Close

İki doğma - İki yad

Məhkəmə salonu:
İki müqəssir. -
Ata, ana ilə durub üz-üzə.
Salon yarpaq kimi titrəyir, əsir,
Salon nə istəyir, nə deyir bizə?

Kədərli baxışlar dikilib ona,
Körpə gözlərinin işığı sönür.
Bir yanda atadır,
Bir yanda ana,
Gah sağa boylanır, gah sola dönür.

Çırpınır quş kimi qəmli baxışlar,
Qanadlar qırılıb, sanki düşübdür.
Onun sinəsində iki ürək var;
Bir ürək, elə bil, ikiləşibdir.

Qəlbi damla-damla yaş olub axır,
Uşağın qəlbinə doğmalar dəyib.
Uşaq elə qəmli boylanır, baxır,
Elə bil, ömründə heç sevinməyib.

Köksünü həsrətlə gərir indidən,
Qalıb iki doğma arasında o.
Sanki qara günü görür indidən,
Görür,
Gözlərinin qarasında o.

Bir körpə gözünün "yağışlarından"
Qapqara
Qaralır,
Qəm geyir salon.
Uşağın kədərli baxışlarından
Dərin köks ötürür, titrəyir salon.

Bu salon nə qədər iclas dəyişib,
Məhkumun dinməyə dili olmayıb.
Bəzən bu stulda cani əyləşib,
Salon heç bu qədər dolu olmayıb.

Niyə təzadlarla qurulub həyat?
Ata övladını itirir bu gün.
Dünənsə ayrıldı burda ər-arvad,
Onların övladı olmadığıyçün.

Salon düşünür ki:
"Arada nə var?
Bir uşaq ömrünü yaşayıb onlar,
Sonra deyirlər ki,
Yola getmirik".
Beləcə qurtarır ata son sözü:
- Dava-qalmaqaldır söz-söhbətimiz,

Qəlbimiz tutsa da bir-birimizi,
Neyləyək, tutmayır xasiyyətimiz!

Tər onun alnında naxış toxuyub, 
Sanki dağ başından aşıbdır hakim.
Burda canilərə hökm oxuyub,
Boşanma işindən çaşıbdır hakim.

Hakimin qəlbində qalıbdır giley,
Deyəmmir,
Qəlbində sözü qalıbdır.
Uşaqsa düşünür:
"Hakimin əlində asandı hər şey",
Onunçün hakimdə gözü qalıbdır.

Uşaq camaatdan sanki küsübdür.
O dinmir -
Dillənən nəmli gözüdür.
Hakimsə danışmır -
Hakim susubdur,
Elə bil, müqəssir onun özüdür.

Bu baxış, bu gözlər onun gözüdür,
O özü, özünün yanına gedir.
Hakim elə bilir uşaq özüdür,
O baxır özünə,
Tamaşa edir.

Ona elə gəlir bu uşaq - özü,
… Gəlib yapışacaq öz yaxasından.
Körpə uşaqdakı qüvvəyə bir bax:
Hakimi qaldırır miz arxasından.

Hakim yaxşı bilir,
Bu uşaq üçün
Atasız-anasız böyümək nədir.
Hakim dünəninə qayıdır bu gün:
Birdən ata dərdi qəlbini didir.

Bu cavan hakimin gözlərinə bax:
Onun gözlərinə kədər gəlibdir.
Bəli, 
O görür ki, uşaq özüdür,
Cəbhədən bir qara xəbər gəlibdir.

İndi islanacaq yanağı sanki,
Zor ilə saxlayır özünü hakim.
Alır qucağına uşağı,
Sanki 
Alır qucağına özünü hakim.

Təklik çox çətindir,
Hətta dağ üçün -
Ən uca dağa da bir arxa gərək.
Atalı böyüyən bir uşaq üçün
Özü bir ürəkdir, ata bir ürək.

Uşağı böyütmək, atalıq deyil,
Hələ layiq deyil çoxu bu ada.
Bu da
"Övladım var, atayam", - deyir,
Dünən döyüşlərdə ölən ata da.

Bu gün baş qaldırır qəlbimdən bir səs,
Gəlin qınamayın,
Gəlin, siz məni;
Doğma balasını istəməyən kəs,
İnana bilmirəm, sevsin vətəni.

Atasan, yaxınlaş,
Bir anlıq barı
Onun qəlbinə gir,
Onu danışdır.
Bu uşaq kədəri,
Hıçqırıqları
Ata olmasam da, mənə tanışdır.

Əgər daş asılsa ürək yerinə,
Onun hərarəti, istisi olmaz.
Barışın,
Qovuşun bala xətrinə,
Həyatı onunçün yaşayın bir az.

Deyir son sözünü valideynləri,
Onlar deməyəydi son sözü gərək.
Hakimin, salonun bayaqdan bəri
Xahişi, təkidi əbəsmiş demək.
Uşağın kədəri yaşa dönübdür,
Damcılar danışır,
"Ayrılıq" deyir.
Onun sağı, solu daşa dönübdür,
Uşaq gələnlərdən kömək diləyir.

