Close

Anama Məktublar

Kim bilir dünyada qalacaq nələr,
Kim bilir dünyanın nələri vardır?!
Şirinli-acılı
Ötüşən illər
Bir insan ömrünün məktublarıdır.

Onlardır
Dünyanı dolaşan, gəzən.
Dünya məktublarla necə doludur?!
Yazılan məktublar pozulur bəzən,
Ömrün məktubları yaddaş olubdur.

İllər belə gəlib,
Elə getsə də,
Zaman dediyini qaytaran deyil.
Ömrümüz qısalıb sona yetsə də,
Məktublar yenə də qurtaran deyil.

Vaxt keçir…
Necə ki,
Hələ sağam mən,
Gərək açıb tökəm qəlbin varını.
Bu gündən başlayıb yazacağam mən,
Bir ömrün xatirə məktublarını.

 

YEDDİLƏR
                         
Yeddi uşaq böyütdün,
Yeddi uşaq, ay ana.
Yeddi yerə bölündü
Ürəyin yana-yana.
Yeddilərin atası
Cəbhələrdə döyüşdü,
Yeddilərin qayğısı
Sənin çiyninə düşdü.
Yeddi övlad böyütmək
Cəbhədəki ərinə
Yeddi qat sədaqətin,
Məhəbbətindir, ana.
Yeddi övlad böyütmək
Yeddi cəbhə yarmaqdan,
Bəlkə, çətindir, ana!
Böyütdüyün yeddilər
Ərinin ürəyində
Cəbhələrə getdilər.
Böyütdüyün yeddilər
Ərinin ürəyində
Düşmənlərə nifrəti
Yeddi qat böyütdülər.
Sevincin yeddi oldu,
Kədərin yeddi oldu.
Axşamın yeddi oldu,
Səhərin yeddi oldu.
Yer üzünün qitəsi
Olubdur altı adda.
Sənin isə, ay ana,
Bəs niyə yeddi oldu
Qitələrin dünyada?
Yeddi yerə bölündü
Dünya sənin gözündə.
Yeddi intizar gəzdi
O solğun bənizində.
Bu yeddilər, yeddilər
Yeddi çörək istədi, -
Tapıb gətirdin, ana.
Bu yeddilər yeddi cüt
Paltar geymək istədi,
Tapıb gətirdin, ana.
Bu yeddilər,
Yeddilər…
Atasını istədi,
Tapa bilmədin, ana.
Gözlərin yeddi olub
Boylandı yeddi yana.

 

GECƏ  NÖVBƏSİ

Bir-birinin arxasınca düzülüb,
Analar, bacılar.
Anaların, bacıların
Yorğunu var, acı var.
Gecə keçir yarıdan,
Burda çörək növbəsidir.
Özünə yox, balasına
Bircə loğma ala bilsə,
Hər ananın bəsidir.
Gecə keçir,
Bu zəncirlər
Yırğalanır, dayanır.
Səhərin ilk şəfəqləri
Kirpiklərdə oyanır.
Bircə qarış irəliyə
Addım atan sevinir.
Satıcının əllərinə 
Əli çatan sevinir.
Zəncirlər uzanırdı,
Zəncirlər gödəlirdi.
Dünyanın o başından
Bu başına gəlirdi.
"… Ürək cəbhədə qalmış,
Uşaqlar təkdir evdə.
Müvəqqəti çətinlik…
Ümid dirəkdir evdə".
Gecə keçir gecədən…
Elə bil, damla-damla 
Səhər içir gecədən. 
Bu çörək növbəsiylə
Küçələr dolu idi,
Bu növbə Yer üzünün
Ən uzaq yolu idi!

