Close

Dörd göz yaşı. Nənələrim Anaxanım və Fatmanın əziz xatirəsinə

Hərə bir ad seçdi,
Bir qanad açdı.
Qəlbimdən keçəni mən deyəm gərək.
Nə qədər nənələr dünyadan köçdü,
Mən nənə görmədim nənələrim tək.

Amalı müqəddəs,
Duyğusu təmiz…
Onların köksünə sığmadı ürək.
Hamının nənəsi özünə əziz.
Mən nənə görmədim nənələrim tək.

Qəlbimdən bu hissi heç vaxt atmıram,
Bəzi nənələr var 
Qucaqları dar…
Bilmirəm, bəlkə də, mən oxşatmıram,
Biri də onlara oxşamadılar.

Nə zaman yatdılar,
Nə vaxt durdular,
Mən görə bilmədim nə qədər güddüm.
Elə ki, son anı başa vurdular,
Onları bu anda mən yatan gördüm.

Əgər bu dünyanın meydanı darsa,
Özümüz günahkar…
Yallı-yamaclı…
Bizim qəlbimizdə təmizlik varsa,
Onlara borcluyuq,
Onlara borclu.

Səksənmi, doxsanmı? 
Nənə yaşında,
Elə bil, bu gündə,
Ötən dünəndə
Süfrə arxasında,
Ocaq baışnda
Görmədim yeyən də,
Mən, deyinən də.

Baxırdım, axşamın qaralan vaxtı,
Elə ki, gündüzlər köksünü dərdi.
Onları bir nəvə gizlicə gördü 
Gəlinlər yatanda onlar oyaqdı.

Yaxşı yadımdadır,
Danışam gərək, 
Mal-heyvan örüşdən geri dönərdi…
Onların zəhməti bəyaz qarıtək
Axşamlar sərnicdə köpüklənərdi.

Həyətdə-bacada hey ayaq üstə…
Nə bir oturdular,
Nə bir durdular.
Xəstə də görmədim,
Onları xəstə,
Quş olub uçdular: 
Qanad vurdular.

Onların örpəyi
Belinin şalı,
Dövrün havasıydı ağızda yaşmaq.
Oturub-duranda hər vaxt həyalı, 
Onlara xoş idi belə yaşamaq.

Onlarda eşqə bax,
Bir, amala bax:
Bir eşqdi, amaldı ürəkdə, yadda.
Nəydi təmənnası onların ancaq 
Nəvələr böyüsün təki həyatda.

Təmizi çirkabdan görüb seçirlər,
İnsanda kök salan
Ülviyyətə bax:
Gözlərim önündən onlar keçirlər…
Dupduru dağ çayı,
Sərin bir bulaq.

Halallıq üstündə yaranan varın
Ruzusu-urvası tükənməz qəti.
Cəhrəsi,
Nəhrəsi
Durur onların…
Dünyanın bərəkət eksponatı.

Qırışlar möhürdü sanki alında,
Nəvə nəfəsiylə nəfəs dərdilər.
Qarı yaşlarında,
Qarı halında
Bizə son günəcən ömür verdilər.

Cəhrə arxasında,
Nehrə dalında
Bir anlıq göz qırpıb,
Mürgülədilər.
Əgər az yesəydim, üstümə mənim,
"Pis" sözlər bu idi mənə olası:
Söyüncü nə idi ana nənəmin,
Əgər hirslənsəydi;
"Qancıq balası!"

Birinin üç oğlu…
Ocağı söndü.
Birini göyləri eylədi "dəli".
Birinin əlləri taxtaya döndü,
Birinin həsrətdən əyildi beli.

Oldu oyuq-oyuq yer qaşınacan,
Çoxaldı qüssənin,
Həsrətin varı.
Uzandı dünyanın o başınacan
Kədərdən daşlaşmış cəbhə yolları.

O qanlı-qadalı illərdən sonra
Biri göy istədi, biri də oğul.
Onların qəlbinə vurulan yara
Həyata sığmayan möcüzə, nağıl.

Bizdən gizlətdilər kədərlərini,
Bu gizli kədəri görürdüm ancaq.
Onlar bilmirdilər qüssə sirrini
Bir kiçik nəvə var,
Tapıb, açacaq.

Saysız-hesabsızdır nənəyə borcun,
Eşqində, qəlbində, diləyində o.
İçi kədər dolu iri bir xurcun
Asmışdı, elə bil, ürəyindən o.
 
