Close

Karvan gedir

Haqqında söhbət açacağımız Şəxs - Dərviş Mahmud təxmini hesablamalara görə M.P.Vaqif dövründə yaşamış, dövrünün mütərəqqi fikirli şairlərindən biri olmuşdur. Çox təəssüf ki, zəmanəmizə onun bir neçə şeiri gəlib çatmışdır. O, nakam məhəbbətinin, bir də kəndxudanın haqsızlıqlarına dözməmiş, tərki-vətən olmuşdur. Bir çobanın həyat yoldaşı  Xədicə ilə evlənmişdir. Bunu çoban bilmiş və Dərviş Mahmuda təklif etmiş ki, molla  mənim kəbinimi geri oxusun, sən Xədicə ilə evlən. Şair buna razı olmamış və demişdir: Mən ona qadın kimi yox, mələk kimi baxıram. Bundan sonra kənddən çıxmış, Şərq ölkələrini səyahət etmişdir.

Yaz nəfəsli,
Yaz ətirli
Təpələr, düzlər.
Çöllər sirli,
Sular səsli,
Qayalarda çopur-çopur
Sehirli gözlər.
İstəyibdi bu gün belə
Çöllərin "xətri".
Kol dibindən
Qoxu-qoxu qoşulub yelə,
Gəlir-gedir, gedir-gəlir
Bənövşə ətri.
Üfüqlərdə yarı ilıq,
Yarı soyuq
Günəş özü boynunu burub.
Torpaq sanki yuxusundan
İndicə durub.
Kəpənəkdir gah qızınan,
Gah da üşüyən.
Sinəsidir təbiətin
Buxar-buxar qalxıb tövşüyən.
Bir həyətə bir el gəlib,
Bir el yığışıb.
Hamı bilib,
Hamı axışıb.
İynə atsan yerə düşməz,
Toy olsaydı, bəlkə bir el
Heç bu qədər sorağa düşməz.

Bir çadır var, qara çadır,
Qara yelənli,
Bu çadırda son nəfəsdə
Bir gözəl yatır.
Yox, o yatmır, gözü baxır…
Köksü onun çökəlir, qalxır.
Bir həftədir can üstədir,
Can verə bilmir,
Bir həftədir çapalayır
Qəfəsdə quştək,
Bir həftədir çırpınmaqdı
Köksündə ürək.
Başı üstə dayanıbdır
Ömür yoldaşı,
Qara yasa boyanıbdır
Qohum-qardaşı.
Balası da yanındadır, 
Körpə balası.
Anası da yanındadır, 
Doğma anası.
Deyirlər ki, ölə bilmir,
İntizarlıdır,
Heç kim bunu bilə bilmir…
Çağırıblar bir obanı
Halallaşmağa,
Qurtaralar intizardan
Bəlkə də onu.
O boylanır, sola, sağa, 
Gələn gəlir,
Baxır, keçir,
Boylanır, keçir…
Əvvəl gəlir,
Axır keçir…
Bəs kimi "seçir?"
Köksü qalxır,
Gözü baxır,
Dili söz tutmur.
İnsan gəlir, insan axır,
Ona baxan, onu unutmur.
Bir məleykə can üstdədir,
Gözəldən gözəl,
Bir məleykə qəlbi xəstə,
Başa düş, di gəl..
Onun ilə görüşməyən,
Vidalaşmayan
Bu obada adam qalmayıb.
Çiçəkləyib yanağında
Sanki ürəyi,
Düyünləyib dodağında
Eşqi, diləyi. 
Bu düyünü dodağından
Açan tapılmır,
Bu çiçəyi yanağında
Seçən yanılmır.
Köksü onun elə qalxır,
Elə enir ki,
Elə bil ki, sinəsində
Şahmar uyuyub.
Onun indi əlləri buz,
Ayaqları buz,
Onun indi yanağı buz,
Dodaqları buz.

Qəribədir, buz içində
Közərib lalə, 
Son nəfəsdə işıq gəlir,
Sifətə şölə.
Gözlərində atəş qalıb, 
Gözləri ulduz…
Ancaq gözlər nə saralıb,
Nə də ki, solub.
Saçlarını darayıblar,
Hörükləyiblər, 
İlan kimi qıvrılıbdır
Sinəsi üstə.
Bənövşəni toplayıblar,
Bölükləyiblər, 
Bəlkə birdən cana gəldi
Ətirdən xəstə.
Bu nə haydır,
Bu nə nəsdir,
Bu, necə kəsdir.
Baxışında qəlbi onun
Naxışlanıbdır,
Gözlərində daş-daşlanıb,
Qış  qışlanıbdır.
Bu baxışı oxuyan kəs
Tapılacaqmı?
Bu nəfəsi duyan nəfəs
Görəsən, sağmı?..
Bu baxışı bircə nəfər
Oxuya bilər, 
Hanı o nəfər?
Bu naxışı bircə səhər
Toxuya bilər, 
Hanı o səhər?

