Close

Göyqurşağı (etnoqrafik poema)

Ərişdə, arğacda oylaqlarının
Görüb, eşidirik məğrur səsini.
Nənə əllərinin, barmaqlarının
Qurun heykəlini, abidəsini.

Baxdım, elə bil ki, toxunmuş deyil,
Doğmalıq köksünü köksümə açdı.
Naxışı çəməndi, ilməsində gül,
Ərişi, arğacı - əriş-arğacdı.

Nənəm bayatını vurub hədəfə,
Naşı anlamayır, gözünü döyür.
Öyrənsən dilini, ilmə hər dəfə
Bayatı oxuyur, qım-qımı deyir.

Toxudu qəlbini ilmələr üstə,
Bu necə sədadı, bu necə səsdi?
Ürəyin soyusa hərarət istə,
Canına od gəlsin, qəlbinə isti.

Toxudu, oxudu hər zaman nənəm,
Tapdı dincliyini lap son nəfəsdə.
Özü toxuduğu bir zaman nənəm
Canını tapşırdı xalçanın üstdə.

Ulumun qəlbinin hərarətinə
Yağı da qızındı, yad da isindi.
Heyranam elimin bu sənətinə, 
Londonda, Parisdə heykələ döndü.

Nə vaxtdır uzanıb qardaş qolları,
Gözündə intizar, qəlbində kədər:
Dağıtdı sədləri, açdı yolları
Naxışlar, ilmələr Təbrizə qədər.

Zəmisi - bəhrəli, bağı - barlıdır,
Çəmən-çiçəklidir, hər vaxt yerimiz.
Birçəyi qırovlu, başı qarlıdır,
Ətəyi güllüdür nənələrimiz.

Yaxşı bax, diqqətlə naxış yerinə,
Hər gözdən bir aşıq, hər qəlbdən çiçək.
Qaynayıb, qarışıb biri-birinə
Rənglərdə göz nuru, ilmədə ürək.

İlişdi ilmənə bəzən yad gözü,
Gizlicə apardı özününkü tək.
Səni yad divarda görəndə, düzü,
Asıldı, elə bil, sinəmdə ürək.

Hələ çox vacibdir çox şeyi bilmək,
Kimlər olmayıbdır sərvətə ortaq.
Olar varı bölmək, çörəyi bölmək,
Olmaz elə məxsus sənətə ortaq.

Baxdıqca baxıram, qəlbim döyünür,
Gözümdə keçmişim geriyə dönür;
Dolama yollarla, əyri yollarla
Köç dağa dırmanır, arana enir.

… Boran, qar eylədi  açdı ağzını
Dağlar aran köçü payız ayları.
Doğdu bozax qoyun faraş quzunu,
Boylandı heybədən əkiztayılar.

Faraş qabqaranın adı qoçaqdır,
Tərpənən tərpənib, qalan qalıbdır.
Əyir bir tərəfi, aşıracaqdır,
Xurcunun bir tayı motal olubdur.

Mənzili mənzilə alıb qatıb köç,
Çalxala nehrəni, de bayatını.
Bir mənzil başına gəlib çatıb köç,
Axşam düşərgədə çulla atını.

Saxlancda kəkotu, sarı çiçək var,
Çıxart, ocaq qala, sən çay qabını.
Köç yolu borandı, soyuq aparar,
Ay nənə, çobanın ver corabını.

Rəngi nə saralıb, nə də ki, solub,
Çiçəkli çəməndi hər fəsil gözə.
Bir vaxt ömrümüzlə həmahəng olub,
İndi divarlardan boylanır bizə.

Çələngi çəməndi bu çələnglərin,
Bil ki, bu torpağın, yerin əmridir.
Çarpaz ilmələrin, əlvan rənglərin
Rəngi torpaq rəngi, millət ömrüdür.

Qurtarıb təzəcə qoyun qırxımı,
Yuyur, təmizləyir yununu hamı.

- Toya bir ay qalıb, tələsin, - deyir,
Nənə yun darayır, yun əlçimləyir:
Quzunun yununu seçir bir yana,
- Bu yorğan-döşəklik, bu da cecimlik.
Keçirir nə varsa yun darağından,
Təmizi - xalçalıq, çirki - sicimlik.

Darayıb qurtarır bir-iki günə,
Özü yorulsa da, qəlbi yorulmur.
İşə başqa səmtdən başlayır yenə,
Vədə daraldıqca dayanmaq olmur.

Silinir, silkinir cəhrənin tozu, 
Qulpu təmizlənir,
Oxu yağlanır.
Qibləyə yönəlir,
Çevrilir ağzı,
Kəndiri çəkilir,
İyi bağlanır.

