Close

Oğlumun nağılları

Bu dünyaya üfüqlərdə göz açmasa da,
Gözlərində qırpım-qırpım ulduzlar yanar.
Uca-uca zirvələrə yol açmasa da,
Gur qanında, gur suların qıjıltısı var.

Bəlkə onun cingiltili incə səsində
Kamançanın, sazın, tarın, udun səsi var.
Bu gün onun tumurcuqtək təbəssümündə
Çəmən-çəmən çiçəklərin təbəssümü var.

Nə şirindir ana qoynu, ana qoxusu,
Arzuları naxış-naxış,
Çiçək-çiçəkdir.
Yatır, hələ yuxu görür, 
O, süd yuxusu…
O bilməyir gələcəkdə nə görəcəkdir.

 *   *   *
Bir vaxt mən də beləcə
Beşiyə bəzək idim,
Böyüdükcə böyüdüm…
Sən böyü damla-damla,
Sən böyü saat-saat,
Gələcəyə inamla
Səni gözləyir həyat.
Nə qədər ki, mən varam
Bu dünyada, ay oğul!
Sən böyü nağıl-nağıl,
Sən böyü ağıl-ağıl.
Nənən layla deyəcək,
Nənən nağıl deyəcək,
Laylanın qanadında
Əfsanələr canlanıb
Beşiyinə enəcək.
Sən körpə, yata-yata…
Bir qərara gəlmirəm;
Sən oğul. Yoxsa ata,
Heç anlaya bilmirəm.
Oğlum, nə dincəlirəm,
Nə də ki, yoruluram,
Bəlkə də öz atamın
Qulluğunda dururam.
Dünənki döyüşlərdə
Vurulan bir əsgəri
Həyata qaytarmışam;
Mən əmi qaytarmışam,
Mən ata qaytarmışam.
Fikirlər aram-aram…
Ara vermir bəs nədən?
Qınamayın, ay ellər,
Ata yırğalayıram,
Ata böyüdürəm mən.
Demə, illər keçdikcə,
Qocalıram, ay oğul.
Bil ki, sən böyüdükcə,
Ucalıram, ay oğul.
Mənə elə gəlir ki,
Bu torpağa sədaqət -
Körpə qayğılarından,
Keşiyindən başlayır.
Səninsə həyat yolun
Beşiyindən başlayır.

 

OYUNCAQ

Oğlum, ötən günlər yadıma düşdü,
Ürəyim kövrəldi, gözlərim doldu.
Yadına salgınan,
Bir vaxt demişdim,
O vaxt həyat bizə oyuncaq oldu.

Elə hürkütdülər, quş kimi yerdən
Uçdu ömrümüzün uşaq çağları.
Sanki müharibə gülləsi birdən
Saldı əlimizdən oyuncaqları.

Düşündük,
Böyüklər düşünən təki,
Qəlbimiz həsrətdən elə göynədi,
Unutduq hər şeyi.
Oğlum, bir də ki,
Bilmədik uşaq nə, oyuncaq nədi.

Qaldı o illərin yükü ürəkdə,
Mən yüklər görmədim o yüklər kimi.
Özümüz istəsək, istəməsək də,
Uşaqkən yaşadıq böyüklər kimi.

Özümüz fırlandıq oyuncaq təki,
Qayğıdan nə aşıb, nə də daşırdıq.
Bizim çiynimizə zamanın yükü
Düşdükcə,
Elə bil ağırlaşırdıq.

Zaman diksindirib oyatdı bizi,
Demədi bu maşın, bu at sənindir.
Zaman, elə bil ki, unutdu bizi,
Sən oyna, ay oğul, həyat sənindir.

Göz açıb dünyaya gəldiyin gündən
Kədərsiz başlayır dəcəl çağların.
İtmişəm, batmışam arasında mən
İrili-xırdalı oyuncaqların.

Mənim uşaqlığım dünəndən baxır,
Sevinir, sevinsin təki uşaqlıq.
Oyuncaq alanda onu da çağır,
Oyuncaq alaram iki uşaqlıq.

Gül-danış, sevincdən həmişə çağla,
Alma, yorulsan da, heç dincini sən.
Oyna, iki uşaq oyuncağıyla, 
Yaşa iki uşaq sevincini sən.

Yaşa, ürəyincə keçsin günlərin,
Uşaqlıq sevincin doyunca olsun.
Sənin, qoy, uşaqlıq problemlərin
İrili-xırdalı oyuncaq olsun.

