Close

ƏSRİN LAYLASI."Həyatın nəyə dönüb"

Dünən  bir nəfərlə görüşəndə biz
Soruşdu sakitcə
"Haralıyam mən"
… Əzizdir hər qarış torpağım,
Əziz,
Bu sözdən ürəyi yaralıyam mən.

Bir yerlim həmişə mənə "dayaqdı",
Yolumdu "başından keçibdir" mənim.
Şahidəm,
Görmüşəm çətin ayaqda
Namərdtək arxamdan qaçıbdır mənim.

Yer adı,
Çətində olanda Vətən,
Bir əsgər demişdi, yada düşməyir.
Bəs niyə, bilmirəm nədən,
İnsan ağır gündə yer soruşmayır.

Dünən uzaq ellər görüşmək üçün,
Görəsən, nə edib bəs bizə qədər? -
Bir dost kədərini bölüşmək üçün
Atalar at sürüb Tədrizə qədər.

Ani səhv eləsək,
O bircə
Anın
Yüz il ləkəsini silə bilmərik.
Bölsək torpağını Azərbaycanın
Onun çörəyini bölə bilmərik.

 

DARIXMA,  QARDAŞIM

Qardaşım Maqsuda.

Sıxılma, qardaşım!
Ağarır başın,
Hələ nə görmüşük, nə götürmüşük.
Təzəcə başlayır
Cavanlıq yaşın
Artıq o günləri biz ötürmüşük.

Uşaq qəlbimizə çoxu dəyibdir, -
Sözün də ürəkdə yarası qalar.
Atalar nə qədər gözəl deyibdir:
Səbr et,
Yaman günün ömrü az olar.

Nə qədər danlandı uşaq üzümüz,
Danlayanlar indi sözündən qaçır.
Dünən qapılarda keçən günümüz
Bu gün ömrümüzə qapılar açır.

Kiminin od vurdu dərdi cahana,
Kiminin o günlər sevinci oldu.
Bəzən ata dərdi qaldı bir yana,
Gündəlik dərdimiz birinci oldu.

Tək namus, tək qeyrət oldu tacımız,
Gözümüz bir dəfə varda qalmadı.
O qədər çox oldu ehtiyacımız
Fikir çəkməyə də vaxt tapılmadı.

Təkcə bircə şeylə fəxr elədik ki,
Bizə atamızdan təmiz ad qalıb.
Dedik: atamıza oxşayaq təki,
Nə yaxşı dünyada atamız olub.

Söylə,
Qüssələnmək səndə nə haldı,
Üzündə bir kədər gözümə dəyir.
Ötdü,
Ötən günlər, arxada qaldı,
Qarşıda zirvə var
Bizi gözləyir.

Sən ötən günləri bir-bir danışdır,
Günümüz olubdur bir ilə dəyən.
Ən çətin yoxuşlar bizə tanışdır,
Qorxsun əziyyətdən
Yoxuş görməyən.

Qəmli sevinirdik,
Qəmli gülürdük
Bilmirdik qəm, kədər yox olacaqdır,
Hər gələn il ilə,
Elə bilirdik,
Çətinlik bir az da çoxalacaqdır.

Günlər nağıl olub ömürdən gedir,
Vaxt gələr, günlərə gendən baxarıq.
Lazımsa,
Yoxuşlar bizimçün nədir,
Onu birnəfəsə
Bir də qalxarıq.

Sıxılma, qardaşım!
Ağarır başın,
Hələ nə görmüşük,
Nə götürmüşük.
Təzəcə başlayır
Cavanlıq yaşın,
Biz ağır günləri çox ötürmüşük.

 

QARAÇI

"Səfər şeirləri"ndən

Xalqlar yer üzündə diyar-diyardır,
İnsandır torpağın şöhrəti, tacı.
Bir yurdda, bəlkə də, bir xalq olardı,
Yalnız mahnılarda qalda qaraçı.

Torpaqdır əbədi kədərə dözən,
Qılınc sıyıranda üstünə yağı.
Bir xalq yer üzündən silindi bəzən,
Yaşatdı bir xalqı qəbristanlığı.

Doğmalıq görsə də qəribdir qonaq,
Yerliyə heç zaman dünya dar olmur.
Sahibi olmasa, bu ulu torpaq
Adi bir qəbrə də havadar olmur.

Qəlbimi dindirən bu nə haraydı?..
Torpağa bağlıdır xalqın addımı.
Azadlıq - dünyanı gəzmək olsaydı,
Xalqlar torpaq üstdə vuruşardımı?

Tək mahnı bacarıb, nəğmə deyərmi,
Xalqın qış gününü, bahar gününü?
Əkməyən, biçməyən duya bilərmi,
Torpağın qədrini, yerin qədrini?

Babam yer şumladı, torpaq suladı,
Babam zəmi biçdi mahnıdan əvvəl.
Sonra yurd başında ocaq qaladı,
Oldu zəmisitək ürəyi tel-tel.

Əlləri biçində nəğmə oxudu,
Qollar yorulanda ürəyi dindi.
Qəlbi bərəkətdən ilmə toxudu, -
İlmələr qovuşub naxışa döndü.

Bir avaz üstündə gör neçə ildir,
Boşalır qaraçı. Bəs niyə dolmur?
Torpaqdan yaranan mahnı gözəldir,
Mahnı da ünvansız, vətənsiz olmur.

 

OYUN  HAVASI

"Vağzalı" çalınsa "Cəngi" yerinə,
Demə əhvalımı bu dəyişmədi.
Oxşayır havalar biri-birinə,
Oyna,
Sümüyünə düşdü, düşmədi.
Havaya oynayan axı, nə çoxdur,
Bax öyrən,
Çəkinmə, qorxma heç nədən.
Havalar dəyişsə,
Əlacın yoxdur,
Bil ki, oyununu dəyişməlisən.

Havanı çalmağa axı nə var ki,
Çalan çaldığını bir duyan olsa.
Meydanda o zaman tufan qopar ki,
Çalınan havaya oynayan olsa!

Qorxgunan məclisin üzü dönə ki,
Deyə: "Yorma bizi,
Sən əzəl, axır…"
Oynamaq asandır,
Vay o günə ki,
Hava yüngül ola, oynayan ağır.

 

MƏNƏ  AT  GƏTİRİN

Yaman kövrəlmişəm bu yollar üçün,
Bilin, nə yorğunam, nə də xəstəyəm.
Mənə at gətirin, bu yoldan keçim,
Mənə at gətirin, muraz üstdəyəm.

Bir qamçı ürgənin kişnəməsində
Bir mağar səsini hayla, harayla…
Ot basmış yolların xam sinəsində
Kəhər dəf də çalar ağ nallarıyla.

İnana bilmirəm bir vaxt doyam mən
Zirvədə sükutdan, dərədə səsdən.
Mənə at gətirin,
Piyadayam mən,
Minib keçid salım dağların üstdən.

Bir çeşmə başında gözlərim qalıb,
Bir sevda eşqiylə döyünür ürək,
Yorğun yoxuşlarda izlərim qalıb,
Onları mən yığam-yığşıram gərək,
Mənə at gətirin, sinəm atlanıb,
İnsanam,
Onsuz da atüstüyəm mən.
Bir də inanmıram
Nə vaxt, nə zaman
Qəlbim qanadlana, at istəyəm mən.

 

"Allah mənim ömrümdən kəssin, sənin ömrünə calasın" - A N A M

İlhamsız, şeirsiz kiçilir ömrüm,
Ömrünü ömrümə calama, ana! 
Mənim misralarla ölçülür ömrüm.

Bir ömrü uzatmaq əgər asansa,
Bir ömrü kəsməyə dözə bilmərəm.
Ana,
Ömrün ilə ömrüm uzansa,
Bir ömrə qıymaram,
Mən başqa ömürlə yaza bilmərəm.

Mənə artıq ömür heç lazım deyil;
Əgər misralarla qəmlənsəm,
Gülsəm -
Nəyimə gərəkdir səksən il,
Yüz il,
Bir şair ömrünü yaşaya bilsəm.

 

ARXADAN

Arxadan başlanır,
Güllə, arxadan,
Arxadan gələnlər qabaqdan qaçır.
Dön, bir arxaya bax,
Bir azca dayan,
Arxadan atılan ürəkdən keçir.

Namərdə meydandır arxada bəlkə,
Namərdin gülləsi dindi arxadan.
Döyüşdə irəli olub təhlükə,
İndi döyüşürük,
İndi, arxadan.