Yadıma düşdükcə gözlərim dolur,
Öpdü balasını o vaxt bir əmi,
Mən onda dərk etdim bu ağır qəmi:
Sən demə, uşağın atası olur.

Mən qaçdım, yüyürdüm nənəmin üstə,
Sıxdı sinəsinə,
Çatıldı qaşı.
Canı sağlam idi,
Kədəri xəstə, 
Töküldü başıma isti göz yaşı.

Sinə də bir anda dağa dönərmiş…
Duydum ürəyinin səssiz səsini.
İndi anlayıram, -
Mənə verirmiş
Qəbinin çırpınan döyüntüsünü.

Beləcə dayandı,
Xeyli beləcə,
Qoymadı çevrilib üzünə baxım.
Bizi görən olsa,
Deyərdi, məncə,
Heykələ dönübdür bu Anaxanım.

Üzü qara günün düşəndə bəri
Onun tellərini birbəbir saydı.
Nənə saçlarının bəyaz telləri
Biri bir gününün ağarmasıydı.

Onun da bu dərdlə qəlbi döyündü,
Onun da qoynunda qızındı sinəm.
Əyirə-əyirə heykələ döndü
Cəhrə arxasında Fatima nənəm.

Uşağı bir ana doğur dünyada,
Sübut lazım deyil heç zaman buna.
Sanki bir oğlunu dünyaya onda
Doğmuşdu, elə bil, hər iki ana.

Yoxdur gördüyümün hesabı, sanı…
Onlartək olanlar qarşıma çıxmır.
İndi elələri, görmürən hanı?
İndi ana var ki, birini doğmur.

İnsan doğmasını, insan yadını
Bilib anlamalı
Və anmalıdır.
Qazanmaq istəyən nənə adını
Analıq haqqını qazanmalıdır.

Sinəmdən bir vulkan püskürüb dindi,
Ağ saçlı nənələr görən neyləyir?
Nənələr saçını qaraldır indi,
Cavanlar saçını bəyaz eyləyir.

Zəmanə sözünü qəribə deyir,
Zəmanə dəyişir, yoxsa ki, insan?
Ağ saçlı nənəni şəhərdə deyil,
Ağ saçlı nənəni kənddə taparsan.

Saysız-hesabsızdır nənəyə borcun,
Eşqində, qəlbində, diləyində o.
İçi kədər dolu iri bir xurcun
Asmışdı, elə bil, ürəyindən o.

Bir ucu ağırdır,
Bir ucu nağıl,
Nənədən-nənəyə uzanan yolun.
Deyir, diktə edir qəlbimə ağıl:
Biri qanadındır,
Biri də qolun.

Məni sevindirir,
Məni dindirir
Ruhumda, qəlbimdə dolanan kəslər.
Bəlkə möcüzədir,
Bəlkə nağıldır
Keçmişdən indiyə gələn o səslər.

Təmizlik istərəm…
Təmiz acıdır,
Vurmaq çətin olur zamanı başa.
Bu necə nağıldır,
Nə cür nağıldır,
Yaşadı, yaşayır ömrümlə qoşa?!

Səda eşidirəm,
Yüksəlir göyə: 
Unutma, - söyləyir, 
Əhdi, ilqarı.
Beynimə girməyir, nədənsə, niyə,
Zamanın qatışıq gurultuları?

Nənələr qalalar,
Nənələr qəlbi…
Ürəkdə min həvəs,
Qəlbdə min nəfəs…
O səs zamanınmı döyünən qəlbi? 
O səs zamanın döyünən qəlbi? 

Elə bil, dəyişib dağlar, çiçəklər..
Köç etdi dağ köçü arandan dağa.
Qalxıram tövşüyüb, 
Köhnə oylağa,
O vaxt tövşümədi qızıl inəklər.

Eşitdim uzaqdan gələn bu səsi,
Ürək köhlənini yaman çapırdı.
Qəlbimiz vardısa,
Bir nənə hissi, -
Biri axtarırdı,
Biri tapırdı.
Hə uzaq, həm də ki, bir yaxın yoldu
Nənə qocalığı,
Nənə gəncliyi.
Mənim gözlərimdə görünməz oldu
Nənə rahatlığı,
Nənə dincliyi.

Nəvələr hey içdi,
Nəvələr yedi,
Qapısı açıqdı bir "güzəşdinin";
Urvası, ayranı tükənməz idi
Çöldə sərnicinin,
Evdə teştinin.

Bu dünya bu günə əgər ki, darsa
Gen günü sünilik,
Sırtıqlıq alıb.
İndi evimizin istisi varsa,
Elə o zamandan,
O vaxtdan qalıb.