Sənə deməliym, sənə bunları:
Bir kədər qəlbimi ağrıdır, oğul!
Saxla yadında ki, həyat yolları
Döyüş yollarından ağırdır, oğul!

Biz gördük dünyanı elə görkəmdə,
Körpə qəlbimizi intizar sıxdı.
Özüm istəsəm də, istəməsəm də,
Yazdığım şeirlər kədərli çıxdı.

Əynimiz çıl-çılpaq…
Olmadıq xəstə,
Qış günü qışlaşdı ayaqlarımız.
Gəzdik ayaqyalın daşların üstə,
Bərkidi, daşlaşdı ayaqlarımız.

Heç kim gözlərini ovub tökmədi,
Saxladı kişitək namus, ar bizi.
Ata başımıza sığal çəkmədi,
Böyütdü nənələr, analar bizi.

 Bilmirəm nə yeyib, nə geyirdik biz,
Görənlər görmüşdü gözü tox bizi.
Deyirlər, ürəksiz böyüyürdük biz 
Cəbhələr almışdı ürəyimizi.

Bir əliəyrinin dövləti daşdı,
Dedilər:
"Maşallah, qoçaq oğuldur".
Qonşunun qazancı başından aşdı,
Bizimki, bilmirəm, niyə soğuldu.

Gecələr sularla Ay görüşəndə,
Sevincdən qəlbimiz boşaldı, doldu.
Kimin tilovuna balıq düşəndə,
Dünyanın ən xoşbəxt insanı oldu.

Göründü zirvələr başında atəş, 
Yandı təbiətin qızıl çələngi,
Uzatdı üfüqdən əlini Günəş,
Hopdu üzümüzə səhərin rəngi.

Otların üstündə mirvari dən-dən,
İncimi, dürmüdür, seçə bilmirəm.
Dünən uşaqlığım qaçdığı yerdən,
Bu gün addım atıb keçə bilmirəm.

Boy atdı Vətənlə birgə nəslimiz,
Sanki çəmən-çəmən cücərib qalxdıq.
Qaranlıq içində, qara gündə biz
Zülmətə baxmadıq, Günəşə baxdıq.

 

NƏNƏ

Soraqla,
Varaqla,
Çağır günləri,
Məğrur ataların yolunu istə.
Unutma gen gündə ağır günləri,
Səadət qurulub kədərin üstə.

Oğlum, yaxşı saxla yadında bunu:
Bir aran kəndində bir nənə vardı, 
Yatanda, yuxuda hər üç oğlunu
Gecə səhərəcən haraylayardı.

Üç igid böyütmək zarafat deyil,
… Çalışıb, vuruşub hər üzünə o.
Üç oğul doğanda, oğlum, elə bil,
Üç dəfə gəlmişdi yer üzünə o.

Hər kim ki, üç igid oğlum var, desə,
Üç oğul - üç arxa, üç də ürəkdir.
Üç oğul - el üçün  üç igiddirsə,
Üç oğul - üç yurda özül deməkdir.

Birləşsə, heç zaman əyilməz yada,
Üç oğul - torpağın üç silahdaşı.
Yadında saxla ki, üç oğulla da
Ucalar, ay oğul, Vətənin başı.

Üç oğul - üç qızın üç üzük qaşı,
Üç oğul - üç sevgi, üç məhəbbətdi.
Tökülən üç gəlin gözünün yaşı
Vaxtsız itirilmiş üç səadətdi.
Üç qartal köksünə dəydi üç güllə,
Elə bil, üç dəfə yaralandı o.
Alsa da kişitək özünü ələ,
İçində lalətək paralandı o.

Üç faşist gülləsi dəydi hədəfə,
Diksindi üç dəfə gecə birdən o!
Üç xəbər alanda,
Oğlum, üç dəfə
Köçdü, elə bil ki, yer üzündən o.

Həyat nağılıdır sənə bu nağıl,
Bir ömrün ağırdır tufanı, seli…
Sanki bükülmüşdü, oğul, ay oğul,
Elə bil, üç dəfə nənənin beli.

Hələ tükənməyib dünyanın səbri,
Səbirlə çox şeyi sınayacaqsan.
Orda bir qəbir var, bir nənə qəbri,
Daşdakı yazıdan tanıyacaqsan:
"Üç oğul anası fikrə dalıbdır,
Başdaşı intizar… gör nə haldadır,
Üç oğul cəbhəyə yola salıbdır,
Yenə də gözləyir,
Gözü yoldadır".