Döyüşüb üz-üzə atalarımız,
Səpilib torpağa sinəsi qanlı. -
Nə deyir bəs bizə atalarımız?

Hücum saya gəlməz,
Hesaba yetməz,
Düşmənin o zaman çıxar çuxası,
Geriyə çəkilər,
İrəli getməz
Əsgərin boş olsa cəbhə arxası.

Deyiblər, arxamız bir tacdır bizə,
Atalar deməyib:
Arxada kimdir?
İrəli yerisək qazancdır bizə,
Onsuz da, onsuz da arxa bizimdir.

Gör nələr görmədi,
Gözlərim nələr?!
Seçdim, mən aradım o adamları;
Üz-üzə gələndə sağlıq dedilər,
Arxada duranda ox atanları.

Üstünə gələni yan atmaq olar,
Çəkinmə, düşmənin qarşına çıxsa.
İnan, gülləni də, yanıltmaq olar
Qarşıdan lüləni gözünə sıxsa.

Gözünün içinə baxa bilməyən,
Eşidən arxadan, bilən arxadan.
Zəifdir qarşına çıxa bilməyən,
Güclüdür qəfildən gələn arxadan.

 

BÖYÜKLÜK

Düzünü danışır,
Düzünü deyir
Vətənə gərəklər, xalqa gərəklər.
Hələ sağlığında görə bilməyir
Böyük ürəkləri kiçik ürəklər.

Sünilik önündə qəlbi alışmır,
Onu başa düşüb,
Düz anlamırıq.
Bəzən bir ürəyə fikri sığışmır,
Bunu biz görmürük,
Biz anlamırıq.

Sənəti önündə biz baş əyirik,
Nə fayda, gec olur
Biləndən sonra.
Heykəl ucaldırıq,
Dahi deyirik
Həmişə sənətkar öləndən sonra.

Həmişə düşünək,
Bilək,
Biz, gərək
Sənət qiymətini,
Söz qiymətini.
Sağ ikən yad edək,
Sağ ikən verək
Həyatda hər kəsin öz qiymətini.

 

O  ÜRƏKLƏ…

Mən ki, o ürəklə dünyaya gəldim,
Dünya möcüzədir,
Həyat müqəddəs.
Bu eşqdən, bu yoldan dönən deyildim,
Bəs niyə döndərdi,
Yanıltdı bir səs?

Məhəbbət oduna elə yanmışdım,
Yanan olmamışdı bu qədər hələ.
Mən ki, o ürəklə yaralanmışdım,
Ürək tapılmadı sağalda bilə.

Mən ki, o ürəklə yadı dost bildim,
Bu ülfət, bu inam qəlbi oyatdı.
O "dost" gen günündə üzümə güldü,
Dar gündə öz qəlbim dadıma çatdı.

Mən ki, o ürəklə yazdım, yaratdım,
Dedim: o ürəyə təmiz baxılsın.
Mən ki, o ürəyi elə oyatdım,
Haqqı var qovrulsun, yansın, yaxılsın.

Mən ki, o ürəklə yaşa dolmuşam,
Ağrıya-ağrıya qalır o ürək.
Bilməm, yorulmuşam,
Ya qocalmışam,
Hələ nə olacaq axırı görək.

O ürək məndədir, inanma sınam,
Onsuz qanadlanıb uça bilmirəm.
Mən ki, o ürəyin arxasındayam,
Onun arxsından qaça bilmirəm.

Yasda-yasxanada,
Toyda, büsatda
Dadıma çox yetdi, çox çatdı ürək.
Döyünə-döyünə məni həyatda
Köksümdə beləcə yaşatdı ürək.

İlk dəfə anladım,
İlk dəfə bildim,
İndi mən odlanıb, qəlbdən yanmıram.
Mən ki, o ürəklə dünyaya gəldim,
Bu qəlblə dünyadan qayıdammıram.

 

VAXTSIZ  ÖLÜM

S.Bəhlulzadənin xatirəsinə.

Məğrur qartalıydı zirvənin, göyün,
… Əsərlər uçmağa qanadı oldu.
İnsantək siz ona sonsuz deməyin -
Hər əsər ən əziz övladı oldu.

Əritdi dağlarda zirvə qarını,
Can atdı fırtına sahil aşmağa -
Muzeydə yaşayan "övladlarını"
Çağırın Səttarla vidalaşmağa.

Doğma "Ana"sını çağırın onun,
Məzarı üstündə ağı deməyə.
Səttar heykəlini dağlarda yonun,
Zirvədə qartaltək ucalsın göyə.

Sənətkar qəlbində qüdrətə bir bax,
Sevibdir yüz oba, yüz mahal onu.
Gəlin, bir əbədi sərgi yaradaq -
"Səttar əsərinin sərgi salonu".

Qəvvastək dibinə çökdü həyatın,
Rənglərlə yaranan neçə ilmədi…
Bütün rənglərini çəkdi həyatın,
Tək ölüm rəngini çəkə bilmədi. 

 

YAŞAYAQ  ANALAR  ÜÇÜN

Elə bil, şəhərlər saxlayıb bənddə,
Bilmirik kənd-kəsək necə haldadır.
Nə qədər ana var,
Qalıbdır kənddə
Nə qədər nənənin gözü yoldadır.

Əsirgəməyiblər bir ömrü bizdən,
Bir ana köksündə qucaqlaşmışıq.
Böyüyə-böyüyə
Yüyrüyümüzdən
Yüyürə-yüyürə uzaqlaşmışıq.

Analar gəncliyi qoydular girov,
Nənələr dağ oldu
O dağlı vaxtda,
İndi anaların saçları qırov,
İndi nənələrin əlləri taxta.

Uçub dağılmasın,
Saxlayaq elə…
Bir ana yurdu var ürəyimizdə.
Mən başqa şeyləri demirəm hələ,
Dəyər analara küləyimiz də…
Qayğı anaların saçına dən-dən,
Kövrələ-kövrələ kövrək olubdur.
Bir ana köçəndə Yer üzərindən
Hər dəfə bu dünya yetim qalıbdır.

Ömrümüz nə qədər olsa də əziz,
Düşünək köç edən bir bahar üçün.
Çox vaxt özümüzçün yaşayırıq biz,
Yaşayaq bir az da analar üçün.

 

TƏLƏBƏ  DOSTLARIMA

Masa arxasında açıb səhəri,
Gizli söhbətləri açıq dedik biz.
Dünyada ən çətin problemləri
Bəzən bircə anda həll elədik biz.

İçki yox, ürəklər odladı bizi,
İçkinin nə işi odlu ürəklə?!
Badəsiz, filansız bir-birimizi
Anladıq həmişə biz duz-çörəklə.

Hərdən dolaşsaydı dilimiz əgər,
Dildən inciməzdik, biz o qədər də.
Dilin nə işi var,
Dil nə eyləyər
Ürəklər yığışıb danışan yerdə?

Söhbətsiz keçindik lap bərk ayaqda,
Axı, söhbətsiz də ürək dinirdi.
Dostlar çoxaldıqca kiçik otaqda,
Otaq böyüyürdü, genişlənirli.

Adi siqaretlər fikrmiz kimi
Alışıb otaqda tüstülənirdi.
Çox vaxt unuduruq biz dərdi, qəmi
Dərdimiz alışıb külə dönürdü.

Tutdu son görüşdə hər kəs yerini,
Yerində danışdıq,
Yerində dindik.
Açıb ürəklərin söhbətlərini,
Açıb qəlbimizi genişləndirdik.

Danladıq o ki var bir-birimizi,
Səhəri yenə də biz əziz olduq.
Şahiddir açılan səhərin özü,
Dünyanın dərdinə şərik biz olduq.

Bəzən biz yatsaq da,
İntizar ürək
Nə bir ara verdi, nə də ki, yatdı.
Fırlandı fikrimiz Yer kürəsitək,
Dolanıb dünyanı geri qayıtdı.

Olduq bu dünyada hər şeyə dözən,
Kimləri, nələri andı ürəklər!
Dözmədi sübhəcən çıraqlar bəzən,
Çıraq əvəzinə yandı ürəklər.

Sanki biz yatmışıq haçandan bəri,
Fikirlər yığışıb oyatdı bizi.
Yuxumuz o vaxtda qaçandan bəri,
Elə bil, hamının açılıb gözü.