"Allah xeyir versin, xeyrə calasın",-
Qəlbində bir dua oxuyur nənə.
"Nəvəmin çırağı, ocağı yansın,
Ömrümün sonunda bu bəsdir mənə".
Sonra asta-asta fırlanır cəhrə,
Nəzilir, uzanır ovcundakı yun.
Gəlib dolandıqca iyə hər kərə,
İp  kəsə yoludu sanki bu toyun.
Əlçim ip olduqca,
Geri döndükcə,
Nənənin xəyalı keçmişə dönür.
Cəhrə fırlandıqca,
Yun əyirildikcə,
Nənənin gözünə nələr görünür…

Cəhrə fırlandıqca,
İy işlədikcə,
İp ipin üstünə yığılır bir-bir.
Qızların qoluna dolanıb dükcə,
Uzanır,
Bilmirsən ha yana gedir.
Qayıdır keçmişə,
Qım-qımı deyir,
Gözündə toy-mağar, 
Səs qulağında.
Birdən gözlərinə o gərdək dəyir,
O xalı, o xalça bəy otağında.
Bilməyir soyuyub çay qabağında,
Bir əli qulpdadır, biri iydədir.
O allı, qumaşlı bəy yatağında
İlk sevgi vüsalı onu göynədir.

Qızlar bələddirmi onun halına,
Başı əyiləndə diksinir nənə.
Bu indi olmuşdu,
Ayılır, ayrılır
Zamana lənətlə o dönə-önə
Ömrünün ən dadlı ilk vüsalından.

Qızlar zarafatla ona sataşır:
 Nənə, babamızı yuxuda gördün?..
Qaynar qazan kimi o aşıb-daşır,
Qızların dalınca atır bir düyün.

"Görüm heç gününüz qara gəlməsin" -
Nənənin qarğışı nəvəyə budur.
Qızlara bəs edir "qarğış" kəlməsi,
Sonra gülümsəyir,
Hirsini udur.

Elə gecə-gündüz əyirir nənə,
Yuxusu cəhrənin arxasındadır.
Hey qalxır, hey enir,
Əyilir nənə,
Axır ki, bu yunun axrına çatır.

Od-ocaq qalayır,
Qazan qaynadır,
Rəng alır, düzəldir otdan, çiçəkdən,
Daha bilməyirəm,
O, nəsə atır
Qazanın içinə hər bərəkətdən.
Rəng-rəngə qarışır, çiçək-çiçəyə,
Palıdı, qırmızı, yaşıl, çəhrayı.
Yeddi rəng…
Yeddisi dönür göyçəyə,
Hələ nə qədərdir çaların sayı…

Yeddi rəng…
Yeddisi - torpağın rəngi,
Ömrümüz, günümüz yeddi rəngdədir.
Yeddi rəng…-
Torpağın əlvan çələngi,
Yeddi rəng…-
Ömrümüz bir çələngdədir.
Yeddi rəng…
Yeddi səs…
Yeddi ev-eşik…
Yeddi rəng…-
Dünyanın yeddi qatıdır.
Yeddi rəng…-
Həyatda körpəyə beşik,
Yeddi rəng…-
İnsanın bir həyatıdır.
Yeddi rəng…
Yeddi göz…
Yeddi dünyalıq.
Hələ açılmamış yeddi möcüzə.
Gəlin bir düşünək biz yeddi anlıq,
Bu yedd nə qədər doğmadır bizə.

Nənənin qəlbində xeyir-duası,
"Günün aydın olsun,
Günün ağ olsun,
Heç vaxt qara yelin qara havası
Üstündən əsməsin,
Xalçada qalsın.
Qırmızı üfüqlər doğsun üzünə,
Bu hüsnün, bu rəngin heç dəyişməsin.
Qırmızı qan görüb vurma dizinə,
Araya qan-qada, qırğın düşməsin.

Qəlbin yaşıl olsun, -
Həmişəcavan,
Qəlb gümrah olanda, yaşın nə işi.
Məhəbbətin əlvan, istəyin əlvan,
Belədir həyatın xoşbəxt gedişi.
Günün göy əsgiyə düyülməsin heç,
Bil ki, xoşbəxtliyin rəngi az olur.
Sarılıqsəhhətin…
Ömrün sonudur,
Meyvə yetişəndə saralır, solur".

Qazanda ipləri qaynadır nənə,
Qaynadır beləcə qəlbində istək.
Elə bil, ipləri oynadır nənə,
Oynadır,
Sonrasa neyləyir görək.

Qurutdu ipləri bir neçə günə,
Yığdı ifçin-ifçin,
Baxdı, yoxladı.
Yumaq eyləyəndə hər dəfə yenə
Nəfəsini dərdi,
O, əl saxladı.

Durdu gözlərində bu sarı çiçək,
Bu sarı ilmənin sarı yerişi.
Döyündü kədərlə köksündə ürək,
Belədir əzəldən dünyanın işi.