"Üç oğul yurdu" var, "üç oğul çölü",
Üç oğlun keçdiyi keçidlərə bax.
Mənə elə gəlir Vətəni, eli
Üç oğul qoruyub, üç oğul, ancaq.

Şöhrət yaranmayır, bil ki, var-yoxla,
Üç oğul həyatı sənə ad-sandı.
Üç oğul dursaydı, yadında saxla, 
Onların biri də sənin babandı.

 

YURD

Yapış ətəyindən obanın, elin,
El gücü - sel gücü qalib ordudur.
Xalqın ürəyinə uzanan yolun
Əzəl başlanğıcı ata yurdudur.

Ay oğul, addım at,
Dur, özün yeri,
Təbiət bu bahar başqa don geyir.
Oğul, kəndimizdə durur yurd yeri, 
Çoxdan kimsəsizdir, bizi gözləyir.

O yerdə nələr var,
Bilmirəm, nələr…
Aşıqlar boyuna söz deyəcəklər.
Ağsaqqal babalar, qarsaç nənələr
Yol üstə yolunu gözləyəcəklər.

Ağaclar başını köksünə əysə,
Sevincdən tumurcuq bağlayacaqdır.
O soyuq daşlara əllərin dəysə,
Daşlar da sevincdən ağlayacaqdır.

Orda sənin yaşda dayanmışam mən,
O da uşaq qalıb, sən də uşaqsan.
Əgər gəncliyimin tutsan əlindən,
Sədləri oğultək sən aşacaqsan.

Təpəyə, dağa çıx,
Həyətdə gəzin,
Orda ləpirlərim daşa dönüblər.
Orda,
Uşaqlığım, görərsən özün,
Həyətə-bacaya səpələnibdir.

Sən onun boynuna salsan qolunu,
Danışar hər şeydən o, dönə-dönə.
Dağların-daşların gizli yolunu,
Quşların dilini öyrədər sənə.

Orda sərçələrin "beşiklərində",
Əlini uzatsan - uzanar, itər.
Orda divarların deşiklərində
"Gizlənpaç" oynayır sevinclə kədər.

Orda qucaqlayıb yer göyü, oğlum!
Şəfəqlər buludla qalmaqaldadır.
Sən tələs, sən böyü,
Tez böyü, oğlum!
Orda yaşıdının gözü yoldadır.

Gözləyir nağıllar dünyası səni,
Bağların heyvası çoxdan dəyibdir.
Gözləyir boz atın balası səni,
Sənsiz boz təpələr qəribsəyibdir.

İndi aşıb-daşıb dağların çayı,
Daşların yanağı şeh ilə dolub.
Ay oğul, di tələs,
Bizdən savayı
Hamı öz yerində bərqərar olub.

Sən ata yurdunu oyatsan, oğul,
Ötən günlərimi oyadacaqsan.
Yox, əgər bunları unutsan, oğul,
Onda atanı da unudacaqsan.

Dağların heykəltək sal qayaları
Kimsəsiz boynunu burur, ay oğul!
Bu, aran yeridir,
Ondan yuxarı
Qarlı dağlarımız durur, ay oğul!

 

DAĞLAR

Geyinib Dəli dağ quzey qarından, 
Onun hər qəlpəsi mənə tanışdır.
Orda igidlərin addımlarından
Dərələr, təpələr naxış-naxışdır.

Elə ki, zirvədə parlayır atəş,
Elə bil, göy ilə torpaq görüşür.
Nə vaxt ki, dağlara çəkilir günəş,
Sanki yatağına o, yorğun düşür.

Dağları yaxşı gör, eşit, nə deyir,
Dumanı, çiskini duyana xoşdur.
Alnında görünən cığırlar deyil,
Qanlı döyüşlərdən naxış-naxışdır.

Yanılma,
Uzaqdan xal deyil dağlar,
Baş-başa zirvələr üfüqə çatır.
Sakit görkəmiylə lal deyil dağlar,
Hər dağın köksündə ildırım yatır.

Çevirə bilərsən şimşəyə sözü,
Əgər təbiəttək alışa bilsən.
Bir müdrik qocadır dağların özü,
Dağların dilində danışa bilsən.

