Close

Ölüm (rekviyem) Gülarəyə

Məndən nigaran getdin,
Məndən nigaran, bacım.
Torpaqda azdın, itdin,
Elə bil, bir an, bacım.
Bilmədim hara getdin,
Bilmədim niyə itdin?
Bilsəydim sona yetdin,
Saxlaya bilərdimmi?
Dünya necə oyundu?..
Bir ox çıxdı yayından,
Dünya qaçdı, yayındı,
O da çıxdı oxundan,
Çaylar qaldı axından.

           *   *   *
Körpəliyim qoynunda, -
Qoynun beşikdi mənə.
Oldum bala boyunda, -
Yadımdan çıxmır yenə,
O uşaqlıq illəri
Hara getdi, nə oldu?
Gəlişinlə gedişin
Möcüzəli bir yoldu.
Sən köç etdin, yadıma
O günlər gəlib düşdü.
Yeddilərə bir otaq
Dünya boyda genişdi.
Bu geniş mənzilə bax,
Mənzil gözümdən düşdü.
O gunlər necə gözəl,
O günlər bir nağıldı;
O günlər əl eyləyib
Qucağına çağırdı.
O günlər niyə itdi,
O illər hara getdi?
Elə bil ki, dünəndi…-
Bir otaqda yeddimiz.
Yeddi otağa indi
Sığışmırıq birimiz.
Görən, bu necə işmiş,
Necə dəyişdi zaman?
Yeddilər də köçərmiş,
Sən demə ki, dünyadan.
Dağdan ağır dağ olmaz,
Düşündürür hey məni;
Mən elə bilirdim ki,
Heç vaxt dağıtmaq olmaz
Yeddilərin səfini.
İndi salıram yada…
O vaxt aclıq olsa da,
Ümidlə gözləyirdik
Qabaqdan gələn bəxti.
Ən gözəl günlər imiş,
Sən demə ki, o vaxtı.

Günlər qanlı-qadalı,
İllər illərdən ağır,
Bizsə elə bilirdik,
Göylərdən aclıq yağır.
Hamı eyni geyimdə,
Hamı eyni biçimdə,
Eyni idi yeyim də,
Eyni idi içim də.
Torpaq da eyni idi,
Yarpaq da eyni idi.
Eyni idi hər yanın
Ruzigarı, havası.
Eyni idi dünyanın
Öz-özüylə davası.
Eyni idi dağlar da,
Elə bil ki, baş-başa.
Eyni idi dağlarda
Baxsan idin hər daşa.
Çayların hərəkəti,
Torpağın bərəkəti.
Hamı eyni yeyirdi,
Hamı eyni geyirdi.
Payımız eyni idi,
Toyumuz eyni idi.
Hayımız eyni idi,
Küyümüz eyni idi.
Belə idi, ay bacı,
Yadındamı o günlər?
Eyni yerə vururdu
Hamı, hamı o günlər.
Olsa da ata dağı,
Sevinərdik, gülərdik
İllərin ağır çağı.
Biz çevirə bilərdik.
İstəsək hansı dağı.
O illər harda qaldı? -
O illər darda qaldı…
Zamanla barışmadıq…
Mən salmaq istəyirəm
İndi bir şeyi yada:
Sarsılmadıq, çaşmadıq,
Dövran ağır olsa da.
Sel ilə, yelnən gələn
Həmişə haram olur.
El deyib:
Elnən gələn
Bil ki, toy-bayram olur.
Evdə ataya döndük…
Özümüzü danladıq.
Biz də belə düşündük,
Biz də belə anladıq.
Görən, bu yol nə yoldu?
Bizə qismət olmadı
Heç vaxt yağı ayranın.

Ömrü əbədi oldu
Həmin bu "toy-bayramın".
Dedik:
Buna da şükür,
Dözdük, dözürük yenə,
Ağlımsa dara çəkir
Qəlbimi dönə-dönə.
Yol tutub gəzəmmirəm,
Bu yollar dönüb dağa.
Lakin mən dözəmmirəm
Bu sonsuz ayrılığa.