 

ÖMRÜN  DAVAMI

Dostum Faiq Kərimova.

Həyat yollarında qoşa qalmışıq,
Çoxunu görmüşək,
Ömrümüz yarı.
Neçə məclis görüb, yola salmışıq,
Neçə söz dostları, badə dostları.

Bir görün, ürəyin qüdrətinə bax:
Yolunda əsgərdir qədir-qiymətin.
Dost olmaq asandır həyatda, ancaq
Dostluğu saxlamaq çətindir, çətin.

Qızınır dostunun səadətində,
Dostun sevincindən dosta da çatır.
Bir dost ürəyinin məhəbbətində
Neçə ağır günün dayağı yatır.

Ürək nə aldatmır,
Nə yalan demir.
Təklik ömrümüzün ağır qəmidir.
Məni qınamayın,
Dostsuz bir ömür,
Bəlkə də, arxasız ölkə kimidir.

Zaman öz hökmünü,
Yurdunu qursun…
Yenə də insanın yeri yerdədir.
Dayansa bir ürək,
Dilim qurusun…
Bir ömrün davamı bir ömürdədir.

 

ŞAİR  KƏDƏRİ

H.Arifə.

Yazdığın misralar qəlbini didir,            
Görürəm, bu ocaq çox yanacaqdır.
Ən böyük əsərin əlindən gedib,
Ən böyük əsərin yaranacaqdır.

Bir misra qəminin yoxdur qədəri,
Neçə qəlb titrədir,
Ürək dindirir.
Nədəndir, bilmirəm,
Şair kədəri
Hamını yandırır, kədərləndirir.

Bilirəm ağırdır oğulsuz günlər,
Bilmirəm nə deyim, qüssən azalsın.
Boşalt ürəyini,
Şeir sevənlər
Sənin kədərinə qoy ortaq olsun.

 

BİR  ANA  ARZUSU,  TOY CEHİZLƏRİ

("Keçmişdən gələn səslər" silsiləsindən)

Səliqəylə sahmanlayır,
Hər şeyi gözdən keçirir.
Çətin işi o anlayır:
Axı evdən qız köçürür.

Bu - qazanı, bu - sərnici,
Bu - xalçası: çiçək-çiçək.
Tikmələri inci-inci,
Naxışları göyçək-göyçək.

Ulusundan qalan sini,
Neçə qıza cehiz olub.
Toydan qabaq qalaylayıb, 
Bu gün yenə təmiz olub.

Xurcununun gözü dolu:
Taxta qaşıq, dəmir dolça.
Qayalıqdır şennik yolu, 
Qabqarılıb boşqab, nimçə.

Heybəsində xırda-xuruş, -
Sapdan tutmuş iynəyədək.
Xeyir-dua nehrəsində…
Təzə cürdək, təzə sənək…

Qollu-qollu,
Yallı-yallı
Farmaşının naxışları.
Tikmələrlə allı-güllü
Yastıqları, balıncları.

Ana çəkir əllərini
Hər ilməyə, hər naxışa.
İlmələr də az qalır ki,
Söhbət aça, söz danışa.

Niyə sayır, bir soruşun,
Qotaz-qotaz corabları? -
Bu sağdışın, bu soldışın,
Bu qayının, bu da bəyin,
Qaynatanın payı ayrı.

Palazında "at oynatsın".
"Cıdır getsin" qız nəvəsi;
Gah oynasın, gah da yatsın
Öz balası, öz nəvəsi.

Gözlərində bir son arzu,
Bir son dilək çiçək açır.
Xəyalında dəcəl quzu -
İlki oğul üstə qaçır.

 

NƏ  BİLSİN…

Mənə çox qəribə sual verirlər:
- Yaman çox gəzirsən kəndi, kəsəyi,
Ay ötür, il ötür, nə çoxdur yerlər,
Tək Qazax deyildir yerin bəzəyi.

Dünən bu yaylaqda,
Bu gün bu dağda,
Elə bil, ömrünlə elə qonaqsan.
Ay ötür, il keçir, kefdə, damaqda,
Bəs şeir, de, haçan sən yazacaqsan?

Fikrim o günlərə sanki enibdir,
İntizar-intizar döyünür ürək.
Uşaqlıq çağlarım şeirə dönübdür,
Onları mən yığam, yığşıram gərək.

Qartaltək qıy vurub
Çəkilib şeir,
Dırmaşıb,
Zirvədə töyşüyürəm mən.
Büllur bulaqlara tökülüb şeir,
Şeiri cığırlardan döşüyürəm mən.

Bəli,
O günlərim şeirə dönübdür,
Sanki bəhrə verib,
Yetişib dən-dən,
Ömrüm çiçək kimi səpələnibdir, 
Gedirəm yığmağa,
Yığşırmağa mən.

 

ANA  VƏ  ŞAİR

Gecə şairin təbi
Yanır, közərir dan-dan.
Döyünür şair qəlbi,
Şair qalxır yuxudan.
Şair misra düşünür,
Ana oyaq yataqda.
Xəyalında min kərə
Onun başına dönür
Ana sakit otaqda.
Düşünür ki, oğlumun
Yuxusu qaçıb hər gün.
Bircə söz sorağıyla
Oğlum qocalıb hər gün.
Gecə otaqda tənha
Söz vaxtını unudub:
Özü dinir, danışır,
Sözü sönür, alışır…
Fikir vermir özünə, 
Öz vaxtını unudub,
Öz gözümlə görmüşəm;
Nə ülkər göydə gəzib,
Nə çıraq gecə dözüb,
Onun qəlbi, ürəyi
Bəs buna necə dözüb?
Göydə ulduz sübhəcən
Alışmayır, yanmayır.
Sənin bir rahat gecən
Yuxuya boyanmayır.
Yorulubdur bu qələm,
Yorulubdur bu masa.
Yorulub yatıb aləm,
Bir şeir yazılmasa,
Yer qopmaz, səma enməz,
Kür - Araz geri dönməz.
Gözlə… Dilim qurusun…
Odum, ocağım sönər,
Payım battağa dönər.
Üzür səhərə kimi
Ananı oğul dərdi.
… Şair yaza bilməsə,
Yükü dağlar qədərdir.
Hər ikisi haqlıdır:
Ana oğul soraqlı,
Şair söz soraqlıdır.
Gecə öz ürəyində
Hərə bir şey səsləyir:
Şair şeir istəyir,
Ana oğul istəyir.

 

NƏDƏNDİR, UNUDAMMIRAM

İnsan var,
Görmüşəm, kefdə, damaqda,
Keçdiyi bir ömrü necə unudur.
Mənimsə həmişə qüssəli çağda
O ağır günlərim əlimdən tutur.

Bir mənzil başına hərdən çatanda,
Sevinci unudub, qəmi sayıram.
Həyatda irəli addım atanda,
Qəlbimdə o günlər addımlayıram.

Elə bil, ovcumun birində sevinc,
Elə bil, birində qəm daşıyıram.
Elə bu arzuyla hər axşam-səhər
Gecəni, gündüzü mən yaşayıram.

Həyatın qanunu əkizdir, əkiz,
Kim deyir, kədərlə sevinc görüşmür?
Bu gün sevinc payım olsa da əziz,
O günlər titrəyib əlimdən düşmür.

Qoymayıb igidlər Vətəni darda,
Oğullar səngərə sinə gəribdir.
Axı, ataların payı var burda…
Əmilər, dayılar ömür veribdir.

Dünəni, - sevinclə keçdikcə günüm -
Elə gün olubmu deyim anmıram?!
Sevincli günlərim başlayır mənim,
Ancaq kədərsiz də yaşayammıram.

 

ÜRƏYİLƏ  GÖRƏNLƏR

Qarşımda kor dayanıb,
Kor deməzdim mən ona.
Elə həssas boylanıb
O o yana, bu yana.

Hər kəlməsi yerində,
Artıq dinmir, danışmır.
Onun haqda söz düşüb,
O, söhbətə qarışmır.

Gözlərinin işığı,
Elə bil, əlindədir.
Gözlərinin nurundan
Bir az da dilindədir.

Önündəki dinməsə
Əlləri əsə-əsə
Dinir, danışır sanki
Əlləri işıq kimi
Yanır, alışır sanki.

Ağlı nurdur, onunçün
İşıqsız darıxmayır.
Bu həyata, dünyaya
O, kor gözlə baxmayır.