Ev-ev kəndi yoxladılar,
Bir-bir gəzdilər,
Qapıları çox açdılar,
Çox bağladılar.
Bağçaları-bağatları
Yer-yer gəzdilər,
Bu gözəlin vidasından
Qalan yox idi.
Qonşu kəndə qonaq gedən,
Səfər eyləyən,
Yolda-izdə olan yox idi.
Bu görüşə, bu vidaya
Ancaq gəlməyən
Ara-sıra əlsiz, ayaqsız
Qocalar idi.
Bu gözəlin intizarı
Kimdi?… Bəs nədi?..

*   *   *

Yalan-palan yozanları
Saxlamaq olmaz,
Biri bir söz danışırdı,
Biri bir avaz…
Deyirdilər:
 Can verməyir, tilsimə düşüb,
O, yuxuda bir ruh görüb,
Belə dəyişib.
O, ruh görüb yuxusunda
İnsan şəkilli,
Bu ruh indi belə anda
Bəs kimə bəlli?
Bu gözələ qəlb veribdir
Ruh yuxularda,
Daha sağalmaz, 
O ruh onun yuxusundan
Çəkilib indi.
Nahaq yerə siz yığmayın
Buraya kəndi.
Ruh gəlməyir yuxusuna
Qurtara canı,
Ruh dərd verir çoxusuna,
Gəzir dünyanı.
Ruh çağırın,
Siz çağırın
Siz axtarın,
Tez axtarın
Qayıtdı bəlkə,
Bu gözəli oyatdı bəlkə.

Ruh çağıran çağırdılar
Gecə yarısı…
Görürdülər, baxırdılar,
Bu ruh qarısı
Şam yandırdı,
Bölmə qoydu o, mizin üstə,
O, ruhları oyandırdı
Qulağı səsdə…
Ruhlar gəldi, ruhlar getdi,
Ruhlar dinmədi,
Ruhlar şamın ətrafına
Gəlib enmədi.
Şam ardınca şam alışdı,
Şamlar sönmədi..
Səhərəcən qarı danışdı,
Son mənzildə çapalayan 
Yuxuya getdi.
Dedilər ki:
- Ruh gəlmişdi, dadına yetdi…

*   *   *

Yuxusunda yol gəlirdi
Çəndə, dumanda,
Yuxusunda yol gəlirdi
Bir uzaq atlı.
O görürdü,
Hay düşmüşdü kəndə, dumanda
O çapırdı, tələsirdi
Qəlbi qanadlı.
Hey sürürdü, hey çapırdı
Atını atlı,
Neçə yoldan yol tapırdı
Görmək üçün doğmasını,
Yadını atlı.
Neçə gündə mənzil keçib
Gəlirdi o, yol,
Dağdan aşıb, düzdən keçib,
Qanrılmayıb baxmamışdı
Arxaya bir yol.
Qayıdırdı fikri geniş,
Ürəyi təmiz,
Qayıdırdı, qolu bağlı
Bir kölə kimi.
O bilmirdi, görəcəkdi
O, hələ kimi.