*   *   *

Dünya idi dünyada
Gözümüzdə bir otaq.
Bu dünyanın qoynunda
Kiçik bir dünyaya bax!
Gördü işini illər
Dünya birdən dəyişdi,
Böyüdü o yeddilər
Hərə bir yana düşdü.
Qüdrətə bax:
Bir otaq
Yedd yuva, yurd qurdu.
Lakin bilmirəm niyə
Bu yurdlar mənə dardı?
Yeddi səs…
Yeddi nəfəs…
Yeddilərin biriydin
Yeddilərin içində.
Altı ürəyə dəydin
Aramızdan köçəndə.
Ayrılığın nəfəsi…-
Heyrətləndim ən azı,
Bir dünyanın yeddisi, -
Hərənin öz avazı,
Hərənin öz həvəsi…
Görünür belə imiş
Bu həyatın qanunu.
Lakin dərk edəmmirdim
Özlüyümdə mən bunu.
Hamınız birdən-birə
Dəyişdiz, bu nədəndir?
Yeddiləri bir yerə
Daha yığmaq çətindir.
Uşaq olsam da bunu
Görürdüm, dərk edirdim.
Elə bil ki, özümü
Özümdən tərk edirdim.
Çətin idi mənə çox,
Çətin olur yenə, çox,
Görünür, soyuyubdur
O ocağın istisi.

Bəlkə də uyuyubdur 
Yeddilərin bu hissi.
Məndən inciməsinlər,
Mən yenə həminkiyəm.
Nə deyirlər-desinlər,
Bu yollarda mən təkəm.
Özüm burda - uzaqda,
Qəlbim orda - Qazaxda.
Son gündə, son nəfəsdə
Sən Qazağı istədin.
Bu istəyin, bu səsin
Başa düşdüm nə idi…
Torpaq səni çağırdı,
Bu çağır,
Çox ağırdır.
Torpaq səni qoynuna
Çağırmışdı. -
Çaşmışdı.
Mən məəttəl qalmışdım
Torpağın bu oynuna.
Ocaq yadına düşdü,
Oldu ürəyin tel-tel.
Qucaq yadına düşdü -
Birotaqlı bir mənzil.
Torpaq səni çağırdı
İstəyindən qoynuna.
Bir qarış yer vermişdi
Sənin sərvi boyuna.

Özünü həlak etdin,
Həlak bizəmi qalıb?
Özünü fələk etdin,
Fələk bizəmi qalıb?
Həlakların öz yolu,
Fələklərin düz yolu…
Ürəyimdə kədərlə
Vurhavurdu, döyüşdü.
Bu kədərin qəhərlə
Ürəyimi dəyişdi.
Dəyişdi qəlbim mənim…
Yurdundan, yuvasındın,
Sanki öz havasından
Gen düşdü qəlbim mənim.
Dəyişdi bütün aləm
Gözlərimin önündə,
"Mən dəyişən deyiləm," -
Bir vaxt demişdim mən də.
Yeddilərin səfinə
İz düşdü, yaman düşdü.
Bu həyatın səhvinə
Mən də deyim, nə işdi?
Çağırdı torpaq onu,
İstədi o, torpağı.
Bu da hər şeyin sonu,
Qopdu öz budağından
Ömrün yaşıl yarpağı.
Torpağın üzü qara,
Torpağın sözü qara.
Köçün göynətdi yadı,
Bir ürəyin fəryadı,
Bir ürəyin harayı,
Dağıldı birdən-birə
Bir ürəyin sarayı.
Anan birdən dəyişdi,
Düşmüşdü, yenə düşdü.
Əlləri taxta anan,
Qolları taxta anan
Qurumuşdu,
Durmuşdu.
Gözündən axmayırdı, -
Göz yaşı çıxmayırdı.
Ana qəlbinin qəmi…
Mən fəryad görməmişdim
Ana fəryadı kimi.
Nənə idin.
İndi də
Sən ona "ana" - dedin.
Sən onun gözlərində
Axı bir uşaq idin.

Açıldı çiçək kimi,
Titrədi ləçək kimi.
Əvvəlki göyçək kimi
Birdən özünə gəldi,
Birdən, ölümqabağı…
Elə bil ki, yatırmış,
Gültək açıldı üzü.
Sən demə, aldadırmış,
Sən demə, ölüm bizi.
Elə bil ki, yel oldu,
Saçları tel-tel oldu.
Möcüzəydi, yoxsa nə?
Dəyişdi birdən yenə, 
Gözlər düşdü çuxura,
Əllər titrədi, əsdi…
Köks ötürdə bu ara, 
Bu da axır nəfəsdi.
Ölüm bir kölgə kimi
Sürünürdü, gəlirdi.
Qırılıb həyat simi…
Çox çətin köklənirdi.
Ömrünün yaraşığı
İllər geri dönürdü.
Gözlərinin işığı
Yavaş-yavaş sönürdü.
Kölgələr görünürdü,
Kölgələr sürünürdü…
Gözlərinin içində
Həyat eşqi sönürdü.
Nə işdi? -
"Gedər-gəlməz…"
Yol düşdü, -
Heç kim bilməz.
Son an gözləri doldu,
Rəngi qürub tək sarı…
Ruhu kəpənək oldu, 
Uçdu Qazağa sarı.