Close

Təklik və iki dost

Hələ yazılmamış çox kəlam, çox söz…
Deyəsən,
Həyatın yönü bəriyə…
Bu ağır günlərə ürək, bir az döz,
Hələ ümidim var, dönəm geriyə.

Hələ qar gözləyir dağların başı,
Hələ açılmamış cığırlar durur.
Ömrün qorxutmayır bu artan yaşı, 
Hələ ayaq tutur,
Hələ qəlb vurur.

Ürək, necə dözdün,
Yenə bir az döz, 
Üstünə gülənlər ağlasın bir az.
Yadında saxla ki,
Hər xain bir göz
İnana bilmir ki, bizimlədi yaz.

Sənin dar günündə,
Ağır günündə
Gücün ki, tək çatdı sinə gərməyə.
Hələ çoxları var,
Gəlib önündə
Yalvara-yalvara cavab verməyə.

Sala bilmədilər namərdlər dara,
Bunları mən bildim, sən bilməlisən.
Sənə ağır günü yaradanlara
Cavab verməlisən,
Ləlitməlisən.

Qoy için həmişə boşalsın, dolsun…
Dözmərəm, sinəmdə söyülsən mənim…
Ürək, dözməlisən,
Nə olur-olsun,
Əgər sən dözməsən, deyilsən mənim.

Sən naqis önündə, namərd önündə
Hələ əyilmədin, nə də ki, əyil.
Çalış, deməsinlər axır günündə:
Bu ürək Davudun,
Davudun deyil.

Sənin genişliyin mənə dərd oldu,
Həmişə belədir yaxşının bəxti.
Sən namərd olmadın,
Sən ki, mərd oldun,
Bəs niyə qarşına namərdlər çıxdı?

Ürək, gec olsa da,
Sən bir az da döz,
Gec olur, güc olur - belə deyirlər.
İndi kor olmalı,
Tutulmalı göz
Çoxdur bu dünyada hələ, - deyirlər.

Çox dərə keçməli,
Çox da ki bərə,
Bilirsən, kimdənsə bac almalısan.
Həyatda həmişə incidilənlərə
Dayaq olmalısan,
Dağ olmalısan.

Keçmişin gizlisi bizə bəllidir,
İndi içimizdə yad oldu yadlar.
İndiki zamanda təhlükəlidir, -
Daha namərddilər
Səhli-sümbatlar.
Bizim süfrəmizdə çatmır nəyimiz?
Bu, çətin deyildir,
Ye-iç, doy indi.
Gör ki, günlər varmış görəcəyimiz,
Hələ bu dünyanın işi oyundur.

Gəl indi yaxşını yamandan ayır,
İndi görməyən də,
Görən də baxır.
İçinə girəndə səni oxşayır,
İçindən çıxanda oxlayıb çıxır.

Eyni bir avazda, eyni bir səsdə
Sözünü eşidən, eşitməyən də,
Sanki eyniləşib duyğu, nəfəs də,
Pəsi də zildəndir, zili də pəsdən.
 
Yad - doğma olubdur, doğma - yadlaşıb,
Düşmən - qardaş olub, qardaşsa düşmən.
Ay ürək, bir az döz,
Xəyalım çaşıb -
Çoxdur dəyişənlər, sənsə dəyişmə.

Yad - yadı aldadır,
Qohum - qohumu,
Dost - dostu aldadır,
Düşmən - düşməni,
Dünyanın axırı, görəsən, bumu?
Biz necə anlayaq bu dəyişməni?

Hərdən çox incitdim xasiyyətimlə,
Məni sındırmadın,
Əsdin-titrədin.
Mənə öz hissinlə, öz niyyətinlə
Əvvəl necə varsan, elə qal, dedin.

Mən də dözəmmərəm, əgər kütləşsəm,
Necə ayaq tutub gəzə biləsən?
Əgər ikiləşsəm, əgər cütləşsəm,
İnana bilmirəm, dözə biləsən.

Həyatda çoxuna bu, xoş gəlmədi,
Bununçün çoxundan mən ayrı düşdüm.
Səninlə birlikdə darıxmaq nədi? 
Təkcə mən səninlə isti görüşdüm.

Köksümdən çıxarıb qabaq-qabağa…
Yox, bunu etmədim, edəmmərəm də.
Uzaqdan qayıtdıq, getdik uzağa,
İnciklik olmadı bircə kərəm də.

Səni duymamışam əvvəllər belə, 
Sən oldun ən sadiq sirdaşım, dostum.
Dünyanın işləri var imiş hələ,
A mənim ən doğma qardaşım, dostum.