Görəsən, nə görüb, dağlar oyaqdır, 
Həyatda nə qədər kədər var, dağ var.
Ömrümdə, ay oğul,
Mənə dayaqdır
Endiyim dərələr, çıxdığım dağlar.

Şəhərdə bunları hər vaxt andıqca,
Elə bil, ikiyə paralanıram.
Mən dağdan-dərədən aralandıqca,
Sanki öz-özümdən aralanıram.

 

SON  NAĞIL  BƏLKƏ  DƏ…

Dəyər nəsihətim xətrinə birdən,
Küssən də, oğlumsan, barışmalıyıq.
Eybi yox, hələlik beşikdəsən sən,
Oğul, biz indidən danışmalıyıq.

Oğulsan sevinci kədərdən ayır, 
Silinməz iz qoyur onların yeri.
Yazıram, onunçün heç qurtarmayır
Bir ömrün pozulmaz səhifələri.

Bir vaxt böyüyərsən
Mənli, ya mənsiz,
Aç oxu, dediyim misralara bax.
Sənə vardan artıq, dövlətdən əziz
Yazdıığm bu sözlər mirasdır ancaq.

Çox bilsən, demə ki,
Bütövdür ağlım,
Yenə bilmədiyin çox olacaqdır.
Bil ki, çox yazılıb nağıllar, oğlum,
Hələ neçəsi də yazılacaqdır.

Özümü həmişə irəli atdım,
Hərdən büdrəsəm də, yıxılmadım mən.
Həyatda bir dəfə atılan addım,
Bil ki, atılmayır bir də yenidən.

Fikirlər, arzular aşıb-daşdıqca,
Günlər öz işini görür, dəyişir.
Yaşamaq, ay oğul,
Asanlaşdıqca,
Həyat bir qədər də mürəkkəbləşir.

Bir şey düşündürür qəlbimi hərdən, 
O, sənin həyatda səadətindir;
Oğlum, bilirsənmi, bilirsənmi sən
Yaxşı insan olmaq yaman çətindir.

Çalışma-vuruşma ad-san üçün sən, 
Şöhrət, layiq olsan, tapacaq səni.
Həyatda insan ol, insan üçün sən,
İnsanlıq ucaldar, bil, ancaq səni.

Elə ol, birinin əli yananda,
Qapına buyursun, üstünə dönsün.
Dostlar arasında sən olmayanda,
Dostlar arasında yerin görünsün.

Dostu bizim ellər öz adətiylə,
Yalnız yaman gündə sınar, yoxlayar.
… Nənə, boxçasının bərəkətiylə
Bir oba doydurar, bir el saxlayar.

Bir uca dağların qar sinəsində
Gündüz Günəş doğur, gecə Ay batır.
… Bir baba qəlbinin xəzinəsində
Dünyanın ən nadir incisi yatır.

Əgər bu ellərlə dost ola bilsən,
Demə ki, ulduzlar, Yer planetdir.
Əgər orbitinə yan ala bilsən,
Hər qoca ürəyi bir planetdir.

Yatsan,
Yuxuda da ol ayıq, sərvaxt,
Bil ki, başın üstə dayanar kölgə.
Hazır ol, yadında saxla ki, bir vaxt
Çətinlik səni də sınadı bəlkə.

Demə, torpaq üstə nişan qalmayır,
Çox bilir dünyada həyat görənlər.
Heç vaxt bu günün də oğlu olmayır
Xalqın keçmişinə üz çevirənlər.

Atalar bir şeyi
Demirlər əbəs,
Ömrə yazılanlar sönməz ocaqdır.
Bu gün keçmişini yaşadan hər kəs,
Sabah özünü də yaşadacaqdır.

Səhvlər saçımda cücərib dən-dən,
Bilməm necə keçib hər yaz, hər payız.
Mənim dar günümdə tutub əlimdən
Görüb-götürdüyüm səhvlər yalnız.

Təkcə özün üçün yaşa demirəm,
Asandır bir ömrü yetirmək başa.
Oğul, sən atana oxşa demirəm,
Sən mənim atama babana oxşa.

Qalsın qoy yadında sənin biryolluq,
Dediym sözlərlə sən batma yasa.
Təkcə boy-buxunla, sir-sifətlə yox,
Nə dərdim, əməlin ona oxşasa.

Demə ki, nağıldır ürəyimdəki,
Bunlar nəyə lazım, bunlar neçündür.
Dediyim bu sözlər sənə, bir də ki,
Səninlə dünyaya gələn üçündür.