"Hökmü oxumayın"
Deyənlər kimdir?..
Hökmü deməlidir hakim,
Nə etsin?
Övlad ürəyini eşitməyənlər
Hakimi,
Salonu necə eşitsin?

Hakim necə yazsın? -
Titrəyir əli.
Qərar vermək üçün,
Qərara gəlmir.
Hakimin, elə bil, tutulub dili,
Hakim öz hökmünü oxuya bilmir.

"Böyük görməmişdim mən atam təki…-
O belə düşünür,
Dünyası çoxdur.
… Uşaqlar həmişə elə bilir ki,
Onun atasından böyüyü yoxdur.

Ana anlamayır - zirvədən endi,
Ana başa düşmür çəkdiyi dağı.
Uşağın "böyüyü"
Kiçilir indi -
İndi, 
Təpə olur uşağın dağı.

Nələr olmayıbdır insan adından
Təzadlı yaşayır insan dünyada.
Ata keçə bilir öz övladından.
Uşaq istəmir ki,
"Kiçilsin" ata.

Uşağın gözlərində
Gah qüssə,
Gah təbəssüm,
Hecalar sözlərində
Titrədi əsim-əsim.
Uşağın qəlbi sanki
Dönür mərmiyə, oda.
"Əgər ata olmasa,
O neyləyər dünyada".
Gözünün yaşı birdən,
Elə bil ki,
Daş oldu.
Həyəcandan, fikirdən
Dönüb çatmaqaş oldu.
Batdı Günəş elə bil
Günün günorta çağı.
Düşdü əlindən qəfil
Bir əziz oyuncağı.
Elə bil ki,
Yol verdi 
Hamı çəkildi yana.
Axışdı oyuncaqlar
Məhkəmə salonuna.
Gəldilər dəstə-dəstə,
Ata, ana üstünə;
Elə bil, durmuşdular
Ata, ana qəsdinə.
Qılınc oyuncaq deyil,
Sıyrılıb çıxır qından.
Sanki milisioner əmi
Yapışdı yaxasından.
Toplan,
Birdən atanın
Şalvarından yapışdı.
Ayı sıçrayıb yerdən
Ata ilə qapışdı.
Maşınlar dayanmadı,
Toxundu bir-birinə.
Uşaq heç inanmadı,
Doğrusu,
Gözlərinə.
Hər tərəfdən sıxdılar.
Oyuncaqlar atanı.
Birdən yerə yıxdılar
Oyuncaqlar atanı.
Ata düşdü kəməndə,
Heç özü də bilmədi
Bu iş nə sayaq oldu.
Oyuncaqlar içində
Ata oyuncaq oldu.
Qışqırır oyuncaqlar:
- Bizi almısan niyə?
Qayıdaqmı geriyə?
Uşaqda insafa bax:
Niyə qıymayır uşaq
Balasına qıyana?
Sanki oyuncaqları
Dağıdır dörd bir yana.
Bu nə haray,
Nə səsdi,
Salon diksindi, əsdi.
Yüyürür soldan ana,
Atılır sağdan ata.
Bəs niyə dayanmışdı,
Niyə,
Bayaqdan ata?
Açıldı yuva təki,
Açıldı 
İki qucaq.

Uşaq elə bildi ki,
Qanadı var,
Uçacaq.
Çözələndi qəm-kədər,
Açıldı yumaq kimi.
Böyüdü birdən ata,
Ucaldı bir dağ kimi.
Endi bala önündə,
Endi
Enməyən dizlər.
Döndü bala önündə
Döndü
Dönməyən sözlər.
Bir balanın boynundan
Yapışdı iki cüt əl.
Bir balanın boynunda
Qovuşdu iki cüt əl.
Alışdı iki cüt əl.
Ana dartıb çəkəmmir
Əllərini geriyə.
Atanın gücü çatmır
Körpə uşağa niyə?
Uşaq dartaraq bu an,
Qovuşdurur əlləri.
Bir-birilə mehriban
Ovuşdurur əlləri.
Dizi dəydikcə yerə
Böyüyür ata yenə,
Böyüyür birdən-birə.
Ata bir insan kimi
Əyildikcə ucalır.
Elə bil, pəhləvantək
Ata yerdən güc alır.
… Ata təpəni aşdı,
Böyüdü pillə-pillə…
Ata böyüməmişdi
Bala gözündə belə.
Atılıb-düşür uşaq,
Uşaq, oyuncaq kimi…
Sevinir oyuncaqlar,
Sevinir uşaq kimi.
Uşaq əlini salır
Ata, ana boynuna.
Salon məəttəl qalır
Uşağın bu "oynuna".
Utanır iki nəzər
Salonun nəzərindən.
Qovuşur qoşa gözlər
Balanın gözlərində.
Sanki açıq qapıdan
Çıxır salonun qəmi.
Hakim susur yerində,
Susur, əvvəlki kimi.
Uşağın hökmünə bax:
Əsirdi salon bayaq,
İndi qalxır ayağa.
Uşaq dayanır qıvraq,
Uşaq yoxsa böyükmü?
Dayanır hakim kimi,
Hakim olur bu uşaq,
Sanki oxuyur hökmü.