 

POÇTALYON

Cəbhəyə  xəbər gedir,
Cəbhədən xəbər gəlir;
Məktublar gecə gedir,
Məktublar səhər gəlir.
Poçtalyon çantasında
Məktublar yığın-yığın,
Məktublar dəstə-dəstə.
Şadlıq matəmin üstə,
Matəm şadlığın üstə.
Məktublar var çırpınır,
Elə bil ki, qəfəsdə.
Çırpınır, sahibinə
O, tez çatmaq istəyir,
Yasa batmış bir qəlbə
Sevinc qatmaq istəyir.
Məktub da var
Utanıb
Çantanın bir küncündə
İtib-batmaq istəyir.
Çanta yüngül olsa da,
Xəbər ağırdır, ağır.
Ağaran kağızların
Üzündən zülmət yağır.
Bu ağır məktubları
Bizim qoca poçtalyon,
Gör, nə gündə daşıdı.
Çantanı çiynində yox,
Ürəyində daşıdı. 
Bir məktubun üstünə
Yeddi cüt əl uzandı.
Məktub gələn yollarda
Yeddi körpə dayandı.
Bizim qoca poçtalyon
Yeddi dəfə ucaldı
Məktub gətirən gündə.
Məktub gətirməyəndə,
Yeddi dəfə büküldü
Yeddilərin önündə.

 

NƏNƏMİN  NAĞILLARI

Yığılardıq dama biz,
Nənəm nağıl deyərdi.
Keçmişi vərəqləyər,
Keçmişdən söyləyərdi.
Elə bil ki,
Yenə də
Nənəm nağıl danışır.
… Budur,
Corab toxuyur,
Keçənləri, elə bil,
Kitab kimi oxuyur,
İlmələrə toxuyur.
Nənəmin nağılında
İlk dəfə Yer üzünə,
Dünyaya baxıram mən.
Göylərdən enirəm mən,
Göylərə qalxıram mən.
Nənəm danışırdı ki,
Ağır günlər görməyək.
Nənəm çalışırdı ki,
Təmiz uşaq qəlbini
Qüssələrə verməyək.
Mən gözümü açanda
Gördüm hamı intizar…
Hamı xəbər gözləyir.
Bilmir sevinc gözləyir,
Yoxsa kədər gözləyir.
Mən dünyanı görəndə
Nənəm bizə həmişə
Nağıllar danışardı;
O, təpələr aşardı,
O, eli dolaşardı.

 

QATARLAR

Qatar gedir,
Elə bil,
Çay gedir, meşə gedir.
Qatar döyüşdən gəlir,
Qatar görüşə gedir.
Qatar hərbin dərdini,
Ağrısını qaytarır.
Apardığı insanın
Yarısını qaytarır.
Qatar sakit qayıdır,
Qatar asta qayıdır.
Tövşüdükcə
Təkərlər
Yorğun səslə qayıdır.
Bədənlər tənziflidir,
Döşlərdə ulduz yanır…
İlk qələbə səhəri
Qatarlarda oyanır.
İşıqsız göz qayıdır,
Əlsiz bədən qayıdır.
Qayıtmayanlar da var,
Lakin Vətən qayıdır.
Təbiət yaralıdır,
Bu gün zəfər ayıdır.
Bu qatarla, elə bil,
Bütün dünya qayıdır.
Qayıtdı neçə Qatar,
Qayıtdı qatar-qatar.
Ana,
Dünya qayıtdı,
Qayıtdı bu qatarda.
Lakin o qayıtmadı,
Qayıtdı,
Bu qatar da.
Qayıtdı əmilər də,
Qayıtdı atalar da.
Lakin o qayıtmadı.
Arzu, kam qayıtmadı.
Mənə elə gəldi ki,
Milyon ata qayıtdı,
Bir atam qayıtmadı.
Obaların, ellərin
Xoş səhəri qayıtdı.
Lakin o qayıtmadı;
Bəd xəbəri qayıtdı.

 

ATA  HƏSRƏTİ

Ana,
Mən böyüdükcə,
Zaman də böyüyürdü,
Fikrim də böyüyürdü.
Ana,
Nənəmin özü
Başqa nağıl deyirdi.
Danışırdı o bizə,
Bir ata qeyrətindən,
Bir oğul şöhrətindən.
Mənim nağıl yaşımda
Mənasız görünənlər
Mənim ağıl yaşımda
Qəlbimdə sızlar, inlər.
Ata, ata deməkdən
Dilimdə ata bitdi.
Ana,
Ata həsrəti
Ürəyimi əritdi.
O, qələbə gətirdi,
Özü hayana getdi?
O ki səadətimi,
Boyumu-qamətimi,
Toyumu, mağarımı,
Qazancımı, varımı
Görəsiydi, görəsi.
Bəs nə oldu, ay ana,
Bir ata həsrətindən
Yandı bu Yer kürəsi.
Gözlərim görə-görə
Atamın varlığını
Dandı bu Yer kürəsi.