Ürəyi sanki ocaq, 
Qəlbi alışır onun.
Əllərdə duyğuya bax:
Görürəm, göz yerinə
Əli qamaşır onun.

Gözlərinin işığı
Əllərinə, ağlına,
Dilinə səpələnib.
Bu, görəsən, nədəndir? -
İki gözün yerinə
Görən bütün bədəndir.

Bu görkəmdə, bu donda
Əllər duyğu olanda,
Gözləri də görsəydi,
O kim olardı onda?

… Nuru nura qatdılar,
Gözlərinin nurunu
Ürəyinə verənlər.
Nə qədər xoşbəxtdirlər
Həyatını, varını
Ürəyilə görənlər.

 

NEYLƏSİN

Kim gördü, kim sevdi, seçdi dünyadan?
Kim gəldi, kim getdi - keçdi dünyadan?
Köçdü bir insan da, köçdü dünyadan,
Çəkdilər üstünə qara, neyləsin?

Bilənlər vaxtında desəydi barı,
Bir kimsə pozmazdı əhdi, ilqarı.
Böldülər ikiyə - bütövü yarı -
Bütöv parçalandı, para neyləsin?!

Hərcayı bir kəlmə çıxsa dilindən,
Sən hörmət gözləmə heç vaxt elindən.
Çalışma, imkanın getsə əlindən,
Çox axtar-araşdır, çarə neyləsin?!

Yalandı, tapılır hər şeyə çarə,
Yozar gördüyünü bir cürə hərə.
İnana-inana sevən biçarə
Əhdindən o dönən yara, neyləsin?!

Davud, qəlbini ver torpağa, yerə,
Hər insan dünyaya gəlir bir kərə.
Geysən üst-başına əgər zər-xarə
Ürəyin kasıbsa, xarə neyləsin?!

 

XALA  KƏDƏRİ

Xalam Xədicənin xatirəsinə.

Danışmaq, söyləmək çətindir sözdə
Bir qoca ananın bacı kədəri.
Közərir köz kimi ürəyimizdə
Şirin xalaların acı kədəri.

Bir xala köç edir, varlığı əziz,
Qəlbimdə dağ qədər qüssə, kədər var.
Hələ dayanmamış qulluğunda biz,
Seyrəlir vədəsiz doğma analar.

Elə bil, iz düşür köhnə iz üstdən,
Bu kədər həyatın haqq səsi kimi…
İl ötsə, yenə də sinəmiz üstdən
Asılır xatirə lövhəsi kimi.

Sirli-soraqlıdır hikməti bunun,
Bilməzdim övladtək alışam, yanam.
Kədəri - anadır xalam oğlunun,
Atası - atamdır, anası - anam.

Əcəl gəlişini hələ kim bilir,
Qeydinə qalmamış,
Vaxtsız-vədəsiz,
Bizim qeydimizə qalan əskilir.
Kədər öz həddini aşıb-daşanda
Heç nəylə ölçülmür qəmin qədəri.
Xalalar kiminçün analaşanda,
Ana kədəridir - xala kədəri.

 

UNUDULMAYIR

Elə işlər var ki, həyatda bu gün
Ağır dünyamızın ağır qəmidir.
İnsanın ürəyi bu Yer üzünün,
Bəlkə də, birinci problemidir.

Bəzən bircə sözdən bükülüb belim,
Hələ nə ömrüm var,
Hələ nə yaşım?
Yamanlıq görəndə soyuyub əlim,
Yaxşılıq önündə ucalıb başım.

Elə acımışam,
Elə yanmışam,
Birinin birinə dönüklüyünə.
Yaxşılıq görəndə,
Mən inanmışam
Bir daha insanın böyüklüyünə.

Sönüb ürəyimdə bir arzu, həvəs,
Bəzən sarsılmışam,
Bəzən çaşmışam.
Yaxşılıq görəndə,
İstər-istəməz,
Bir az da saflaşıb,
Yaxşılaşmışam.

Eh… Nələr olmayıb insan adından,
Hər kəs öz işini ağıllı sayır.
Yaxşılıq insanın çıxır yadından,
Nədəndir,
Yamanlıq unudulmayır.

 

ARAVURAN

Pərdələdi gözləri,
Sığalladı üzləri,
Yalan-yanlış sözləri
Düzə-düzə danışdı.

Aldı qəlbləri nişan,
Etdi sözlərlə şan-şan.
Bizdən ona danışan,
Ondan bizə danışdı.

Düşünmədi o, barı
Atıb namusu, arı.
Evləri, qapıları
Gəzə-gəzə danışdı.

Söz götürdü dodaqdan,
Pərgər idi qulaqdan.
O, yaxından, uzaqdan,
Xəlvət, üzə danışdı.

Güldü iblissayağı,
Yalan oldu "dayağı".
Hara gəldi ayağı
Ora yandı, alışdı.

Kəlmələrin yadını,
Kim bilirsə dadını,
Soruşmayın adını
O ki sizə tanışdı.

 

BİLMƏDİM NƏDƏ…

Mən heç vaxt qonaqsız çörək kəsmərəm,
Bugünkü qonaqlar kaş gəlməyəydi.
Qanandan küsərlər,
Mən də küsmürəm, - 
Evimdə qonaqlar xətrimə dəydi.

Dərdi Yer üzündə çəkməyə nə var,
Əgər ki, hamının bir olsa dərdi.
Qonaqlar gördüm ki, pıçıldayırlar:
 "Bəs niyə o bizə kabab vermədi".

Atalar söz deyib bir qızıl təki,
Varını verməyən axı utanar.
Bu gün mən bir şeydən utanıram ki,
Mənim sizin kimi qonaqlarım var.

Heç vaxt utanmasın duz-çörək verən,
Duz-çörək xalqımın öz nemətidir.
Kabab yox,
Süfrəni gözəlləşdirən
İnsandır, insanın məhəbbətidir.

Ürəkdən almışam köməyimi mən,
Görünür, ürək də qızarar, bişər.
Süfrəyə qoymuşam ürəyimi mən,
Götürün,
Hərəyə bir tikə düşər.

Günahkar sayıldım
Bilmədim nədə,
Səhvimdən dediniz,
Danışdınız siz.
Süfrəni gördünüz,
Əfsus, süfrədə
Mənim ürəyimi görəmmədiniz.

 

QAYIDA  BİLMƏRƏM

Mən ora bağlıyam
Ötən çağımla,
Orda tel-tel olan bir ürəyim var.
Getmişdim görüşəm uşaqlığımla,
Onu küsdürdülər, məni qovdular.

Bir söz yarasının göynəyir yeri,
Ay ötər, il keçər, yenə sağalmaz.
Qoy deyim bilsinlər,
Şair kədəri
Ürəkdə gizlənib, sinədə qalmaz.

Orda yaz olmamış yağdı yağışlar,
… Çovğuna düşməmiş boranlı qışam…
İncisəm nə vardı,
Ürək bağışlar,
Heç nədən qəlbimə yara almışam.

Mənə yaşamağa yüz cənnət seçin,
Yenə bir həsrətlə çırpınır ürək.
Bir şair ömrünü yaşamaq üçün
Hardasa yenidən doğulam gərək.

İstər dünya qopa,
Dağlar yeriyə,
İstər üfüqlər də alçala mənsiz,
Qayıda bilmərəm nə mən geriyə,
Yaşaya bilmərəm nə də Vətənsiz.

 

TORPAQ

Qəlbimdə dağların, düzlərin ətri,
Sel olub, dağlardan aşıb-daşıram.
Mən elə sevirəm,
Torpaqdan ötrü
Torpağa dönürəm, torpaqlaşıram.

Torpaq bir anadır bizə həyatda,
Sanki beşiyidir qocalanların.
Göylər də önündə baş əyir hətta,
Torpağa dirənib ucalanların.

Torpaq məhəbbətdir, torpaq vüqardır,
Əgər onu düysa insan, öyünür.
Kimin ki, bir ovuc torpağı vardır,
Onun dünya boyda qəlbi döyünür.

Gəlin torpaq haqda danışmayaq çox,
Torpaq nə sənindir, nə də mənimdir.
Torpaq, sinəsində gəzənlərin yox,
Onu ürəyində gəzdirənindir.

 

OCAQ  DAŞI

Dayanıb baş-başa üç ocaq daşı,
Bir yurdu qızdırıb üç qardaş kimi.
Hələ olmayıbdır, hələ yaşında
Ona baxan olsun adi daş kimi.