O düşünüb-daşınmışdı,
Məqsədi nədi,
Fikri təmiz, zikri təmiz,
Amalı təmiz;
Din yolundan kənar baxıb,
Geri dönmədi,
Düşündü ki, belə olar
İnsan tər-təmiz.
… Dalğalana-dalğalana
Gedirdi karvan
Qəm dənizi…
Hələ onun yolu uzundu.
Yırğalana-yırğalana,
Elə bil, bu an
Qəlbi qopdu sinəsindən,
Sanki üzüldü,
Neçə gündü yol gəlirdi
Susuz, çörəksiz…
Ağır olur,
Yağır olur karvan mənzili.
Kimə lazım indən sonra 
Pulsuz, çörəksiz,
Pulsuz olan fağır olur,
Ünvanı bəlli.
… Düşündü ki, daşındı ki,
Qəlbində söz var,
Kim anlayar, kim dərk edər
Dediyi sözü.
Zaman keçər, zaman gələr,
Dünya dolanar,
Dərk edərlər, edəmməzlər,
Nə bilim, bizi.
Düşündü ki, bu yolda o
Kama yetəcək
Öz elinin, obasının
Gərəyi kimi.
Vaxt gələcək,
Zülm evinin yolu itəcək,
Puç olacaq,
Heç olacaq
İnsanın qəmi.
Vətən onun gözlərində
Damla-damla
Zühur etmişdi,
Hiss edirdi,
Gözlərinin nuru sönmüşdü.
Bu fikirlə, bu inamla
Səfər etmişdi,
Vətən adlı bir inamla
Geri dönürdü.
Su istədi,
Bircə udum verən olmadı,
Elə bil ki, bu xəstəni
Görən olmadı.
Getmək ona ümid verdi,
Qayıtmaq əzab,
Belə oldu gedib-gələn
Ziyarətgahı.
Nədən idi başı üstə
Sıyrılan qəzəb?.. 
Yerin ahı, göyün ahı,
Allahın ahı?..
Uca-uca dağlarının
Qarı hardadır?
Haça-haça bağlarının
Narı hardadır?
Harda itdi  harda batdı
Yazların seli.
Durna gözlü bulaqların
Büllur gölləri?
Suya həsrət bu torpağın
Dodağı cadar,
Sulasan da bu torpağı
Dəryamı çatar.
Su istədi bircə damla
Verən olmadı.
Dizi əsdi,
Gözü küsdü,
Başı əsnədi,
Dəydi yerə,
Elə bil ki, görən olmadı.
Yırğalandı zaman kimi
Karvan addımı,
Biganədir…
Biganəlik zamanın sözü…
Din evindən qayıdırdı
Qayıdan hamı,
Din qardaşı qardaşına
Necə, yaddımı?
Karvan getdi,
Karvan itdi,
Qaldı yerdə arxası üstə,
Qor basdılar, elə bil ki,
Belinə onun,
İçdi, nə içdi…
Cam dolusu buz bulaqdan.
Bulaq gördü "Göy qılıncda",
Bir cam verdi əlinə onun.
O son nəfəsdə,
Qoca gördü,
Nə yanğısı yoxa çıxdı,
Nə də ki, keçdi.
Ürəyində cam-cam oldu
Vətən bulağı,
Susuzluqmu, yoxsa vətən həsrətidir
Yandıran onu?

Yol üstündə uzanmışdı
Doğmasız, yadsız.
Qovrulmuşdu, o yanmışdı
Ocaqsız, odsuz.
Boğulurdu,
Yoğrulurdu
Qəm səhrasında,
Karvan gəlib
Karvan-karvan
Ötüb keçirdi,
Sarvan gəlib
Sarvan-sarvan ötüb keçirdi.
Elə bil ki, bu qəribi
Görən yox idi,
Məhəl qoyan,
Məhəl alan,
Verən yox idi.
Lal olmuşdu sarvanların,
Elə bil, dili,
Kal olmuşdu karvanların
Uzanan yolu.
Görməməzlik  karvanların
Zəmanəsiydi,
Yoxsa elə bu dövranın
Susmaq səsiydi?
Din bir yana,
Gün bir yana,
İnsanlıq necə?
Gün-günorta olsun niyə
Qaranlıq gecə?
Gələn-gedən karvanını
Sürüdü, keçdi,
Elə bil ki, bu karvanlar
Sürüdü, keçdi.

Zaman bizi,
Yaman bizi
Silkələyibdir.
Dövranımız tərs gələndə,
Biz düz gəlmişik,
Xətrimizə neçələri
Necə dəyibdir,
Eşitmişik, anlamışıq
Hər vaxt bilmişik.
Yaz olanda  yaza bağlı,
Qış gələndə  qışa bağlıyıq,
Az olanda  aza bağlı,
Bu torpağa, daşa bağlıyıq.
Bu torpağa, bu millətə
Biz tək-tək deyil,
Ömrümüzlə, günümüzlə
Qoşa bağlıyıq.

*   *   *

Düşünmədik öz əhdi var
Hər gələn səsin,
Karvan yolu,
Sarvan yolu
Əsrin addımı.
Səhra-səhra zınqırovlu
Qıvrılan səsin.
Bu karvanlar,
Bu sarvanlar
Əsrə yaddımı?
Karvanını çəkib getdi
Yükünü tutan,
Canı çıxdı,
Qanı çıxdı
Altda qalanın.
Mənzil-mənzil
Mənzilinə gedib çatanın
Çiyni qabar, dili qabar
Belə yalanın,
Həyat  insan həyatıdır.
Dünya tərtəmiz,
Ömrümüzün, günümüzün
Zaman aynası.
Həyat eşqi, zaman eşqi
Hər şeydən əziz
Dünya insan dünyasıdır,
Bəndə dünyası.
Dünyamızın "gözü" aydın
Səhəri aydın,
Dünya qanan dünyasıdır,
Yanan dünyası.
Torpaq üstə qadiblərin
Zəfəri aydın.

Dəvəsini sürüyən var,
Atını çapan,
Dövlətini qoruyan var,
Xalqını satan,
Ürəyində dərdi olan
Qəlbində kədər…
Karvan-karvan insan gedir,
Karvandan qalan
Bu yollarda pələsəngdi,
Ölümlə cəngdi.
Gedir, gəlir,
Bu yollarda müqəddəsləşir.
Minən-minir,
Qalxan-qalxır,
Düşən də düşür,
Ölənlərin ruhu, qəbri
Müqəddəsləşir.
Qalanların ulu səbri
Karvan-karvan
Sanki süst düşür.