 

AĞIR  GÜNÜN  YOLLARI

İşdən qayıdıb axşam,
Mətbəxdə oturmuşam.
Qəhvədan mızıldayır,
Nəsə zümzümə edir.
Xəyalım baş götürüb
Asta-asta yol gedir.
… Meşədən zülmət yağır,
Araba ağır-ağır,
Yol alırdı,
Gedirdi,
Qorxu məni didirdi.
Bir təkər cırıltısı
Ürək-dirək verirdi,
Arabir qara kəllər
Nəfəsini dərirdi.
Cırıldayır təkərlər
Giley-güzar edirdi.
Bu yol uzanıb belə
Təkərlərlə gedirdi.
Təkərlər palçıq yolu
Yazırdı gedə-gedə.
Yazırdı,
Yazdıqları 
Yazılası deyildi.
Yazırdı, yazdıqları
Heç zaman,
Heç bir vədə
Pozulası deyildi.
Yazırdı,
Yazdığını
Bir də geri dönəndə
Baxıb oxumaq üçün
İki uzaq mənzili
İzlə toxumaq üçün.
Yazırdı,
Ağır-ağır,
Yazırdı,
Yükü ağır.
Araba… odun dolu…
Araba, meşə yolu…
Arabanı qoynuna
Yol alıb gətirirdi.
Yol,
Qalıb gətirirdi.
Bu ağır arabada,
Bu şaxtalı havada
Bizim soyuq mənzilə
İsti nəfəs gəlirdi.
Odunumuz olanda
Yamanca sevinərdik.
Odda çörək köyrəldib,
Diz-dizə isinərdik.
İndi mənim yadıma
Ana, boranlar gəlir.
Ana, o anlar gəlir.
Ana, bilmirəm, nədən
Yadıma yay düşməyir,
Bir isti ay düşməyir.
… Şaxta, boran, soyuq, qar…
Təkərlər palçıq yolda
Asta-asta cırıldar.

 

DOĞMA  MƏNZİL

Sən yeddi uşaq deyil,
Neçə ana böyütdün,
Neçə ata böyütdün.
Ömrünün divarından
Sökərək kərpicləri
Ata-ata böyütdün.
Bir arzun var, görürəm.
Ürəyini dindirir.
Səni indi,
Ay ana,
Gör nələr düşündürür;
Nəvələr düşündürür.
Danışır nəvən, ana,
Danışır:
"Nənə" deyir.
O hər nə deyirsə də,
Hər şeyi sənə deyir.

Başqa söz gəlməyir dilimə mənim,
Ay ana,
Qəlbimi alışdırmısan.
İndi qələm verib əlimə mənim
Məni şair edib danışdırmısan.

Gecələr gözümdə qaldı bir yana,
Gecələr sükutu pozan sən oldun.
Şair mən deyiləm, ana,
Ay ana,
Həzin misraları yazan sən oldun.

Könlünə bir naşı dəyməsin deyə,
Sən hər bir arzudan bir qanad aldın.
Balan yetimliyi duymasın deyə,
Sən gah ana oldun,
Gah ata oldun.

Yoxsulluq,
Körpəlik,
Təklik qanmadı
Kasıblığı necə azdırdın, ana?
Bəzən evimizdə ocaq yanmadı,
Bizi nəfəsinlə qızdırdın, ana!

Bəzən çətinliklə keçəndə günüm,
Deyirəm,
Neyləyim, sənintək olum?
Bax, onda tutursan qolumdan mənim,
Deyirsən:
"Bərk dayan, büdrəmə, oğlum!"