Səni qınamıram, çoxu bilməyir
Köksünün altında ürək dostunu.
Çox da qürrələnmə, sinəmi döyür, 
Duyan var, həyatda bəlkə də bunu.

Demə, körpəlikdən qoşa olmuşuq,
İndi anlayıram, indi qanıram…
Beləcə böyüyüb yaşa dolmuşuq, 
Çox gec anlamışam, buna yanıram.

Çox yerdə çox zaman qovğaya düşdük,
Sən mənim əlimdən yapışdın, tutdun.
Nə güzəşt eylədik,
Nə də dəyişdik,
Nə mən unutmadım, nə sən unutdun.

Biri yanlış dedi, səhvini dedim,
Xoşa gəlməsə də, mən sinə gərdim.
Səni sevdiyimdən dəyişəmmədim,
Dəyişsəm, bilirəm, əzab verərdim.

Qaçdıq naxələfdən, biz natəmizdən. 
Koroğlu demişkən: "Bu da qoçaqlıq" …
Bəzən basılsaq da, təmizlik bizdən
Heç ayrı düşmədi, 
Bu, paklıq, ağlıq.

Bəzən də bir nadan əlində qaldıq,
Nadan nə qədərdir  evdə-eşikdə.
İlahi, düşündük, xəyala daldıq:
Nadan böyüyərmiş, demə, beşikdə.

Çoxuyla çırpışıb, döyüşərəm mən,
Sənsiz, sən inan ki, döyüşəmmirəm.
Çoxundan ayrılıb gen düşərəm mən,
Lakin səndən ayrı gen düşəmmirəm.

Səninlə fəxr etdim mən hər bir yanda,
Bu, sənə eşqimdi, dönülməzliyim.
Sənsiz ola bilməz heç bircə an da
Mənim ötkəmliyim, yenilməzlyiim.

Dözmədim doğrunu əyən olanda,
Birini bilməsən, yüzün bilirsən.
Əgər ki, xətrinə dəyən olanda,
Verdim cavabını,
Özün bilirsən.

Heç kim lazım deyil sənə və mənə,
Özümüz hər şeyi yer-yataq etdik.
Vaxtsız qapımızı gəlib döyənə
Biz əlindən tutduq,
Hayına yetdik.

Keçdi ömrümüzün taleyi bu cür
Nə sən qorxaq oldun,
Nə də mən qorxaq.
Oldu bu həyatda neçəsi cur-cur,
Bu curlar önündə
Gələcəyə bax!

Çox yaman qarışdı dünyanın işi,
Bircə əlac qalıb tanrıya ancaq.
Hələ ki, yarışdı dünyanın işi, 
Bilinmir kim udub,
Kim uduzacaq.

Həyatda ən ağır düçardır dərdə
Həmişə uduzub ikiləşənlər.
Çətin ki, özünə qayıda bir də
Bir dəfə özündən ayrı düşənlər.

Çırpınsın, çağlasın sinədə gərək,
Qınından qıy çəkib sıyrılan ürək
Hayfını almamış qına qayıtmaz.

Çalış, sən həmişə bir işıq yandır,
Aydan arı olan baş qoyub yatmaz.
Yanan bir çırağa qapını döyüm,
Bəlkə başqasını duymaq asandır,
Özünü dərk edib duymaq, nə deyim?..

İçində çirk olsa,
Bu çirki çətin
Nə Kür yuya bilə, nə də ki, Araz.
Sən ağır günlərdə dayandın mətin, 
Yenə də bərk dayan, ay ürək, bir az.

İndi Qarabağda yer alovlanır,
Qarabağ yurdumun bir sarı simi…
O qara fikirlər yenə fırlanır
Başımız üstündə çalağan kimi.

Bununçün ay ürək,
Hələ tələsmə,
Hazır ol,
Bəlkə də, sən gərək oldun.
Hər gələn, hər gedən yel ilə əsmə, 
Ötərgi sərf etsən soyuyar odun.

Namərdin hər işi oxdur, nizədir,
Nizəni dəf etmək deyildir asan.
Həyat axıracan mübarizəlir, 
Əgər bu yoxdusa,
Sən yaşamırsan.

Heç kəs deyə bilməz bir an dəyişdi,
Bunu yaxşı görür dünyanın gözü.
Hamını anladıq,
Biz başa düşdük,
Başa dümədilər bəs niyə bizi?
Yalana əl atır gücsüz olanlar.

Yalana əl atsan düşər qiymətin,
Əyrini düz yoldur doğrayıb kəsən.
Bizə qalib gəlmək çətindən çətin,
Bizi inandırıb aldatmaq asan.