Bu tacirin karvanı da
Keçirdi burdan,
Kəcavədə bircə qızı, 
Gözlərinin ağı-qarası…
O gözəlin yol üstündə
Sataşdı gözü
Arxası üstə uzanan 
Tənha insana.
Əmr elədi, karvanını
Saxladı sarvan,
Düşürtdülar kəcavədən
Onu həmin an.
Bu cavanın gözlərinə
Sataşdı gözü,
Şimşək kimi, elə bil ki,
Alışdı gözü.
Gözlərində od var idi,
Üzündə yanqı,
Dodaqları bar-bar idi,
Elə bil ki, əlləri çınqı.
Tutdu birdən
Bu gözlərin alovu onu,
Din mülkündən qayıdanın
İnsafı hanı?
Müqəddəslik, demə, buymuş, 
Ülvi məhəbbət.
Müqəddəsi kimlər tapıb
Səadət duymuş.
Haqq səsimi, yer səsimi
Bu olan gerçək?
Dodağında təbəssümü 
Səhrada çiçək.
Düşündü ki, bu işığı
Burdan keçən karvanlarda
Necə olub görən olmayıb.
Bu təbəssüm görən hardan? 
Başqa təbəssüm,
Bu yerlərin təbəssümü
Başqa deyilmi?
Götürdülər,
Kəcavəyə qoydular onu,
Elə bil ki,
Yerdən göyə qoydular onu.
Bu baxışlar
Yerlə göyün baxışı idi,
Bu "naxışlar"
Məhəbbətin naxışı idi.
Gözlərində işıq vardı,
Üzündə həyat,
Dünya geniş, dünya dardı,
Zəmanə boyat.
Bu baxışı ata gördü,
Bu hissiyyatı,
Bu baxışa nə deyərdi?! 
Bu ki "Heyratı".
Bu baxışın sözü başqa,
Mənası başqa…
Bu baxışın izi başqa,
Dünyası başqa…
Bu baxışın odu nədir,
Yanqısı nədir?
Bu baxışın adı nədir,
Çınqısı nədir?
Qoca tacir naxış-naxış
Öz qızının gözlərindən
Oxudu bunu.
Baxış deyil - adi baxış,
Gördü, ox idi,
Sancılmışdı ürəyinə
Qızının bu ox.
İnanmadı gördüyünə,
İnanmadı, yox!
Neçə ildir elçi gəlir,
Qızına, elçi,
Neçə-neçə elçi gəlir, 
Hamı bilir, mötəbər yerdən.
Könül vermir o heç kəsə,
Bağlamır ürək.
Elə bil ki, düşüb nəhsə,
Düşüb məhbəsə,
Saralıbdır qəlbində dilək
Ay parçası, özü mələk,
Ürəyi buztək.
Ata onun gecə-gündüz
Fikrini çəkir,
Ürəyinə zülmət çökür,
Qaranlıq çökür.
Düşünür ki, qızım mənim,
Yazım mənim,
Gözüm mənim
Saçlarında qız birçəyi
Qarıyacaqmı?
Yoxsa bir gün bu göyçəyi,
Gül ləçəyi
Yarıyacaqmı?
Düşündükcə ata onu
Dərdi dağ olur,
Fikr etdikcə ata bunu
Saralır, solur.
Aparmışdı, bircəsini
 Ziyarətgaha,
Təkcə ümid bağlamışdı,
Təkcə, Allaha.
Bü ümidlə qayıdırdı
Ztyarətgahdan,
Bəlkə xilas ola bildi
Bu ağır ahdan.
Ata hətta razı idi
O, qula getsin.
Nə ünvanda, hansı adda
Kim olur-olsun…
Qayıdırdı səfərindən
O, kor-peşiman, 
Qayıdırdı qəlbi dən-dən,
Ürəyi şan-şan.
Bəs nə oldu birdən-birə
Dünya dəyişdi? 
Elə bil ki, göydən yerə
Bir alma düşdü.
Ömür yandı, cənnət gördü
Bir damla suda.
Nəfəsini alıb dərdi…
Bu suydumu, çeşməydimi,
Həyat güzgüsü…
 Dodağına su dəydimi,
Artdı nəfəsi.
Su üzündə onu gördü, 
Gülümsəyirdi.
Nəfəsini aldı, dərdi,
Azaldı dərdi.
Görünməmiş möcüzəydi
Qum səhrasında,
Heç bilmədi bu iş nəydi
Qum səhrasında.
O nə yorğun, o nə arğın
Nə də xəstədi.
Cəhənnəmdə su istədi,
Sərinlik - cənnət!