Nə vaxt qılıncını yad oynadıbdır,
Fəqət pozulmayıb bir izi-sətri.
Atalar ox atıb, at oynadıbdır
Bir yanar ocaqdan, bir yurddan ötrü.

Bilirsiz ocaqlar niyə qəlbidir?
Yüz torpaq yaşayır yüz ocaq adda.
Ocaq, babaların vuran qəlbidir - 
Bir ürək döyünür hər ocaq altda.

El-elə od verər, odun, yanacaq,
El-elin yolunda keçər başından.
Od-alov alarlar ocaqdan, ancaq
Pay verən olmayıb ocaq daşından.

 

ÖMRÜMÜ  YAŞAYIM  GƏRƏK…

Necə dinməliyəm, danışmalıyam,
Deyin, öz kəlməmdən, sözümdən ayrı?
Kimin ürəyini yaşamalıyam,
Kimin ürəyini özümdən ayrı?

Yaş ötsə neyləyək,
Bu, acı qüssə…
Olmaram yolların hələ yorğunu.
Bir az coşqunamsa, bir az kürəmsə
Şeir dəlisiyəm, sənət vurğunu.

Neyləyim, beləyəm, mən də dünyada,
Qoy bilsin bu başdan bunu yarım da.
Elə yaşayım ki, məndən sonra da
Məni əvəz etsin misralarım da.

Uymaram şöhrətə, nə də ada mən,
Hələ Yer üzündə nə qədər sağam.
Atamın oğluyam,
Bu dünyada mən
Özüm öz ömrümü yaşamalıyam.

 

BİLSƏM  DƏ,  QAYIDAN  DEYİL

Yaş ötür, başlayır dincliyim mənim,
Yaş ötür, neyləyim,
Ötməlidir o.
Bir vaxt gizli gəlib gəncliyim mənim,
İndi açıq-aşkar getməlidir o.

Bir vaxt hara gəldi qədəm basardım,
Yoxuşu dırmaşıb, qayadan enib.
Dünən nağıllara qulaq asardım,
Bu günsə dünənim nağıla dönüb.

Saçıma düşən dən bir yana qalsın,
Bir nisgil tutubdu gözlərimə çən.
Bir vaxt arzulardım yaşım çoxalsın,
İndi uşaq olmaq istəyirəm mən.

Bir insan ömrünün gənclikdir varı,
O mənə nələri andırır bu gün!
Mənim dünənimin gözəl anları
Közərib qəlbimi yandırır bu gün.

Ürəyim kövrəlib, elə dolubdur,
Boşalsa neyləyər görən dünyanı?!
Yaş ötüb,
Qəlbimdə axşam olubdur,
Ay ellər, gəncliyim -
Səhərim hanı?

Çiynimi dünyaya dayaq edərəm,
Ömrümdən rahatlıq sözünü silsəm.
Bəlkə gəncliyimi çıraq edərəm,
Mən onu yenidən yaşaya bilsəm.

Bilərəm dilini dünyanın bütün,
İllərlə dil tapsam,
Qərara gəlsəm.
Ömrün yarısından keçərəm bu gün,
Əgər gəncliyimi qaytara bilsəm.

 

QORXURAM KİMİSƏ KƏDƏRLƏNDİRƏR…

Kədər lərzə salar ildırım təki,
İnsanı göylərdən yerə endirər.
Qəmimdən qorxuram,
Danışmıram ki,
Kədərim kimisə kədərləndirər.

Xəbərsiz, ətərsiz vaxt aram-aram,
Acılı, şirinli keçir, görürəm.
Qəmli günlərimi tək yaşayıram,
Lakin sevincimi bölüşdürürürəm.

 

SƏHV

Keçib səhvlərin burulğanından,
Sanki burum-burum buruluruq biz.
Sel kimi insanın keçir canından,
Axıb, bulaq kimi duruluruq biz.

Həyat yollarında atını çapır,
Dikir gələcəyə gözünü insan.
Məni qınamayın,
Desəm ki, tapır
Bəzən səhvlərlə özünü insan.

Anlasın səhvini qoy ürək təki,
Həyatda ömr etmək deyildir asan.
Səhv etsə anlasın,
Vay o günə ki,
Yaşaya yenidən səhvini insan.

SINAYAR  BİZİ…

İnsanın nəfəsi göylərə çatır,
Dolu buludları yaran qəlbidir.
… Hər köksün altında bir aslan yatır,
Hər ürək zamanın vuran qəlbidir.

Sakitcə seyr etsək qoca dünyanı,
Bu ellər, obalar qınayar bizi.
Həyat,
Ömrümüzün sınaq meydanı,
Vaxt gələr, bir zaman sınayar bizi.

 

NƏ  QALDI

Yaz gəldi ağaclar yamyaşıl oldu,
Qaralan cığırın sinəsi doldu.
Bilmədim çəməndi, yoxsa ki, yoldu,
Görəsən, ləpirə, izə nə qaldı?

Bir gözəl görmüşdüm, könül vermədi,
Qəlbimə salmadım bu ağır dərdi.
Baxdı insan oğlu, nələr görmədi…
Görən, bu dünyadan gözə nə qaldı?

Sevinc lap əzəldən kədər ilədi,
Çoxdan bu həyatın hökmü belədi.
Vaxtsız iki dostu düşmən elədi,
Bir könül sındıran sözə nə qaldı?

A dostlar, yamandı ayrılıq günü,
Bir yanıq kamandı ayrılıq günü.
Vaxt gəldi, qocalıq verdi hökmünü,
Bu qoca dünyadan bizə nə qaldı?

 

ŞƏKİLLƏR

Baxdıqca şəklimə xəyalım dindi,
Əridi o günlər isti qar kimi,
Dayandıq üz-üzə şəklimlə indi,
Bəs niyə bambaşqa adamlar kimi?

Ömrümdən çınqıltək qopan günlərim
Yığılıb üst-üstə,
Ömür yarıdır.
Adı kağızlara hopan günlərim
Ötən illərimin yadigarıdır.

Ötən anlarımın duyğusuna bax!
Ondan nə soyudum,
Nə də ki, doydum.
Yığdım şəkilləri mən qalaq-qalaq,
Sanki günlərimi üst-üstə qoydum.

Həyatda,
Şəkillər - "dəyişib" deyir,
Dünənki yerimlə bugünkü yerim.
Dünənki günlərə baxıram bir-bir-
Donub şəkillərdə təbəssümlərim.

Fikrim birdən,
Elə geriyə döndü,
Gördüm ki, o illər yandırır məni.
Donmuş anlarıma baxıram,
İndi
O anlar təəccübdən dondurur məni.

 

NAZİMİM  VAR

Kitabı əlimdə əlimdə Nazim…
Sanki fikirlərim buza dönübdür.
Qəlbimdə, hissimdə, dilimdə Nazim,
Nazim bu dünyaya həkk olunubdur.

Səpilir fikrimə qığılcımları…
Sətirlər içində
Alışır Nazim.
Bəlkə mən deyiləm danışan bu gün,
Mənim əvəzimə danışır Nazim.

Açır qollarını o, yana-yana,
Elə bil, dünyanı qucaqlayacaq.
Əlini daraqtək çəkir başına,
Sanki misraları saçaqlayacaq.

Bir ağır dağ kimi çıxır kürsüyə,
Dərdi var,
Dərdindən danışacaqdır.
Hayqırır yenə də
Ədalət deyə,
İndicə od tutub alışacaqdır.

Hamı şeir yazır, yazmağa nə var,
Qəlbim tarımlanmış bir sim olubdur.
Sağımdan, solumdan keçir adamlar,
Elə bil, insanlar Nazim olubdur.

Bəlkə bir istəkdən basmışam səbri,
Hələ getməmişəm üstünə, hələ…
Qəbrinin üstünə getmirəm, qəbri
Qorxuram Nazimi əlimdən ala.

 

MƏNZİL  QONAĞI

Dedim:
- Vaxt gələr mən də
Yolumu sizə sallam.
Mənzilin böyüyəndə
Gələrəm qonaq ollam.

Heç nədən karıxmazdım,
Elə çaşdım, karıxdım.
Dar evdə darıxmazdım,
Sözlərindən darıxdım.