İndi əzizlərin sayı çoxalıb,
İndi hərəmizin bir işığı var.
Baxma ki,
Qəlbimdə dünyalar qalıb,
Onların bir ana yaraşığı var.

Doğmalar, elə bil, bu gün yad olub,
… Dünən mürgülərdi yanaşı beşik.
Hərə bir ev olub,
Bir övlad olub,
Vətən torpağına səpələnmişik.

Hələ olmayıbdır şirin yatdığım…
Keçənlər
Qəlbimə necə dolubdur?!
İlk dəfə büdrəyib addım atdığım
Bir otaq gözümdə dünya olubdur.

Yuvalar qurmuşuq,
Yuvalar yeni…
Bu böyük yuvalar sıxır qəlbimi;
Lakin bir yuva var,
Hələ də məni
Çəkir qucağına bir uşaq kimi.

Qəlbimiz
Həmişə yanında qaldı,
Bizə çox olsa da evimiz əziz.
Uçuruq quş kimi
Haralar oldu,
Yenə qucağında birləşirik biz.

İşimiz olanda
Az görüşürük,
Bundan nə kövrəlib,
Nə də ki, doldun.
Biz ata evindən ayrı düşmüşük,
Sənsə ər evinin işığı oldun.

Bu adət nə oldu,
Bu adət hanı? -
Oğul doğma yurdda yanan ocaqdır.
Atam demişdi ki,
Gur çırağımı
Mənim balalarım yandıracaqdar.

Bəzən qartal kimi ucaldın göyə,
Düzdə külək oldun,
Dağda çən oldun.
Ata ocağını yandıran
Niyə,
Ana, biz olmadıq,
Ana, sən oldun!?

 

MÜQƏDDƏS  HEYKƏL

Neçə gün qatardım onun gününə,
Bilirəm, bunları eyləmək olmaz.
İmkanım olsaydı,
Ana ömrünə
Kəsib calayardım
Ömrümdən bir az.

Adına bağlıdır bu kiçik adım,
Sənsiz bu dünyada qərib olaram.
Atasız
Dünyada yetim qalmadım,
Anasız
Dünyada yetim qalaram.

Ellər anaları müqəddəs sayıb
Bu mənim xislətim,
Öz adətimdir.
Deyirlər, atasız yetim olmayıb,
Anasız-atalı
Yetim, yetimdir.

Saçları qar kimi,
Qara saç dən-dən,
Yalan danışmaram mən üzdəniraq.
Əgər ötənləri görmək istəsən,
Gəl mənim anamın saçlarına bax!

Övladı yolunda deməz:
"Günüm yox",
İndi də lazımsa,
Yanasıdır o.
Ay ellər,
Bu ana təkcə mənim yox,
Bütün yaşıdların anasıdır o.

Bir heykəl qurardım,
Gözündə kədər;
Axı, ayım anam,
Günüm anamdır.
Heykələ baxanda bütün övladlar,
Deyərdi,
Deyərdi, mənim anamdır.

 

NARAHATAM

Narahatam həyatdan,
Neçə ünvandan, addan.
Hərbin ötən günləri
Deməyin uzaqlaşıb.
Yenə də narahatlıq
Qorxunc bir kabus kimi
Cahanla qucaqlaşıb.
Nəvələr ata olub,
Oğullarsa qaynata.
Elə bil, narahatlıq
Anaların bətnindən
Körpələrlə bərabər
Doğulur bu həyata.
Narahatam,
Güllələr
Hələ tüfəngdə qalır.
Neçə gizli qəlpələr
Hələ ürəkdə qalır.
Göylər yerdən intizar,
Yerlər göydən intizar.
Yatıram mən intizar,
Dururam mən intizar.
Kəsib şirin yuxumu,
Sənin yuxularına,
Ana, gərək qatam mən,
Axı, narahatam mən.
Demə,
Özgələrinin
Taleyinə yadam mən,
Elə yadlar üçün də
Ana, narahatam mən.
Həlak olmuş atam da
Dilə gəlib hayqırır:
Harahatlıq qoymayır
Yer altında yatam mən.
Oğul, narahatam mən,
Oğul, narahatam mən!