Kəcavədə asta-asta
Yırğalanırdı,
Fikri xəstə, zikri xəstə,
Qəlbi yanırdı.
Ötən günlər gözlərində
Dalğalanırdı,
İtən günlər göz önündə
Sırğalanırdı.
Çiçək açdı məhəbbəti
Qumlu səhrada,
Səadəti düşdü yada
Görün harada!..
Kəcavənin pərdəsini
Əsən yellər birdən ayırdı,
Elə bl ki, saçlarını
Doğma əllər tumarlayırdı.
Elə bildi səhər doğdu,
Dan qızardı onun gözündə,
Elə bil ki, səhra yoxdu
Bu Yer üzündə.
Karvan artıq dayanmışdı
Mənzil başında,
Deyən, o da oyanmışdı
Elə bu anda.
Kəcavədən götürdülər
Onu nökərlər,
Qucağında gətirdilər
Onu nökərlər.
Bir otaqda yer saldılar,
Qulluq etdilər,
Biri solda, biri sağda…
Gah gəldilər, gah da getdilər.
Su istədi  su verdilər,
Dağların qarı…
Bu nə sirdir, möcüzədir,
Deyən yox, barı.
O səksəndi, o diksindi,
Dirsəkləndi,
Durmaq istədi,
Qoymadılar, axı xəstədi.
Dodağında, yanağında
Nurlu təbəssüm,
Gözlərində həyat eşqi,
Məhəbbət eşqi.
O titrəyir yarpaq kimi,
O, əsim-əsim.
Təbib gəldi… Dərman-dava…
Bir də rahatlıq…
Az-az yemək… təmiz hava…
Bu minvalla bir ay ona
Yaxşı baxdılar,
Bu minvalla gəldi cana…
Qara günü yox olmuşdu,
Bəs fələyin çərxi dönmüşdü?
Elə bil ki, doğulmuşdu
Anadan indi.
Od varıydı ürəyində,
Gözündə işıq.

O, oğlana nəzər salıb,
Baxa bilmirdi,
Gecə-gündüz fikrə dalıb
Bu möcüzə dairəsindən
Çıxa bilmirdi.
Baxışları toqquşanda,
Yanaqları alışanda,
Ürəyində şimşək çaxırdı.
Məhəbbəti tel-tel olub
Sel-sel axırdı.
Çiçək kimi açılmışdı
Tacirin qızı,
Şəfəq kimi saçılmışdı
Bu dan ulduzu.
İndi tamam başqa idi
Kədəri onun.
Qoca tacir hiss edirdi,
Görürdü bunu, 
Məhəbbətin, görən, varmı
Əzəli, sonu?
Eşq odunda alışırdı
Ürək parası,
Eşq yolunda dolaşırdı
Gözlərinin ağı-qarası.
Oğlan ona biganəydi, 
Nə olan işdi?
Bəs bu nəydi,
Niyə belə dövran dəyişdi?
Məhəbbətin sonu bumu,
"Oyunu" bumu,
Sevda-sevinc yolu darmı?
Məhəbbət - kədər,
Yer üzündə kədər varmı
Məhəbbət qədər?!

*   *   *

Fikri-zikri tamam təmiz,
Qəlbi vətəndə,
Sevdasının vətən idi
Əzəli, sonu.
Vətən kimdi, vətən nədi? 
Bu bir kəlmə göynətdi onu.
Biri sevə,
Dəhşət olur biri sevməyə,
Elə bil ki, həsrət olur
Yer mavi göyə.