Heç yaşıl olarmı bu sarı yolda?
Göyərən saralar, yaşıla düşməz.
Nə dizdə taqət var,
Nə də ki, qolda,
Həyatın bu hökmü heç vaxt dəyişməz.

Onu duyan olsa,
Bayaqdan bəri,
Bilərdi bu rənglər onu neylədi.
Bu sarı ipləri, sarı rəngləri
Özünə tay bildi, yoldaş eylədi.

Təki zay olmasın işi, zəhməti,
Rənglərə dil verib özü dindirsin.
Bircə arzusu var,
Bircə niyyəti, -
Tezcə bu rəngləri çiçəkləndirsin.

Evin ortasında qurulub xana, -
Evin yaraşığı,
Evin ruzusu.
Yumaqlar rəngbərəng…
Onları sana,
Hər biri torpağın rəngli arzusu.

Bir-bir çözələnir rəngli yumaqlar,
Çeşni düzəltdikcə, çeşni qurduqca,
Gəlib gözlərindən keçir uzaqlar
Kirkitlə hər dəfə ilmə vurduqca.

Həvəni almağa taqəti yoxdur,
Həvəni qaldırır, endirir qızlar.
Bu həvə əlində onun nə vaxtdır
Çovğunda gün eylər,
Boranda yazlar.

Torpaq çiçəklənir hey cərgə-cərgə,
Açılır, sevinir qəlbin havası.
Hər naxış vurduqca,
Naxışla birgə
Sanki naxışlanır xeyir-duası.

Sanki qızılgültək açılıb qızlar,
Qızlar ətrafında hər biri çiçək.
Gün kimi, ay kimi
Saçılıb qızlar, -
Görənə, duyana, sevənə göyçək.

Heç kəs ola bilməz bunu danası,
Deyəmməz arğacı, ərişi başqa.
Hələ qurulmayıb yerin xanası,
Hələ ölkələrin yerişi başqa.

Sən bir hökmünə bax ulu sərvətin,
Köhnəlik - yenilik,
Bir məhək daşı.
Bu əlvan sənətin,
Əlvan hikmətin
Önündə əyildi yadların başı.

Qız ata evində deyil qalası,
Onun qabqarılıb artıq hər şeyi.
Xurcunu, heybəsi, yəhər xalısı,
Bir mafraş dolusu yorğan-döşəyi.

Bir yanda mis sərnic, 
Qazan, dolçası,
Bir yandan ev-eşik hey təmizlənir,
Yığılıb bir küncdə cehiz-xalçası,
Bircə toy gününün vaxtı gözlənir.

Evə əl gəzdirib,
Bəzək veriblər,
Silib-süpürüblər həyət-bacanı.
Qıza elçi gəlir,
Yerə səriblər.
Qotazlı palazı, xalı, xalçanı.

Nənə xana qurub,
Köməyi qızlar.
Qırmızı, al, yaşıl, sarı yumaqlar,
Hər ilmə vurduqca ürəyi sızlar, -
Birinin qəlbində sevgi, həsrət var.

Biri zarafatla dinir gizlicə:
- Heç sən bilirsənmi nə eyləyirik?
Qəm yemə bu qədər, a canı yanmış,
İlməni ilməyə düyünlədikcə,
Qəlbini qəlbinə düyünləyirik.

Qızlar pıçıldaşır,
Danışır, gülür,
Onunsa həyadan tutulub dili.
Hər ilmə vurduqca, o elə bilir,
Qəlbinin telinə toxunur əli.

Yorulub bir qədər alır dincini,
Nənənin hərdənbir əli üşüyür.
Gördükcə qızların bu sevincini,
Gəncliyi, qızlığı yadına düşür.

Toy ilə açılıb açılan səhər,
Nənənin duası, baxışı əlvan.
Boz atın belində çərkəzi yəhər,
Üstdə yəhərüstü,
Naxışı əlvan.

Başlayıb zurnalı, mağarlı günlər,
Göydə qövsi-qüzeh,
Yerdə naxış var.
Zurnanın səsinə yallı gedənlər,
Elə bil, torpağa yallı naxışlar.

Yeddi rəng
Dünyanın sevgi çələngi,
Bu günçün yaranıb, bu günçün, məncə.
Sevinir torpağın bu yeddi rəngi,
Parlayır, elə bil, yeddi gün, gecə.

Yeddi igid qalxıb yəhər belinə,
Cıdıra toyçular yeddi at salır.
Birinci kim çatsa gəlin evinə,
Ən yaxşı nəməri götürür, alır.

Gəlinin belini bağlayır nənə,
Bağlayır qurşaqla,
Arzusu aydın.
- Yeddi oğul…- deyib ağlayır nənə,
Bu, sevinc - göz yaşı
Sulardan aydın.