Gəzdim hər bir yeri, minbir bucağı,
Olmadı heç biri mənim dayağım.
Nənə məhəbbəti, nənə qucağı
Qışda - qışlağımdı,
Yayda - yaylağım.

Dünya çalxalanır,
Dünya dəyişir,
Bir deyən yoxdur ki,
Görən nə işdi?
Mənim bu soyuqluq könlümə düşmür…
İnsanlar soyuyub niyə dəyişdi?

Bilmirəm, nədəndir, biz səhər-axşam
Biz Sizi görmədik,
Biz Sizi gördük.
Sizdəki kədərə "heyran" qalmışam,
Biz də əriməyən bu dərdi dərdik.

Zamanı zamandan seçdi o günlər,
Hardan yağış olub yağdı bu günlər?
Nənələr,
Nədəndir keçdi o günlər?..
Başladı bu günlər,
Doğdu bu günlər.

Keçdi neçə illər,
Keçdi zaman da,
Zəmanə dəyişdi, Siz dəyişmədiz.
Hər şey öz yerində - yaxşı-yaman da,
Bilmirəm olacaq bizdən qalan iz?

Yaman kövrək idi həyatın neyi,
Nə idi bir görün nənə "tərsliyi"-
Onların bir şeydi ancaq istəyi -
Nənə qılığıydı nənə istəyi.
Yolumu nənələr qoynuna saldım,
Görünür var imiş bunun səbəbi;
Məktəbdə oxudum,
Çox da dərs aldım,
Ən böyük məktəbmiş nənə məktəbi.

Düşən var zamanın bir bəlasına,
Bu bəla haqqında düşünən varmı?
Ana var, süd vermir öz balasına
Deyin, beləsindən nənə olarmı?

Dünyanın qəribə işlərinə bax,
Sevibdir həmişə yanan yananı.
Ana döşlərindən əmməyən uşaq,
İnana bilmirəm, sevə ananı.

Vaxtı yetişibdir bir sözün artıq,
Doğrunu yalana yozmasın hərə.
Nənələr, nənələr,
Siz süddən artıq
İsti nəfəs verdiz Siz, nəvələrə.

Bəzən kürsülərdən "mənəm" deyənlər
Anasız, torpaqsız geri qalırlar.
Ana döşlərindən süd əmməyənlər,
Vallah, inan ki, cılız olurlar.

Gedirəm, o evlər yenə də durur, -
Biri veranxana,
Biri şennikdir.
O günlər, o illər qəlbimdə durur,
Biri tək-tənhadır, biri tünnükdür.

Erkək də kəsirlər, bəzən buzov da,
Dostlar inciməsin,
Qəlbimə yatmır.
Vallah, mən nə bilim,
Yaxın bir kəsin
Hissi nənəm kimi məni oyatmır.

Fikrim dağa gedir,
Gah da arana.
Onlar dağda olub, aranda olub.
Düşmüşük istiyə, gah da borana 
Gözləri qor tutub, boranla dolub.

Torpaqtək sözləri açıq-saçıqdı, 
Torpağın dilini onlar bilirdi.
Dolu sərniclərin ağzı açıqdı,
Nənə qəlbi kimi, ürəyi kimi.

Şimşəyi istiydi yarılan göyün,
Təbiət işini özü bilirdi:
Aranda təndirdən çıxan çörəyin
Dağların başına ətri gəlirdi.

Minbir bəla çəkib torpağın başı,
Bunu görə-görə buna yanmırıq.
İndi çörək boldur,
Dolanma yaxşı,
Bəs niyə, bilmirəm, dolanammırıq?

Torpaqla bir yatıb,
Bir oyanardı
Nənə təmizliyi
Və əzizliyi.
İndi əldən düşüb torpağın heyi,
İndi təbiətin meydanı dardı.
Bizim gördüyümüz işlərə bir bax:
Başından düşübdür torpağın tacı;
Kökü kəsilibdir Qaraağacın,
Kötüyü qalıbdır Saqqızın ancaq.

*   *   *

Qəribə duyğular olurdu məndə,
Unuda bilmədim heç vaxt bir dağı;
Onları görməyə
Kəndə gedəndə
Vallah,unudardım atasızlığı.

Əvvəl də bilmişdim,
Sonra da bildim:
Bir yuva - nənənin isti qucağı…
Ata olmayanda,
Mən bilməz idim,
Ata ocağıymış - nənə ocağı.