Bu ev-eşik, bu var-dövlət,
Tacir düşünür, 
Bu cah-cəlal, bu səltənət
Qızıma düşür.
"Qəlbi gözəl, özü gözəl
Bir evladım var,
Bu dünyada axır, əzəl
Ondan başqa nə yaxınım,
Nə də yadım var.
Yaylaqlarım mənim üçün
Quzey saxlayır,
Bulaqlarım mənim üçün
Odur, çağlayır.
Gözlərimin nuru odur,
Qüruru odur,
Həyat eşqim, ömür eşqim
Odur dünyada.
Həyat… Ömür…
Acı, şirin dadır dünyada".
Qoca tacir düşünürdü
Bunları bir-bir,
Ürəyinə xal düşürdü, 
Görən bu nədir?
O çağırdı öz yanına
Dərviş Mahmudu,
Belə dedi, belə, ona:
- Bax, fikrim budur;
Bu ev sənin, bu cah-cəlal,
Bu da səltənət.
Evladımın fikri bütün...
Meyli sənədir,
Bu həyatda mənim üçün
O, bir dənədir.
Çox olubdur istəyənlər,
Elçi gələnlər,
Bu qapını çox döyənlər,
Neçə-neçə dövlətlilər,
Mənəm deyənlər…
Heç birinə meyl etməyib,
Ərə getməyib.
Hər gün bizim qapımızı
Gəlib döyənlər,
Bu ölkədə, məmləkətdə
Mənəm deyənlər.
O enməyib,
Bəyənməyib,
Taleyin işi…
Belə olub taleyinin,
Belə, gərdişi.
… Danışmadı, durdu bir az,
Düşündü bir az,
Nə "hə" demək, nə "yox" demək
Bilirdi olmaz.
O qalmışdı alov ilə
Su arasında.
Məhəbbəti, eşqi hələ
Yol arasında.
Qürbət eldə vətən idi
Ürəyində, eşqi qəlbində,
Vətən dindi
Sanki bu gündə.
Başa düşdü;
Qürbət eldə dünya dar imiş,
O sevindi, o dəyişdi,
Nə yaxşı ki, sinəsində
Ürək var imiş.
Ürəyindən dağlar keçdi,
Burda dağ hanı?
Nəğmələndi başı üstə
Minillik çinar,
Buz bulaqdan dizi üstə
Əyilib içdi.
Yer üzündə bundan böyük
Bir nemətmi var?!
"Su - duruluq,
Su - dirilik" 
Su sərinlik…
Onda nə istəsən var.
Su nemətdir,
Su hikmətdir,
Bir də ki, zinət…
Yox, bu da azdır,
Su üstündə bəxtimizi
Nənələr yazdı.
Ona tacir su vermişdi
Karvan yolunda.
Bu nə dövran, nə gərdişdi
Sarvan yolunda?
Yox, su deyil,
Adi kömək, yoxsa həqiqət?
Həyat - deyir,
Qanat - deyir,
Yaxşılıq - hikmət.
Bu dünyaya qayıtmışdı
Yenidən insan,
Bu dünyada boy atmışdı
Yenidən insan.
O gəlmişdi,
Uçan quşdu,
Nişan - hədəfə.
Bu həyata doğulmuşdu
İkinci dəfə.
Həyatına borclu idi,
Həyat - pul deyil
Dövlət nədi, həyat nədi? 
Başqa, büsbütün…
Borclu idi, o, tacirə
Həyatı üçün.
Bu borcunu necə verə? 
Axı, qul deyil.
Yaxşı bilir hamı bunu,
Buna pis baxır;
Verməlidir əzəl-axır
Borclu borcunu.
Borc əvəzi sevməlidir…
Sevmək, sevilmək…
Ürəyini borc əvəzi
Vermək… nə demək…
Heç özü də taleyini
Düşünməmişdi, 
Anlamadı hardan
Gəldi, haraya düşdü.

Bu nə izdi, bu nə yoldu,
Yenə dəyişdi?
Daha çətin, ağır oldu
Tacirin işi.
Yeni-yeni açılırdı
Qız, gül olurdu,
Sudan çıxıb oda düşdü,
Qız, kül olurdu.

*   *   *

Görüşdülər səhər çağı
Baxçada onlar,
O gözəlin gül yanağı
Alışdı nar-nar.
Bir-birinə nəzər saldı,
Dəydi baxışlar.
İkisi də heykəl oldu,
Bir-birini
Döydü baxışlar.
Bu gözəldə sən ürəyə,
Məhəbbətə bax.
Sığışmayan yerə, göyə
Səadətə bax!
Bu baxışın aciz idi
Önündə Dərviş,
Bu şimşəkmi, yoxsa nədi,
Bu nə olan iş?
Bu baxışın aciz oldu
Önündə birdən.
Rəngi onun birdən-birə
Soldu, saraldı,
Şimşək çaxdı göydən yerə,
Gözü qaraldı.
Anlamadı, o bilmədi
Ona nə oldu.
Bu - sevgimi, yoxsa nədi?
Başa düşmədi.
Bəlkə üzü dəyişmişdi,
Qəlb dəyişmədi?
Bu - sevgisə, bəs o biri,
Yalan olubdur?
Unutsunmu o günləri,
Olan - olubdur?
Bir insanda iki ürək,
Sevgi olarmı,
Bu sevdaya söylə görək
İnanan varmı?
İstəyini böləmmədi
Bir alma təki
Ürəyindən siləmmədi
Vətəndəkini.

*   *   *

Fikirləri pərən-pərən,
Muncuq oldu düşüncəsi…
Qışqırsaydı, onun görən
Hara çatar, yetər səsi?

Yaş gözlərində…
Başqalaşdı gözlərində
Bu dünyanın mənzərəsi;
Uzaq getdi, yaman uzaq
Bircə anda fikrin səsi.
Dünya yaman yalan oldu,
Dünya yaman talan oldu.
İki cığır, iki yol var, 
Birinə gen, birinə dar.
İstəyini tapan tapdı,
Özünə yer tapammadı.
Öz atını çapan çapdı,
O çalışdı, çapammadı.