Göy alışa, yer yana,
Bəzəyərmi var, evi?
Qəlbi qoyub bir yana,
Nə tez gördün dar evi.
Başa düşmədin nahaq,
Təklifi nahaq dedim.
Demədim, evə qonaq,
Qəlbimə qonaq dedim.
Geniş mənzil alanda,
Dağ başını qar alar.
Gəlmə, aman günüdür,
Mənzilimiz daralar.

•••
Yanılsam, bir nəfər səhvimi desə,
Mən onu öpərəm, alqışlayaram.
Arxamca yalandan söz deyən kəsə
Bir şeir yazaram, bağışlayaram.

"İnciyər beş-üç gün o, olsa-olsa,
Sonra də hər şeyi unudar", demə.
Barışa bilmərəm,
Toxunan olsa,
Əgər Vətənimə, məhəbbətimə.

 

YARIMÇIQ  ŞEİR

Bəzən qoşa-qoşa ağ varaqlara
Bircə misra düşür, bircə söz düşür.
Baxdıqca, ürəyim çəkilir dara,
Kağıza misra yox, yanar köz düşür.

Yarımçıq sözləri, düşünür şair,
Ürəkdə səs kimi, səmir kimidir.
Mənə elə gəlir yarımçıq şeir
Başa vurulmamış ömür kimidir.

 

XƏBİS

İlahi,
Xəbislik nə yaman imiş,
Yedi ürəyini onun qurd kimi.
Dağıldı başından hamı
Bu gediş,
Oldu viran qalmış bağlı yurd kimi.

O xəbis,
Qiybətlə çox çalışdı ki,
Ucalıb
Bəlkə də birinci oldu.
O qədər arxaca o danışdı ki,
Axırda hamıdan arxada qaldı.

 

Nənəm Fatmaya.

Sakitcə durmayır bircə an nənəm,
Unuda bilməyir ötən çağını.
Elə bil, qayıdıb mehriban nənəm
Yenidən yaşayır uşaqlığını.

Dünyanı dolanır əyirdiyi yun
Uc-uca calasan yumaqlarını.
Onun əlinə bax:
Əl düyün-düyün,
Qabarlar bəzəyir barmaqlarını.

Cəhrəni toz basıb,
Qalıb kənarda,
Baxır üfüqlərə, gözü yol çəkir.
Əyirə bilməyir, qalıbdır darda,
Gözündə buludlar əyirir, tikir.

"Hər vaxt diş altdadır iştaha" - deyir, -
Mənim bu sözümü unutmayın siz".
Özü nə su içir, nə çörək yeyir,
Deyir ki, "A bala, nə yemisiniz?"

Zirvələr dağların iftixarıdır,
Ən uca zirvələr hər vaxt qar görüb.
Nənəmin saçları zirvə qarıdır,
Bu zirvə nə qədər tufanlar görüb.

Baxsan görmək olmur gözündə qəmi,
Nənəm çox dözübdür qüssəyə, dərdə.
Vaxtı yetişsə də,
Bir insan kimi
"Ölümdən qorxmayır zərrə qədər də".

 

FƏXRİ  KEŞİKDƏ

Nənəm Anaxanıma.

Nənə gözlərində qaralanda dan,
Elə bil, nağıllar qalır yarıda.
Nənələr köçəndə qoca dünyadan
Köçür nənələrin nağılları da.

Od qoyun bir payız ocağına siz,
Bədənim qızmayıb nə vaxtdan bəri.
Yığşırıb bir nənə qucağına siz,
Qaytarın,
Qayıtmaz günləri geri.
Məni -
Atasızı kim əzizləyər,
Həyatın bu ağır hökmünə baxın;
Dözə bilməyirəm nənəsizliyə,
Gəlmişəm,
Nənələr, qarşıma çıxın.

Bir nisgil qəlbimi yaman ağrıdır,
Evdə yun tayası saçaq-saçaqdır…
Nənə cəhrəsinin qulpu ağırdır…
Kimin gücü çatıb fırladacaqdır.

Sənin son sözünə gecikdim dünən,
Yanıb qovrulmadım mən için-için.
Çatmadım,
Ay nənə, bərəkətindən,
Çatmadım, bir damla aparmaq üçün.

Gördün tədbirini gələn qışın da,
Evdə un çuvalı heç enən deyil.
Səndən kösöv qalıb ocaq başında, 
Yansa, əsrlərlə tükənən deyil.

Taxtın altındakı qaldır taxçanı,
Taxça indiyədək heç boş olubmu?!
Gəlmişəm,
Ay nənə, çıxart boxçanı,
Bax gör,
Saxlancında bir şey qalıbmı?

Xalçalar boylanır,
Neçə yerində,
Baxıram, nənəmin gözü qalıbdır.
İncə naxışların ilmələrində
Qabar əllərinin izi qalıbdır.

Göyə bulud gəldi gördüm bir çəngə,
Sonra nəğmə oldu,
Çən oldu itdi.
Mənə elə gəldi,
Nənəmlə birgə,
Elə bil, bir ürək bayatı getdi.

Yatmısan körpətək,
Nənə, beşikdə,
Qorxuram, oyatsam xətrinə dəyəm.
Saatla dururlar fəxri keşikdə
Mən sənin əbədi keşiyindəyəm.

 

SAHİLSİZƏM  MƏN

Tanışlar, bilişlər unudur məni,
Bəlkə söhbətsizəm,
Ya dilsizəm mən?
Tufanlar hey atır, hey tutur məni,
Sahil axtarıram,
Sahilsizəm mən.

Mən elə coşmuşam,
Elə çaşmışam,
Köhnə sahillərim ar gəlir mənə.
Mən daşqın dənizəm,
Elə daşmışam,
Yatağım dar gəlir, dar gəlir mənə.

Mənə sahil verin, qayalı sahil,
Deyim ürəyimin olan sözünü.
Sahilsiz tufan da bir tufan deyil,
Sahildə sınayır tufan özünü.

 

OCAQ

Torpaq da ünvansız, adsız olmayır,
Birində dəniz var, çay var birində.
Ocaq da insantək yurdsuz olmayır,
Ocağı çatarlar ocaq yerində.

Həyatan hökmünə, hikmətinə bax:
Bir qucaq açılır qucaqlar üçün.
Bir yurdda ilk dəfə çatılan ocaq,
Kül olar sonrakı ocaqlar üçün.

Çör-çöp bircə anlıq alışar iti,
Ömrü gödək olan söz-söhbət kimi.
Kül altda köz qalar,
Gizli hənirti,
Ürəkdə od kimi,
Məhəbbət kimi.

Gün keçər,
Soyumaz ocağın yeri,
Onu tapdamasa, kimsə basmasa.
İnsan da belədir;
Alışmaz biri
Biri kül olmasa,
Kösöv olmasa.

•••
Bir nisgil qəlbimi çoxdan ağrıdır,
Bir odun ürəkdə sırsırası var…
Hər sözün qüdrəti dağdan ağırdır,
Bu ağır kədərdə dağ sırası var.

*   *   *
Elə ki, duyuruq dağı, dərəni,
Sanki qovuşuruq səadətlə biz.
Müxtəlif böyüdür həyat hərəni, -
Ayrılmaz övladıq təbiətlə biz.

 

QIZ  VƏ  DƏNİZ

Qayada oturur qız,
Dəniz həsrətlə baxır.
Qayada oturur qız,
Dalğalar şahə qalxır.

Qızın başı üstündə
Günəş alışır, yanır,
Dəniz tufana dönür.
Qız sahili dolaşır,
Ləpələr arxasınca
Sahilboyu sürünür.

Birdən atılır suya,
Alışır, yanır dəniz.
Onu günə, qayaya,
Göyə qısqandığından
Qızdan utanır dəniz…

 

İNSANLAR  KİMİ

Baş-başa çinarlar, əkiz çökələr
Yolların üstündə sanki çətirdi.
Yayın qızmarına yaşıl kölgələr,
Elə bil, dağları çəkib gətirdi.

Döndü bahar oldu qızmar yay günü,
Ağaclar əl verib bir də görüşdü.
Bir yarpaq yol üstə əydi köksünü,
Elə bil, torpağa bir damla düşdü.

Dindi yaşıl sözlü, quş dilli bahar,
Səsləndi yarpaqlar düz ilqar kimi.
Durmuşdu yollarda uca çinarlar
Qonaq qarşılayan adamlar kimi.

