ağırdır mənə,
Bəs səni görənlər neyləyir indi?

Demirəm o illər qaldı uzaqda,
İllər ötüşdükcə biz yaşa dolduq.
Səninlə bir vaxtda yaşamasaq da,
Bir eşqin, amalın övladı olduq.

Fikirlər qəlbində ən ağır bir yük,
Səni nə qorxutmuş, səni nə yormuş.
Böyük adamların kədəri böyük,
Elə sevinci də böyük olurmuş.

Amalın uğrunda durdun nər təki,
Vətəni eşidib, eli hayladın.
Dünyaya açılan al səhər təki,
Qəlblərə nur verdin, şəfəq payladın.

Mənə elə gəlir doğan səhər də,
Səni axtarıbdır, səni anıbdır.
Çünki ayaqların dəydiyi yerdə
Lalələr, nərgizlər misralanıbdır.

Torpaqdan güc alıb durdun ayağa,
Bərkidi dizlərin elə yerində.
Sonrasa əyilib endin torpağa,
Qaldırdın Vətəni çiyinlərində.

Heç vaxt unutmayıb əhdi, ilqarı,
Ellər, övladına yenə dayaqdır.
Torpaqdan yaranıb ucalanları
Vətən zirvələrə qaldıracaqdır.

Ay ellər, inanın,
Eşidin məni,
Ürəkdən çıxmayan ürəyə dolmur.
Hər ürək - müqəddəs şair vətəni,
Ürəksiz şairin vətəni olmur.

Kim ki, bu torpağa, elə bağlıdır,
Bir gün zirvələnər tezi, ya geci.
Torpaqdan yaranan - torpaq oğludur,
Torpağın gücüdür şairin gücü.

 

QADIN  ŞAİR

Eston şairi Kadrin Vəliyə.

Şair şairdirsə - 
Qadın, ya kişi,
Ömrü sevinc dolu, qəm-qüssə dolu,
Bir qızıl xətt ilə əməli, işi
Yazılar tarixə bir səhfə dolu.

Sərkərdə yaranır qadından bəzən, -
Bir qadın ömrünə ordu müntəzir…
Qəlbi məhəbbətlə, laylayla gəzən
Ağır döyüşlərdə ölümə dözür.

Ürək var, titrədir yeri, göyü də,
Ya kişi, ya qadın - ürək ürəkdir.
Həyatda qadının şairliyi də,
Bəlkə də ən böyük sərkərdəlikdir.

Bəzən bir alovdan çır-çırpı yanmır,
Bəzən qığılcımdan bir ocaq düşər.
Çoxları həyatda kişi yaranmır,
Kişi olmayanda qadın döyüşər.

Doğmanın şairi, yadın şairi
Torpağın, vətənin ağlıdı, məncə.
Bir xalqın bir müdrik qadın şairi
Bir xalqın vətəndaş oğludu, məncə.

 

KƏRPİC-KƏRPİC,  ULDUZ-ULDUZ…

Dahi memar Əcəmi Naxçıvaninin "Möminə xatın" məqbərəsi önündə.

Babam mənim, ürək-ürək,
Çiçək-çiçək,
İlmə-ilmə bir də danış!
Sudan duru, aydan arı
Bu torpağın arzuları.
Kərpic-kərpic, naxış-naxış,
Ulduz-ulduz üfüqlərə uzanmışdır.
Öz qəlbində kədərini
Muğam-muğam yaşatmışdır.
Nə bir kəsi incitmişdir,
Nə bir kəsə daş atmışdır.
… Kərpic-kərpic düzülmüşük,
Əsr-əsr boy atmışıq.
Naxış-naxış yallı gedib,
Yallı-yallı biz artmışıq,
Səmaların ulduzunu bu torpaqda yaratmışıq.
Ulularımız el yolunda
Ulduz-ulduz alışıbdır.
Əcdadımız kərpic-kərpic,
Naxış-naxış danışıbdır.
Yaxşı boylan hər yerinə
Bu naxışın, bu cərgənin,
Hansı əvvəl, hansı axır?
Araşdırma, çətin işdir,
Bu el-oba bir-birinə naxış kimi
Calanmışdır, bərkimişdir.
Görən burda nə hikmət var? 
İnsan göyü haylayıbdır.
Kərpic-kərpic boy atanlar
Ulduz-ulduz parlayıbdır.

*   *   *
Sevsən, məhəbbətlə ehtiyatlı ol,
Kövrəkdir, tez sınar, tellərinə bax!
Sonu görünməyən nağıldır bu yol, -
Çətindir bu yolun yolçusu olmaq.