Baxışlandı bir-biriylə,
Naxışlandı bir-biriylə.
Ada olub dayanmışdı
Odla suyun arasında;
Gah donmuşdu, gah yanmışdı
Qışla yayın arasında,
Biri sevda, biri kədər…
Kədər varmı sevda qədər?
Sevda varmı kədər qədər?
Danışdılar alışdılar,
Alışdılar danışdılar.

Yumaq kimi diyirlənib
Çözələndi onun dərdi.
Döyünürdü sinəsində, 
Köksü altda Vətən gördü.
Nə - mən - dedi,
Nə - sən - dedi,
Bircə, bircə - Vətən - dedi.
Vətən - qüssə, Vətən - kədər,
Vətən varmı Vətən qədər?!
Təzələndi yenə dərdi,
Köks ötürdü, nəfəs dərdi.
İstəyə bax, həsrətə bax,
Varaqlandı varaq-varaq,
Elə bil ki, qaya yarıb
Üzə çıxdı bir gur bulaq.

*   *   *
O sevda ürəyində,
Bu sevda diləyində,
Yola düşdü ürəyi dolu.
Kəsən varmı, görəsən,
Kəsən bu yolu.

*   *   *
Yollarının gecəsi, gündüzü nağıl,
Yollara qar düşür, gur leysan yağır.
Karvan yollarının qarışı ağır,
Vətən yollarının addımı yüngül.

Yaman ağır oldu, ağır bu səfər,
Gör nədən başlayıb, gör nəyə çatdı;
Onun həsrətini çəkən bir nəfər…
Dərdini çəkənin biri də artdı.

Ömür qoşalaşdı,
Ürək alışdı,
Sağına borcludur, soluna bağlı.
Gah fikri dolaşdı,
Gah ağlı çaşdı,
Ürək dolan yerdə nə işi ağlın.

Vətəndən ayrıydı ürəyi dağlı,
Ürəyi dağlandı qürbətdən ayrı.
Vətənə bağlıdı, qürbətə bağlı,
Adətə bağlıdı, adətdən ayrı.

Uçdu bir quş kimi Vətənə doğru,
Azaldı, sozaldı qəlbində ağrı.
Bu yollar, bu izlər ona tanışdı,
Bu yollar, bu izlər nələr danışdı!

Yenicə açmışdı səhərin qaşı,
Ruhunu çağırdım, ruhuma gəldin.
Yanımda, yönümdə "dostu-sirdaşı"
Sən hardan tanıdın,
Sən hardan bildin?

Dünyanın nə axrı, nə sonu varmış,
Düşündüm bunları mən yazan vaxtı.
Bəlkə də həyatın meydanı darmış,
Bəlkə də insanın meydanı, taxtı.

Beləcə keçərmiş zaman, sən demə,
Dünən də, bu gün də, sabah da, inan.
Zamanı götürüb geysəm əynimə,
Bu əynik içində inanma yanam.

O, Leyli deyil ki, mən isə Məcnun,
Öz eşqim yolunda yola düşmüşəm.
Deyək ki, desinlər mən oldum cünun,
Zaman dəyişsə də, dəyişməmişəm.

Beləcə gəlirəm Vətənə sarı,
Yad yerdə doğmatək dura bilmərəm: 
Mən ki, ilan kimi Vətənə sarı
Qıvrıla bilmərəm, vura bilmərəm.

Beləcə düşündü o Dərviş Mahmud,
Beləcə fikirlə o, yol gəlirdi.
Sərhədi az qala o, yol keçməmiş,
Vətənin qoxusu burnuna dəydi.

Düşdü gözlərindən iki damla yaş,
Qürbətdə olanda ağlamamışdı.
Qəlbindən asılan bu yaş-iki daş
Qürbətdə heç vədə çağlamamışdı.

Üzü yola idi
Yolların indi,
Bir az mürgülədi atın belində.
Hər addımbaşında bulaqlar dindi
Vətən avazında, Vətən dilində.

Halı dəyişmişdi kəndə çatanda,
Özü də bilmədi bu nədən oldu.
Yaxşı hiss elədi,
Elə bu anda
Ürəyi qısıldı, sinəsi doldu.

Bir kimsə yox idi kəndin içində,
İtlər qarşıladı gələn "qonağı".
Bir şübhə yarandı onun içində,
Özünü hiss etdi o, yad sayağı.

Ürəyi döyündü, ürək neyləsin?
Yenə səhradadır, o, elə bildi.
Vətənə səsləyən doğma bir səsin,
Sandı ki, səhradan sədası gəldi.

Birtəhər astaca endi o, atdan;
İnsanda nə qədər dözüm olarmış?
Gözünə dəymədi qohumdan, yaddan,
Ona fani dünya yenəmi darmış?