 

LÖVHƏ

Göylər ətəyini çırpdı, elə bil,
Qarı xəlbir ilə ələdi yerə.
Bəlkə də ilmədir
Yağan, qar deyil,
Sökülüb buluddan tökülür yerə.

Buludlar səmada dönüb yumağa,
Yel əsir
Meşələr nəğmə oxuyur.
Hər qar bir naxıştək
Qonur torpağa
Təbiət qar ilə xalça toxuyur.

 

MƏNİM

İtsə dolaylarda hər ləpir, hər iz,
Hay-həşir qoparıb təntiməyin siz.
Əgər qəribsəsə dağlar kimsəsiz,
Dağlara izimi aparın mənim.

Ərisə zirvəsi, qaralsa üzü,
Dağların göz yaşı bürüyər düzü.
Büllur çeşmələrin tutulsa gözü,
Görməyə gözümü aparın mənim.

Birdən ətəyinə yadlar tökülsə, 
Əgər süngülərlə köksü sökülsə,
İşdir, zirvələrin qəddi bükülsə,
Köməyə dizimi aparın mənim.

Zirvələr fikrimi başımdan alar,
Yadıma düşdükcə ürəyim dolar.
Baxıram, hədiyyəm mənim nə olar? 
Dağlara sözümü aparın mənim.

Özüm buradayam, qəlbim orada,
Bir şey qalmayıbdır, düzü, arada.
Bir vaxt mən qocalsam, məndən sonra da
Ora əzizimi aparın mənim.

Davudam, qönçəni üzə bilmərəm,
Könülsüz bir yeri gəzə bilmərəm.
Heç vaxt ayrılığa dözə bilmərəm, 
Dağlara özümü ararın mənim.

 

ÇİNAR  MAHNISI

Çəkildi yollardan insan nəfəsi,
İki yol üstündə dayanıb-durdum.
Ay uca çinarın yaşıl nəğməsi,
Mən sizi eşitdim, mən sizi gördüm.

Dərdbölən axtarar sözlü olanlar,
Yaşıl çətirlərlə durdum üz-üzə.
Qəlbimdə anamdan gizli olanlar
Bir payız axşamı açıldı sizə.

Bir mahnı çalırdım hər axşam-səhər,
Bilmirəm adına nə deyim onun.
Bilmirəm nədəndir, Kərəmdən betər
Əsiri olmuşdu ürəyim onun.

Başqası eşitsə, 
Elə sanırdım,
Başlayar yadların kəsəkəsliyi.
Özüm də içimdə tənha yanırdım,
Qoruyub qəlbimdə müqəddəsdiyi.

Utana-utana sizə birtəhər
Qəlbimi eylədim o axşam qonaq.

Deyirdim,
Mahnını payıza qədər
Yarpaqlar biləcək,
Yarpaqlar, ancaq.

Bir zaman gördüm ki, payız ötüşdü.
… Günlər elə keçir,
Günlərə nə var?..
Yolum bir ilk bahar o yerə düşdü,
Mahnımı yarpaqlar oxuyurdular.

Hərdən o mahnını çox anıram mən,
Yenə də mahnını bir kəs bilməyir.
O olub keçsə də,
Utanıram mən,
İndi də açmağa dilim gəllməyir.

O mahnı, bəlkə də, çıxıb yadımdan,
Sizsə mahnı ilə uyuyursunuz.
Məndən vəfalısız,
Mənim adımdan
ahnını həmişə oxuyursunuz.

 

SON  PAYIZ

Ağacda titrəyir yarpaq qanadlar,
Sərçələr yığışıb budaqlarına.
Bürünüb,
Vədəsiz göyərən otlar
Payızın saralan yarpaqlarına.

Yaman fikirlidir dumanlı dağlar,
Sanki təbiətin sarı simidir.
Qaya dolağında qaynar bulaqlar,
Elə bil, dağların təbəssümüdür.

Neyləsin,
Donacaq günün telləri,
Çəkir hörüyünü, arxaya salsın.
Soyuqdan büzüşüb qızıl əlləri,
Salır əllərini, cibində qalsın.

Görəsən, taxtından kim düşməlidir?
Dağlar fəsillərin uca taxtıdır.
Sanki boranla gün döyüşməlidir,
Gün nahaq çirmənib,
Boran vaxtıdır.

 

QAYIDAQ  GERİ

Mənim dünənimdə nağıllarım var,
Orda nağılların meydanı boldur.
Bilməzdim həyatda qəm sevinc olar 
Dünənki günlərin qəmi də xoşdur.

Çoxdan o çöllərə salmamışıq iz,
Sanki bəxtimizə elə bu düşüb.
Girmişik qapalı otaqlara biz,
Ürəklər günəşsiz gültək bürüşüb.

Demirəm, şəhərlər bir yana qalsın,
Demirəm, şəhərlər deyildi əziz.
Qayıdaq,
Gecələr ulduzlu olsun,
Qayıdaq nağıllar dünyamıza biz.

Qalxdığımız yoxuş, endiyimiz dik,
Ensək, pillə-pillə ucaldar bizi.
Axı o yerlərdən qopub gəlmişik,
Yaşadaq nağıllı günlərimizi.

Bəlkə yağış tökdü,
Heç demək olmaz,
Açaq çadırını yorulan köçün.
At çapıb yoxuşda büdrəyək bir az,
Asfalt səkilərdə büdrəməməkçün.

Başlasın xəbərsiz vurulmaq dəmi,
Sevək ilk baxışdan,
Sevək ilk gündən.
Sonrasa qovrulaq səhərə kimi,
Sevən qəlbimizin döyüntüsündən.

Gizli məhəbbətdir nə qədər əziz,
Gizli məhəbbəti qoruyaq gərək.
Qoyub məktubların arasına biz,
Sevən qəlbimizi gizli göndərək.

İzlər cığırlarla bulağa ensin,
İçib yanğımızı bir az söndürək.
Dağlar qəlbimizdə heykələ dönsün,
Sonra cığırları şeirə döndərək.

Çıxaq dağ başına çətinliklə biz,
Döysün təpəmizdən yağış da, qar da.
Təzədən dırmaşaq zirvələrə biz,
Yoxuşlar əl tutar çətində, darda.

Heç vaxt təbiətə tapılmaz əvəz -
Şair ilhamına sönməz ocaqdır.
Ən sərrast misralar, istər-istəməz,
Orda qəlbimizə yazılacaqdır.

Qalxdığımız yoxuş, endiyimiz dik,
Ensək pillə-pillə ucaldar bizi.
Axı o yerlərdən qopub gəlmişik,
Yaşadaq nağıllı günlərimizi.

 

PAYIZ

Güneylər soyuyub
Qüzeyə döndü,
Düzüldü qatara durna şərqisi.
Dəli dağ çayları quzuya döndü,
Açıldı dağlarda payız sərgisi.

Birdir təbiətin qanunu, əmri…
Fəsillər dörd ömür, yoxsa dörd tanış?
Gödəkdir, elə bil,
Payızın ömrü
Bu başdan yay kəsir,
O başdan da qış.

Yarpaqlar kövrəlib verər qol-qola, -
Torpağa məhəbbət aşılayarlar.
İstilər payızı salarlar yola,
Soyuqlar payızı qarşılayarlar.

 

FƏSİLLƏRİN  RƏNGİ

Fəsillər, elə bil, açar qəlbini,
Köksündə insantək yaranı sevməz.
Hər fəsil özünün seçər rəngini,
Nədəndir, bilmirəm, qaranı sevməz.

Qəfildən dağ-dərə qarşılar qışı,
Biz onu görərik ağ-ağ qar kimi.
Şaq-şaq şaqqıldayar,
Ağarar dişi,
Qəzəbdən bozarar canavar kimi.

Elə bil, səmadan şəfəq ələnər,
Çırtlayar torpağın ən narın rəngi.
Yaz gələr,
Təbiət bənövşələnər,
Açar kol dibində baharın rəngi.

Hər fəslin öz rəngi üstünə qonur,
Səpilir torpağa neçə çələngi;
Dənizdə mavidir,
Səhrada qonur,
Yayın yaşıl olur meşədə rəngi.

Qan damar
Daşların yanaqlarından,
Dağ-dərə köksünə basar Günəşi.
Payız ağacların qulaqlarından
Qızıl sırğa kimi asar Günəşi.

Görəsən, doğmadır rənglərin hansı?
Onlar fəsillərin, ilin çələngi…
Pozulsa bir fəslin rəngi, havası
Onda illərin də pozular rəngi.