Hələ görünmürdü sevdanın sonu,
İki tel dindirdi onun sazını.
Vətəndə həsrətdə qoymuşdu onu,
Qürbətdə həsrətdə tacir qızını.

Fikri ayaq tutub hayana getdi?
Gah bunu çağırdı, onu çağırdı.
Özü öz-özünə təəccüb etdi, 
Bir qəlbə iki qəlb necə sığırdı?

Ürəyi yerindən qopdu az qala,
Gah fikri geriyə
Çəkdi, gah bəri.
O, sağa boylandı,
Çevrildi sola,
Sağında biriydi, solunda biri.

O gəlmişdi
Əbədilik, yoxsa qaçardı? 
O bilmişdi
Ürəyində həsrət açarı.
Kimə desin, hara getsin
Qəlbində yara.
Bəs nə etsin,
Necə etsin dərdinə çarə.
Bu minvalla o gəlmişdi,
Halı dəyişdi.
Bu minvalın
İlk sevdası yadına düşdü.

              *   *   *
Yay ilə yayladım,
Qışla qışladım.
Nə yadı hayladım,
Nə də daşladım.
Dərviş Mahmud 
           hardan gəlib hara getdin? 
Sən yağışdan yağmura düşdün.
Nə arzuna çata bildin, 
              nə də ki, yetdin,
Əqidəni, amalını nə də dəyişdin.
Gəldiyin yol aylar yolu, bu da son mənzil,
Vətənindən ayrı düşdün sən gör neçə il.
Xədicənin son günündə sən gəlib çatdın,
Qəmli-qəmli ruh olmuşdun,
                  sən ruha batdın.

*   *   *

Camaat çəkildi geriyə bir az,
Ürəyi titrədi, eylədi pərvaz.
Dodağı əsnədi, əlləri əsdi,
Bu son  xatirədi, bu son nəfəsdi.

Gəldi, gəlməyəydi gərək səfərdən,
Bu dərd acı oldu sanki zəhərdən.
Sanki Yer titrədi köksünün altda,
Belə də olurmuş, demə, həyatda.
Gəlib yaxınlaşdı qara çadıra,
İşıqlı dünyada bu dünya qara.

Dərviş Mahmud gözü yaşlı 
                          girdi çadıra,
Hiss eyləyib gözlərini açdı Xədicə,
Onu görüb son nəfəsdə elə bu ara,
Günəş kimi şəfəqlənib saçdı Xədicə.

İnanmadı gözlərinə, necə inansın,
Elə bildi möcüzədir, yuxu görürdü.
Ha çalışdı bu yuxudan durub oyansın,
Can üstündə təzələndi bu köhnə dərdi.
Yer titrədi, göy titrədi, halı dəyişdi,
Mərmər əllər sinəsindən yanına düşdü.
Elə bil ki, iki bulud toqquşdu birdən,
Şimşək çaxdı, göydən yerə od düşdü 
                             birdən.
Gözü görür, ağlı kəsir, danışammırdı,
Od olmuşdu, köz olmuşdu alışammırdı.
Xədicənin əllərini əlinə aldı, 
Son nəfəsdə son görüşü elə bu oldu.

Əlləri titrədi, halı dəyişdi,
Göz qapandı, başı onun boynuna düşdü.
Dərviş Mahmud gözü yaşlı çıxdı 
                           çadırdan,  
Ömrü boyu çıxmayacaq heç vaxt bu 
                            dardan.
Titrək-titrək,
Kövrək-kövrək
Ürəyindən qopdu misralar,
Bir ürəkdən min ürəyə
Hopdu misralar:

"Qazax qəzasında, Kür qırağında
Bir güli-xəndanım qalıb, ağlaram.
Dideyi-cadusu, xalı-hindusi
Məni səhralara salıb, ağlaram.

Qalmayıb aləmdə yarım-qəmxarım,
Kəsilməz  ruzi-şəb naleyi-zarım.
Dəxi bu yerlərdə yoxdur qərarım,
Eşqimi bu yerlər alıb, ağlaram.

Ah çəkəndə ahım ərşə çəkilir,
Qəmlər ilə bu ciyərim sökülür.
Qanlı yaşım sel-sel olub tökülür, 
Damlalarım dərya olub, ağlaram.

Bu dünyanın çox olubdur cəfası,
Cəfasına dəyməz zövqi-səfası.
Güşumda səslənir getmək sədası,
Ürəyim həsrətlə dolub, ağlaram".

Qabaqdadır, addımlayır,
Çəkir sarvanı
Onu fikir aparmışdı,
Fikir karvanı.
Səhralarda dolanırdı
Kədəri, qəmi,
Dərya olub bulanırdı
Gözünün nəmi.
Karvanına sarvan olub
Döndü geriyə,
Bu karvanı bir də artıq
Dönməz geriyə.