 

BİZİ  UNUTMUR

Bu yerlər,
Bu yollar mənə yad deyil,
Keçid o keçiddir, bərə o bərə.
Dünya dəyişsə də hər il, hər fəsil
Təpə o təpədir, dərə o dərə.

Baxdım heyran-heyran mən sola-sağa -
Gördüm ki, çiçəklər haya düşdülər.
Çiçəklər şairi qarşılamağa
Yığışıb bir yerdə çəmənləşdilər.

Bu lal qayaları gördüm uzaqdan,
Həsrətdən sinəsi, qəlbi dağlıdır! -
Məni unutmayıb,
Düzü, o vaxtdan
Görürəm bu yerlər küsür, - haqlıdır.

Çiçək dəstələyib çələng hörmüşəm
İlk dəfə bu yerdə, uşaqkən hələ.
İlk dəfə bu yerdə gözəl görmüşəm, -
Sağımda nərgizdir, solumda lalə.

Çiçəklər gör nəyi salırlar yada,
Keçdikcə içindən mən asta-asta…
İllər insan kimi addımlasa da,
Otlar dayanıbdır öz kökü üstə.

Bir vaxt o dəli çay dəli çağında
Məni aparmışdı,
Az qala, budur…
Durmuşam,
            Yenə də çay qırağında
Əvəlik əyilib əlimdən tutur.
Yolum bu yerlərə düşəndə hərdən
Yaşarır gözlərim, əsir bədənim.
Hər dəfə bu yerlər, bilmirəm nədən
Özümü özümə qaytarır mənim.

Dayandım güllərin mən qabağında,
Lalələr bir az da allamışdılar.
Gördüm,
Qayıdanda qürub çağında
Çiçəklər boynunu sallamışdılar.

Bilmirəm,
Qayalar küsdü, küsmədi,
Bulaqlar yenə də aşıb-daşırdı…
Tufan də qopmadı,
Yel də əsmədi,
Bəs niyə çiçəklər pıçıldaşırdı?

Qalır torpaq üstdə qoyduğumuz iz, -
Özünü o bizdən aralı tutmur.
Bəzən özümüzü unutsaq da biz,
Nədəndir,
Təbiət bizi unutmur.

 

ŞAİR  TƏBİƏT

Çayların qulacı dərəyə kəmənd,
Suların harayı zirvəyə çatır,
Cığırlar beyt-beyt,
Dolaylar bənd-bənd, 
Dağlar sətir-sətir, misra-misradır.

Nə vaxt ki, göylərin qızarır gözü, 
Sakitcə-sakitcə kim qulaq asır, –
Çaylardan qopanda dağların səsi
İnsanlar dinləyir, insanlar susur.

Zirvənin haqqı var göyə ucalsın,
Buludlar düzülən otların şehi.
Şair yatmayır ki,
Səhər açılsın,
şeirinə qarışsın səhərin mehi.

şeiri kəlmə-kəlmə dərəyə, düzə
Çaylar səpələyir,
Yellər yayırlar.
şeiri biz yazmırıq,
Ürəyimizə
Dağlar misra-misra pıçıldayırlar.

 

GÜNƏŞ  HƏRARƏTİ

Torpağın arzusu qalır səhərə,
İşıqsız, elə bil, çatlayır bağrı.
Elə ki, nur əli uzanır yerə,
Boy atır təbiət Günəşə doğru.

Doğanda torpağa səslədi bizi,
Nə qədər sonsuzdur onda səxavət!
Qış oldu, kəsmədik ümidimizi,
Baharda can oldu, payızda dövlət.

Günəşdən bir gilə qaldı qorada,
Hopdu torpağa da, hopdu daşa da.
Borcludur təbiət Günəş yarada,
Günəş sevgisini yerdə yaşada.

İstə, təbiətə sən Günəş istə,
Günəş səxavəti torpaqda boldu.
Düşdü bir zərrə də dağda qar üstə,
Zirvənin Günəşdən zər tacı oldu.

Göylərdən tökülən qızıla bələş,
Günəş olmasaydı, bəlkə solardıq.
Hopsa qəlbimizə bir zərrə Günəş,
Böyüyə-böyüyə Günəş olardıq.

 

İKİ  DAĞ - İKİ  BABA

Babalarım Alı və Şərifin xatirəsinə.

İki dağın "ətəyindən"
Duman enib, sürüşüb;
İki baba çiynindən
Sanki çuxası düşüb.
Donub başının qarı,
Ot basıb gör nə vaxtdır
Cığırları, yolları,
Uzanıb mənə sarı
İki dağın qolları.
Bu dağlar yora-yora
Yad qovanın oğludur.
Bu dağlar - bu dağlara
Ad qoyanın oğludur.
Bulanır səhər-axşam,
Bəs hansı kəsi gəzir
"Arxaşan", "Məzan" dağı?
İndi nəvəsi gəzir,
Babalar gəzən dağı.
Bu yollar hara gedir?
İtib-batıb izləri,
İndi onları bir-bir
Axtarır əzizləri.
Bu dağlar sonsuz təki,
Deməyin ki, nakamdır.
Bu dağlar, elə bil ki,
Biri ata babamdır,
Biri ana babamdır.

 

PAYIZ  ADDIMI

Ağarır, dostların ağarır başı,
Dən düşüb dünənki şəvə saçlara.
Sanki çətin günün acı göz yaşı
Xoş günlər əlində çəkilib dara.
Ürək hesablaşsın illərlə gərək,
Sinədə yaz ətri, payız çələngi…
Fəsillər rəngini dəyişdiyitək
İnsan ömrünün də dəyişir rəngi.
Payız silkələnib tökəcək bizdən
Ömrün sarı-sarı hər nöqsanını.
Yazda düşünmürük, çəkəcək bizdən
Payız yaz ömrünün haqq-hesabını.
Həyatın bahara, yaza çatdımı,
Ömürlər içində seçilir ömür…
Ağırdır insanın payız addımı,
Baharda gül kimi açılır ömür.

             ¨¨¨
Elə ki, buludlar köksünü çəkdi
Dərələr əks edər gur nəfəsini.
Zirvəyə ucalan zirvədə təkdi,
Dərədir eşidən zirvə səsini.
Bulaqlar düzlərə enməyir asan,
Şəlalə əlvida haraylarıdır.
Qartallar zirvədə həmişə susan,
Dərədə qışqıran dağ çaylarıdır.

 

ÜMMAN  SEVİNCİ

Mən özüm görmüşəm -
Bir anlıq olur.
Çox vaxt harayların,
Hayların ömrü.
… Ümmanlar boşalmır,
Ümmanlar dolur,
Dənizdə qurtarır
Çayların ömrü.

Açar "yaxasını"
Suya təpələr,
Dənizdən sahilə
Səpilər inci.
Coşub
Dalğa-dalğa qalxar ləpələr,
Haylıdır,
Küylüdür dəniz sevinci.

Çaylar gur axmasa,
Dəniz dolmayır,
Dənizə tələsən çaydı birincji.
Nədəndir hamıya qismət olmayır
Dərya məhəbbəti,
Ümman sevinci.

 

NƏ YAXŞI…

Dağlara söykənib kürəyim mənim,
İlk büllur laylamı dağ çayı çalıb.
Bəlkə onun üçün ürəyim mənim
Belə məcrasına sığışmaz olub.

Gözümlə görmüşəm
Zirvə bulaqlar
Dərin dərələrdə cığır açırdı.
Açmışdı qəlbini qəlbimə dağlar
Bir vaxt uşaqlığım orda qaçırdı.

Bu həyat yolları qalxıb-endikcə,
Neçə dağ keçirəm,
Yamac aşıram.
İllərlə başıma qar ələndikcə,
Elə bil, dağlara yaxınlaşıram.

Qalıb qulağımda hay-haray səsi,
Dağlardan qopduğum görün nə vaxtdır?!
Elə bil,
Dağların dağ cazibəsi
Məni o yerlərə qaytaracadır.

Axtar,
Yer üzündə olmayıb hələ
Bir torpaq ünvansız,
Bir oba adsız.
Bir qartal köksünə dəysə bir güllə,
Sanaram, zirvələr qalar övladsız.
Otların nəfəsi üstümə çöküb,
Sanki təbiətdən güc alıram mən.
Zirvələr əlini başıma çəkib,
Elə bil dağ kimi qocalıram  mən.